Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan uzun illərdir ki, danışıqları imitasiya edir”

19.07.17, 11:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Asim Mollazadə: “Düşünürəm ki, danışıqlar zamanı işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması məsələsi gündəmdə olmalıdır”

Zaur Məmmədov: “Minsk qrupunun əsas istəyi münaqişəni həll etmək deyil”

Fikrət Sadıqov: “Ermənistan Dağlıq Qarabağ probleminin həllini müxtəlif bəhanələrlə təxirə salmağa çalışır”

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar. Məlumata görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dünən Moskva-Vyana videokörpüsündə bildirib. "Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", - deyə o qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Bundan əvvəl isə prezidentlərin Sentyabrda Moskvada görüşəcəyi ilə bağlı informasiyalar yayılıb.
Amma istənilən halda Ermənistan danışıqlardan yayınmağa çalışır, sülhün olmaması üçün təxribatlara əl atır.
Millət vəkili Asim Mollazadə hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir. O qeyd edib ki, Ermənistan uzun illərdir ki, danışıqları imitasiya edir. Asim Mollazadə vurğulayıb ki, Ermənistan son zamanlar danışıqlardan da imtina etmişdi: “Düşünürəm ki, danışıqlar zamanı işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması məsələsi gündəmdə olmalıdır. Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”.
Politoloq Zaur Məmmədov diqqətə çatdırıb ki, Minsk qrupunun əsas istəyi münaqişəni həll etmək deyil, münaqişənin eskalasiyaya getməməsi, alovlanmamasıdır: “Əllərinden gələni edirlər ki, müharibə olmasın. Amma münaqişənin həlli üçün addım atmırlar. Verdikləri bitərəf bəyanatlar da buna bir subutdur. Digər tərəfdən Minsk qrupu deyərkən biz təşkilatı yox, 3 həmsədr dövlətdən danışsaq daha yaxşı olar. Mən beynəlxalq münasibətlərdə realistlərin fikirləri ilə həmfikirəm. Bu üç dövlətin isə, dünyanın əksər məsələ haqqında fikirləri üst-üstə düşməsə də məhz Qarabağ məsələsində ABŞ və Fransa Rusiyanın göstərdiyi xətti dəstəkləyirlər. Biz real düşünməliyik. Bu 3 dövlətdən hansısa praktik olaraq torpaqları Azərbaycana qaytararmı? Xeyr”.
Politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllini müxtəlif bəhanələrlə təxirə salmağa çalışır: “Lakin proseslər bir qədər də belə davam etsə, Ermənistandan geriyə heç nə qalmayacaq”. Ekspertin sözlərinə görə, Ermənistan getdikcə taqətdən düşməkdədir: “Ermənistan probleminin həllinə maraq göstrmir, müxtəlif bəhanələrlə problemin sülh yolu ilə həllini əngəlləməyə çalışır. Lakin reallıq bundan ibarətdir ki, proseslər bu minvalla davam etsə, Ermənistandan geriyə heç nə qalmayacaq. Çünki Ermənistanın dözüm limiti bitib. Bu ölkə həm iqtisadi, həm də digər sferalarda tənəzzülə uğramaqdadır və bu tənəzzül ilbəil artır. Odur ki, Ermənistan istəsə belə bu proses qarşısında davam gətirə bilməyəcək”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən Ermənistanın yayınması yeni məsələ deyil: “Ermənistan hər dəfə öz təxribatına “innovativ” yanaşma nümayiş etdirir. Zaman keçdikcə Ermənistan üçün dinc tənzimlənmədən yayınmaq çətinləşir. Çünki təzyiqlər artır. Ona görə Ermənistan Xİ nazirlərinin Vyana görüşündən yayınmaq üçün qanlı hərbi-siyasi aksiya reallaşdırdı. Guya Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindən işğalçı ermənilərə tərəf “Türkiyə-Amerika” mənşəli TR-107 zenit raket atılıb. Ermənilər cavab atəş açıblar və bunun nəticəsində də dinc sakinlər həlak olub”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanı yaşayış məskənlərində hərbi hissələr və ya hərbi qurğular yerləşdirməkdə ittiham etdi: “Lakin səhəri gün xarici ölkə səfirliklərinin hərbi attaşeləri Alxanlı kəndində oldular, yaşayış məskənində və yaxud onun ətrafında heç bir hərbi qurğuya rast gəlmədilər. “Türkiyə və ABŞ” sözləri təsadüfən ortalığa atılmamışdı. Qanlı hərbi-siyasi aksiyada ermənilər Rusiyanı özlərinə tərəf çəkmək istəyirdilər. Buna qismən nail oldular.
Amma qanlı hərbi-siyasi aksiyanın Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşünü pozmaq və ya görüş baş tutacağı təqdirdə məzmunu dəyişmək məqsədi olduğunu isbat edən arqumentlər çələngi mövcuddur:
I. Alxanlı faciəsindən dərhal sonra rəsmi Yerevan ekspertlər vasitəsilə Vyana görüşünün baş tutub-tutmayacağı mövzusunu aktuallaşdırdı.
II. ER XİN-in mətbuat katibi Tiqran Balayan Alxanlı faciəsindən cəmi 10 saat sonra erməni hərbçilərinin törətdiyi bu vəhşiliyin siyasi mahiyyətini açıqladı: “Gələcək gərginliklərdən və itkilərdən qaçmaq üçün Azərbaycan hakimiyyəti Vyana və Sankt-Peterburqda əldə olunmuş müqavilələrin yerinə yetirilməsinə razılıq verməlidir”. Bizcə, bu səhv və ya təsadüfi deyilmiş fikir deyil. Ən azı təkzib verilmədi. ER XİN Alxanlı faciəsinin müəllifinin Ermənistan olduğunu rəsmən etiraf etdi.
III. ER Xİ naziri E.Nalbandyan parlamentdə çıxışı zamanı Ermənistanın heç vaxt görüşdən yayınmadığını bildirdi. Ermənistanda bunun yalan olduğunu hamı başa düşdü.
IV. Vyana görüşü ərəfəsində Ermənistan Xİ nazirliyi görüşün baş tutacağını təsdiqləmədi. Beləliklə, son iki ayda hazırlanan Vyana görüşü Ermənistanın səyi nəticəsində alınmadı və ümumilikdə Xarici İşlər Nazirlərinin görüş ehtimalı sıfıra yaxınlaşdı. Bu arada Brüssel görüşü ortalığa çıxdı.
V. ATƏT MQ həmsədrləri Ermənistan tərəfinin Vyanada görüşün baş tutmaq resursunun olmaması bəhanəsini neytrallaşdırdı və görüşü Brüsselə təyin etdi. Beləliklə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü Vyanada deyil, Brüsseldə baş tutdu.
Görüşün müzakirə predmeti ilə bağlı Ermənistan, Azərbaycan XİN-lərinin və həmsədrlərin yaydığı məlumatlar fərqlidir. Azərbaycan XİN-nin bəyanatının məzmunu ATƏT MQ həmsədrlərinin bəyanatının məzmununa yaxındır. Azərbaycan XİN nazirlər səviyyəsində danışıqlara yenidən razılıq verdi. Ermənistandan hələ ki, belə razılıq verilməyib.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından bəlli oldu ki, Azərbaycan Prezident səviyyəsində Ermənistanla danışıqlara nəinki hazırdır, hətta prezidentlər səviyyəsində danışıqların baş tutması üçün ciddi səy göstərib. Ermənistan prezidentinin görüşə razılıq verməsi barədə hələlik heç bir məlumat yoxdur. S.Sərkisyanın “Ermənistan” televiziyasına müsahibədə dedikləri danışığa razılıq deyil, danışıqdan yayınma variantıdır.
Azərbaycan qeyd-şərtsiz dialoqu bərpa etdirə bildi. Kazan görüşündən sonra bu ikinci haldır: Ermənistan tərəfi 2011-ci ildə Azərbaycan Prezidentinin Kazanda irəli sürdüyü 10 şərti geri götürməyənədək danışıqlara razılıq verməyəcəyini bildirmişdi. Sonradan danışıqlar Azərbaycan şərtini geri götürmədən bərpa edildi. Ermənistanın bu dövrdə danışıqlara qeyri-ciddi yanaşması aprel döyüşlərinə gətirib çıxardı. Aprel döyüşlərindən sonra ermənilər prezidentlərin Vyana Sankt-Peterburq görüşlərində əldə olunmuş müqavilələrin reallaşmasını şərt kimi irəli sürmüşdü. Şərti yerinə yetirilməsəydi, Ermənistan danışıqlara getməyəcəkdi. Ermənistan danışıqlara getdi, şərti də Azərbaycan tərəfindən qəbul edilmədi”.

Əli

Bu xəbər oxundu
- - -