Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq nadir fürsətdir”

13.07.17, 9:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aida Hüseynova: “Mən bunlardan bacardığım qədər istifadə etmək niyyətindəyəm”

“Ailəmizdə mən ilk və bu günədək yeganə musiqiçiyəm. Atam Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssisi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. O, məşhur Azon zavodunun yaradıcılarından biri olub, ötən əsrin 70-80-ci illərində həmin zavodun baş mühəndisi vəzifəsində çalışıb. Hazırda təqaüdçüdür. Anam Natella Kazımova kimya elmləri doktoru, çoxsaylı elmi ixtiraların müəllifi, bütün ömrünü Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib. Qardaşım Emin Hüseynov texniki elmlər namizədi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir, bir sıra kitabların və dərslikərin müəllifi, çalışdığı təhsil ocağının beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli payı olan, fəal çalışan alim və müəllimdir. Bir sözlə, ailəmizdə texniki və təbii elmlərə üstünlük verilirdi, amma onu da deyim ki, ailəmizin bütün üzvlərinin həyatında musiqiyə həvəs və maraq olub. Atam bir neçə il skripka sinfində oxuyub, özü də musiqi məktəbinə onu dahi Üzeyir bəy şəxsən özü qəbul edib”.
Bu fikirləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas , ABŞ-ın İndiana universitetinin müəllimi Aida Hüseynova “Xalq Cəbhəsi”nə müsahibəsində səsləndirib.
-O vaxtlar bizim böyük bəstəkarımız azərbaycanlı uşaqları musiqi təhsilinə cəlb etmək məqsədilə özü onlarla görüşür, onların musiqi sahəsində olan qabiliyyətlərini yoxlayırdı. Atam o uşaqların sırasında idi. Anam piano sinfində tədris alıb, yeddi illik musiqi məktəbini bitirib, vaxtı olanda evdə həvəslə piano çalardı. Qardaşım da musiqi məktəbində bir neçə il truba sinfində tədris alıb. Rok musiqisinin bütün incəliklərini, tarix mərhələlərini gözəl bilir. Mənim bu sahədə hansısa sualım olanda, ona müraciət edirəm. Məsələn, indi tədris etdiyim “Şərqlə Qərbin rastlaşması” fənnində rok musiqisinə aid bölümü qardaşım ilə bərabər işləyib tamamlamışam. Bir sözlə, yəgin ki, mənim simamda kəmiyyət keyfiyyətə keçib və mən musiqişünas alim olmaq niyyətinə gəldim.
-Həyatımızda müəllimlər çox önəmli rol oynayır. Müəllimlərinizi necə xatırlayırsınız?
-Özümü şanslı hesab edirəm, çünki tale məni çox gözəl müəllimlərlə rastlaşdırıb. 8 nömrəli musiqi məktəbinin direktoru, yüksək nüfuza malik olan, peşəsinə artıq dərəcədə sadiq olan mərhum Rəna xanım Rəhimova mənim ilk musiqi müəllimim olub. Sonradan 16 nömrəli məktəbdə tədris aldım, burada gözəl musiqiçi və müəllim Zemfira xanım İsmayılzadənin sinfində oxudum. Hazırda ABŞ-nın Texas ştatında yaşayan Zemfira xanım indi də fəal çalışır, yeni musiqiçilər nəsli yetişdirir. Tez-tez ünsiyyətdə oluruq, musiqidən, həyatdan danışırıq. Zemfira xanım mənim musiqiçi olmaq qərarımın əsas səbəbkarı oldu. Məhz onun sinfində oxuduğum zamanı Azərbaycanın gənc pianoçular müsabiqəsinin laureatı oldum və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilimi davam etmək dəvətini aldım. Bu məqamda 16 nömrəli musiqi məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz Sadıxovun əvəzsiz rolu oldu. Məhz o, musiqi sahəsində tədrisi davam etməyimi mənə də, valideynlərimə də tövsiyə etdi və həyatımda yeni bir mərhələ başladı. Çingiz müəllim indi ABŞ-nın Kaliforniya ştatında yaşayır. 2002-ci ildə yaşadığım İndiana ştatının Bluminqton şəhərinə onu dəvət etdim və İndiana Universitetinin xoru ilə bərabər Azərbaycan xalq mahnılarının mükəmməl ifaları ilə amerikalıları heyran etdi. İllər ötdü, 2008-ci ildə Çingiz müəllimin San Fransiskoda qonağı oldum, onunla, ömür-gün yoldaşı, çox hörmət və məhəbbət bəslədiyim Ceyran xanımla ötən günlərdən söhbət etdik, Çıngiz müəllimin bənzərsiz ifalarını yenə də dinlədik. Müəllimlərimdən danışarkən, həyatımda əvəzsiz rolu olan, məni piano sənətinin incəliklərinə yiyələndirən və ümumiyyətlə şəxsiyyətimi formalaşdıran, hədsiz hörmətim və sevgim olan Azərbaycanın görkəmli pianoçusu və pedaqoqu, əməkdar incəsənət xadimi, Baki Musiqi Akademiyasının professoru, kafedra müdiri Elmira Nəzirovanın rolu əvəzsizdir. Bu günədək bütün əməllərimdə, məsələn hansısa müvəffəqiyyətli layihələrim olanda, özümə ilk öncə o sualı verirəm ki, görəsən Elmira xanım bu haqda nə deyərdi, mənə nə kimi məsləhət verərdi. Elmira xanım dahi rus bəstəkarı Dmitri Şostakoviçin tələbəsi olmuş və onunla səmimi dostluq münasibətində olub. Elmira xanımın və Şostakoviçin bir-birinə mənəvi dəstək vermələrinin önəmi ondan bəllidir ki, bəstəkar Onuncu simfoniyasının üçüncü hissəsində Elmira xanımın adını musiqi hərfləri ilə həkk edib. Elmira xanımın mənə etibar etdiyi Şostakoviçin məktublarında bundan bəhs olunur. Həmin məktublar əsasında və Elmira xanım ilə söhbətlərim əsasında Qərbdə dərc olunan nüfuzlu elmi jurnallarda bu haqda məqalələr yazmışam və Böyük Britaniyanın Şostakoviç cəmiyyətinin dəvəti ilə Kəmbric Universitetinə dəvət olunmuş bu haqda mühazirə oxumuşam.
-Siz Bakı Musiqi Akademiyasının məzunu olmusunuz. Amma elmi və pedaqoji həyatınızda Azərbaycandan kənardakı təhsil ocaqların da rolu böyükdür. Bu haqda da fikirlərinizi bilmək çox maraqlıdır...
-Həyatımda bir çox ali musiqi məktəblərində olmuşam, dünyanın ən nüfuzlu universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli, Stanford, Kolumbiya universitetlərində, Böyük Britaniyanın Kəmbric Universitetində mühazirələrlə çıxış etmişəm, konfransların iştirakçısı olmuşam. Amma elmi və pedaqoji fəaliyyətimdə üç ali təhsil ocağının xüsusi rolu var və bunlardan ilk və öncəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Keçmişdə Azərbaycan Dövlət Konservatoriyası kimi tanınan bu məktəb mənim doğma ocağım, boya başa çatdığım, həm musiqişünas, həm də pianoçu kimi püxtələşdiyim və uzun illər boyu müəllimlik fəaliyyətini apardığım, professor vəzifəsində çalışdığım doğma və əziz məkandır. Vətəndən uzaqlarda olduğuma baxmayaraq, Musiqi Akademiyamızın zəngin və dolğun həyatını daima izləyirəm, həmkarlarımla ünsiyyət saxlayıram. Fürsətdən istifadə edib, bütün həmkarlarımı, başda əziz və hörmətli rektorumuz, görkəmli musiqiçimiz Fərhad Bədəlbəyliyə öz səmimi salamımı və xoş arzularımı çatdırmaq istərdim.
Sankt Peterburq Konservatoriyası kimi Rusiyanın yüksək nüfuzlu, tarixi əhəmiyyətli məktəbin də mənim həyatımda əhəmiyyətli rolu var. 1992-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldığım Rusiyanın bu mötəbər musiqi və təhsil ocağında mənə göstərilən hörməti və xoş münasibəti indiyədək xatırlayıram. Bəstəkar Müslüm Maqomayevin opera yaradıcılığına həsr olunmuş elmi işim böyük maraqla qarşılandı və görkəmli rus musiqişünasları, o cümlədən Yelena Dolinskaya və Sofiya Xentova kimi tanınmış alimlər tərəfindən yüksək qiymətləndirildi. Dünyanın bir çox şəhərində olmuşam, amma Peterburqun gözəlliyinə, məxsusi ab-havasına, şəhərin tarixi abidələrinə, küçələrinə bu gün də, həmişəki kimi, heyranam.
Nəhayət, Amerika Birləşmiş Ştatlarındakı İndiana Universiteti. 2000-ci ildən taleyim bu məktəblə, daha dəqiq desək, İndiana Universitetinin tərkibində fəaliyyət göstərən Ceykobs Musiqi Məktəbi (Jacobs School of Music) ilə bağlıdır. O zaman Bakı Dövlət Universiteti ilə İndiana Universiteti arasında mübadilə proqramında iştirak etməyə dəvət aldım. Çox sərt seçim prosesindən sonra həmin proqram xətti ilə ilk dəfə ABŞ-a yollandım. O zaman Bakiya iddiaçılarla müsahibə aparmaq məqsədilə ABŞ-nın Orta Asiya regionu üzrə aparıcı mütəxəssislərdən biri, politoloq, İndiana Universitetinin professoru Bill Firman ilə tanış oldum. Professor Firman ilə elmi araşdırmalarımda çox zaman məsləhətləşirəm, özü ilə və ailəsi ilə səmimi dostluq münasibətimiz var. 2000-ci ildən sonra da bir neçə dəfə ABŞ-nın Dövlət Departamenti tərəfindən idarə olunan elm və təhsil üzrə mübadilə proqramlarının, o cümlədən nüfuzlu Fulbrayt proqramının iştirakçısı olmuşam, İndiana Universitetində musiqişünas və pianoçu kimi çalışmışam. 2008-ci ildə həmin məktəbdə müəllimlik fəaliyyətini aparmaq təklifini aldım. Bu təklifi qəbul etdim və bu günədək İndiana Universitetinin Ceykobs Musiqi Məktəbində çalışıram. Ceykobs Məktəbi dünya şöhrətli musiqi və təhsil ocağıdır və burada olan professional imkanlar mənim elmi və pedaqoji təcrübəmi çox zənginləşdirdi.
-Siz fəal çalışan musiqişünas alimsiniz. Beş kitab və çoxsaylı elmi məqalələrin müəllifisiniz. Azərbaycan musiqisinin ABŞ kimi nəhəng olkədə elmi səviyyədə tanıtdırılmasında xidmətiniz əvəzsizdir. Bu haqda fikirlərinizi eşitmək maraqlı olardı...
-Xoş sözlərinizə görə təşəkkür edirəm. Elmi işimin əsas obyekti Azərbaycan musiqisində baş verən inqilabi dönüş, musiqi ənənələrimizin Qərb musiqisinin formaları ilə sintezilə əlaqədardır. Əvvəlcə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin operalarında yaranan musiqi üslubunu araşdırdım, bu haqda elmi monoqrafiyam 1997-ci ildə işıq üzü gördü. Həmin kitab bəstəkarın nəvəsi, böyük müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olundu. Mən özüm də böyük sənətkarla görüşdüm və kitabımı ona təqdim etdim. Həmin görüşdən qalan əziz xatirələr daima ürəyimdədir. Bir neçə ildən sonra bəstəkar Müslüm Maqomayevin yaradıcılığına həsr etdiyim daha bir kitabım işıq üzü gördü. Həmin nəşrdə Müslüm Maqomayevin və Üzeyir Hacıbəylinin musiqi üslublarını müqayisə etdim, Azərbaycan bəstəkarlarının yaradıcılığında elə ilk mərhələlərdən formalaşan üslub müxtəliflyini araşdırdım. Azərbaycan piano məktəbinin inkişafı haqqında da yazılarım var. Müəllimim Elmira Nəzirovanın ifaçılıq və pedaqoji fəaliyyətini araşdırmışam, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biri olmuşam. 1997-ci ildə işıq üzü görmüş bu kitab üzərində işimi də çox xoş hisslərlə tez-tez yada salıram. Daha bir layihə haqda söhbət açmaq istərdim. 2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin Uşaq Ensiklopediyası layihəsi çərçivəsində musiqiyə həsr olunmuş cildi yazmaq təklifini aldım və bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Yazdığım “Musiqi: Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın uşaqlara pulsuz paylanıldı. Layihə böyük əks-səda doğurdu və 2004-cı ildə ensiklopediyanın yeni nəşri işıq üzü gördü. Həmin nəşrə təhsil nazirliyi tərəfindən orta məktəb dərsliyi statusu verildi.
Kitablarla yanaşı, yüzdən artıq elmi və elmi populyar məqalələrin müəllifiyəm. Həmin məqalələr Azərbaycanda, ABŞ-da, Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb. Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası üçün yazdığım məqalələri xüsusilə qeyd etmək istərdim. Bu yaxında ABŞ-da işıq üzü görmüş “Orta Asiyanın Musiqisi” adlı sanballı nəşrin tərtibçi redaktorlardan biri olan, ABŞ-ın tanınmış musiqişünas alim professor Ted Levin mənə azərbaycan musiqisi nə dair bir fəsil yazmağı həvalə etdi. Dəvəti məmnuniyyətlə qəbul etdim və həmin kitabda hazırda Azərbaycan musiqisinə aid olan “İyirminci əsrdə Azərbaycan muğamının yeni təzahür formaları” adlı fəsil var. Həmin kitab dərslik kimi nəzərdə tutulub və bu o deməkdir ki, Azərbaycan musiqisi haqqında bilgilər ABŞ-ın ali musiqi məktəblərində çalışan yüzlərlə tələbələr və müəllimlər tərəfindən öyrəniləcək.
-Son illərdə əsas nailiyyətiniz 2016-cı ildə ABŞ-nın İndiana Universitetinin nəşriyyatı sizin “Azərbaycan musicisi: muğamdan operaya doğru” sanballı elmi monoqrafiyanızdır. Kitabınızın nəşri nəinki sizin, bütövlükdə Azərbaycan musiqişünaslığının böyük qələbəsidir. Bu önəmli hadisə haqqında Azərbaycanın bir çox informasiya mənbələri xəbər verdi...
- Adını çəkdiyiniz kitabım müasir Azərbaycan musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik nəşriyyatında işıq üzü görən ilk nəşrdir. Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim on ildən çox zaman apardı. Çox şadam ki, kitabımın sayəsində Azərbaycan bəstəkarları, caz sənəti ilə, ümumiyyətlə, Azərbaycan musiqisində iyirminci əsrdəki nailiyyətləri ilə artıq dünyanın hər bir yerində ingilis dilini bilən oxuyucular tanış ola bilər. Kitabım ABŞ-nın məşhur Barnes&Noble kitab mağazasında, eləcə də populyar Amazon İnternet dükanı vasitəsilə həm çap olunmuş şəkildə, həm də elektron formatda əldə oluna bilər. Monoqrafiyam haqqında müsbət rəylər ABŞ-nın, Azərbaycanın, eləcə də Kanadanın və Bolqariyanın mötəbər elmi mənbələrində dərc olunub. Kitabımın ayrılmaz hissəsi onu müşayiət edən audio və video parçalardır. Həmin musiqi parçaları kitabıma aid xüsusi İnternet saytında yerləşdirilib. Kitabımdan İndiana Universitetində tədris etdiyim kurslarda da istifadə edirəm. Tələbələrim onu həvəslə oxuyub mənə suallar verir, bəzən hətta maraq göstərdikləri mövzular ətrafında öz araşdırmalarını aparırlar. Təbii ki, bu məni həm alim, həm müəllim kimi sevindirməyə bilməz. Kitabımda bir çox foto şəkillər daxil etmişəm. Onların əksəriyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasındandır və mən, yeri gəlmişkən, muzeyin direktoru, dəyərli musiqişünasımız Alla Bayramovaya öz dərin minnətdarlığımı bildirmək istərdim. Nəşrin üz qabığında görkəmli rəssamımız, özünəməxsus yaradıcı üslubu ilə tanınan Sənan Səmədovun “Muğam triosu” işi yerləşdirilib. Sənan müəllimə də fürsətdən istifadə edib öz təşəkkürümü bildirirəm. Yüksək bədii meyarlara cavab verən bu rəsm kitabımın mövzusu ilə mükəmməl uzlaşır. Ümumiyyətlə, monoqrafiyamı hazırladığım zaman okeanın hər iki tayından olan dəyərli həmkarlarıma və dostlarıma, mənə dəstək verən, kitab işıq üzü gördükdən sonra onu oxuyan, fikirlərini mənimlə paylaşan hər kəsə çox minnətdaram.
-Siz Azərbaycan musiqisinə həsr olunmuş bir neçə multimedia layihələrinin müəllifisiniz. Bu sahədə işiniz haqqında da eşitmək çox maraqlı olardı.
-Bəli, altı multimedia layihəsində iştirak etmişəm. Bununla əlaqədar İndiana Universitetinin professoru Meri Getse ilə əməkdaşlığım haqda söhbət açmaq istərdim. Professor Getse dünya xalqlarının musiqi ənənələrinə maraq göstərən, onları araşdıran və Amerikada təbliğ edən gözəl mütəxəssis və insandır. Böyük qürur hissi ilə deyə bilərəm ki, aramızda yaxın dostluq münasıbəti var. Professor Getsinin rəhbərlik etdiyi “Dünyanın Səsləri” layihəsi əsnasında “Azərbaycan Musiqisi və Mədəniyyəti” DVD-sini hazırladım, və həmi layihə İndiana Universitetinin dəstəyi ilə işıq üzü gördü. Bu DVD-ni Azərbaycan musiqisi və ümumiyyətlə Azərbaycan mədəniyyəti haqda bir növ ensiklopediya kimi səciyyələndirmək olar. Diskdə ölkəmizin təbiəti, tarixi, incəsənəti haqda məlumatlar, aparıcı musiqiçilərimizin portretləri, çoxsaylı video və audio yazılar, foto şəkillər, rəsmlər daxil olub. Həmi disk ABŞ-nın aparıcı kitabxanalarında pulsuz paylanıldı və mən çox xoşhalam ki, indi Azərbaycanla, ölkəmizin zəngin mədəniyyəti və musiqisi ilə maraqlanan hər hansı amerikalı həmin diski əldə edib, biliyini genişləndirə bilər. Daha bir diskin işıq üzü görməsindən böyük qürur duyuram. Söhbət yenə də İndiana Universitetinin himayədarlığı ilə işıq üzü görən “Türkiyəyə musiqili səyahət” diskidir. Türkiyəli müğənni Ömər Türkmənoğlu ilə birgə hazırladığımız bu diskdə qardaş ölkənin ən populyar ənənəvi və xalq mahnıları öz əksini tapıb. Ümumiyyətlə, İndiana Universitetində çox güclü Türkşünaslıq proqramı fəaliyyət göstərir. Ömər Bəylə bərabər biz Türkiyənin milli bayramlarında, eləcə də Türkiyəin Çikaqodakı konsulların İndiana Universitetinə təşrif buyurmasına həsr olunmuş rəsmi tədbirlərdə dəfələrlə çıxış etmişik.
-Siz müxtəlif illərdə ABŞ-da keçirilən festivallarda və konfranslarda nəinki iştirak etmisiniz, onların təşkilatında da əhəmiyyətli rol oynamısınız. Bunlar çox önəmli faktorlardı...
-Düz buyurursunuz, mən ABŞ-nın müxtəlif şəhərlərində keçirilən bir çox tədbirlərdə iştirak etmişəm. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şürasının üzvü oldum, azərbaycan musiqisinin həmin nüfuzlu tədbirdə layiqində təmsil olunması üçün əlimdən gələni etdim. Həmin festivalın təşkilatçıları Kutay Derin Kugay və Maykl Santoro ilə indiyədək təmasdayıq. 2006-cı ildə isə görkəmli bəstəkarımız Firəngiz xanım Əlizadə ilə bərabər Sietldə keçirilən “Buzları yararaq” müasir musiqi festivalında iştirak etdim, müasir azərbaycan musiqisi haqda mühazirə ilə çıxış etdim. 2017-ci ilin may aynda çalışdığım İndiana Universitetində “Musiqi, biznes və sülh” mövzusunda dünya şöhrətli alimlərin iştirakı ilə keçən böyük bir tədbirin təşkilat komitəsinin üzvü oldum. Belə misallar çoxdur.
-Yəqin ki, Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıtdırmağınız üçün ən yaddaqalan layihələriniz sırasında dünya şöhrətli violonçel çalan Yo-Yo Ma və onun rəhbərlik etdiyi İpək Yolu Ansamblı ilə və Kronos kvarteti ilə əməkdaşlığınız xüsusi yer tutur...
-Elədir. 2006-cı ildən başlayaraq mən, həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də dünya şöhrətli Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışıram. Konsertlərdən öncə mühazirələrlə çıxış edirəm, konsertlər üçün hazırlanan proqram və broşurlar üçün materiallar hazırlayıram, sual-cavab sessiyalarında iştirak edirəm. Azərbaycan musiqisi haqda, muğam haqda, bəstəkarlarımız, ifaçılarımız haqda məlumatlar verirəm. Bir iri-miqyaslı, sözün əsil mənasında tarixi layihə haqda söhbət açmaq istərdim. Bu, iki dünya şöhrətli musiqinin--Azərbaycanın böyük muğam ustası Alim Qasımovun və ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo Manın iştirakı ilə həyata keçirilən “Leyli və Məcnun” layihəsidir. Həmin layihədə iştirakımı yaradıcı və elmi işimin ən dəyərli, ən yaddaqalan sahələrindən biri hesab edirəm. Hamımıza bəllidir ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 1908-ci ildə Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operasın Azərbaycan musiqisinin tarixində yeni səhifə açmiş, indiyədək ölkəmizdə mütəmadi olaraq ifa olunan və sevilən əsərdir. Amma Qərbdə bu opera haqda təsəvvür olduqca məhdud idi. Bunun da obyektiv səbəbləri var: operanın çox məxsusi estetikası var, bundan əlavə, onun səhnələşdirilməsində muğam ustaları iştirak etməlidir və bu səbəbdən ölkə xaricində operanı tam şəkildə ifa etmək, demək olar ki, qeyri mümkündür. 2006-cı ildə Alim Qasımov Yo-Yo Maya “Leyli və Məcnun” operasının yeni, yığcam versiyasını yaratmaq təklifi ilə müraciət etdi. Bu təklif Yo-Yo Ma tərəfindən böyük maraqla qarşılandı və tezliklə operanın yeni variantının məşqləri başlandı. Alim Qasımov Məcnunun partiyasını, qızı və tələbəsi olan, artıq muğam sənətində öz sözünü demiş Fərqanə Qasımova Leylinin partiyasını ifa etdi. Bizim sayqılı xanəndələrimiz ansamblın digər üzvləri, o cümlədən kamançaçalan Rauf İslamov və tarzən Zəki Vəliyev, İpək yolu ansamblının musiqiçiləri ilə və təbii ki, Yo-Yo Ma ilə bahəm, “Leyli və Məcnun”u Amerikanın, Avropanın və Asiyanın ən mötəbər səhnələrində inanılmaz uğur ilə ifa etdilər. Nyu Yorkdakı Linkoln Mərkəzinin 50 illiyinə həsr olunmuş silsilə konsertlərin sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya Zalında, bu təşkilatın baş katibi Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik missiyalarının nümayəndələrinin önündə ifa olundu. Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa durub, musiqiçilərimizi salamladılar və 10-15 dəqiqə ərzində onları səhnəni tərk etməyə qoymadılar. Bostonda, Vaşınqtonda, Ənn Arborda, Providensdə, Kanadanın Toronto şəhərində, Fransanın Villekroz şəhərindəki ifalar da böyük əks-səda doğurdu. Qətər Krallığının paytaxtı Doha şəhərində “Leyli və Məcnun” xüsusi bir ifası oldu. Əzər İslam mədəniyyətinin muzeyinin təntənəli açılışı zamanı açıq havada, auditoriyada Qətərin əmiri və digər ölkələrin rəhbərlərinin iştirakı ilə ifa olundu.
-2016-cı ildə “Leyli və Məcnun”un tarixində yenə də əhəmiyyətli yeniliklər oldu.
-Elədir. 2016-cı ildə “Leyli və Məcnun”un bu yeni versiyası müasir rəqs sənətinin aparıcı simalarından biri olan, Amerika xoreoqrafı Mark Morrisin diqqətini cəlb etdi, və o, mövcud olan tamaşaya rəqs elementini əlavə etdi. Təbii ki, bu yeni “Leyli və Məcnun”un əsas qəhrəmanları yenə də Alim və Fərqanə Qasımovlardır. Həmin layihədə bizim istedadlı gənc xanəndələrimiz Kamilə Nəbiyeva və Mirələm Mirələmov da iştirak edirlər. “Leyli və Məcnun”dan öncə onlar bir muğam kompozisiyasını təqdim edib, dinləyiciləri muğamat sənəti ilə sanki tanış edirlər. Yeni “Leyli və Məcnun” tamaşası 2016-cı ilin oktyabr ayında ABŞ-nın məşhur Berkli Universitetində ilk dəfə nümayiş olundu. Yeni “Leyli və Məvnun” həmçinin ABŞ-nın Sietl, Ənn Arbor, Hannover şəhərlərində ifa olundu. Bu ilin oktyabr ayında “Leyli və Məcnun” Nyu Yorkun məşhur Linkoln Mərkəzində təqdim olunacaq. Ümidvarıq ki, bu layihə nə zamansa Azərbaycanda da göstəriləcək.
-Kronos kvarteti ilə əməkdaşlığınızı necə xatırlayırsınız?
-Kronos kvarteti ABŞ-nın Kaliforniya ştatında fəaliyyət göstərən novator ruhlu musiqi qrupudur. Kvartet klassik Qərb musiqisinin inciləri ilə bərabər, bir çox musiqi üslublarına, məsələn ənənəvi Çin musiqisinə, caz musiqisinə, qaraçı musiqisinə maraq göstərir, klassik musiqidən kənar olan musiqiçilərlə məhsuldar əməkdaşlıq aparırlar. Qeyd edim ki, Kronosun Azərbaycanın görkəmli bəstəkarı Firəngiz Əlizadənin əsərlərindən ibarət “Muğamsayağı” adlı diski var. Kronosun Alim və Fərqanə Qasımovlar ilə birgə layihələrinin iştirakçısı oldum, onlarla bərabər Berkli və Stanford Universitetlərində mühazirələrlə çıxış etdim, ustad dərslərinin və diskussiyaların aparıcısı oldum. Bu dəyərli təcrübənin təşkilatçısı, onun baş sponsoru Ağa Xan Musiqi Təşəbbüsü kimi tanınan məşhur və dəyərli bir qurumdur. Orta Asiya musiqisinin dünyada tanıtmasında xidmətləri əvəzsizdir.

-Siz Azərbaycan ədəbiyyatının ingilis dilinə tərcümə layihələrində də iştirak edirsiniz?
- Azərbaycan ədəbiyyatının iki görkəmli simasının—mərhum şair Vagif Səmədoğlu və yazıçı Anarın-əsərlərinin ingilis dilində işıq üzü görməsində iştirak etdim. Bu layihələrin müəllifi və baş rəhbəri Amerikalı jurnalist, Los Ancelesdə dərc olunan Azərbaycan İnternəşnl jurnalının baş redaktoru Betti Bleyerdir. Xanım Bleyer ilə uzun müddətdir ki, əməkdaşlıq aparırdıq. Vaxtilə Azərbaycan İnternəşnl jurnalı üçün musiqimizə aid çoxsaylı məqalələr yazmışam. Amma bu dəfə vəzifələrim fərqli idi. Tərcümədən savayı, qeydlər üzərində işlədim, ingilisdilli oxucunun ədəbi əsərlərin daha dərindən dərk edilməsinə yardım etmək məqsədi ilə mətndə adları tutulduğu görkəmli şəxsiyyətlərin, coğrafi obyektlərin, milli tariximizə və mədəniyyətimizə aid məfhumlar haqqında məlumatlar verdim. Bu, çox mühüm layihələr idi və mən çox şadam ki, onların gerçəkləşməsində mənim də payım var. Hal-hazırda Yusif Vəzir Çəmənzəminlinin əsərləri də ingilis dilində çapa hazırlanır, və mən bu layihədə də iştirak edirəm. Daha bir layihəni də qeyd etmək istərdim—bizim əfsanəvi Molla Nəsrəddin jurnalından seçmələrin ingilis dilinə tərcüməsi. Həmin iş hal-hazırda İndiana Universitetində aparılır və tezliklə işıq üzü görəcək.
-Amerikada yaşamaq və çalışmaq nə dərəcədə çətindir?
-Bu suala birmənalı cavab vermək mümkün deyil. Təbii ki, vətəndən uzaq qalmaq, ailədən, uşaqlıq dostlarından ayrılmaq heç də asan deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin birində dərs demək, ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və onların bəhrəsini görmək, dünya şöhrətli musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə iştirak etmək—bunlar hamısı nadir fürsətlərdir və mən bunlardan bacardığım qədər istifadə etmək niyyətindəyəm.

Əli Zülfüqaroğlu

Bu xəbər oxundu
- - -