Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın cavabı ağır olacaq

06.07.17, 7:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyalı journalist:” “Rəsmi Bakı “sərt cavab” variantına üstünlük verərsə, bu, yeni “aprel müharibəsi” deməkdir”

Erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyeva və iki yaşlı Zəhra Quliyeva həlak oldu. Quliyevlər ailəsinin daha bir üzvü ağır yaralanaraq, xəstəxanaya yerləşdirdi. Bu, erməni vandalizminin daha bir üzüdür. İndi çoxlarını Azərbaycan Ordusunun bu hücuma hansı reaksiyanı verəcəyi düşündürür, həmçinin, düşmən ölkə də tikan üstündə oturub.
Rusiyalı jurnalist Mixael Belyayev Azərbaycan Ordusunun cavabının ağır olacağını hesab edir və o, bunu “aprel müharibəsi” təcrübəsinə əsaslanaraq söylədiyini vurğulayır: “Son bir neçə həftədə Qarabağ cəbhəsində müşahidə olunan nisbi sakitliyi artıq unutmaq olar. Ötən ilin “aprel müharibəsi”nin təcrübəsi göstərdi ki, Azərbaycan öz mülki vətəndaşlarının qətlinə sərt cavab verir. Xatırladım ki, aprel döyüşlərindən öncə erməni hərbi birləşmələri Azərbaycanın mülki vətəndaşlarına hücum etmişdi və bir neçə şəxs həlak olmuşdu. Azərbaycan Ordusu erməni tərəfinə ağır zərbələr endirdi və işğal olunmuş ərazilərin bir hissəsini azad etdi. Eyni təcrübə indi də yaşana bilər. Nəzərə alsaq ki, Bakıda “İslam oyunları” və “Formula 1” yarışları başa çatıb, bu, Azərbaycanın genişmiqyaslı cavab tədbirlərini həyata keçirməsinə heç nəyin mane olmadığı deməkdir. Artıq Azərbaycanın dayanacağını düşünmək ağılsızlıq olar”.
Rusiyalı jurnalist qeyd edir ki, bu qanlı hadisəyə cavab olaraq Azərbaycan ən azından cəbhə zonasında ağır artilleriyanı işə sala bilər.
M.Belyayev Azərbaycanın mümkün cavabının iki versiyanı təqdim edir.
“Əgər hadisələr “yumşaq” ssenari üzrə inkişaf edəcəksə, onda cəbhə xətti boyunca erməni əsgərlərini Bakının snayperləri bir-bir dənləyəcək. Əgər “sərt” ssenari ön plana çıxarsa, ən azından erməni hərbi birləşmələri ağır artilleriya zərbələri ilə darmadağın ediləcək”, - deyə o vurğulayıb.
Lakin rusiyalı jurnalist “sərt” ssenarinin əks-təsirlərindən də danışıb: “Ağır artilleriyanın işə salınması “hadisələrin araşdırılması mexanizmi” məsələsini gündəmə gətirə bilər. Bu, Bakının maraqlarına cavab vermir. Azərbaycan prinsipial olaraq belə mexanizmi rədd etmir, lakin bunun status-kvonun möhkəmləndirilməsinə xidmət etməməsi üçün münaqişənin həlli ilə bağlı substantiv danışıqların başlanmasını tələb edir. Əslində, erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumunun kökündə də məhz substantiv danışıqlar məsələsi dayanır. Axı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərində tərəfləri substantiv danışıqlara çağırdı. Sözsüz ki, bu danışıqlar status-kvonun dəyişikliyini və ərazilərin Azərbaycana qaytarılması üçün real addımların atılmasını nəzərdə tutur. Ermənistan tərəfi də “nəzarət mexanizmi” məsələsini yenidən aktuallaşdırmaq üçün mülki əhaliyə hücum etdi. İrəvan bu təxribatla Azərbaycanı Tavuş rayonunda mülki erməni əhalisinə atəş açmasını təmin etməyə cəhd edir. Bu, baş verərsə, Ermənistan mülki azərbaycanlıları, körpə uşaqları qətlə yetirməyini ört-basdır edə bilər”.
M.Belyayev “sərt” ssenarinin digər mümkün nəticələrinə də diqqət çəkib.
“Azərbaycan “sərt cavab” variantına üstünlük verərsə, bu, yeni “aprel müharibəsi” deməkdir. Nəticə etibarilə, Azərbaycan Ordusu işğal altındakı ərazilərin müəyyən hissəsini də azad edəcək. Bu, danışıqların növbəti mərhələsində Bakının mövqelərini gücləndirəcək və Ermənistanın yeganə çıxış yolu substantiv danışıqların başlanması olacaq. Hadisələrin bu cür inkişafı İravanın mövqeyini zəiflədəcək, hansı ki, bu, Rusiyanın maraqlarına da uyğundur. Çünki Rusiya sülhməramlılarının regiona gəlməsi məsələsi Ermənistanın maksimalist mövqeyinə görə baş tutmur. İrəvan ərazilərin müəyyən qisminin azad edilməsi qarşılığında Qarabağın müstəqilliyinin tanınmasını istəyir ki, bu da qeyri-real ssenaridir. Lakin Ermənistanın bu siyasəti Rusiyanın regionda həyata keçirmək istədiyi layihələrə də mane olur”,- deyə o vurğulayıb.
Rusiyalı jurnalist əlavə edib ki, Bakının hansı cavab variantına üstünlük verəcəyi ən yaxın zamanda məlum olacaq: “Lakin risklər son dərəcədə yüksəkdir”.
Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger bəyan edib ki, BMT-nin məlum 4 qətnaməsinə görə, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamələrin yerinə yetitirilməsi üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.
O qeyd edib ki, Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır: "Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazisi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür".
Deputat bildirib ki, Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: "O, regionda sülhün bərqərar olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazımi töhfələr verməyə hazırdır. Almaniya Federativ Respublikası Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların əsas qurbanı olmamalıdır.
“Analitika” mərkəzinin rəhbəri Yevgeni Mixaylov isə deyib ki, Erməni hərbi birləşmələri tərəfindən 2 yaşlı Zəhranın və yaşlı qadının qətli, sözün əsl mənasında, vəhşilik və qorxunc insanlığa nifrət aktıdır. Rusiyalı politoloqun fikrincə, Yerevandakı müəyyən qüvvələrin hərəkətləri göstərir ki, Azərbaycan münaqişənin siyasi yolla həllinə nə qədər səy göstərirsə, Ermənistan bir o qədər müharibəni alovlandırmağa çalışır.
“Çox ümid edirəm ki, Azərbaycan özünü sivil dövlət kimi layiqli aparacaq və qarşı tərəfə elə bu cür iyrənc yolla cavab verməyəcək. Belə barbarlıq səviyyəsinə enmək olmaz”, - Y.Mixaylov bildirir.
Eyni zamanda, ekspert əmindir ki, Azərbaycanda kifayət qədər ixtisaslı kadr tapılar ki, cəhbəyanı bölgədə 2 yaşlı Zəhra Quliyevanın qatilini müəyyən etsin və zərərsizləşdirsin.
Ermənistan ordusunun mülki vətəndaşlarımıza qarşı vandalizm aktlarına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə deyib ki, artıq sübuta ehtiyac yoxdur ki, mülki vətəndaşlarımız qondarma Dağlıq Qarabağ Respublikası silahlıları tərəfindən tərəfindən yox, Ermənistan ordusu tərəfindən öldürülür.
O qeyd edib ki, müki vətəndaşların öldürülməsi ilə bağlı zərərçəkənlər beynəlxalq məhkəmələrə müraciət etmək hüququna sahibdirlər:
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Ermənistan Respublikası Qarabağ münaqişəsində tərəf olaraq qəbul edilib. Burada hüquqi baxımdan əsas olan da qondarma Dağlıq Qarabağın deyil, məhz Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tərəf olmasıdır. Avropa Məhkəməsinin qərarlarında da sabitləşib ki, Ermənistana məxsus əsgərlər həmin ərazilərdə hərbi xidmətdədir.
İkincisi, əgər ölən şəxs hərbçi olsa, o zaman İnsan Hüquqları Konvensiyasına istinad mümkün deyildi. Çünki elan olunmamış müharibə olsa da, Dağlıq Qarabağ münaqişəsi faktiki iki ölkə arasında silahlı münaqişədir. Bu münaqişədəki hərbçilər üçün 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları tətbiq olunur. Həmin konvensiyalar Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqini istisna edir. Lakin mülki şəxslərin ölümü birbaşa Avropa İnsan Hüquqları Konvensiyasının əhatə dairəsinə düşür.
Ermənistan da sözügedən konvensiyanı ratifaksiya edib deyə, həmin konvensiyanın 2-ci maddəsində təsbit olunan yaşamaq hüququna hörmət göstərməyə məcburdur, qanunsuz olaraq mülki şəxslərin ölümlərinə yol verməmək və onların qarşısını almaq məcburiyyətini daşıyır. Ona görə də hər hansı mülki vətəndaşımız Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldükdə, bu ərazilər Ermənistan xaricində olsa da, işğal edildiyi səbəbindən həmin hadisələr zamanı qanun pozuntularına görə İrəvan məsuliyyət daşıyır. Füzuli rayonu Azərbaycanın ərazisidir, amma Azərbaycan özü də Avropa konvensiyalarına qoşulanda bir şərt irəli sürmüşdü ki, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonda olan hadisələrdən dolayı Azərbaycan məsuliyyət daşımır. Çünki həmin rayonlar faktiki olaraq Ermənistanın işğalı altındadır.
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün daxili hüquqi prosedurların keçilməsi vacibdir. Bütün daxili hüquqi yollar tamamlandıqdan sonra Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etmək olar”.
Bu şikayətlərin düşmənə qarşı mübarizədə hüquqi-siyasi əhəmiyyətinə toxunan F.Mehdiyev ona müraciət ediləcəyi təqdirdə zərərçəkmişin bu yöndə şikayətini təmənnasız olaraq hazırlamağa və onu müdafiə etməyə hazır olduğunu bildirib.

Cavid

Bu xəbər oxundu
- - -