Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmu gölünə ayrılan büdcənin yalnız 30 faizi təmin olunub

28.07.17, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Urmu Gölünün Canlandırması üzrə Şərqi Azərbaycan Şurasının üzvləri, Təbriz imam cüməsi Məhəmmədəli Al-i Haşimlə görüşərək gölün canlandırılması ilə əlaqədar gördükləri işlər barədə hesabat veriblər.
Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini Məhəmməd Sadiq Purmehdi gölün canlandırılması üçün lazım olan bir sıra tədbirlərdən söz açaraq yaranan böhranın Şərqi Azərbaycan üçün olduqca təhlükəli olduğunu deyib.
“Urmu gölünün suyunun təmin olunmasında Şərqi Azərbaycanın payı sadəcə 10 faizdir. Lakin göl quruyarsa, ondan qaynaqlanan problemlərin 90 faizi Şərqi Azərbaycana aid olacaq. Ona görə də biz bütün gücümüzlə çalışmalıyıq ki, bölgədə yaranan ətraf mühit problemi öz həllini tapsın. Ötən il göldə suyun səviyyəsi nisbətən sabitləşmişdir, lakin dövlətin maliyyə problemləri ilə əlaqədar göl üçün ayrılan bedcənin yalnız 30 faizi təmin olundu”- deyə o bildirib.
Məhəmməd Sadiq Purmehdi bölgə şəhərlərinin bütün imam cümə və ruhanilərinə müraciət edərək bildirib ki, öz çıxışlarında əhalini suya qənaətə, bu ilahi nemətdən düzgün istifadə etməyə çağırsınlar.
Təbriz imam cüməsi Məhəmməd Al-i Haşim də məsələnin olduqca mühüm olduğuna işarə edərək gölün bu vəziyyətdən qurtulması üçün hər kəsin məsuliyyət daşıdığını deyib.
“Bu çox ciddi məsələdir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi cənab İsa Kəlantəri dediyi kimi, vəziyyət 10 il belə davam edərsə, Şərqi Azərbaycan Əyalətinin bir çox məntəqəsi, Qərbi Azərbaycan və Zəncan əyalətlərinin müəyyən məntəqələri əhalidən boşalmalıdır”- deyə o bəyan edib.
Qanunsuz qazılan su quyuları və gölün ətrafındakı qurumuş lillərin olduqca təhlükəli olduğunu deyən Məhəmməd Al-i Haşim böhranla bağlı cəmiyyətin maarifləndirilməsində imam cümələr və Teleradio Şirkətinin üzərinə çoxlu məsuliyyət düşdüyünü bildirib.
“Urmu gölünün canlandırılması layihəsi böyük bir proje olduğu üçün dövlət orqanlarına məntiqi təzyiq göstərməliyik. Millət vəkilləri isə bu məsələni özlərinin əsas vəzifəsi kimi görməlidir. Əslində bu iş bütün məsulların prioritet görəvi olmalıdır”- deyə Təbrizin imam cüməsi əlavə edib.
Qeyd edək ki, son vaxtlar Urmu gölündə suyun səviyyəsinin qalxması ilə bağlı hökumət rəsmiləri çoxlu açıqlamalar verib, məqsədyönlü təbliğat aparıblar. Lakin bir çox inkaredilməz faktlara görə onların təbliğatının yalan olduğu üzə çıxdı, artıq əhali ilə birlikdə bəzi yerli məsullar, o cümlədən millət vəkilləri göldə vəziyyətin daha da pisləşdiyini bildirərək böhranla bağlı ardıcıl xəbərdarlıq edirlər.

Bu xəbər oxundu
- - -