Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xankəndi və işğal olunmuş əraziləri vurmaq daha məqsədəuyğundur”

01.08.17, 9:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “Çünki bu, Azərbaycanın ərazi bütövülyünün bərpası deməkdir”

Elman Cəfərli: “Bu dəfə hərbi təxribatlar baş versə, erməni ordusu tamamilə məhv ediləcək”

Məhəmməd Əsədullazadə: “Cəbhədə yenidən şiddətli döyüşlər başlaya bilər”

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Demək olar ki hər gün cəbhədə təxribat törədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Təxribatlara cavab olaraq isə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrimizə göstəriş verib. Müdafiə naziri orduya dağıdıcı zərbələr endirmək göstərişi verib . Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb. Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.
Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır. Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi”.
Politoloq Arzu Nağıyev bildirdi ki, son vaxtlar cəbhədə gərginliyin artması, ermənilərin mütəmadi olaraq atəşkəsi pozması gözlənilən idi: “Düşünürəm ki, Azərbaycan tərəfi və daha doğrusu Müdafiə Nazirliyi buna hazır idi. Çünki Soçi görüşündən sonra ermənilərin narahatçılığı artdı, Sarkisyan rejimi düşündü ki, status-kvo pozulacaq və bu hərtərəfli onun hakimiyyətinə təsir edəcək. Bununla da Ermənistanda və işğal olunmuş ərazilərdə ictimai-siyasi vəziyyət gərginləşəcək. Bu isə Sarkisyan və onun cinayətkar komandasının qorxduğu əsas faktordur. Məhz buna görə də atəşkəs pozulması baş verir və son vaxtlar artıq Ermənistanla sərhəd rayonları vurmağa bağlayırlar. Çünki hər bir cavab atəşi artıq KTMT-nin üzvü olduqlarının bəhanəsi ola bilər. Məhz buna görə də Xankəndi və işğal olunmuş əraziləri vurmaq daha məqsədəuyğundur. Çünki bu, Azərbaycanın ərazi bütövülyünün bərpası deməkdir və terror təşkilatlarını buradan qovmaq və erməni əsgərini son nəfərə qədər məhv etmək lazımdır. Belə olduğu halda öz ərazilərimizdə keçirdiyimiz antiterror əməliyyatlarına görə heç bir beynəlxalq qurum qanun qarşısında bizə irad tuta bilməz”.
“Cümhuriyət” qəzetinin siyasi icmalçısı Elman Cəfərli bildirdi ki, Azərbaycan müdafiə naziri son 25 ildə ilk dəfədir ki, bu cür sərt bəyanat verir: “Zənnimcə, general Zakir Həsənovun bəyanatının arxasında ciddi səbəblər var. Xatırlayırsınızsa, bu bəyanatdan 2 gün öncə müdafiə və xarici işlər nazirliklərinin cəbhədəki durumla bağlı həyəcan dolu bəyanatı olmuşdu. Bir neçə gün öncə isə rus-erməni birgə hərbi birləşmələrinin yaradılması haqqında saziş imzalandı. Görünür, ordu rəhbərliyində düşmənin baş verəcək mümkün təxribatı ilə bağlı ciddi məlumatlar var. Bu arada Qərbdən ciddi sanksiyalar alan Rusiya çox qəzəblidir və Kreml öz qəzəbini hansısa postsovet ölkəsinə qarşı püskürə bilər. Üstəlik Azərbaycan seçki ərəfəsindədir, Kremlin yeni təxribatları tamamilə mümkündür. Hiyləgər Ermənistan rəhbərliyi Kremlin qəzəbini qərbyönümlü xarici siyasət kursunun davam etdirən Azərbaycana qarşı yönləndirə bilər. Ermənilər rus hərbi birləşmələrindən istifadə edərək cəbhədə uğurlar əldə etmək, yeni ərazilər tutmaq istəyəcək. Ancaq indi 1994-cü il deyil, Azərbaycanın Ermənistanın təxribatlarını önləyəcək kifayət qədər güclü ordusu var. Məncə, bu dəfə hərbi təxribatlar baş versə, erməni ordusu tamamilə məhv ediləcək, erməni dövləti iflasa uğrayacaq”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, Ermənistanın davam edən işğalçı siyasəti nəticəsində Qarabağ konfliktinin həlli istiqamətində aparılan danışıqlar prosesi nəticəsiz sonlanır. Onun fikrincə, Minsk qrupunun iyun ayında regiona səfəri çərçivəsində mümkün danışıqları bərpa etmək üçün apardığı iş Ermənistan tərəfindən müxtəlif yollarla qəbul edilmir: “Ermənistan substantiv danışıqlardan yayınmaqla regionda müharibə təhlükəsini yaxınlaşdırır. Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə danışıqları bərpa edilməsi barədə qərar verilsədə, Ermənistan hər vəchlə bu qərara əməl etmək istəmir. Artıq, Rusiya ilə birgə ümumi qoşun razılaşmasından sonra rəsmi İrəvan işğal olunmuş ərazilərdə və dövlət sərhədində atəşkəsi mütəmadi pozur və mülki obyektləri hədəfə alır. Ermənistanın siyasi-hərbi rəhbərliyi çalışır ki, vaxt qazansın mümkün status-kvonu qorusun. Cəbhədə günü-gündən gərginliyi artırmaqla istənilən sülh danışıqlarını sabotaj edir. Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilsədə, burada Qarabağ probleminin həlli ilə bağlı Rusiyanın mövqeyi görünür dəyişməyib. Ermənistana dəstək vermək, mümkün qədər işğalı davam etdirmək. Soçi görüşündə ciddi bir irəliləyiş olmadığı üçün Ermənistanın atəşkəsi pozması intensiv xarakter daşıyır. Azərbaycan düşməni susdurmaq üçün təbii ki, ciddi hərbi cavab verməlidir”. Ekspert hesab edir ki, müdafiə naziri Zakir Həsənovun Xankınidini vurması barədə əmri məsələnin nə qədər ciddi olduğunun göstəricisidir: “Azərbaycanın Xankəndini vurması nəticəsində Ermənistada ciddi şəkildə panika yaranar və bu dövlət məğlubiyyətə düçar olar. Orada heç bir erməni qalmayaz və Ermənistana köç edər. Ermənistan hazırda vəziyyəti mürəkkəbləşdirir. Danışıqlarda Rusiya Ermənistana dəstək verir. Çalışılır ki, Azərbaycanı mövcud vəziyyətlə barışdırıb, yeni güzəştlər əldə etsinlər. Hesab edirəm ki, Azərbaycanın güclənən hərbi arsenalı ölkəmizə hər hansı təhlükəli planın qarşısını almağa qadirdir. Payızda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilsə də sıradan bir görüş olacaq. Cəbhədə yenidən şiddətli döyüşlər başlaya bilər. Çünki, artıq danışıqların alternativi silahların dilə gəlməsidir. Ermənistan bütün danışıqları sabotaj edir”.
Politoloq Ramiz Alıyev isə dedi ki, Ermənistan, Azərbaycan Dağlıq -Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində danışıqlar yolu ilə həll olunmasını yalnız sözdə istəyən və əməldə tam fərqli siyasət yürüdən işğalçı ölkənin prezidenti Serj Sərkisyan başda olmaqla Ermənistan hakimiyyətində təmsil olunanlar, həm beynəlxalq təşkilatları, həm də münaqişənin dinc yolla həll olunması prosesində iştirak edən ölkələri aldatmaqla məşğuldurlar: “Prezidentlerin Soçi görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mövqeyini və istəyini bir daha bəyan etdi, Azərbaycanın ərzazi bütövlüyü təmin olunmalıdır, işğalçı ölkə ordusunu işğal etdiyi ərazilərdən çıxarmalıdır. Cənab Prezidentin də dediyi kimi Azərbaycan tərəfi münaqişənin sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həll olmasını istəməsi elə Ermənistan tərəfinə güzəştə getməsi deməkdir. Əks təqdirdə Azərbaycan ordusu işğalçı ölkənin hərbçilərini işğal etdikləri ərazilərimizdən təmizləməyə qadirdir. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş bölgəsində olan hərbi hissələrimiz tam hazırlığa gətirilib. Ali baş komandanın əmri olduğu təqdirdə Azərbaycan ordusu qısa vaxt ərzində işğalçı ölkənin əsgerlərini torpaqlarımızdan birdəfəlik təmizləyəcək”.

Əli

Bu xəbər oxundu
- - -