Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dədə Qorqud obrazı və motivləri müstəqillik dövrü Azərbaycan şeirində

16.06.17, 8:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Burada Dədə Qorqud dastanlarında ağaca sevgi ilə yanaşı həm də, böyük inam bəslənildiyinin şahidi oluruq. Bu inam sonrakı dövrlərdə şairlərin yaradıcılığında öz poetik inikasını tapıb. Kazım Körpülünün “Dağdağan ağacı” şeirində ağaca inam epizodu xalq inanclarında formalaşan nəzərdən qorunmaq məqsədilə dağdağan çubuğundan düzəldilən gözqaytaranla bağlıdır. Ağacın balaca, nazik budaqlarından kəsib muncuqlar düzəldirlər. Bu muncuqların üzərində göz işarəsi həkk edib uşaqların qoluna, inəklərin buynuzuna və ya boynuna, qoçların buynuzlarına bağlayırlar. Xalq arasında olan inama görə həmin muncuq gözdəymənin qarşısını alır, göz şüalarını sındırır, xətəri sovuşdurur.

Dağdağan ağacından
Gözqaytaran düzəldib
Asardılar nədənsə,
İnəyin yaxasından,
Təkənin boğazından.
Uşaqların qolundan.
Buğanın buynuzundan.

Hər əkilən ağac onu əkənin adını, əməyini illər keçsə də, xatırladır, yada salır. Təbiətin bəxş etdiyi ağaclar insanın dostu, etibarlı ərzaq ehtiyatı, sağlamlığının qarantıdır. Ağac əkmək babalardan bizə əmanət qalan ənənəvi adətlərdəndir. Atalar demişkən, “Ağac əkənin ömrü uzun olar”.
“Xanım nənənin ceviz ağacı” şeirində Xanım nənənin əkdiyi ağacdan bəhs edilir. Nə zamansa Xanım nənənin əkdiyi ceviz ağacı ondan sonra yüz illərdir göylərə baş çəkir. Xanım nənəni görən olmasa da, amma onun adıyla məşhur olan bu ağac eyni zamanda Xanım nənənin mənəvi ömrünə ömür qatır. Şair Xanım nənənin ucalığını bədii boyalarla cəviz ağacını onun əl ağacına bənzədərək təsvir edir:

Göylərdən boylanır ruhu nənənin,
Onun əl ağacı – ceviz ağacı.
Yüksəkdən yıxılmaq eyninə gəlməz.
Əli səxavətli, dili dualı,
Bir yaman fikir də beyninə gəlməz.
Yüz ildir daş atır hər yoldan ötən,
Bu barlı ağacın barı tükənməz.
Ruhu bizimlədir Xanım nənənin,
Sanki bir mələkdi qarı, tükənməz.

Burada ağac yenə də əcdad arxetipi ilə bağlıdır. Şeirdə ruhu ağacda təcəssüm edən Xanım nənənin daim bizimlə olması ağacın əcdad statusu ilə əlaqəlidir. Ağac ana Xanım nənəni öz qoynuna almaqla ona əbədiyyət bəxş edir və bu da bir simvol kimi öz növbəsində oğuzların ağacları müqəddəs tutması, onları əcdad hesab etməsi mifindən qaynaqlanır.
“Kitabi-Dədə Qorqud”un əsas qəhrəmanlarından biri Qaraca çobandır. Qaraca çoban sadə xalq nümayəndəsi olsa da, öz igidliyi, sədaqəti, yurda, torpağa bağlılığı ilə diqqəti cəlb edir. Dastandan mənəvi qida alıb bəhrələnən yazarların əsərlərində Qaraca çoban personajı xüsusi yer tutur. Mayis Səlimin “Qaraca çoban” şeiri, adından da göründüyü kimi, “Dədə Qorqud” qəhrəmanlarından Qaraca çobana həsr edilib. Şair dastanın “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” boyundakı Qaraca çobanın kafərlərə qarşı təkbaşına apardığı mübarizəni xatırlayır və həmin əhvalatı bu günümüzə transfer etməklə ibrət dərsi verməyə çalışır:

Adi çoban idi Qaraca çoban,
Düşmənin önündə baş endirmədi.
İki qardaşını versə də qurban,
Yağıya sürüdən qoyun vermədi.

Burada biz Qaraca Çobanı onun dastandan gələn semantikasını daşıyan obraz statusunda görürük. Başqa sözlə, Qaraca Çoban dastandan M.Səlimin şeirinə transmissiya edib. Transformasiya – obrazın yeni səviyyəyə keçidi, dəyişməsi deməkdir. Lakin şeirdə Qaraca Çobanı elə dastandakı obraz statusunda görürük. Yəni burada tranformasiya yox, transmissiya (birbaşa keçid) var. Şair bu transmissiya fonunda təəssüflə demək istəyir ki, özünü Dədə Qorqudun nəvələri hesab edənlər Qaraca çoban qədər də ola bilmədilər. Qaraca çoban iki qardaşını kafərlərlə döyüşdə itirsə də, Salur Qazanın ona tapşırdığı əmanəti – qoyun sürüsünü qoruyub saxlaya bildi. Lakin babalardan bizə əmanət qalan Vətən torpağını biz qoruya bilmirik:

Vay sənin halına, ay yazıq Vətən,
Bölüb parça-parça satmışıq səni.
Sənə diş qıcayır hər yoldan ötən,
Ayaqlar altına atmışıq səni.

Beynəlxalq aləmdə aparılan siyasi-ideoloji işlərdə də biz Vətənimizin haqqını müdafiə edə bilmirik. Harayımız kimsənin qulağına çatmır, bəyimiz, xanımız – yəni siyasətçilərimiz beynəlxalq arenada sözünü deyə bilmirsə, bir dövlət olaraq Vətənimizin haqqı tapdalanırsa, o zaman bizim Vətənə Qaraca çoban kimi döyüşməyi bacaran ər oğullar lazımdır:

Çatmır qulaqlara ahın, fəryadın,
Özgələr əlində qalıb el-oban.
Bəyindən, xanından yarıyanmadın,
Sənə çoban gərək, Qaraca çoban.

Bu məqamda isə Qaraca Çoban obrazı oğuz milli qəhrəmanlıq dəyərlərinin simvolu, başqa sözlə, qəhrəman arxetipi kimi mənalanır.
Qeyd edək ki, Qarabağ müharibəsinin gətirdiyi bəlalar, nankor qonşularımızın işğalçılıq siyasəti “Dədə Qorqud” dastanlarından süzülüb gələn vətənpərvərlik, mübarizlik, el qeyrəti çəkmək kimi dəyərlərin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha isbatladı. İndi bu ülvi hisslər yenidən hər bir azərbaycanlının qanında oyanıb dilə gəlir. Məhz elə bu yönümdən də Məmməd Aslanın “Çoban sənin xəbərin var”, “Qəflət” şeirləri Qaraca çoban motivindən mayalanıb.

Ağca sürüm yağmalandı,
Çoban, sənin xəbərin yox.
Zirvəm çökdü, dağ talandı,
Çoban, sənin xəbərin yox.

Bu şeir parçasında isə Çoban obrazı qoruyucu qəhrəman arxetipini təcəssüm etdirir. Onun vətən torpağının yağmalanmasından xəbərzisliyinin özü də yenə də Dədə Qorqud arxetiplərinə bağlanır. “Kitabi-Dədə Qorqud”da yuxu arxetipi, şərab arxetipi var. Yuxuya getmiş qəhrəmanlar, yaxud al şərabın istisi başına vurmuş qəhrəmanlar bir müddət reallıqdan təcrid olunurlar. Şeirdəki xəbərsizlik motivi də arxetipik baxımdan dastandakı müvəqqəti xəbərsizlik motivləri ilə qaynaqlanır. Yəni qəhrəman nə vaxtsa oyanacaq, nə vaxtsa ayılacaq və dünyanın itmiş nizamını bərpa edəcək.
Torpaq müqəddəsliyi Dədə Qorqud ruhundan qopan ülvi bir hiss kimi genetik yaddaşımızın yoldaşına çevrilib. Dastanın “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” boyunda Qazan bəyin yurd ilə xəbərləşdiyi şeir parçasında torpaq, yurd sevgisi öz parlaq ifadəsini tapıb:

Qom qomlamım qoma yurdım!
Qulanla sığın-keyikə qonşı yurdım!
Səni yağı nerədən darımış, gözəl yurdım!

Müstəqillik dövrü poeziyamızda da torpaq – yurd sevgisi özünə məxsus yer tutur. Bu sevginin kökündə ana torpaq arxetipi durur. Hüseyn Hatəminin “Torpağıma himn” şeirində Vətən torpağının müqəddəsliyindən söhbət açılır, ana torpağa Dədə Qorqud zirvəsindən baxılır. Bu torpaq həm də Şah İsmayıl Xətai kimi bir hökmdarın, sərkərdənin Vətənidir. Bu torpaqda Məhsəti rübailəri ilə birlikdə Şah İsmayılın qılıncı və sözü həmahəngdir:

Dədə Qorqud zirvəsidi bu torpaq.
Məhsətinin nəğməsidi bu torpaq.
Xətailər ölkəsidi bu torpaq.
Azərbaycan kəlməsinə qurbanam.

Göründüyü kimi burada “Dədə Qorqud zirvəsi”, “Məhsətinin nəğməsi”, “Xətailər ölkəsi” və “Azərbaycan kəlməsi” semantemləri bir məna sütunu boyunca düzülür. Mənaları birləşdirən ana torpaq arxetipidir. Dədə Qorqud da, Məhsəti də, Xətai də, Azərbaycan da bütün hallarda ana torpaq arxetipinin milli məna sıralarını təşkil edir.
Qeyd edək ki, at motivi “Dədə Qorqud” dastanlarında rast gəldiyimiz əsas motivlərdən biridir. Dədə Qorqudun alqışlarından olan “Çaparkən ağ-boz atın büdrəməsün!” deyimi atın oğuz igidləri üçün nə qədər böyük önəm daşıdığını bildirir. “At igidin qardaşıdır”, “at vəfalı heyvandı” kimi deyimlər də türkün ata olan məhəbbətindən qaynaqlanıb. “Dədə Qorqud” dastanlarında at ilə bağlı görülən əsas meyarlardan biri belədir; nə qədər ki, oğuz igidi atın belindədir, ona zaval yoxdur. At büdrəsə, qəhrəmanın işi çətinləşir. Türk at belində doğulub, at belində ölkələri fəth edib. Türk at belində olanda qəhrəmanlığı iki dəfə artıb. Nə qədər ki, düşmənlə üz-üzə qılınc davasına girirdi, türkün qorxusu yox idi. Ona görə də atı özünə qardaş bilir, dost bilir, əcdad bilirdi. Əzizxan Tanrıverdi Kitabi-Dədə Qqrqudda at kultu ilə bağlı yazır: “Kitab”da “at kultu”nun qabarıq şəkildə ifadə olunduğunu təsdiqləyən detallar çoxdur. Məsələn, at sözü intensivliyi ilə seçilir, at sözünün iştirakı ilə yaranmış bir sıra atalar sözləri və məsəllərə, deyimlərə təsadüf olunur, atlara verilən adların (zoonimlərin) əksəriyyəti qəhrəmanların adlarına uyğunlaşdırılmış şəkildədir, həm də bu tip zoonimlər qəhrəmanların antroponimik modellərində ləqəb kimi çıxış edir. At ən dəyərli hədiyyələrdən biri kimi təqdim olunur, at Oğuz igidi üçün zərbə qüvvəsi, həm də sədaqətli yoldaş, qardaşdır. Oğuz igidi yaralandıqda atının quyruğu kəsilir, oldükdə isə atı öldürülür və s.
Məlum olur ki, Beyrəyin atı adi at deyil, cins atdır, dəniz qulunudur. Sahibini heç vaxt darda qoymayan bu cins atlar türk ərlərin qardaşı əvəzidir. Həm də bu at ayğır olaraq nəsil törədicisi kimi sonrakı cins atların sələfi sayıla bilər. Məşhur Qarabağ atları da bu nəslin törəmələrindən ola bilər.
Belə sayılan at cinsləri həmişə beynəlxalq aləmdə diqqəti cəlb etmişdir. 1956-cı ildə İngiltərə kraliçası II Yelizavetaya Sovet İttifaqının o vaxtkı rəhbərliyi tərəfindən “Zaman” adlı Qarabağ atı hədiyyə verilib. Bəxtiyar Vahabzadənin “Qarabağ atı” adlı şeirində bu haqda söhbət açılır. Şeirdə xüsusi olaraq vurğulanır ki, Xanlar xanı Bayandır xanın, Koroğlunun atlarının xələfləri olan Qarabağ at cinsləri babaların keçmişdən bu günümüzə əmanətidir:

Zəmanəmdə “Qırat”, “Dürat”
“Zaman” oldu.
İgidliyi kitablara köçürüldü,
Yaddaşlarda unuduldu.
“Zaman” atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!

Burada at motivinin yaratdığı məna sıralarına diqqət edək: Qırat, Dürat, Zaman, amanat. Qırat və Dürat Azərbaycan epik düşüncəsində atla yaranan sürətin milli simvollarıdır. Bunlar öz-özlüyündə zamanı ehtiva edir. Lakin bu simvollar təkcə epik məkan-zamanın obrazları olaraq qalmır, şeirdə müəqəddəs mənəvi əmanətlər kimi tərənnüm olunur.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -