Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Taleyin azması fəlakəti...

13.07.17, 7:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Seymur Şeydayevin oxucularla ilk görüşü olan «Bitməmiş son» («Tuna» nəşriyyatı, 2016) adlı kitabında eyniadlı povesti və «Uduş», «Bir yeşik alma», «Fil Tahir və ya bir balon çaxır» hekayələri yer alıb. Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Allahverdi Məmmədovdur. Düzünü deyim ki, «Povestin dili Seymurun ümumxalq dilinə, onun müxtəlif çalarlarına, sözün məna incəliklərinə yaxşı bələd olduğunu, seçdiyi hər bir ifadə və fikirlərə xüsusi diqqətlə yanaşdığını göstərir. Müəllif artıq görünən ifadə və ibarələrə, təşbeh və epitetlərə o qədər də can atmır, hadisələri sadə və təbii təhkiyə və dialoqlarla nəql etməyə üstünlük verir» – fəlsəfə doktoru Tahir Orucovun ön sözündə deyilən bu fikirlər yerini aldığındandır ki, mən adətimə xilaf çıxaraq «Bitməmiş son» povestini birbaşa oxuyub qurtardım. Çünki mənim yaxşı əsərləri birnəfəsə oxumağım nadir hallarda olur, bu povesti isə birdən-birə oxuya bilməyimin səbəbi məhz müəllifin artıq ifadələrlə oxucunu yormaması, rəvan bir üslubda və reallığı səmimi hisslərlə ifadə etməsindədir. Hadisələr elə təbii məcrada verilib ki, oxuduqların bir təsiredici səhnə əsəri təəssüratı yaratmaqla göz önündə canlanır.
«Gecədən xeyli keçmiş qəfil telefon zəngindən dik atıldı. Bir az yerinin içində dik oturdu ki, bəlkə kimsə səhv düşüb. Lakin telefon aramsız zəng çalırdı. Arvadı Gülgəz yerinin içində qurcalanıb yuxulu-yuxulu dedi:
- Deyəsən, rayon zənginə oxşayır. Götürsənə.
- Allah xeyir eləsin, görən kim olar bu vaxtı?
Yavaş-yavaş telefona yaxınlaşdı. İçində özünə də məlum olmayan bir təlaş vardı. Nə isə bir bəd xəbər eşidəcəyindən qorxaraq telefonun dəstəyini qaldırmaq istəmədi. Lakin arvadının artıq neçə illərdir beyninə düşən o cır səsini bir də eşitməmək üçün dəstəyi qaldırdı» (s.17).
Povestin başlanğıcı olan bu cümlələrdə bir real məişət həyatı təsvir olunub. «Arvadının neçə illərdir beyninə düşən o cır səsi» ifadəsi emosional-psixoloji ovqatın ifadəsi olub, ailədaxili ab-havanı bəri başdan oxucu düşüncəsinə yeridir. Rüstəmlə arvadı arasında gedən aşağıdakı dialoq isə artıq oxucuya hər şeyi məlum edir:
« - Kim idi zəng edən? – deyə arvadı soruşdu.
- Kənddəndi. Mirpaşanın oğlu Cövdətdi.
- O kimdi, nə istəyir?
-Anamın vəziyyəti pisdi, bəlkə də rəhmətə gedib. Günortaya qədər özümü kəndə çatdırmalıyam.
- Nə ilə gedəcəksən?
- Avtobusla. Bəs sən getmək istəmirsən?
- Mən niyə gedim ki, məni orda kim tanıyır axı?
- Necə kim tanıyır, mənim anam bəlkə də rəhmətə gedib. Bu ağır günümdə orda səni kiminsə tanımağının nə əhəmiyyəti var? Sən mənim yanımda olmalısan.
- Sən Allah qoy yataq, vaxtında heç biri məni qəbul etmirdi. İnd idə ora getsəm, hamı «Qəmər arvad öldü, gəlini də sevindiyindən ayaq basmadığı kəndə gəlib» deyəcək. Yaxşısı budur ki oturum xarabamda”.
«Onsuz da bu ev sənə rast gəldiyim gündən mənim üçün xarabaya çevrilib». Ancaq bu sözləri ürəyində dedi ki, arvadı eşitməsin. Yavaş-yavaş əynini geyinməyə başladı. Şifonerdə (ehtiyat üçün pulları orda saxlayırdılar) paltarların altında saxladıqları pullardan bir az götürüb arvadını səslədi:
- Dur qapını bağla, mən çıxıram.
- Gedirsən, oradan nə qədər pul götürdün?
- Nə qədər lazımdı, o qədər də götürdüm.
- Yetimçələrin üçün də bir şey saxla heç olmasa.
Arvadı ilə söz güləşdirmək istəmədi. Qapını örtüb tələsik pilləkənləri düşdü». Yenə qayıdıram Tahir Orucovun kitaba yazdığı «Tənhalığın faciəsi» adlı ön sözün üstünə. Doğrudan da povestin əsas qəhrəmanı olan Rüstəm tənhalığın faciəsini yaşayır. Tənhalıqla bağlı da Tahir müəllim bir maraqlı fikir işlədib: «Tək olub tənha olmamaq və ya əksinə, kütlə içərisində, çox adamların əhatəsində belə tənha olmaq, özünü tənha hiss etmək mümkündür».
Bəli, Rüstəmin faciəsi kütlə içərisində, çoxlu adamların əhatəsində ola-ola yaşanan tənhalıqdır. Amma adamın tənha qalmaması üçün ona qulaq yoldaşı ola biləcək ikinci bir adam bəs edər. Adam subaylığın daşını ona görə atır ki, təklikdən canını qurtarsın, özünə həyat yoldaşı tapıb yalqızlığa son qoysun. Ailə oğul-uşaq yiyəsi olsa, yalqızlıq adama heç vaxt yaxın düşə bilməz. Deməli, adamın yalqızlıqdan xilas olması üçün nəinki kütlə içərisində, çoxlu adamların əhatəsində olmağa ehtiyac var, elə bir sədaqətli ömür-gün yoldaşı da yetər ki, təklik-tənhalıq duyğusu çəkməyəsən. Ancaq Rüstəmin nəinki həyat yoldaşı, övladları da olsa belə, yenə həyatda tənhadır. Gülgəzin ərinin üstünə çəmkirib: «Yetimçələrin üçün də bir şey saxla» deməsindən aydın olur ki, Rüstəm arvadı ilə qoşa yaşasa da, belə bir əsilsiz-zatsız arvaddan dünyaya uşaqlar gətirsə də, yenə təkdir.
Seymur Şeydayevin istedadı ondadır ki, o, real həyat hadisəsi fonunda yaratdığı bədii əsərdə oxucuya bu cür acı həqiqətləri çatdırmağı bacarıb. Yəni o, burada problemi oxucu üçün düşünüləsi ağır riyazi məsələ şəklində yox, adi həyat reallıqları müstəvisində bir yaşam güzgüsü kimi əks etdirib. Yazıçı bu povestdə Rüstəmin üzləşdiyi tənha yaşayışı formulə etmək – tənhalıq fəlakətindən qurtulmaq üçün bir yaşam formulunun bədii həllini təqdim edir. Bax, belə bir nəcib qayəyə xidmət etdiyindəndir ki, povestin sonunda dəmiryol bələdçisi ilə Rüstəmin qısa, məzmunlu dialoqu verilib:
- Gecənin bu vaxtı neynirsən, ay əmi?
- Qatarların yollarını nizamlayıram ki, yollarını azmasınlar, a bala, - deyə kişi əlindəki açarla orda nə iləsə qurdalanırdı.
- Əmi, sən yolunu azmış insanların da tale yollarını nizamlaya bilərsənmi?
Bu qəribə sualdan çaşbaş qalan yaşlı bələdçi dönüb ona baxanda, o, gecənin qaranlığında gözdən itməkdə idi. Artıq ay işığı da onun üzərinə düşmürdü.
«Bitməmiş son» adlandırılan povestin sonluğunun bu cür «yarımçıq» qalması – baş qəhrəmanın özünün və taleyinin bitməmiş sonluqla bitməsi əsərin adı ilə məzmunu arasında bir uyğunluq yaradır. Yəni oxucu yazıçının bitirmədiyi sonluğu öz idrakının-təxəyyülünün hesabına bitirməlidir.
Amma məncə, «Bitməmiş son» ifadəsinin semantikasında başqa mətləblər də var. İnsan ağac kimidir. Ağac torpağın üstündə, insan da doğulduğu torpaqda və öz soyunun-kökünün üstündə bitməlidir. Ağac da bar verir, insan da övlad dünyaya gətirir. Ağac öz kökünün üstündə bitib, öz adına uyğun meyvəsini yetirdiyi kimi, ağacı kəsərsən səmtinə yıxılar məsəlindəki kimi, insan da öz səmtinə yıxılmaqla (Rüstəm də həmkəndlisi və sevgilisi Fidanla evlənməklə) öz mühitinə uyğun və soykökünün daşıdığı təbiətə uyğun uşaqlar əkməli idi. Beləliklə, öz soykökünün (layiqli) davamçısı olmalı idi. Demək, Rüstəm bir fərd, insan kimi öz soykökünə uyğun olanla evlənmədiyindən, övladlarında da öz soykökünə uyğun mənəvi dəyərlər inkişaf edə bilməyəcəyi təqdirdə (hər halda övlad anadan öyüd-tərbiyə alar), «Bitməmiş son» timsalı kimi səciyyələndirilir. Yəni insan öz soyunu-kökünü öz ailəsində və övldalarında yaşaya (daşıya) bilmirsə, o, bir insan kimi «bitməmiş» (başa varmamış) hesab olunur. Bir də «son» sözü həm də mənim qənaətimcə, «soy» - nəsil sözünün transformasiyaya uğramış variantıdır. İnsan öz sonunu-soyunu yaşatmalı, davam etdirməlidir. Hər bir insan öz soyunun (sonunun) daşıyıcısıdır. Bizdən sonra gələcək nəsil-soy (son) həm də «bitməli» - qol-qanad atıb nəsil verməlidir. Əsli-kökü üstündə bitməyənlər isə əsilsiz-zatsız, zatıqırıq adlanırlar ki, bu da mahiyyətcə elə yazıçı S.Şeydayevin «Bitməmiş son» ifadəsi ilə (və əsərin qəhrəmanı Rüstəmin talesizliyi ilə) eynilik təşkil edir.
«Onsuz da bu ev sənə rast gəldiyim gündən xarabaya çevrilib» deyən Rüstəmin sözündən də o çıxır ki, evin xarabaya dönməsi – evin kimsəsiz olması deməkdir. O evdə ailə də, uşaq da olsa, xaraba təsiri bağışlayırsa, sonsuz bir insanın özündən sonra evinin xarabaya qalması kimi bir şeydir. Xalq təfəkküründə də uşaqsız-övladsız ata-anaya sonsuz deyilməsi təsadüfi deyil. Yəni sonsuz – sonu (soyu-övladı, uşağı) olmayan deməkdir. Yazıçı Seymur Rizvan oğlu Şeydayevin «Bitməmiş son» əsərindəki Rüstəm obrazı da öz valideynləri üçün «Bitməmiş son» (soy - övlad) timsalındadır.
«Gördün yarım yar deyil, tərgin qılmaq ar deyil» atalar sözümüzə söykək hərəkət etmək də bir yaşam örnəyidir ki, istisna hallarda belə bir seçim qarşısında da qalmaq olurmuş... Yazıçının sonda verdiyi ideya da məhz «Yolunu azmız insanların tale yollarını nizamlamağa» hesablanmış bir bədii çağırışdır. Taleyin azması yalqızlıq təhlükəsi ilə üzləşmək deməkdir. Taleyin azması insanın həyatda ömürlük çaş-baş qalması faciəsidir. S.Şeydayev oxucularını həyatda çaş-baş qalmamağa, tale yolunda azmamağa səsləyir.

Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Bu xəbər oxundu
- - -