Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pişəvərinin milli hökumətin yaranması uğrunda mübarizədə rolu

01.08.17, 8:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 


1-ci yazı

Cəmiyyət tarixində xalq kütlələrinin həlledici qüvvə olduğunu göstərməklə yanaşı, siyasi-ictimai xadimlərin də mühüm rol oynadığı qeyd edilməlidir. Buna görə də görkəmli inqilabçıların və siyasi xadimlərin inqilabi fəaliyyətini öyrənməyin həm elmi, həm də siyasi-praktiki əhəmiyyəti var. Seyid Cəfər Pişəvəri (1983-1947) Azərbaycan və İran xalqlarının imperializm və şahlıq quruluşu əleyhinə inqilabi hərəkatının yetişdirdiyi görkəmli ictimai xadimdir.
Cənubi Azərbaycanda 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin (ADF) və Azərbaycan Milli hökumətinin (AMH) yaranması və bir illik fəaliyyəti dövründə S.C.Pişəvərinin yüksək nəzəri hazırlığı və təşkilatçılıq bacarığı özünü göstərib.

İranın şahlıq rejiminə, irticaçı və imperialispərəst hakimiyyətinə münasibət məsələsi

1941-1946-cı illərdə İranın siyasi-iqtisadi həyatında şahlıq rejimi, iri mülkədarlar və kompador burjuaziya hökmranlıq edirdi. 1941-ci ilin avqust-sentyabr aylarında İranda Rza şah diktaturası (1925-1941) dağıldı. Xalqın mübarizəsi nəticəsində mütərəqqi siyasi partiyalara və təşkilatlara fəaliyyət azadlığı, mitinqlər-nümayişlər keçirilməsi və mətbuat nəşr olunması kimi bir sıra demokratik azadlıqlar əldə edildi. Hətta İranın ali qanunverici orqanı olan məclisin 14-cü çağrışına (26.01.1944-12.03.1946) fəhlə sinfinin və digər zəhmətkeş təbəqələrin partiyası İran Tudə partiyasının (ITP) üzvlərindən 8 nəfər və bir neçə azadxah deputat seçilməsinə müvəffəq olunmuşdu.
1945-ci ilin əvvəlindən M.Bəyat, M.Sədr və Həkiminin başçılıq etdiyi irticaçı hökumət İranda azadlıq qüvvələri əleyhinə ümumi hücuma keçərək proqressiv siyasi partiyaları və ictimai təşkilatları, mətbuatı bağlamağa və dağıtmağa başladı. Tehranda çıxan demokratik «Armane melli» qəzeti 1945-ci il avqustun 30-da yazırdı: «İranda azadlıq və demokratiya tamamilə təhlükəyə düşmüşdü. Bu irticaçı hökumət davam etdikcə ölkədə daxili müharibə, qan tökülməsi və vuruşmalar gözlənilir».
Belə bir şəraitdə şah başda olmaqla iri mülkədarlardan, kompador burjuaziyadan, yüksək rütbəli hərbi və mülki qulluqçulardan, 14-cü məclisin «əksəriyyət» təşkil edən deputatlarından ibarət qatı irticaçı qüvvələr və onlara mənsub İradeye melli, Nehzəte melli, Ədalət, Vətən və Mihən kimi partiyalar mövcud irticaçı quruluşu saxlamaq və möhkəmlətmək məqsədilə mümkün olan butün vasitələrlə xalqın azadlıq uğrunda hərəkatını boğmağa çalışırdılar.
İri burjuaziyanın ölkənin iqtisadiyyatı ilə bağlı olan hissəsindən, şəhərlərin orta təbəqələrindən, 14-cü məclisdə azlıq («əqəliyyət») təşkil edən deputatlardan və doktor Məhəmməd Müsəddiqin ətrafında birləşmiş şəxslərdən ibarət liberal qüvvələr və onlara mənsub İran və Mərdom partiyaları, ümumiyyətlə, istismarçı siniflərin hakimiyyətinə toxunmadan iri mülkədarların hakimiyyətdə rolunu bir qədər azaltmaq istəyirdilər. Onlar qatı irticaçı qüvvələr tərəfindən xalqa qarşı qeyri-məhdud zorakılıq işlədilməsinin inqilabi çıxışlara səbəb olacağından qorxurdular. Buna görə də irticaçı hökumətlərin bu əməllərinə qarşı çıxırdılar.
İranın fəhlə sinfindən, kəndlilərdən, sənətkarlardan və azadxah ziyalılardan və onlara mənsub İran Tudə Hizbindən, İran Fəhlə və Zəhmətkeşlər Həmkarlar İttifaqından (İFZHİ) və İran Azadlıq Cəbhəsindən ibarət olan demokratik qüvvələri ölkədə həqiqi demokratik rejim qurulması və ictimai azadlıqlar uğrunda, diktatorluq, istibdad rejimi və imperializm əleyhinə mübarizə edirdilər. 1945-ci ildə İranın irticaçı qüvvələri bütün ölkədə xalqın azadlıq uğrunda hərəkatını boğmaq üçün şiddətli hücuma keçdiyi günlər İranın demokratik qüvvələrinin azadlıq uğrunda mübarizə taktikası xalqın fikrini işıqlandırmaqdan, öz təşkilatlarını, genişləndirməkdən və parlament mübarizəsindən» ibarət olmuşdu. Hətta Cənubi Azərbaycanda 1945-ci ilin sentyabr-dekabr aylarında inqilabi xalq hakimiyyətinin yaranmağa doğru getdiyi bir şəraitdə Tehranda çıxan və İranın demokratik qüvvələrinə mənsub olan çox nüfuzlu qəzetlərdən biri yazıpdı: Həqiqi demokratik quruluş yaratmaq üçün «Dövlət
hakimiyyətini irticaçılardan təmizləməkdən, onları mühakimə və cəzalandırmaqdan başqa heç bir yol yoxdur... hakim dairələri təmizləməkdən başqa bir çarə yoxdur», göründüyü kimi, söhbət İranın irticaçı hakimiyyətini yıxmaqdan getmirdi.
İranın qatı irticaçı, liberal və demokratik qüvvələrinin 1941-1945-ci illərdə şahlıq rejiminə və irticaçı hakimiyyətə münasibətinin əvvəldə nəzərdən keçirilən yığcam təhlili göstərir ki, həmin illərdə İranın siyasi qüvvələrinin heç biri Azərbaycan və digər xalqların milli azadlığını qarşıya məqsəd qoymamışdı. Ümumi hücuma keçmiş irticanın qarşısını almaq, İran azadlıq hərəkatına dayaq yaratmaq və Azərbaycan xalqının milli və demokratik azadlığını təmin etmək üçün mövcud siyasi qüvvələrdən əsaslı sürətdə fərqlənən siyasi təşkilatın yaranması zəruri olmuşdu.
Belə bir siyasi qüvvə 1945-ci ilin ikinci yarısında Cənubi Azərbaycanda yaranmaqda idi. Pişəvəri deyirdi: «Biz uzun-uzadı mütaliə etdikdən sonra yəqin hasil etdik ki, möhkəm bir təşkilat vücuda gəlməzsə, gündən-günə qüvvətlənməkdə olan selin (irticanın hücumunun - M.C.) qabağını sədd etmək
mümkün olmayacaq. Ona görə də birinci növbədə böyük bir firqə yaratmağa təşəbbüs etdik».
Azərbaycan Demokrat Firqəsi belə bir siyasi partiya oldu. O zaman Cənubiq Azərbaycanda yeni siyasi partiyanın yaranmasında fəal iştirak etmiş məsləkdaşlarının da fikrini ifadə edərək S.C.Pişəvəri deyirdi: «İranda məclis və dövlət maşını tamamilə demokratizmin düşməni olan müstəbidlərin əlinə düşüb. Onlar bu böyük vasitədən istifadə edərək azadlığı və həqiqi demokratiya yolunda mübarizə edən fədakar qüvvələri əzib məhv etməkdədirlər. Tehranda kök salmış irtica və istibdad qüvvəsi xaricdə (Tehrandan xaricdə - M.C.) vücuda gələn azadlıq hərəkatlarını yatırmaq işində heç bir cinayətdən geri durmayacaq. Bu cinayətlərə xatimə vermək üçün oranın (Tehranın - M.C.) qüdrətini məhəlli və milli ixtiyarlar vasitəsilə sındırmaq lazım gəlir. Bu işdə Azərbaycan həmişə olduğu kimi indi də qabaqcıl olmalıdır. Tehrandan azadlıq ummaq böyük səhvdir». Bəhs olunan 1945-ci ildə İranın şahlıq rejiminə və irticaçı hakimiyyətinə qarşı S.C.Pişəvərinin tutduğu mövqe diygər siyasi xadimlərin və qüvvələrin mövqeyindən tamamilə fərqli idi. Pişəvəri inqilabi mövqe tutaraq İranın mərkəzi hökumətindən qanun, ədalət və azadlıq tələb edib intizarda oturmağın qəti əleyhinə idi. Aşağıdan, xalq kütlələrinin məhəlli və milli inqilabi qüvvəsi ilə İranda iri mülkədarların və kompador burjuaziyanın hakimiyyətini yıxmağı, əhali kütləsinə və millətlərə geniş hüquqlar verilməsi yolu ilə İranın dövlət quruluşunu demokratikləşdirməyi irəli sürürdü. S.C.Pişəvəri Azərbaycanda böyük inqilabi imkanlardan istifadə olunmasını və beləliklə hakimiyyət məsələsinin və milli məsələnin inqilabi yol ilə həll edilməsini təklif edirdi.
İnqilabi şəraiti vaxtında müəyyənləşdirmək və ondan istifadə etmək məsələsi, başqa inqilabi hərəkatlarda olduğu kimi, 1941-1945-ci illərdə Azərbaycanda milli-azadlıq və demokratiya uğrunda mübarizə zamanı xalq kütlələrinin inqilabi çıxış vaxtının düzgün seçilməsinin də böyük əhəmiyyəti olmuşdu. 1945-ci ilin ikinci yarısında Cənubi Azərbaycanda siyasi mübarizə: mülkədarlarla kəndlilər, fabrik-zavod sahiblərilə fəhlələr, dövlət idarələri ilə əhali arasında idi. İranın hakim dairələrinin Azərbaycandakı milli zülmünə qarşı mübarizə son dərəcə kəskinləşmişdi. Azərbaycanda irticanın hücumunun qarşısını almaq və xalqın azadlığına nail olmaq üçün çox böyük imkan var idi. Tehranda çıxan və İran Azadlıq cəbhəsilə bağlı olan «Bəşər» qəzeti 1945-ci il avqustun 23-də yazırdı: «Hakim siniflərin özbaşınalığı həddini keçəndə çarə xalqın mütəşəkkil üsyanından ibarətdir. Bu üsyanın əlamətləri İranda görünməkdədir. Azərbaycan təlatümdədir və inqilaba hazırdır». Belə bir şəraitdə İranın həm irticaçı, həm də liberal dairələri Azərbaycanda xalqın inqilabi çıxışının yubanmasına, bununla da tədricən soyunmasına və nəhayət qarşısının alınmasına çalışırdılar. Liberal siyasi mövqeyə malik olan Bahar heç bir konkret fakt göstərmədən iddia edirdi ki, İranın mərkəzi dövləti guya başqa əyalətlərdən daha çox Azərbaycana tərəfdarlıq edir. Tehranda çıxan və hakim dairələrlə müəyyən dərəcədə bağlı olan qəzetlərdən bəziləri isə yazırdı: “Azərbaycanlılar öz ehtiyaclarını demişlər və mərkəzi dövlətin diqqətini cəlb edəcək. Yaxşısı budur ki, azərbaycanlılar öz milli mətləblərini və məqsədlərini dövlətdən istəsinlər və səbr etsinlər. 14-cü məclis rəisinin müavini Şiraz deputatı Sərdar Faxer Hikmət isə sentyabrın 25-də məclisdəki çıxışında tələb edirdi ki, Azərbaycanda öz hüquqları uğrunda mübarizəyə qalxmış şəxslərin «əlləri və dilləri kəsilsin». İranın 14-cü məclisinin rəisi S.M.Təbatəbai 1945-ci il dekabrın 25-də məclisdə çıxışında deyirdi: “Fərz edək ki, İranda gözə çarpan nöqsanlar var. Bütün əyalətlərdə olduğu kimi, azərbaycanlıların da gileyi və şikayətləri var. Lakin gərək sözü öz vaxtında demək, belə bir mövqedə yox”.
Həmin vaxt hökumət Azərbaycanda xalqın inqilabi hərəkatını boğmaq üçün bir tərəfdən silahlı qüvvələrdən istifadə etməyə başladı, digər tərəfdən vaxt qazanmaq üçün Təbrizdə inqilabi hərəkatın başçıları ilə danışığa girdi. 1945-ci ilin yayında M. Sədr hökuməti tərəfindən (5.06-21.10.1945) Cənubi Azərbaycandakı jandarm qüvvələrinə göstəriş verildi ki, mülkədarlarla kəndlilər arasında baş verən ixtilaflara birbaşa müstəqil olaraq qarışsınlar və bu yol ilə inqilabi hərəkata qoşulan kəndlilərə divan tutsunlar. Bu məsələ ilə əlaqədar Təbrizdə çıxan «Azərbaycan» qəzeti yazırdı: «Tehran irticasının qara barmağı Azərbaycan kəndlərində görsənməyə başlanır. Bunlar kəndlərə tökülən saysız-hesabsız jandarmlardan ibarətdir. Mülkədarların torpaqlarını qorumaq, bəhrə (torpaq rentası - M.C.) almaq bəhanəsilə kəndliləri döyür, incidir və narahat edirlər”.

Mirqasım Cəşmazər

Bu xəbər oxundu
- - -