Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyanın Ermənistana silah krediti hədiyyə deyil”

18.07.17, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “İrəvan nə vaxtsa bu pulu geri qaytarmalıdır”

Tofiq Abbasov: “Ermənistan artıq təşviş içindədir”

Qabil Hüseynli: “Problemin həlli Rusiyanın hansı mövqedən çıxış etməsindən asılıdır”

Dağlıq Qarabağ məsələsi ilə bağlı maraqlı proseslər baş verir. Rusiya mediası yazır ki, prezidentlər sentyabrda görüşəcəklər. Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlara başladığını bildirib. Ermənistan müdafiə naziri Vigen Sərkisyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edir. Bundan başqa Ermənistan prezidenti Serj Sərkisyan "Ermənistan" telekanalının "R-Evolyusiya" proqramının aparıcısına verdiyi müsahibədə Rusiyanın Azərbaycana silah satmasını ən "ağrılı" məsələ saysa da, ancaq Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik "ciddi heç nə baş vermədiyini" vurğulayır. Sərkisyan Rusiyanı hələ ittiham etməyin tez olduğuna işarə edib və deyib ki, əgər nə vaxtsa ciddi nəsə baş versə, o zaman Moskvanı ittiham eləmək olar: "Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik".
Politoloq Arzu Nağıyev bildirib ki, Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil.
Politoloq bildirib ki, İrəvan bu kreditləri nə vaxtsa mütləq qaytarmalıdır: “Rusiyanın Ermənistana silah krediti hədiyyə deyil, İrəvan nə vaxtsa bu pulu geri qaytarmalıdır. Hətta mümkündür ki, pulu qaytara bilməsə, özünün olan-qalan strateji obyektlərini də Rusiyanın ixtiyarına versin”.
Politoloqun sözlərinə görə, Rusiya Ermənistana silahı bu ölkədəki bazası vasitəsilə həyata keçirir və bu da tam fərqli mənzərədir: “Bizim Rusiya ilə silah alveri sahəsində müvafiq müqavilələrimiz mövcuddur və vaxtında ödənişimizi edib silahımızı alırıq. İrəvanla Moskvanın münasibətləri isə fərqlidir. Məlum məsələdir ki, Rusiya Ermənistanın arxasında duran qüvvədir. Ona görə də Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil”.
Politoloq Tofiq Abbasovun fikrincə, Ermənistan artıq dünyada olan yeganə dövlətdir ki, öz hərbçilərini öndə olan postlara zəncirlərlə bağlayır. Politoloq bildirib ki, Ermənistan artıq öz qorxusunu, təşvişini gizlədə bilmir: “Ermənistan prezidenti Serj Sərkisyanın son açıqlamaları, onun Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müsahibəsinə cavab verməsi göstərir ki, bu ölkə artıq təşviş içindədir. Onlar anlayır ki, Azərbaycan hərbi cəhətdən, texniki baxımdan, ümumiyyətlə, strateji resurslar nöqteyi-nəzərindən Ermənistandan qat-qat üstündür. Son günlər Ermənistanın təmas xəttində vəziyyəti bilərəkdən pozması, dünyaya lazımsız, faktsız informasiyalar göndərməsi onu göstərir ki, Ermənistan öz yaratdığı gərginliyi artıq cilovlaya bilmir. Ona görə də Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən müdafiə naziri Vigen Sərkisyanın Dağlıq Qarabağ bölgəsinə getməsi orada qalan yerli əhalinin sakitləşdirmək, onlara yalançı impulslar vermək məqsədi güdür. Artıq Qarabağda 30 mindən artıq adam yaşamır. Halbuki vaxtı ilə həmin ərazilərdə azərbaycanlılarla birlikdə 150 mindən çox əhali yaşayırdı”.
T.Abbasovun sözlərinə görə, yalandan şişirdilmiş müdafiə xəttinin qurucuları həmin ərazidə təbliğat xarakterli, orduda qalmış az sayda hərbçiləri bir növ ruhlandırmağa çalışırlar: “İrəvan artıq özünün yaratdığı problemin öhdəsindən gələ bilmir. Formalaşan vəziyyətin artıq girovuna çevrilib. Əgər Azərbaycan anti-terror əməliyyatlarına başlayarsa, onlar guya tab gətirə biləcəklərini xalqa inandırmağa çalışırlar. Əslində Azərbaycan üçün bu səfərlərin heç bir siyasi-strateji, hərbi-texniki əhəmiyyəti yoxdur. Çünki biz qarşımızdakı düşməni tanıyırıq. Onların imkanlarına bələdik. Hesab edirəm ki, prezident İlham Əliyev də Nazirlər Kabinetinin qarşısında çıxışı zamanı bütün lazımi məqamları diqqətə çatdırdı. Daha sonra müdafiə nazirimiz Zakir Həsənovun çıxışlarında bu məsələ haqqında mənzərəni lazımınca qiymətləndiriblər. Azərbaycan indiki reallıqda heç kimlə məsləhətləşmədən bu problemin həlli ilə bağlı qərar verə bilər”.
O həmçinin əlavə edb ki, Ermənistanın nə deməsi bizim üçün vacib deyil: “Bizim üçün önəm kəsb edən Ermənistanın nə etməsidir. Rəsmi İrəvanın, Qarabağ separatçılarının hərəkətlərinə daha çox diqqət yetirmək lazımdır. Ermənilərin vaxtaşırı dərsini vermək lazımdır. Necə ki, 2014-cü ilin avqustunda, 2015-ci ilin yayında, 2016-cı ilin aprelində bunu elədik. Ermənistan bundan sonra başqa bir yolun yolçusu olmayacaq. Nə qədər ki, hakimiyyətdə Serj Sərkisyan oturub, onların yolu əyri yol, simaları qatil siması olaraq qalacaq. Onlarla dil tapmaq mümkün olmayacaq. Çünki dil tapmaq, məsələni danışıqlar yolu ilə həll etmək onlara sərf etmir. Çünki Ermənistandakı indiki hakimiyyətin başında hərbi cinayətkarlar oturub. Onlar xalqımızın dinc sakinlərinə divan tutublar. Ona görə də bunları yola gətirmək mümkün deyil. Onların dərsini vermək lazımdır. Onlarla dil tapmağın yeganə yolu budur”.
Politoloq Fikrət Sadıqov Ermənistanı sülhə məcbur etməyin mümkünsüz olmadığını vurğulayıb: “Ermənisdanı sülhə məcbur etmək mümkündür. Aparıcı dövlətlər bunu çox asanlıqla edə bilər. Xüsusilə də Rusiya Ermənistanın strateji müttəfiqi kimi bunu edə bilər. Lakin onlar neçə ildir ki Ermənistanın başını sığallayır. Buna görə də Sərkisyan bu cür axmaq bəyanatlar səsləndirir. Bunun özü bir daha göstərir ki, Ermənistan danışıqlar adı ilə bu vaxta qədər oyun oynayıb. Sülhə nail olmaq fikrində olmayıb. Heç bir qətnaməni yerinə yetirmək fikrində olmayıb. Məlum bəyanat bütün bunların etirafıdır. Əgər Ermnistan hələ 20 il bundan sonra da prosesi uzatmaq istəyirsə, çətin buna nail olsun. Çünki Azərbaycan proseslərə seyirci qalmayacaq. İşğaldakı torpaqları addım-addım azad edəcək. Buna həm hərbi, həm də siyasi gücümüz çatır”.
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə gündəliyə ciddi məsələlər qoyulmalıdır. O, ATƏT-in təşkil etdiyi xarici işlər nazirlərinin görüşlərində istənilən nəticələrin alınmadığını diqqətə çatdırıb: “Məsələ burasındadır ki, prezidentlərin görüşünü ATƏT keçirmək istəyirdi. Buna ilk olaraq nazirlər səviyyəsində görüşlə cəhd edildi. Bildiyimiz kimi, 11 iyulda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdürüldü. Keçirilən görüşdə xarici işlər nazirlərinə prezidentlərə danışıqların predmetini təşkil edəcək təkliflər vermək xahiş olundu. Söhbət problemin həllinə dair ortaq kompromis mövqeyin hazırlanmasından gedir. Yəni Qərb dövlətləri bu konfliktin həllinə çalışırlar. ATƏT bu məsələdə ardıcıldır. ABŞ müəyyən maraq göstərməyə başlayıb: bu məsələdə Ermənistanın danışıqlara gətirilməsi və danışıqlar prosesinin yenidən bərpası üçün səylər göstərilir.
Təbii ki, Rusiya bu fürsəti əldən vermədi və regionda arxa baxça olduğunu nümayiş etdirmək üçün Putinin vasitəçiliyi ilə prezidentlərin görüşünün keçirilməsi haqqında təşəbbüs irəli sürdü. Bu ilin sonlarına qədər reallaşdırılacaq bu görüşə qədər müzakirə ediləcək məsələlərin çərçivəsi müəyyənləşdirilməlidir. Hansı məsələlər müzakirəyə çıxarılacaq, münaqişənin həll yolunda paket, yoxsa mərhələli həll üstünlük təşkil edəcək? Bunlar aydınlaşmalıdır”.
Politoloq problemin həllinin Rusiyanın hansı mövqedən çıxış etməsindən asılı olduğunu bildirib: “Bütövlükdə əgər bu, sadəcə, görüş xatirinə görüş olmayacaqsa, praktiki məsələlərin həllinə yönələcəksə, onda öncədən müəyyən məsələlərdə addımlar atılmalıdır. Rusiya Aprel döyüşlərindən sonra irəli sürdüyü beş rayonun Azərbaycana qaytarılması variantını yenidən canlandırmalıdır. Mərhələli həll variantını gündəmə gətirməli və bu məsələlər həll edilərsə, digər məsələlər - Dağlıq Qarabağın statusu və yerdə qalan iki rayonun geriyə qaytarılması həllini tapmalıdır. Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə dair mövqelərinin konturları aydındır. Onlar Dağlıq Qarabağın statusu məsələsində demək olar ki, ermənilərlə eyni mövqedən çıxış edirlər. Yəni Dağlıq Qarabağın öz müqəddəratını həll etmək məsələsini son zamanlar ön plana çıxarıblar. Və bu da Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan öz unitar dövlət quruluşunu qoruyub saxlamaq, eləcə də Dağlıq Qarabağa ən yüksək status vermək niyyətindədir. Ermənilər buna razı olarsa, onda kompromis variant əldə edilə bilər. Rusiyanın vasitəçiliyi fonunda Azərbaycanın unitar quruluşunun qorunub saxlanılması məsələsi gündəmə gələrsə, bu görüşün bir əhəmiyyət kəsb edəcəyini söyləmək olar. Amma bəllidir ki, Rusiya mövcud statusunu qoruyub saxlayır, bu bölgədə daimi ziddiyətlərin və konfliklərin tərəfdarı kimi çıxış edir. Uzun müddətdir ki, bu konfliktin həll edilməməsinin səbəbi də Rusiyanın bu problemə müdaxilə etməsi, xüsusilə Ermənistana qəyyumluğu və İrəvanın mövqeyini müəyyənləşdirən göstərişlər verməsidir”. Politoloq bildirib ki, Rusiyanın mövqeyi dəyişmədikcə, bu görüş təşəbbüslərinin də nəticə verəcəyi sual altındadır.

Əli

Bu xəbər oxundu
- - -