Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təyyar Salamoğlu: ədəbi portret cizgiləri

21.06.17, 8:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı
Son yazıları ilə maraqlananda ondan “Böyük bir kitabımı sənə verəcəyəm, oxuyarsan, bəyənsən, bir “Ön söz” yazarsan” cavabını eşidib, çaşqınlıq keçirdim. Mənsub olduğum ədəbi nəsildən olan dostlarla birgə idik. Çaşqınlığımı büruzə vermədim, lakin nigaranlıq içərisində çox da dözə bilmədim. Yaxın dostum Ramazan Qafarlıya zəng vurdum:
- Ramazan, olmaya kitaba “Ön söz” yazmaq təklifi səndən gəlib? – deyə soruşdum.
- Yox, Təyyar müəllim, özü belə hesab edir.
- Axı mən...
- Yazarsan.
Ramazan Qafarlı mənim üçün adi dost, sıradan biri deyil. Bəzən elə olub ki, ayaqda qalmaq üçün onun mənəvi energetikasından qidalanmışam. Bu cəhətdən onun “Yazarsan” imperativi mənə nə qədər daxili inam enerjisi bəxş etsə də, narahatlığım keçmədi. Mən, belə demək mümkünsə, bir folklorşünasam. Ara-sıra, çox ağır ritmlə ədəbiyyatşünaslıq yazılarım da olur. İndi müasir Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin sanballı simalarından olan bir professorun kitabını oxumaq və üstəlik “Ön söz” yazmaq üçün mənə verməsi rahatlığımı, sözün həqiqi mənasında, əlimdən aldı. Çünki onun bir ədəbi şəxs olaraq kimliyi, bir ədəbiyyat mütəxəssisi, tənqidçi olaraq nə yazdığı və necə yazdığı haqqında özümə məxsus təsəvvürlərim var. Bu təsəvvürlərim haqqında ona heç vaxt deməmişəm. Belə ki, sərtdir; ədəbiyyat söhbətlərində həqiqət bildiyi məsələlərdə güzəştə getmir və ədəbiyyata milli vicdan məsələsi kimi baxan tək-tük ailmlərimizdəndir.
O, ədəbiyyatla yaşayır. Ədəbiyyatşünaslıq onun həyatıdır. Və təkcə həyatı yox, deyərdim ki, məsləki, əqidəsidir. Ədəbi dəyərlərin üstündə əsir, onları çox sərt şəkildə qoruyur. Yaşının üstünə yaş gəldikcə bu sərtliyi daha da artır. Elə buna görə də mən onunla heç vaxt ədəbiyyatşünaslıq mübahisəsi eləmirəm. Bilirəm ki, aramsız şəkildə oxuyur və mütaliə edir. Bir məsələ haqqında səlahiyyətli söz sahibi olmaq məsuliyyəti onun alim xarakterinin əsas cizgilərindəndir.
İçərimdə bir ədəbiyyatşünasın yaşadığını bilirəm: bu istək məni həmişə Salamoğlu kimi ədəbiyyatşünasların yanında çox səmimi bir dinləyiciyə çevirir. Az-az olur ki, boş vaxtlarımızda bir-birimizə rast gələk. Mənim yaddaş kitabımda T.Salamoğlunun öz səhifələri var. Maraqlıdır ki, bu səhifələr heç vaxt silinmir və zamanla yaddaşımı təzələyir.
Keçən əsrin 80-ci illərinin əvvəlləri idi. Mən ADPU-nun filologiya fakültəsində oxuyurdum. Mərhum prof. Abbas Hacıyevin dərsi idi. Qapı döyüldü. Bir nəfər çox ciddi sifətli gənc işəri gəlməyə icazə istədi. Daxil olub, Abbas müəllimlə şair Səməd Mənsur haqqında nə isə danışdılar. Gənc həm də sıxılırdı. Qızlarla dolu mühazirə auditoriyasında bütün gözlər ona zillənmişdi. Qısa söhbətdən sonra getdi. Abbas müəllim o gedəndən sonra nəsihətverici tonla bizə üz tutaraq dedi: “Bax, gələcəyin istedadlı alimi olacaq, indi hələ aspirantdır. Çox ciddi çalışır, məsuliyyətli oğlandır”.
Abbas müəllimin həmin gənc haqqında dedikləri mənim iç dünyamda, arzular aləmimdə həqiqətən bir tufan qopardı. Mən elmlə məşğul olmaq, aspiranturaya daxil olmaq istəyi ilə alışıb-yanırdım. Cavan, yaşca mənə yaxın olan aspirant, dissertantlarla ünsiyyətə, dostluğa can atırdım. Ona görə də ağ köynəkli, nazik qalstuklu, düz qamətli bu gənc elm adamının siması arzularımın canlı obrazı kimi yaddaşıma əbədi yazıldı. Onun Təyyar Cavadov, yəni indiki Təyyar Salamoğlu olduğunu öyrəndim. Sonra özüm 90-cı illərin əvvəlində ADPU-nun aspiranturasına qəbul olundum. Onunla ara-sıra salamlaşırdıq. O, yaddaşıma bir alim kimi mənim namizədlik dissertasiyamın müdafisində yazıldı. İşi çox diqqətlə oxumuşdu. Uşaq ədəbiyyatından müdafiə etmiş, müasir ədəbiyyatın problemləri ilə məşğul olan bu tədqiqatçının mifə belə ciddi marağı məni bir qədər təəccübləndirmişdi. Sonra məlum oldu ki, onun bu marağı ədəbiyyat-mifologiya münasibətlərinə olan konseptual maraqdır. Müzakirədəki sistemli çıxışından anladım ki, işi ciddi şəkildə oxuyub. Bu, mənim Təyyara olan münasibətimdə uzun müddət rol oynadı. O, ardıcıl şəkildə yazır, nəşr olunur, yazıları ilə özünü təsdiq etməyə can atırdı. İmkan olanda bu yazılara göz atır, vərəqləyir, bəzilərini oxuyurdum. Lakin Salamoğlunun bir yazısı mənim ona olan münasibətimi tamamilə dəyişdi.
2000-ci ilin ortalarında ondan bizim institutda nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsi üçün yazı istədim. Lakin bilmirdim ki, bu yazı onun mənim təsəvvürümdəki alim obrazını tamamilə dəyişəcək. O, “Postmodernist roman konsepsiyası və “Kitabi-Dədə Qorqud” adlı bir məqalə gətirmişdi. Yazının adındakı “postmodernist” sözü diqqətimi cəlb etdi. Həmin dövrdə (2005-2006-cı illər) Azər- baycan ədəbi-mədəni düşüncəsində postmodernizmin tüğyan etdiyi vaxt idi. Mən Təyyarın yazısını postmodernizm haqqında bir məlumat almaq məqsədi ilə oxumaq istədim. O özü də yazını verəndə “İstəyirəm diqqətlə oxuyasan, bəlkə, marağını çəkdi” demişdi.
Mən məqaləni oxudum və sözün düzü, heyrətləndim. Salamoğlu bu məqalədə ilk öncə “Postmodernizm nədir” sualına bütün nəzəri oyunbazlıqlardan qaçaraq, sırf filoloji cavab vermişdi. Onun bir məqalə həcmində posmodernizmi, onun prinsiplərini, ədəbi-estetik meyarlarını, xüsusilə konstruksiya-dekonstruksiya, struktur-destruktur məsələlərini səliqəli sistemlə izah etməsi məni heyran etdi. Bu yazıdan, ümumiyyətlə, Salamoğlu təfəkkürünün sistem xarakterini, düşüncə məntiqini və onun bir ədəbiyyatşünas kimi ədəbi materiya və onun elmi paradiqması olan ədəbiyyatşünaslıq düşüncəsinin dərinliklərinə nə qədər və hansı üsullarla enə bildiyini anladım. Eyni zamanda, 1993-cü ildə namizədlik dissertasiyama göstərdiyi marağın “anatomiyası” da aydın oldu. O, indi postmodernizmi necə dərin məsuliyyətlə öyrənmişdisə, o vaxt da mənim dissertasiyamda şərh olunmuş “mifologiya” konseptini həmin məsuliyyətlə dərk eləmək istəmişdi. Beləliklə, mənə Təyyar Salamoğlunu “kəşf etmək” üçün on ildən çox vaxt lazım oldu.
Bir detalı da demək istəyirəm. Prof A.Hüseynli mənə Qafqaz Universitetində müasir ədəbi tənqid dərsi verdi. Mən onu növbəti il tədris etməli idim. Təyyara zəng etdim. Məsləhət istədim. O da əvvəlcə kimləri oxumalı olduğumu dedi. Bütün yay tətili boyunca ədəbi tənqid oxudum. Lakin lazım olan bilik minimumunu əldə edə bilmədim. Ona görə də dərsdən imtina etdim. Sonralar bir toy məclisində Təyyarla rastlaşdım. Kənara çəkildik. Məndən “Ədəbi tənqid dərsi nə oldu? – deyə soruşdu? Sonra heç zəng eləmədin” – dedi. Mən: “İmtina etdim, deməyə gücüm çatmadı” cavabını verdim. “Düz eləmisən, məsuliyyət göstərmisən” – dedi. Hiss etdim ki, mənim ədəbiyyata çox ciddi yanaşmağım dostuma xoş gəlmişdi.
Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” kitabı, ilk növbədə, müasir ədəbiyyatşünas- lığımızın sanballı kəmiyyət paradiqmasıdır. Kitabda 54 məqalə var. Bu rəqəm, əslində, bir alim ömrünün yükü olmağa da yetər. Buradakı kəmiyyət yükü kitabın obyektinin nəhəng məkan-zaman yükünü inikas edir. Azərbaycan ədəbiyyatı ədəbi zaman-məkan baxımından nəhəng faktura olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığı da orta əsrlər ədəbi janr paradiqmalarından (təzkirə, şərh və s.) tutmuş müasir ədəbi təhlil paradiqmalarınacan kifayət qədər zəngin kəmiyyət fakturasıdır. Salamoğlunun kitabı, obrazlı dillə desək – bu nəhəngliyi əks etdirən güzgü, elmi dillə desək – həmin nəhəngliyi ədəbi düşüncə paradiqmasında proyeksiyalandıran baxış sistemidir.
Kitab digər tərəfdən müasir Azərbaycan ədəbi düşüncəsinin struktur paradiqmasıdır. Burada Azərbaycan ədəbiyyatşünaslığının bütün tarixi ənənədən gələn və müasir düşüncədə təsdiq olunan təhlil paradiqmaları sistemləşib. Kitab altı fəsildən ibarətdir: Ədəbiyyat tarixi; Ədəbiyyatşünaslıq; Çağdaş ədəbi proses; Ədəbi tənqid tarixi; Türk xalqları ədəbiyyatı; Publisistika.
Bunlar ədəbiyyatşünaslıq elminin, ilk növbədə, müəllifin məşğul olduğu sahələridir. Bu cəhətdən Salamoğlunun milli ədəbiyyat və ədəbiyyatşünaslıq məkanında fəaliyyət dairəsi bu məkanı, demək olar ki, bütövlükdə əhatə edir. Yazılarına nəzər saldıqda görürük ki, onun tədqiqatlarında Azərbaycan ədəbiyyatı tarixinin üş əsrini (XIX-XXI) əhatə edən bədii zaman-məkan çərçivəsindəki proseslər düşüncə aprobasiyasından keçirilir. Burada Q.B.Zakir, Axundzadə, Sabir, Abdulla Şaiq, Səməd Mənsur və b. simasında davam edən və yeniləşən bədii düşüncə ənənəsi XX əsrdə Mir Cəlaldan, İlyas Əfəndiyevdən, İsa Hüseynovdan və b. keçməklə “Azərbaycan ədəbiyyatının ən yeni mərhələsinə – 80-90-cı illərə” qədər gətirilir. Bu ədəbi materiala baxış XXI əsrdən gerçəkləşdirilir. Üç əsrin bədii materialı sonuncu əsrin ədəbi təhlil bazası əsasında analitik müstəviyə gətirilir və müəllifin bu təhlillərinin tədqiqata cəlb olunmuş bədii materialların hansı səviyyələrini əhatə etməsindən asılı olmayaraq, bütün diqqət “ədəbiyyatın tarixinə” yönəldilir. Bu cəhətdən Salamoğlunun ədəbiyyat tarixçiliyi bizdən asılı olmadan axan obyektiv (ilahi) zamanın milli bədii düşüncədə yaratdığı bədii zaman paradiqmasının axtarışına yönəlir. O, bədii zamanı fərqli məkan obrazlarında – Sabirin yaratdığı milli intibahda, istiqlala qurban getmiş şair şəhadətində, kamanın poeziya kökü üstündə inləyən tellərində, şairin talesiz taleyində, yaxud bədii janr qəlibləri və onların ifadə üslublarında (monoloji-dialoji) və s. aşkarlayır. Və fərqli zamanlarda, fərqli intellektual-psixoloji ovqatlarda yazılmış bu yazıları istər bir alimin baxış sistemində, istərsə də bu sisteminpoliqrafik paradiqması olan kitabın eyni bir fəslində birləşdirən cəhət onların “ədəbiyyat tarixi” paradiqmasında mərkəzləşmə – vahid sistemi təşkil etmə imkanlarıdır. Salamoğlu bu paradiqmaya köklənərək yazdığı bütün yazılarda “tarix” konseptini həm ictimai-siyasi və təbii tarix (insanı əhatə edən gerçəklik: cəmiyyət və təbiət), həm onun şüurdakı proyeksiyası (gerçəkliyin şüurdakı modeli), həm də bu proyeksiyanın bədii mətndəki paradiqması (bədii obrazı) kimi aşkarlamağa çalışır. Milli zamanın ədəbi şüura proyeksiyalanan və oradan bədii mətnə gələn, yaxud da gələ bilməyərək yaddaşda qalan hissələrinin izlənilməsi və bütün bu proporsiyaların vahid sistemdə birləşdirilməsi Salamoğlunun ədəbiyyat tarixçiliyinin əsas cəhəti sayıla bilər.


Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -