Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Peşə məktəblərinin infrastrukturu bərbad haldadır“

03.07.17, 9:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Famil Mustafayev: “Azərbaycanda gənclərin peşə təhsilinə cəlb olunması 11% civarındadır”

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin APA-ya müsahibəsi (ixtisarla)
- Azərbaycan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin yaradılması hansı zərurətdən irəli gəlib və bu qurum nəyə xidmət edir?
- Peşə Təhsili üzrə Dövlət Agentliyi 20 aprel 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında yaradılıb. Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir. Əslində bu gün peşə təhsili sahəsində aparılan islahatlar ümumilikdə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Nəzərinizə çatdırım ki, əvvəllər bu sahə Təhsil Nazirliyində bir şöbə çərçivəsində idarə olunurdu. Son bir neçə ildə ölkəmizin inkişafı, iqtisadiyyatımızda olan müsbət təmayüllü dəyişikliklər peşə təhsilinin də bu çağırışlara tam cavab verə bilməsini zəruri edib. Bu zərurətdən irəli gələrək peşə təhsili sahəsində real bazarın tələblərinə uyğun daha çevik idarəetmə mexanizminin yaradılması məqsədilə ölkə rəhbərliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Qısa müddətdə prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiqləndi. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin yenidən qurulmasını özündə ehtiva edir.
Faktiki olaraq, mövcud peşə təhsili sisteminin qeyri-səmərəliliyinin aradan qaldırılması üçün tərəfimizdən dövlət peşə təhsili müəssisələrinin rasionallaşdırılmasına başlanılıb. İlk olaraq Bakı və Gəncədə yerləşən məktəblər monitorinq edilib və müxtəlif istiqamətləri üzrə məktəblərin ixtisaslaşmasının daha məqsədəmüvafiq olduğu qərara alınıb. Bu zaman bir neçə parametrlər, o cümlədən yerləşdiyi ərazi, biri-birinə coğrafi yaxınlığı, ixtisaslar üzrə paralel kadr hazırlığı amillərini nəzərə alaraq bu müəssisələri ixtisaslaşdırdıq. İlk dəfə olaraq Təhsil Nazirliyinin təklifi ilə 26-sı Bakıda, 6-sı isə Gəncədə olmaqla, 32 müəssisə rasionallaşdırılıb. Bakıda 26 məktəbin bazasında 11, Gəncədə isə 6 ilk peşə-ixtisas təhsili (İPİT) müəssisəsinin bazasında 2 dövlət peşə təhsili mərkəzi yaradılıb. Bu yaxınlarda, 5 iyun 2017-ci il tarixində Nazirlər Kabinetinin qərarı ilə Qəbələdə 2 təhsil müəssisəsi də birləşdirilərək onların bazasında Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi yaradılıb. Hesab edirik ki, gələcəkdə müvafiq monitorinqlər, rasionallaşma prosesləri davam edəcək.
- Bu gün ölkədə fəaliyyət göstərən peşə məktəbləri və orada çalışanların, təhsil alan şagirdlərin sayı barədə ətraflı məlumat verərdiniz.
- İlk növbədə bildirim ki, “Təhsil haqqında qanun”da ilk peşə ixtisas təhsili müəssisələrinin formaları müəyyənləşib. Bunlar peşə məktəbləri, peşə liseyləri və həmin məktəb-liseyləri özündə birləşdirən peşə təhsil mərkəzləri şəklində ola bilər. Peşə məktəbləri IX sinfi bitirən və tam orta təhsili almaq arzusunda olmayanlar üçün nəzərdə tutulub. Burada təhsil müddəti 1-2 ildir. Eynilə XI sinfi bitirən və heç bir ali təhsilə, heç bir təhsil pilləsinə getməyən, peşə ixtisası almaq istəyənlər üçün peşə məktəbləri var. Peşə liseylərinə isə IX sinfi bitirib, tam orta təhsili almaq istəyən şagirdlər gedirlər. Onlar həm tam orta təhsilin attestatını, həm də müxtəlif peşələrə dair diplom alırlar. Yəni, liseylər həm də peşə məktəbi kimi fəaliyyət göstərirlər. Ona görə də bu il bir neçə məktəb və liseylər birləşərək peşə təhsil mərkəzləri yarananda onlara Nazirlər Kabinetinin qərarı ilə lisey statusu verilib. Onlar həm məktəb, həm də lisey kimi fəaliyyət göstərə bilirlər.
Agentlik fəaliyyətə başladığı dövrdə 109 ilk peşə ixtisas təhsili müəssisəsi olub. Onlardan 6-sı işğal olunmuş rayonlarda olduğundan fəaliyyətləri dondurulub. Rasionallaşdırma çərçivəsində liseylərin bəziləri birləşdirilərək dövlət peşə təhsili mərkəzləri yaradıldı, bəzi peşə liseyləri peşə məktəbləri ilə birləşdi. Bəzi halda isə iki peşə məktəbi birləşərək peşə liseyi statusu aldı. Burada məqsəd peşə təhsilinin imicinin yüksəldilməsi və peşə təhsilini alan insanların növbəti təhsil pillələrinə keçid imkanlarının məhdudlaşdırılmamasıdır. Rasionallaşmadan sonra 14 dövlət peşə təhsili mərkəzi yaranıb, bundan əlavə 43 peşə məktəbi, 1 peşə tədris mərkəzi, 25 peşə liseyi fəaliyyət göstərir. Hazırda İPİT müəssisələrində 23 mindən çox şagird təhsil alır və 5 mindən çox işçi çalışır.
Dünyada belə bir praktika var ki, hansısa insan karyerasını davam etdirmək istəyirsə, 3-5 il təcrübə əldə edəndən sonra növbəti təhsil pilləsinə asan addımlaya bilsin. Bu mexanizm üzərində düşünürük. Bizim üçün yaxşı praktika sayıla bilən Cənubi Koreya, İsveçrə kimi ölkələrdə peşə təhsilinə istiqamətlənənlər bütün orta təhsil pilləsini bitirənlərin 2/3-ni, yəni 70%-ni əhatə edir. Burada ali təhsildən sonra insanlar fəhlə kimi işləmək istəmir və bu, məqbul da hesab edilmir. Bizdə isə bəzən belə hallara rast gəlmək olur ki, ali təhsil almış şəxs peşə təhsili tələb olunan ixtisas üzrə fəaliyyət göstərir. Nümunə kimi düşündüyümüz sistemdə isə, insanlar fəhləlikdən başlayıb, sonra ali təhsilə yiyələnirlər. Bununla həm təcrübə toplanır, həm də praktiki bilikləri olan insanlar nəzəri bilikləri əldə edəndən sonra iqtisadiyyat üçün daha səmərəli olur.
- Azərbaycanda gənclərin çox güman ki, peşə təhsilinə cəlb olunma faizi daha aşağıdır...
- Bəli, bizdə bu rəqəm 11% civarındadır. Bu gün dövlət öz vəsaiti hesabına peşə təhsili sahəsində ehtiyac olan kadrların hazırlanmasını öz üzərinə götürüb. Amma peşə təhsilinə maraq artdıqca, dövlət yükünün bir hissəsi özəl sektorun üzərinə keçməlidir. Hazırda bu sahədə müəyyən işlər görülür. Özəl sektorun bu sahəyə cəlb edilməsinin effektiv mexanizmi düşünülməlidir. Peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsində göstərildiyi kimi, özəl sektor tərəfindən özəl peşə təhsili müəssisələrinin yaradılması, özəl sektorun dövlət peşə təhsili müəssisələrində idarəçiliyə cəlb edilməsi və bu kimi əməkdaşlıqların həyata keçirilməsi istiqamətində təşəbbüslərin stimullaşdırılması üzrə tədbirlər görülür.
- Yeni qanun ölkədə peşə təhsilinin inkişafı sahəsində nələri dəyişəcək? Burada hansı yeniliklər nəzərdə tutulur?
- Bu barədə danışmaq bir az tezdir. Əslində qanunun məqsədi bu sahədə işlək mexanizmin yaradılmasıdır. Stimullaşdırıcı mexanizm peşə təhsilinə gələnlərin sayının artmasına xidmət edəcək. Burada peşə təhsilindən növbəti təhsil pillələrinə keçidin asan olması, işəgötürənlərin, özəl sektorun, müəssisələrin, fabriklərin, sənayenin peşə təhsilinin inkişafında marağı nəzərə alınmalıdır. Qanun bu maraqlar və mexanizmlər üzərində hazırlanmalıdır. Məsələn belə şərt qoyula bilər ki, şirkətlər yalnız müəyyən faiz civarında peşə təhsili alan şəxsləri işə götürməklə dövlət tenderlərinin qalibi ola bilərlər. Biz çalışacağıq ki, dünyada mövcud olan mexanizmlərin ən işlək, çevik və effektiv işləyənlərini tətbiq edək.
- Son illərə qədər insanların düşüncəsində peşə məktəblərinin fəaliyyəti, lazımi səviyyədə təhsil verməməsi ilə bağlı qənaət formalaşıb. Məktəblərdə qiymətləri aşağı olan, oxumaq istəməyənlər bu təhsil pilləsinə daha çox üz tutur. Bu fikirlərin fərqli istiqamətdə dəyişməsi, gənclərin lazımi peşələrə, ixtisaslara yiyələnməsi üçün hansı konkret işlər görülür?
- Peşə yönümlü iş bütün təhsil müəssisələrinin funksiyasına daxildir. Əslində bu, təkcə bir agentliyin, nazirliyin işi deyil. Peşə təhsili bütün cəmiyyəti maraqlandıran bir sahə olmalıdır. Çünki bu, iqtisadiyyat, əmək bazarı ilə sıx bağlı olan təhsil pilləsidir. Bu baxımdan bizə cəmiyyətin digər qurumları - özəl sektor, ayrı-ayrı dövlət və qeyri-dövlət təşkilatlar yardımçı olmalıdırlar. Hər bir IX sinfi bitirən şagirdin gələcək karyerası barədə düşüncələri ailədə formalaşır. Bu ailələr zamanın tələblərindən irəli gələn qərarlar qəbul etməlidir. Valideynlər övladlarını sadəcə, diplom xatirinə daha yüksək təhsil almaq istiqamətinə yönəltməməli, gözəl sənət və hər hansı bir sahədə professional işçi kimi formalaşmasına şərait yaratmalıdırlar. Bu gün peşə təhsilinə olan münasibət illərlə formalaşıb. Cəmiyyətdə daima sən “2” alsan, yaxşı oxumasan peşə məktəbinə gedəcəksən kimi fikirlər artıq son illər dağılmaqdadır. İnsanlar başa düşür ki, 4 il bakalavr və 2 il magistr təhsili alandan sonra özünə iş tapa bilməyən 1-2 il müddətində bir peşə təhsili alaraq 2-3 dəfə artıq əməkhaqqı olan daimi işlə və ya sənətlə məşğul ola bilər. İnanırıq ki, bu sahəyə maraq getdikcə artacaq. Amma biz öz işimizdə müxtəlif metodlardan istifadə etməliyik və edəcəyik də. Çox güman ki, yaxın illərdə bu sahədə təhsil alanlar arasında bacarıq olimpiadaları təşkil ediləcək.
- Azərbaycanda bu gün peşə təhsili müəssisələri ilə bağlı olan əsas mühüm və aktual problemlər nədən ibarətdir? Onların həlli istiqamətində hansı işlər görülür?
- …Bu gün Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrinin 90%-də qaçqın və məcburi köçkünlər yerləşib. İlkin olaraq, 4 məktəbdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin köçürülməsini məqsədəuyğun hesab edirik. Amma bu vəziyyət regionlarda da müşahidə edilir. Kürdəmir, Ağcabədi, Sumqayıt, Oğuz, Göyçay, Şəmkir, Biləsuvar məktəblərində çoxlu sayda qaçqın və məcburi köçkünlər məskunlaşıb. Bu da tədris prosesinə əsaslı dərəcədə mənfi təsir göstərir. Peşə məktəblərinin binasının bir hissəsində dərs tədris olunur, bir hissəsində isə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Belə olan halda peşə təhsilini necə inkişaf etdirmək olar?
- Ümumiyyətlə, bu gün istifadəyə yararsız, təmir vəziyyətində olan peşə təhsili müəssisələrinin sayı nə qədərdir?
- Ümumilikdə, bu gün peşə təhsili müəssisələrinin 80%-nin infrastrukturu köhnədir. Peşə məktəblərində olan avadanlıqların çoxu köhnəlib. Hesab edirəm ki, infrastruktur dedikdə bina, təmir, texnika – ümumilikdə hamısı nəzərdə tutulur. Hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi ilə bağlı işlər görülür. Ayrı-ayrı məktəblər təmir olunduqca ora yeni texnikalar verilir. Bu gün maddi-texniki baza kifayət qədər müasir tələblərə cavab vermir.

Bu xəbər oxundu
- - -