Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmsədrlərin münaqişəyə yanaşması o halda dəyişə bilər ki...”

19.06.17, 10:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Asim Mollazadə: “Müzakirə məsələsi məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi olsun”

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərindən müsbət nəsə gözləmirəm. Artıq 25 ildir ki, vasitəçilər Dağlıq Qarabağ münaqişəsinə düzgün yanaşma sərgiləmirlər”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, vasitəçilər səfərləri zamanı Azərbaycanın işğal olunmuş əraziləri, Ermənistanın təcavüzünü müzakirə etmir, onlar təcavüzkara fərqli, beynəlxalq hüquq normalarından kənar baxış sərgiləyirlər: “Nəticədə də təcavüzkar danışıqlar prosesini pozur, uzun illərdir ki, beynəlxalq ictimaiyyəti və təşkilatları aldadır. Bu da təbii ki, beynəlxalq hüququn aliliyinə olan hörmətsizlikdir”. A. Mollazadə söyləyib ki, həmsədrlərin münaqişəyə yanaşması o halda dəyişə bilər ki, onların ilk növbədə müzakirə məsələsi məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi olsun: “Çox təssüf ki, biz bu yanaşmanı hələ də görmürük. Bu baxımdan da həmsədrlərin Azərbaycana səfərindən heç bir nəticənin olacağını düşünmürəm. Bu dəfəki səfər də mənə diplomatik turizmi xatırladır”. Həmsədrlərin regiona səfəri zamanı separataçılarla görüşünə toxunan deputat söyləyib ki, bunun özü vasitəçilərin fəaliyyətinin beynəlxalq hüquqa əsaslanmadığının bariz nümunəsidir. İki həmsədr ölkə olan - ABŞ və Fransada hakimiyyət dəyişikliyinin vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına hər hansı bir təsirinə gəlincə A. Mollazadə qeyd edib ki, ABŞ-da seçkilərin nəticəsində Adminsitrasiyaya seçilən yeni şəxslərin erməni lobbisi ilə bilavasitə heç bir əlaqəsi yoxdur: “Bilirsiniz ki, bundan öncə ABŞ-ın sabiq dövlət katibi Con Kerri 907-ci düzəlişin müəllifi idi və onun Amerika Erməni Milli Komitəsi ilə sıx əlaqəsi var idi. Yeni Admistrasiyanın isə ermənilərdən heç bir asılılığı yoxdur. Fransaya gəlincə, orada da seçkilərdən öncə Emmanuel Makro dəfələrlə soyqırımından danışır, onun seçki zamanı Fransada zəngin və fəal olan erməni diasporaları ilə əlaqəsi var idi. Üçüncü həmsədr Rusiyadır ki, o da real olaraq Ermənistanın sahibidir. Hər kəs bilir ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın hərbi ərazisidir. Ermənistan silahlı qüvvələri artıq Rusiyanın tərkib hissəsidir, onların bütün iqtisadiyyatı da Rusiya tərəfindən özəlləşdirilib. Bu baxımdan düşünürəm ki, həmsədrlər insitutunda da ciddi dəyişikliklər olmalıdır. Yalnız bu halda, Dağlıq Qarabağ prosesi beynəlxalq hüquq çərçivəsində həll oluna bilər”.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 25 ildir davam edən siyasi və hərbi gedişatlar artıq dalana dirənib”. Onun sözlərinə görə, ötən ilin aprel ayında baş verən proseslər bir daha münaqişənin region üçün nə qədər təhlükəli olduğunu göstərdi: “Azərbaycanın mövqeyi aydındır. Biz sülh yolu ilə torpaqlarımızın qaytarılmasını istəyirik. Bunu açıq şəkildə Cənab Prezident bütün beynəlxalq tribunalardan da deyib. Eyni zamanda, dünyada mövcud olan bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi de yure qəbul edib. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu formatının yaradılması ilk illərdə bizi sevindirirdi. Lakin son 5 ildə baş verən proseslər onu göstərdi ki, bu format olduqca uğursuzdur. Həmsədrlər bu dəfə regiona gəlib heç kimə lazım olmayan hesabatlar tərtib edib gedəcəklər. Hesab edirəm münaqişənin sülh yolu ilə həlli qaçılmazdı. Lakin format ləğv edilməli, daha effektiv bir format qəbul edilməlidi”.

Bu xəbər oxundu
- - -