Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan müxtəlif təxribat və bəhanələrə əl atır“

17.07.17, 13:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin erməni soyadları olan Rusiya vətəndaşlarının Bakıya buraxılmasında problemlərin olmasına dair bəyanatına münasibət bildirib.
Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib ki, bu məlumatların erməni hərbçiləri tərəfindən azyaşlı qızın və nənəsinin qəddarcasına qətlə yetirilməsi ilə eyni vaxta düşməsi Azərbaycan cəmiyyətində geniş emosional rezonansa, habelə ciddi təəccüb və anlaşılmazlığa səbəb olub.
O qeyd edib ki, Ermənistan tərəfindən 20 faiz ərazinin işğal olunmasının acısını yaşayan Azərbaycan cəmiyyəti haqlı olaraq bu məsələyə xüsusi həssaslıq göstərir. “İlk növbədə danışıqlar prosesini yerindən tərpətmək və ən azı erməni qoşunlarını işğal olunmuş ərazilərdən mərhələli şəkildə çıxarmaq lazımdır. Bu, məcburi köçkünlərə daimi yaşayış yerlərinə qayıtmağa imkan verəcək. Paralel olaraq təhlükəsizlik məsələləri həllin tapacaq, iqtisadi faktor işə düşəcək, insanlarda etimad yaranacaq və bu gün ermənilərlə azərbaycanlılar arasında olan şübhə və inciklik yavaş-yavaş aradan qalxacaq. Əks halda bəzən bizdə belə təəssürat yaranır ki, sanki bizi situasiyanı baş vermiş fakt - fait accompli kimi qəbul etməyə məcbur etmək istəyirlər. Yeri gəlmişkən, erməni əsilli şəxslər – müxtəlif ölkələrin, o cümlədən Ermənistanın vətəndaşları dəfələrlə bu və ya digər səbəblərlə əlaqədar Azərbaycana səfər ediblər. Lakin bütün bunlar əvvəlcədən razılaşdırılmış, hazırlanmış və təşkil edilmiş səfərlər olub. Bu hallarda heç bir problem olmayıb. Biz bunu Rusiya tərəfinin diqqətinə diplomatik kanallar vasitəsi ilə çatdırmağa çalışmışıq”.
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsinə gəldikdə isə Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibət bildirib: “Bu təşkilat iki ölkə arasında humanitar və digər sahələrdəki əlaqələrin inkişafında vacib əlaqələndirici rol oynayıb. Məlumatımıza görə, ÜAK ona irad tutulan hüquqi çatışmazlıqları aradan qaldırıb. Ona görə də apellyasiya qərarının müsbət yekunlaşacağına ümid edirik”.
Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərin mümkün görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konkret planın müzakirəsini və həyata keçirilməsini təmin etmək lazımdır.
Qeyd edək ki, bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Həmsədrlər görüşün yekununda iki ölkə prezidenti arasında 2017-ci ildə görüşün keçirilməsi təklifini irəli sürüb.
“Görüşdə prezidentlər səviyyəsində görüşün keçirilməsinə dair təklif səslənib. Xarici işlər nazirləri müvafiq olaraq bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdır. Münaqişənin həlli prosesi istiqamətində görüşlər vacib elementdir. Lakin bu, görüş xatirinə görüş olmalı deyil. Əgər prezidentlər səviyyəsində görüş təşkil olunursa, həmsədrlərin münaqişənin nizamlanması ilə bağlı təklif etdiyi planı müzakirə etmək və həyata keçirmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq", - deyə o bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.
Elmar Məmmədyarov deyib ki, danışıqlar prosesini davam etdirmək üçün Ermənistan hətta şərtlər irəli sürməyə çalışır: “Hadisələrin xronologiyasına nəzər salsaq, aydın olacaq ki, iyun ayından sonra həmsədrlərin regiona səfəri və nazirlərin Brüsseldəki görüşü öncəsi Ermənistan bilərəkdən vəziyyəti gərginləşdirirdi. İyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən həyata keçirilmiş məqsədyönlü hücum nəticəsində 2 yaşlı qız və onun nənəsi öldürülüb, bir qadın yaralanıb. Sonuncu hadisələr və ötən ilin aprel ayındakı toqquşmalar sübut etdi ki, Ermənistan silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından çıxarmaqdan imtina etdiyi üçün region ciddi təhlükə ilə üz-üzə qalıb".

Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.
“Buna görə “münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər siyasi iradə nümayiş etdirməli və atəşkəs rejimi qorunmalıdır” kimi çağırışlar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından qoşunlarını çıxartması tələbi ilə müşayiət olunmalıdır. Bu kontekstdə Ermənistanı sülhə məcbur etmək üçün siyasi-diplomatik təzyiq göstərilməlidir", - deyə Elmar Məmmədyarov vurğulayıb.
Elmar Məmmədyarov Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsinə dair suala cavab olaraq hələlik belə bir təklifin olmadığını, sonuncu belə görüşün bu ilin aprelində Moskvada baş tutduğunu söyləyib.

Bu xəbər oxundu
- - -