Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın güclü olması ATƏT-in Minsk qrupu həmsədrlərini narahat edir”

17.07.17, 10:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sadıqov: “Onlar anlayırlar ki, Ermənistanın təxribatları yeni münaqişəyə səbəb ola bilər”

Zaur Məmmədov: “Rusiya rasional düşünərək münaqişənin həlli üçün Ermənistana təzyiqlərini gücləndirməlidir”

Məhəmməd Əsədullazadə: “Sarkisyan indidən qeyri-konstruktiv mövqe nümayiş etdirir”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin də görüşəcəyi ilə bağlı məlumatlar yayılıb.
"İzvestiya" yazıb ki, Rusiya bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə çalışır. Bildirilib ki, bu prosesdə yalnız Rusiya iştirak edir: "Fransızlar Bakı və İrəvanı danışıqlar masası arxasında oturtmaq istəyiblər, amma bunun heç bir xeyri olmadı. Bu arada dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə baş vermədi. Lakin yenə də tərəflərin məqsəd və baxışları müxtəlifdir".
Danışıqlar ərəfəsində isə Rusiyanın Ermənistana kredit verəcəyi ilə bağlı məlumatlar yer alıb. Qeyd edək ki, bu kredit çərçivəsində Ermənistana həmçinin “İsgəndər” raketləri də verilib.
Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib ki, Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır.O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib. Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb.
Erməni ekspert Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində isə bildirilir ki, hər kəs, hətta ekspertlər də əmindirlər ki, Ermənistandakı "İsgəndər"lər faktiki olaraq bizim orduya məxsus deyil.
““İsgəndər"lər Kalininqradda da yerləşdirilib. Rusiya rəsmilərinin özləri tez-tez Ermənistanı Kalininqradla müqayisə edirlər. Ehtimal böyükdür ki, hər iki ərazidəki "İsgəndər"lərin atəş əmrini yalnız Putin verə bilər. Təsadüfi deyil ki, Moskva birləşmiş qoşun qruplaşmaları ilə bizim ordu üzərində nəzarəti bərpa edir”, – deyə məqalədə bildirilib.
Politoloq Fikrət Sadıqov deyib ki, əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu: “Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir”. Politoloqun sözlərinə görə, Azərbaycanın güclü olması, ermənilərin təxribatına cavab olaraq onlara güclü zərbələr endirməsi, öz maraqlarını, xalqını müdafiə etməsi, ərazi bütövlüyünü hər an təmin etmək iqtidarında olması ATƏT-in Minsk qrupu həmsədrlərini narahat edir: “Onlar anlayırlar ki, Ermənistanın təxribatları yeni münaqişəyə səbəb ola bilər. Bu baxımdan həmsədrlərin əsas məqsədi regionda stabiliyi qorumaq, düşmən ölkənin ziyan çəkməsinin qarşısını almaqdır”.
Münaqişənin həlli ilə bağlı həmsədrlərin yeni planının olduğunu deyən F. Sadıqov qeyd edib ki, plan istənilən halda açıqlanmalıdır: “Hər halda biz planın nədən ibarət olduğunu bilməli, məqsədlər haqqında məlumatlı olmalıyıq. Biz istər nazirlər, istərsə də prezidentlərin görüşündən asılı olmayaraq, öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Çünki, bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsidir. Əgər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, onlar Ermənistana güclü şəkildə təzyiq etməlidirlər. Əks halda, Azərbaycan öz torpaqlarını addım-addım olsa da, azad edəcək”.
Münaqişənin həllində Rusiyanın böyük rol oynadığını dilə gətirən politoloq söyləyib ki, problemin həllində ABŞ və Fransanın mövqeyi də önəmlidir: “Təbii ki, münaqişənin həllində Rusiyadan çox şey asılıdır. Çünki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir və onun ərazisində hərbi bazası var. Lakin məsələyə başqa prizmadan baxdıqda burada ABŞ və Fransanın da seyirci mövqedə durduğunu görürük. Bir çox hallarda bu üç dövlətin mövqeyi üst-üstə gəlir. Onların əsas mövqeyi sabitlik, münaqişənin alovlanmaması, problemin dinc yolla həllindən ibarətdir. Çox təəssüf ki, iki aparıcı dövlət olan ABŞ və Fransa da bəzi hallarda Rusiyanın mövqeyi ilə razılaşırlar. Lakin onlar bilməlidir ki, məsələ bu cür ritorik bəyanatlarla həll oluna bilməz. Düzdür, bu iki dövlətdə hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllində müsbət ümidlər bəsləyirik. Amma eyni zamanda biz onların mövqeyinin təkrarlandığını da görürük”. “Həmsədrlər bizim prinsipial, barışmaz mövqeyimizlə üzləşiblər. Onlar bizim bu mövqedən dönməyəcəyimizi, eləcə də problemi sülh yolu ilə həll olunmasa, hərb yolu ilə həll etməyə hazır və qadir olduğumuzu bilməlidir”- deyə, F. Sadıqov əlavə edib.
Fikrət Sadıqov Sarkisyanın Ermənistanın “İskəndər” raket sistemlərindən istifadə etməsinin mümkünlüyü barədə fikrini də şərh edib: “Bu illər ərzində Ermənistan prezidenti Serj Sarkisyan çoxlu sayda məntiqsiz və əsassız bəyanatlar verib. Onun “İskəndər”lə bağlı bəyanatı da boş ifadədir”. O qeyd edib ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. Bunu hətta erməni hərbçiləri özləri də etiraf edir: “Azərbaycanın müdafiə naziri bildirib ki, bizim Ermənistanın “İskəndər”lərini vurmaq və onlardan müdafiə olunmaq imkanlarımız var. Çünki ordumuzda yüksək texnologiyaya uyğun silahlar var və onları hər zaman istifadə etməyə hazırıq”.
Politoloq deyib ki, biz həm xarici ölkələrdən silah alırıq həm də Azərbaycan özü də silah istehsal edir: “Bu silah sınaqdan da keçib və Ermənistanın təxribatlarına cavab verməyə hazırıq. Alxanlı kəndində ermənilərin törətdiyi təxribatdan sonra biz qarşı tərəfə güclü zərbə endirmişik. Əgər ermənilər “İskəndər”i sınaqdan keçirmək istəyirlərsə qoy etsinlər, baxsınlar bu necə nəticə verəcək”.
Politoloq Zaur Məmmədov isə diqqətə çatdırıb ki, bu ilin sonuna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi gözləniləndir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün önəmli əhəmiyyət daşıyır: "Son zamanlar cəbhədə baş verənlər göstərir ki, münaqişənin aktiv hərbi fazaya keçməsi üçün bir qığılcım yetərli olacaq. Müharibə ilk növbədə Rusiyanın maraqlarına cavab vermir. Bu, şimal qonşumuzun təhlükəsizliyinə ciddi təhdiddir. Məhz buna görə əslində Sarkisyanla Rusiya rəhbərliyi ciddi danışmalıdır və Dağlıq Qarabağın ətrafındakı bütün rayonlar Azərbaycana geri qaytarılmalıdır. Daha sonra beynəlxalq hüququ nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir.
Prezidentlərin görüşü baş tutarsa, olduqca çətin keçəcək. Çünki vəziyyət əvvəlkindən çox fərqlənir. Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Rusiya rasional düşünərək münaqişənin həlli üçün Ermənistana təzyiqlərini gücləndirməlidir".
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN görüşündə Qarabağ konfliktinin həlli istiqamətində mümkün danışıqlar prosesini davam etdirilməsi razılaşdırılsa da, il ərzində hər hansı bir müsbət irəliləyişləşlərin gözlənilmir. O, bildirib ki, bu görüşdə həmsədrlərin prezidentlərin görüşü təşəbbüsünü qaldırması, ilk növbədə payız aylarında cəbhə xəttində hərbi eskalasiyanın qarşısını almağa hesablanıb: "Prinsip etibarilə Minsk qrupu da prezidentlərin görüşündən müsbət irəliləyişlər gözləmir. Ermənistan prezidenti Serj Sarkisyan verdiyi müsahibədə payızda prezident İlham Əliyevlə görüşünü ola biləcəyini qeyd etsə də indidən öz qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Belə görünür ki, Sarkisyan payızda gözlənilən görüşün nəticəsiz olacağını qeyd edir. Əgər nəticəsiz bir görüş olacaqsa, hesab edirəm ki, görüş xatirinə bu görüşə Azərbaycan qatılmamalıdır. Bu kimi manipulyasiya görüşlər Kremlin marioneti Sarkisyanın leyhinə işləyir. Erməni ictimaiyyətinə bir daha özünü kompromissiz və güzəştsiz obrazını yaratmaqla növbəti ildə Baş nazirliyə getmək istəyini formalaşdırır". Politoloq deyib ki, artıq Rusiya XİN ilin sonuna kimi Ilham Əliyevlə Serj Sarkisyanın görüşünün keçirilməsi barədə mətbuata müəyyən məlumatlar verib: "Görünür, Rusiyanın yeni həll planı var və tərəflərə təqdim etmək üçün belə bir görüşün keçirilməsini təşkil edir. Ümummiyyətlə ilin axırına qədər ərazilərin boşaldılması üçün Ermənistan heç bir güzəştə getməyəcək".

Əli

Bu xəbər oxundu
- - -