Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ problemi yaxın perspektivdə həll oluna bilərmi?

03.08.17, 12:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elnur Eltürk: “Qarabağ danışıqlarında Azərbaycanın siyasi-hərbi üstünlüyü hiss olunur”

Zaur Məmmədov: “Qarabağ danışıqlarında hər hansı irəliləyişə nail olmaq Rusiya faktorundan asılıdır”

Azər Həsrət: “Deyilən müddəti səbrsizliklə gözləyirəm”

Məhəmməd Əsədullazadə: “Ermənistan növbəti aylarda substantiv danışıqlara gəlməsə cəbhədə vəziyyət gərginləşəcək”

Millət vəkili Yevda Abramov mətbuata verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib. O, Qarabağ probleminin həlli ilə bağlı maraqlı proqnoz verib. Millət vəkili bildirib ki problemin həlli ilə bağlı yaxın aylıarda önəmli addım atılacaq: “Mən hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır, bu, gözlənilir. Çünki vəziyyət belə qalmaz, Soçi görüşü də bunu sübut edir. Artıq bu vəziyyətə dözmək mümkün deyil”. O, əlavə edib ki, Rusiyanın başqa çıxış yolu yoxdur: “Çünki lüt dövlətdən bir şey çıxmaz, amma varlı, güclü dövlətlə oturub-durmaq olar. Mən hiss edirəm ki, Rusiya Azərbaycanın gücünü çox gözəl bilir. Həmçinin Gürcüstanın da mövqeyinə əla bələddir. Bu gün Ermənistan Rusiya üçün Türkiyə sərhəd olan ölkədə ordu saxlamaqdan başqa bir qəpik də artıq dəyərli deyil. Putin çox ağıllı dövlət başçısıdır, hər şeyi yaxşı bilir”.
“Qarabağ müharibəsi başladığı halda, Rusiya-Ermənistan birgə ordusu Azərbaycana qarşı çevrilə bilərmi?”, - sualını cavablandıran Y.Abramov “Əgər Rusiya tarixini lap əvvəldən izləsək, bu təhlükə realdır”- deyə vurğulayıb: “Bilirsiniz, Rusiyaya etibar etmək olmaz. Atalarımız nahaq deməyib: “İlanın ağına da lənət, qarasına da”. Ona görə də ehtiyatı əldən vermək olmaz...”.
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, Yevda Abramov Soçi görüşünə işarə edərək öz fikirlərini əsalandırmaq istəyib: “Amma Soçi görüşündə Qarabağ məsələsinin perspektivlərinə dair hər hansı müzakirələrin olub-olmaması haqda məlumat yayılmadı. Əksinə, bu görüşdən sonra Rusiya KİV-lərində, rus politoloqların çıxışlarında və s. ermənipərəst mövqe daha qabarıq özünü biruzə verdi. İnanmıram ki, Rusiya nə vaxtsa Qarabağ məsələsində konstruktiv mövqe tutacaq. Biz dəfələrlə buna ümid etmişik. Hətta Rusiyanın bu məsələdə ədalətli mövqe tutacağına dair şərhlər də vermişik. Amma bunlar özünü doğrultmayıb. Millət vəkili özü də "İlanın ağına da lənət, qarasına da" deyərək Rusiyaya etibar etməməli olduğumuzu söyləyib. Onun dediklərinə görə, Rusiya faktorunu hesabdan silmək lazımdır”. Politoloqun fikrincə, Y.Abramov İsrail-Azərbaycan münasibətlərini nəzərdə tutaraq bu fikirləri söyləmiş ola bilər: “Ola bilər ki, Yevda Abramov İsraillə Azərbaycan arasında silah alınmasına dair yeni bir müqavilənin həyata keçməyə başlamasını nəzərdə tutaraq belə deyib. Azərbaycan bundan sonra yəqin ki, silah alınmasında İsraillə daha çox əməkdaşlıq edəcək. İsrail özünün ən modern, öz silahlı qüvvələrində istifadə etdiyi texnikadan Azərbaycana verərsə, ordumuzun qüdrəti 10 dəfə, bəlkə də daha çox artar və hərbi əməliyyatlara başlamaq imkanımız genişlənə bilər. Zənimcə, Y.Abramov da bunu nəzərdə tutub".
Araşdırmaçı jurnalist, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk hesab edir ki, Qarabağ danışıqları ilə bağlı bu günə qədər onlarla görüş keçirilib. O əlavə etdi ki, bu danışıqların heç birində istənilən nəticə əldə olunmayıb: “Hər görüşdə də Ermənistan tərəfi cığallıq edib. Dəfələrlə razılaşmaya yaxınlaşanda erməni tərəfi prosesi pozub. Özü də bunu bilərəkdən edib. İndi də millət vəkili Yevda Abramov hansı məlumata əsaslanaraq, belə fikir ortaya qoyur onu deyə bilmirəm. Millət vəkilinin İsraillə sıx əlaqələrə malik olduğunu nəzərə alsaq, oradan müəyyən məlumatları əldə etdiyini ehtimal etmək olar. Amma fakt odur ki, Rusiya Ermənistanla hərbi əlaqələrini gücləndirir. Bunları nəzərə alanda yaxın günlərdə hansısa dəyişikliyin olacağını demək çətindir. Bəlkə nəsə möcüzə baş verər. Bir məsələ aydındır ki, Qarabağ danışıqlarında Azərbaycanın siyasi-hərbi üstünlüyü hiss olunur”.
Ekspert həmçinin əlavə etdi ki, Azərbaycan sürətlə silahlanır və ordusunu müasirləşdirir: “Beynəlxalq hərbi təşkilatların hesabatlarında da Azərbaycanın üstünlüyü açıq-aydın qeyd edilir. Beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bağlı fikirlər getdikcə artmaqdadır. Bu gün Qarabağ ətrafında gərginliyin getdikcə,artması bir sıra dövlətləri narahat edir. Hadisələr bir sıra praktiki addımların atmasını labüd edir. Bilirsiniz ki, Azərbaycan Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirməsini güclü cavab verir. Bu isə düşmənin xeyli itki verməsi ilə nəticlənir. Ola bilər ki, Rusiyada bəzi qüvvələr bölgədə vəziyyətin gərginləşməsinə görə narahatdırlar. Qarabağ ətrafında müharibə başlasa, Şimali Qafqazda da vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Ermənistanın özündə də fikir ayrılığı yaranıb. Bəzi siyasilər Azərbaycanla razılığa gəlməklə bağlı fikirlər bildirirlər. Çünki Ermənistanda insanlar Qarabağda ölmək istəmirlər. Görürük ki, erməni anaları aksiyalar keçirilir. Ölkə demoqrafik böhranla üz-üzədir. Avropaya və başqa yerlərə üz tutanların sayı çoxalır. Üstəlik, Ermənistanın dövlət büdcəsinin müyyən hissəsi diasporun hesabına mövcudluğunu saxlayır”.
Politoloq Zaur Məmmədov diqqətə çatdırdı ki, millət vəkili “Qarabağla bağlı yaxın bir iki ayda hamımızı sevindirəcək hadisə olmalıdır” bəyanatını nəyə əsaslanaraq verməsi maraq doğurur: “Əlbəttə hər bir azərbaycanlı belə hadisənin olmasını çoxdandlr ki, gözləyir. Açığı Soçi görüşü haqqında Yevda müəllimin nikbin fikirdə olmasının əsasları müəmmalıdır. Orada nələrin müzakirə olunması məlum deyil. Eyni zamanda biz İsrail və Azərbaycan arasında getdikcə güclənən hərbi müttəfiqliyin şahidiyik. Azərbaycan İsrail kimi mühüm güc ilə ittifaq quraraq düşmənlərini təşviş içində saxlayır. İsraildən alınan silahlar ilə Azərbaycan bütün Ermənistanı bir neçə gün içində məhv edə bilər. İndiki halda Qarabağ danışıqlarında hər hansı irəliləyişə nail olmaq Rusiya faktorundan asılıdır. Regionda son aylar baş verənlər göz qabağındadır. Münaqişənin həllinin kimdən asılı olması da hamıya yaxşı məlumdur. Bele olan durumda ortaya çoxlu suallar çıxır”.

Siyasi ekspert Azər Həsrət “açığı, belə cəsarətli və qəti bir proqnozu şərh etməyə cürətim çatmır”,- deyə vurğuladı: “Çünki Qarabağ münaqişəsi o qədər mürəkkəb bir problemdir ki, onunla bağlı Yevda Abramov qədər ürəkli danışa bilmirəm. Amma Abramovun təcrübəsini, siyasi baxışlarını və məlumatlılığını nəzərə alsaq, açığı, mən də bir ümid yaranır. Ona görə də deyilən müddəti səbrsizliklə gözləyirəm”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Milli Məclis üzvü Yevda Abramovun Qarabağ danışıqları barədə nikbin görüşləri, Soçidə prezidentlərin görüşündə hər hansı bir nəticənin olması barədə ehtimallardan danışması görünür, müəyyən məlumatlara malik olmasının əlamətidir: “Hesab edirəm ki, Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan XİN görüşündə danışıqların bərpası barədə razılığa gəlinməsi və payızda prezidentlərin görüşünün gündəmə gətirilməsi görünür, münaqişə ətrafında konfidensial diplomatik fəaliyyət aparılır. Soçi görüşündə Rusiyanın Qarabağla bağlı mövqeyinə gəldikdə isə, hesab edirəm ki, Rusiya götürdüyü öhdəliklərə əməl etməyəcək. Çünki Cənubi Qafqazda geosiyasi problemlər getdikcə gərginləşir. Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana dəstək verməyəcək. Status-kvonu saxlayacaq. Rusiya bununla regionda öz təsirini saxlamağa çalışacaq. Hesab edirəm ki, Ermənistan növbəti aylarda substantiv danışıqlara gəlməsə cəbhədə vəziyyət gərginləşəcək. Qeyd edim ki, Ermənistana mütləq təzyiqlər davam etməli, münaqişədə dönüş yaratmalıdır”.

Əli

Bu xəbər oxundu
- - -