Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gün gələcək, bayrağımız Şuşada dalğalanacaq

14.06.17, 14:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlham Əliyev: “Biz işğal altındakı torpaqlara qayıdacağıq”

“Biz işğal altındakı torpaqlara qayıdacağıq”.
Bunu dünən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, keçən il aprel döyüşləri bunu bir daha sübut etdi: “Siz də Azərbaycanın torpaqlarının müdafiəsində dayanacaqsınız. Torpaqlarımızı azad etməyə hazır olmalısınız. Bu gün Azərbaycan gəncliyi vətənpərvərdir".
Prezident Azərbaycan ordusuna yeni qələbələr arzulayıb.
Prezidenti İlham Əliyev deyib ki, Cocuq Mərcanlı kəndinin bərpası günü tarixi gündür.
Dövlət başçısı bildirib ki, Cocuq Mərcanlı Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində azad olunub: “Bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordulardan biridir. Azərbaycanda ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Son illər bu istiqamətdə böyük uğurlar əldə edilib.
Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Lazım olan ən müasir silah-sursat, texnika alınır. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, keçən ilin aprelində erməni təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Üç rayon ərazisinin bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əməliyyat nəticəsində bu kəndə yeni həyat qayıdır, köçkünlər kəndə dönür. Onlar 20 ildən çoxdur ki, Vətənə, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, yüzlərlə gənc Cocuq Mərcanlını görməyib. Ancaq bura qayıtmaq arzusu ilə yaşayıb. Həmin gün gəldi”.
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı bərpa olunur, Şuşa məscidinin oxşarı tikilib, yeni mərhələdə əlavə 100 ev tikiləcək : “Cocuq Mərcanlı kəndinin sakinləri torpaqlarına qayıdacaq. Siz isə gənc zabit kimi torpaqlarımızın keşiyində dayanacaqsınız”.
Azərbaycan Prezidenti bildirib ki, indi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya bu kəndi tanıyır: “Bu kəndin Azərbaycan tarixində xüsusi yeri var. Bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıdıb, bütün binaları söküb. Cocuq Mərcanlı erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi işğaldan azad olunub. Ancaq burada yaşamaq riskli, təhlükəli idi. Buna baxmayaraq Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni təxribatının qarşısını alarkən Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad edib. Ağdərə, Fizuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi. 10 minlərlə hektar torpağa bu gün Azərbaycan ordusu nəzarət edir”.
Dövlət başçısı qeyd edib ki, Lələ Təpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün olub. “Mən keçən ilin sonlarında işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü. Mənə dedilər ki, mümkündür”.
Dövlət başçısı deyib ki, bu ilin yanvarında sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb və mart ayında tikinti işlərinə başlanılıb: “Martın 20-dən mayın ayının 20-dək kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb, məscid tikildi. Kənddə Şuşa məscidinin bənzəri olan məscid tikildi. Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Kənddə əlavə 100 ev, tibb məntəqəsi tikiləcək, iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Cocuq Mərcanlının tarixi şanlı tarixdir, işğaldan əziyyət çəkən kənd bərpa olunur. Azərbaycan işğal altındakı torpaqlarının bir hissəsini azad etdi. Bu, şanlı tarixdir. Kənd sakinləri qayıdandan sonra kənddə həyat daha da canlanacaq”.
Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfəri çərçivəsində kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə də görüşüb. Dövlət başçısı deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkədə sabitlik bərqərar olub, inkişafa start verilib: “Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir: “Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu göstərdi. Biz, Azərbaycan cəmiyyəti bunu bilirdi. Aprel döyüşləri dünyaya bunu əyani göstərdi. Bu gün Azərbaycan ordusu torpaqlarını düşməndən azad etməyə qadirdir”.
Dövlət başçısı deyib ki, gün gələcək, bayrağımız Şuşada dalğalanacaq.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan torpaqlarını işğalı böyük ədalətsizlikdir, beynəlxalq hüquq normaları pozulur: “Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, bu qətnamələri yerinə yetirsin. Problem bundan ibarətdir. Ancaq biz ölkəmizi gücləndirmişik. Bir daha da deyirəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev ölkənin başında olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda bütün müdafiə tədbirləri görüldü və düşmən yerində oturduldu. Əfsuslar olsun ki, o vaxtı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə tədbirlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı bunu əyani formada təsdiq edir”.

Bu xəbər oxundu
- - -