Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan cavabını aldı

19.06.17, 9:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Azərbaycana gəliblər.
Qeyd edək ki, daha əvvəl həmsədrlər Ermənistan və Qarabağa səfər ediblər.
Həmsədrlərin regiona səfəri ərəfəsi Ermənistan yenə də Azərbaycana qarşı təxribatlara əl atdı. Atəşkəs rejimi pozuldu, işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törətdi və Sarkisyan sərhəd bölgəsinə səfərlər edərək, rəsmi Bakının ünvanına yenə də təhdidedici bəyanatlar verdi. Həmsədrlərin Bakıya gəlişindən bir gün öncə isə ermənilərin təxribatına cavab olaraq Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi.
Xatırladaq ki, iyunun 16-da Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.
Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıqda və ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu da artır.
İki gündə 6 erməni əsgərinin məhv edilməsi və bir neçəsinin yaralanması rəsmi İravanı əndişələndirib. Ermənistanın yerli mətbuatının yazdığına görə, bu, Azərbaycan Ordusunun gücündən xəbər verir.
Erməni jurnalist Sarqis Artsruni yazır ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir: “Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik”.
Erməni jurnalist qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq.
“İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız da buna dözməyəcək. Bu baxımdan, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici nəticələr doğuracaq”, - deyə o bildirib.
S.Artsruni həmçinin, İrəvanın Moskvaya bel bağlamağının uçuruma aparan yol olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistanı yalnız özü xilas edə bilər: “Bunun da yolu sülhdən keçir, çünki sülhün aternativi yoxdur”.
Rusiyalı jurnalist Mixail Belyayev isə hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox “isti” olacaq.
Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir.
Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası Azərbaycanın sərt cavab verdiyini göstərir: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, “bir şəhidimizin əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək”. Erməni separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi”.
Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək.
Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən Ermənistanın itkiləri getdikcə daha da çoxalır.
“Sarkisyan Ohanyanı istefaya göndərdi və Viqen Sarkisyanı müdafiə naziri təyin etdi. Viqen müəyyən səylərə əl atır, lakin statistika göstərir ki, erməni ordusunda vəziyyət acınacaqlıdır. Misal üçün, bu ilin başlanğıcından indiyə kimi erməni hərbi birləşmələri 30 hərbi qulluqçusunu (onların arasında polkovnik, mayor, kapitan rütbəli zabitlər də var) itirib. Bu rəsmi məlumatdır, lakin real statistikanın gizlədildiyi də məlumdur. Bununla yanaşı, Azərbaycanın ağır zərbələri nəticəsində Ermənistan bir sıra vacib hərbi texnikasını itirib”, - deyə o bildirib.
Belyayev Qarabağda yeni müharibə riskinin qaldığını da diqqətə çatdırıb.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik isə Qarabağda müharibənin zəruri olduğuna əmindir.
Onun sözlərinə görə, tərəflər faktiki olaraq müharibəyə hazırlaşır və bu, gec-tez baş verəcək.
“Hələlik genişmiqyaslı müharibə yoxdur, lakin toqquşmalar davam edəcək. Mən müharibədən başqa heç bir variant görmürəm”, - deyə o bildirib.
Ermənilərə verilən layiqli cavab dünya mətbuatında da əksini tapdı.
Belə ki, İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazıb.
Məqalədə qeyd olunur ki, separatçı qurumun "müdafiə nazirliyi" son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib. Azərbaycan tərəfi isə ermənilərin 6 nəfər itki verməsini bəyan edib.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağını bəyan etməsindən bəhs edilir. Bildirilir ki, Azərbaycan ordusu iyun 19-dan 23-dək növbəti taktiki təlimlər keçirəcək.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən dünəndən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə start verilib.
Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər iyunun 24-dək davam edəcək.
Politoloq Mirsamir Məmmədov bildirib ki, son günlər ermənilərə verilən layiqli cavab Azərbaycan Ordusunun gücündən və yenilməzliyindən xəbər verir: “Siz fikir verdinizsə, həmsədrlərin bölgəyə səfəri zamanı bu hadisələr baş verid. Bu da onu göstərir ki, işğalçı ermənilər həmsədrlərin bölgəyə səfərinə belə əhəmiyyət vermirlər. Yəni, istər həmsədrlər gəlsin, istər beynəlxalq təşkilatlar Azərbaycanın xeyrinə bəyanatlar qəbul etsinlər və s. Ermənistan təxribatını və işğalçılıq siyasətini davam etdirəcək. Həmsədrlər Ermənistanın cəbhə xəttində nə atəşkəsi pozmasına, nə də torpaqlarımızı yandırmasına reaksiya verdi. Amma Azərbaycan ordusu reaksiya verdi, özü də tutarlı”.
Rusiya mətbuatı isə ermənipərəst mövqeyini hələ də davam etdirir.
Rusiya KİV-lərinin bir qayda olaraq Dağlıq Qarabağdakı erməni separatçılarına informasiya dəstəyi verdiyi məlumdur. Ötən ilin aprel hərbi əməliyyatları zamanı Azərbaycan ictimaiyyəti bunun bir daha şahidi olub. Hansı ki, o cümlədən Kremlə bağlı Rusiya KİV-lərinin reportyor qrupları Dağlıq Qarabağa ezam edilərək baş verənləri birmənalı şəkildə erməni nöqteyi-nəzərindən işqlandırmaqda idi.
İndi təmas xəttində son günlər Ermənistan ordusunun ciddi itkilər verməsi ilə müşaiyət olunan gərginliklə əlaqədar Rusiya KİV-lərində yenə də eyni xətt müşahidə olunmaqdadır. Sifarişli yazılar dərc etməsi ilə tanınan “Nezavisimaya qazeta” isə deyəsən bir qədər də irəli gedib və Azərbaycanın işğal altındakı ərazilərində baş verənlər barədə məqaləsində “Artsax” ifadəsini işlədib.
Xatırladaq ki, bir müddət əvvəl Dağlıq Qarabağdakı qondarma erməni rejimi “referendum” keçirərək “Dağlıq Qarabağ respublikasının” adını dəyişdirərək “Artsax” kimi elan etmişdi. İndi “Nezavisimaya qazeta” bu ad dəyişikliyini tanıyaraq Azərbaycan ərazilərinin bir hissəsi barədə uydurma “Artsax” sözünü başlığa çıxarıb və təmas xəttində hökm sürən son gərginliklə bağlı bütünlüklə erməni tərəfin nöqteyi-nəzərini əks etdirən, Azərbaycan tərəfinin mövqeyi barədə bir kəlmə də olsa bəhs edilməyən məqalə dərc edib. “Artsax yenidən müharibə ərəfəsindədir”-qəzetin aşağı keyfiyyətli, jurnalistika və təhlil standartlarından uzaq olan cızma-qarasının başlığı belədir.
“Nezavisimaya qazeta” 1995-2005-ci illər ərzində oliqarx Boris Berezovskinin mülkiyyətində idi. 2005-ci ildə Berezovski qəzeti o vaxtkı iqtisadi inkişaf naziri German Qrefin köməkçisi Konstantin Remçukova satdı. Hazırda Remçukov qəzetin sahibi və baş redaktorudur. Lakin bu, “Nezavisimaya qazeta”nın heç də adından göstərildiyi kimi müstəqil olması mənasını vermir. 2014 və 2015-ci illərdə “Anonimous” hakerlər qrupu “Nezavisimaya qazeta”nın Moskva meriyasının və Rusiya prezidenti Administrasiyasının maraqlarına xidmət edən məqalələr dərc etdiyinə, habelə Remçukovun Prezident Administrasiyasının daxili siyasət İdarəsinin rəhbərinin müavini Timur Prokopenko ilə sıx əməkdaşlığına, təlimatları ondan aldığına dair ifşaedici materialları ələ keçirib yaymışdı.
Belə görünür ki, rəsmi Bakı Rusiya KİV-lərinin, o cümlədən indiki halda “Nezavisimaya qazeta”nın qondarma “Artsax” adını işlətməsi ilə bağlı qəzetin redaksiyasına, eləcə də Rusiyanın müvafiq dairələrinə öz ciddi etirazını bildirməlidir. Çünki Moskvanın Azərbaycan mediasında Rusiya tematikası ilə bağlı dərc edilən məqalələrə necə həssas yanaşdığı məlumdur. Bu ilin əvvəllərində isə haqqin.az saytı Qərb KİV-lərinin yaydığı, o cümlədən Rusiyanın aparıcı KİV-lərində, TASS agentliyində belə dərc edilən informasiyanı-İŞİD-in bir sıra xarici ölkələrdəki Rusiya səfirliklərinə qarşı terrora əl ata biləcəyi barədə məlumatı dərc etdiyinə görə Rusiya XİN Bakıya nota vermişdi. İndi Azərbaycan tərəfi “Nezavisimaya qazeta” kimi nəşrlərin erməni təbliğatının ruporuna çevrilməsinə niyə göz yummalıdır?

Cavid

Bu xəbər oxundu
- - -