Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İndi ölkəmizdə ov quşları demək olar yox dərəcəsindədir”

06.07.17, 10:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AZƏRTAC-ın müxbiri Bakı Dövlət Universitetinin onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiri, professor Qara Mustafayevlə həmsöhbət olub.
- Azərbaycan fauna və florası ilə heç bir ölkədən nə fərqli deyil, nə də oxşar. Elə bir ölkə yoxdur ki, onun faunası yalnız özünə məxsus olsun. Bizim ölkəmizin faunası bir tərəfdən Avropa, bir tərəfdən Asiya, digər tərəfdən isə Afrika ilə bağlıdır. Amma daha çox oxşarlıq Şərqi Avropa, o cümlədən Rusiya faunası ilədir. Təəssüf ki, ötən əsrin 50-ci illərinə qədər bütün dünyada faunaya ancaq dağıdıcı, istismarçı münasibət hökm sürüb. Demək olar ki, təbiət bütünlüklə ovçuluq sənayesinə xidmət edib. Təbiət sahəsində çox məşhur mütəxəssislərdən olan rusiyalı alim Nikolay Alekseyeviç Menzibirin əsərlərində təbiətin qorunması haqqında bir cümləyə də rast gəlmək olmur. İlk dəfə dünya üzrə quşların miqrasiya xəritəsini verən akademik əsərlərində yalnız nə vaxt, harada və nə qədər ovlamaqdan söhbət açır.
Bizim ölkəmizdə o vaxta qədər daha çox yırtıcı və ov quşlarını tələf etməklə məşğul olublar. Hətta ən çox heyvan və quş vuranları mükafatlandırıblar. Bəzən o qədər quş vurub tələf ediblər ki, onları araba ilə Bakıya daşımaq üçün sutkalarla vaxt lazım gəlib. Ovçuları çox məsafə qət etmək və daşımaqdan azad etmək üçün onlardan ovladıqları quşun sayını müəyyənləşdirib mükafatlandırmaq üçün yalnız caynaq və dimdiyini təhvil verməyi tələb ediblər.
- Professor, təbii ki, faunadakı bənzərliklərlə yanaşı, fərqlilik də var...
- Əslində, hər yerdə meşə quşu meşədə, kol quşu kolluqda, çöl quşu çöllükdə yaşayır. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, heyvan və quşların həyat tərzinin və davranışının öyrənilməsini yalnız təbiətdə aparıblar. Deyək ki, qaratoyuğun öz həmcinsini çağırması üçün necə səslənməsi öyrənilib, amma onların insan mühitindəki davranışları araşdırmadan kənarda qalıb. Halbuki, məsələn, elə qaratoyuğun ayrı-ayrı ölkələrdəki davranışlarını öyrənmək heç də az maraqlı deyil. Uzun illər apardığım tədqiqat və müşahidələr nəticəsində bu qənaətə gəlmişəm ki, bizim ölkəmizdə quşlar ən çox insanlardan çəkinir və uzaq olmağa çalışırlar. Bundan böyük fərq ola bilməz. Mən okean sahilində insan görən kimi qu quşunun ona tərəf can atdığını görmüşəm. Çünki ona yem verib özlərinə cəlb ediblər. Almaniyada qu quşları insanı 10-15 metrə, Rusiyada 8-10 metrə qədər yaxına buraxır. Azərbaycanda isə qu quşları insana yaxın gəlmir. Görən kimi uçub getməyə çalışırlar. Çünki bizim ona münasibətimiz mərhəmət hissindən uzaq olub.
- Qara müəllim, təxminən bir neçə il əvvəl şəhər səmasında çoxlu qarğalar peyda olmuşdu, hətta bəzən az qala bütün göy üzünü tuturdu...
- Yadımdadır və o vaxt bu barədə xəbərdarlıq da etmişdim. Deməli, qarğanın iki növü var: zağca və boz qarğa. Zağça qarğa zil qara rəngdə olur və sürü ilə yaşayır, əsasən, qışda bizim ölkəyə gəlir. Onun sanitariya əhəmiyyəti var. Burada olduğu müddətdə zibilliklərdəki yem qalıqları ilə qidalanır. Rusiyada onlar magistral yol kənarlarındakı ağaclarda yuva qurub yaşayır və nəsil artırılar. Payız aylarında bizim ölkəyə gəlir, yenə də hər yerdə yol kənarında sürü ilə yaşayır, qış başa çatandan sonra geri qayıdırlar. Bu, o qədər də ziyanlı quş deyil. Boz qarğa isə ziyanlı quş sayılır. Onun iki böyük ziyanı var. Birincisi, boz qarğa xırda ov quşlarının qənimidir, onların yumurtası və balasını tapıb yeyir. İkinci ziyanı evlərin metal damına qonaraq natəmizlik yaradırlar. Nəticədə güclü qələvi və turşu təsiri nəticəsində damlar tez çürüyüb sıradan çıxır.
Hələ bu əsrin əvvəllərində Bakıda üç müxtəlif yerdə boz qarğa yuvası gördüm və o vaxt nəşr olunan elmi jurnalda bu haqda məqalə yazıb dərc etdirdim. Sərlövhəsi belə idi: "Bakıya boz qarğaların hücumu başlandı". Məqalədə uşaq və gənclərdən xahiş edirdim ki, həmin yuvaları uçursunlar, çünki boz qarğanın yuvasını uçuranda çıxıb gedir, yox, əgər həmin yuvada bala çıxarıb pərvazlandırdısa onun qarşısını almaq çətin olur. Vaxtilə London, Berlin, Moskva, Sankt-Peterburq və digər şəhərlərdə boz qarğa bəzək quşlarını məhv etdi. Təəssüf ki, mənim çaldığım “həyəcan təbili” eşidilmədi və boz qarğalar Bakıda da bəzək quşlarını məhv etdi. Heç yadımdan çıxmaz, bir dəfə Özbəkistandan bir alim həmkarım gəlmişdi, məni parka çağırıb ağaclardakı yaşılca, qaratoyuq, yalançı bülbülü görüb heyranlığını gizlədə bilməyərək dedi ki, mən dünyanın çox yerlərini gəzmişəm, heç yerdə bu qədər bəzək quşu görməmişəm. Mən özüm Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının ətrafındakı ağaclarda bəzək quşlarının 60-70 yuvası olduğunu saymışdım, indi tək-tək qalıb. Həmin boz qarğalar onların hamısını məhv etdi.
- Ölkəmizdə nə qədər heyvan və quşun adı “Qırmızı kitab”a daxil edilib?
- Hazırda Azərbaycanda 170 növdən çox heyvan və 359 quş növü var. Onların təxminən yarısı nəsli kəsilmək təhlükəsi qarşısındadır. Turac, qırqovul, tetra quşu, heyvanlardan ceyran, cüyür, maral və başqaları həmin siyahıya daxildir. Əslində, bu gün Azərbaycanda ov quşları yox dərəcəsindədir və onların adları “Qırmızı kitab”a daxil edilib.
- Qara müəllim, siz uzun illər “Təbiəti sevənlər” verilişinin aparıcılarından olmusunuz..
- Nə az, nə çox, düz 36 il. Məni həmin verilişə çox hörmətli müəllimim Mirəli müəllim dəvət etmişdi. Bundan əvvəl isə o, yazıçı Mikayıl Rzaquluzadə ilə həmin verilişi aparırdi. Efirdən əvvəl verilişdə qoyulacaq mövzu ilə əlaqədar müzakirə və söhbət apaparkən mərhum Mikayıl müəllimə bir sıra iradlar tutdum və onun söylədiyi fikirlərin elmi əsası olmadığını söylədim. Bundan sonra o, verilişdə yerini mənə verdi və “Təbiəti sevənləri”n aparıcısı oldum. Bir nəfərin 36 il eyni verilişi aparması çox nadir hadisədir. Bundan iki il sonra Moskva televiziyasında Nikolay Drozdovun “Heyvanlar aləmində” verilişi efirə çıxdı. Təəssüf ki, indi təbiəti sevdirən, ona maraq oyadan belə verilişlər yoxdur. Görünür, onun müraciət etdiyi auditoriya da tapmaq çətindir. Əlbəttə ki, bu, məni təəssüfləndirir...

Bu xəbər oxundu
- - -