Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasındakı rolu

04.08.17, 9:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Azərbaycan Demokrat Firqəsi yarandığı gündən baş xəttin qorunması uğrunda mübarizə aparmışdı. ADF-nin ilk bəyannaməsi yazılarkən bu partiyanı yaradanların bir qrupu fəqət mədəni muxtariyyət şüarı irəli sürmüşdülər və bu birinci maddədə belə də əks olmuşdu. Bu barədə S.C.Pişəvəri belə yazır: «Biz bilirdik ki, əlimizdə dövlət təşkilatı, siyasi qüdrət və ixtiyar olmazsa fars mütəəssibləri bizə mədəni muxtariyyət verməyəcəklər. Mədəni muxtariyyət ibarəsi məhdud olduğu... üçün daxili azadlıq və öz müqəddəratını özü təyin etsin sözü ilə muxtariyyət sözünü əvəz etdik». O zaman İran hökuməti bütün vasitələrlə ADF-nin və milli-azadlıq hərəkatının baş xəttində əyintilər yaratmağa çalışırdı. Urmu vilayətində Təbrizə-Azərbaycanın mərkəzinə tabe olmayaraq Tehranla əlaqə saxlayan;
muxtariyyət, milli-mədəni tərəqqi, Azərbaycan dilində maarif və idarə kimi xalq üçun həyati əhəmiyyəti olan məsələlərdən imtina edən Demokrat Firqəsi yaratmağa cəhd olundu. Bəziləri ADF-yə daxil olmaq üçün qeyd və şərt qoyur, Azərbaycanın İrandan ayrıldığı və ilhaq məsələsi kimi yalan xəbərlər yayır, prezident seçkisi keçirildiyini uydurur, bütun torpaqların bölünməsini və sərmayədarların məhv edilməsini və i.a. irəli sürürdülər. Digər tərəfdən isə mülkədarlardan bəzisi jandarm qüvvələri vasitəsilə kəndlilər üzərində zülmü son həddə çatdırıb, bəzi fabrik-zavod sahibi isə fəhlə sahibkar münasibətini son dorəcə gərginləşdirirdi. Bütün bunlar ADF-nin baş xəttinin əleyhinə idi, milli-azadlıq hərəkatını zəiflədirdi. Ona görə də partiya qəti surətdə onların əleyhinə çıxdı. ADF-nin orqanı olan «Azərbaycan» qəzeti partiya yaranandan 15 gün sonra yazırdı: «Şüarlarımızın əleyhinə sol şüarlar ilə özlərini pəhlivan göstərmək istəyən lovğalara Demokrat Firqəsində meydan verilməyəçək».
S.C.Pişəvəri partiyanın orqanında qətiyyətlə bildirirdi: «Bəyannamədə göstərilən şüarları islah etmək mümkündür. Lakin onların əsas və prinsipini dəyişmək olmaz». S.C.Pişəvəri partiyanın baş xəttini inqilabi mövqedən və ardıcıl surətdə müdafiə edirdi. O, partiya qurultayında çıxışda deyirdi: «Biz İranın istiqlaliyyətini və Azərbaycanın daxili muxtariyyətini istəyirik. Kimin bu məramlara əlaqəsi var qalsın. Kim bu şüarlar ilə müxalifdir, indidən getsin». S.C.Pişəvərinin səyi nəticəsində partiya qurultayında partiyanın baş xətti qətiyyətlə müdafiə olundu. Partiya qurultayının müzakirəsinə verilən partiya proqramı layihəsinin birinci maddəsində (ümumi siyasi məsələlər bölməsində) Azərbaycana ixtiyarat əldə etmək əsas vəzifələrdən hesab olunurdu. Bu, partiyanın ilk bəyannaməsində e`lan olunmuş baş xəttdən geri çəkilmək demək idi. «İxtiyarat» sözü hakimiyyət uğrunda mübarizəni və öz müqəddəratını təyin etmək hüququnu özündə əks etdirmirdi. Milli-azadlıq qüvvələri onun ətrafında birləşməzdilər. Buna görə də ADF qurultayının nümayəndələri ilk çıxışlarından Azərbaycanın daxili muxtariyyəti tələbini irəli sürdülər. S.C.Pişəvəri də öz çıxışında göstərirdi: «Hökumət xalqın əlində olmalıdır. Bu da məhəlli və milli muxtariyyət vasitəsi ilə ola bilər». Müzakirələr nəticəsində qurultay yekdilliklə partiyanın proqramında «ixtiyarat» sözunün muxtariyyət ilə əvəz edilməsini qərara aldı. Azərbaycandan gedib və Azərbaycanın azadlığı əleyhinə mübarizə aparan mülkədarların torpaqlarının kəndlilər arasında bölünməsi məsələsi qurultayda müzakirə edildiyi zaman iki-üç nəfərin çıxışında partiyanın baş xəttini əymək meyli özünü göstərdi. Nümayəndələrdən biri bütün torpaqların bölünməsini təklif edirdi. S.C.Pişəvəri qurultayda müzakirə olunan bu məsələ barədə çıxışında demişdi: «İndiki vəziyətdə torpaq bölgusü (bütun torpaqların bölgüsü - M.C.) məsələsini meydana atmaq səhih deyil. Bu fikir çox məntiqi və adilanədir, amma bugunkü şərait ona icazə vermir».
Nümayəndələrdən bir neçəsi Azəpbaycandan gedib azadlıq əleyhinə mübarizə aparan mülkədarların torpaqlarının kəndlilər arasında bölunməsi əleyhinə çıxaraq, bu torpaqlardan gələn gəlirin partiyanın
ehtiyaclarına sərf olunmasını və ya bu gəlir ilə kənd təsərrüfatı bankı yaradılmasını təklif etdilər.
Qurultay bu təklifləri də rədd etdi və o dövr üçün daha düzgün olan yol seçdi: azadlıq düşməni olan mülkədarların torpaqlarının musadirə olunub kəndlilərin ixtiyarına verilməsi və qalan mülkədarlarla kəndlilər arasında münasibətin xüsusi qanunla müəyyən edilməsi qərara alındı və partiyanın proqramına daxil edildi.
Bir müddət sonra S.C.Pişəvəri torpaq bölgüsü barədə ADF-nin tutduğu mövqe haqqında izahat verib belə yazmışdı: «Azərbaycanda torpağın ən mühum hissəsi iri mülkədarların ixtiyarındadır. Yüz minlərə qədər xırda mülkədar və aztorpaqlı kəndlini kənar etmək olmaz. Biz Azərbaycanda olan şərait daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik. Biz eləyə bilməzdik milli (ümumxalq - M.C.) bir partiya olduğumuz halda birinci qədəmdə sinfi mübarizəni alovlandıraq». Partiyanın təşkilat işlərində də baş xəttdən əyinti özünü göstərmişdi. ADF-nin Ərdəbil, Mərənd və Urmu vilayət komitələrində iri mülkədar və tacirlər rəhbərliyi ələ keçirmişdilər.
Onlar partiyanın fəaliyyətini öz mənafelərinə uyğunlaşdırmağa çalışırdılar. Partiyanın Təbriz təşkilatlarının da şəhər komitəsinin nəzarətindən çıxmaq təhlükəsi yaranmışdı. S.C.Pişəvərinin bilavasitə təşəbbüsü ilə ADF- nin Mərkəzi Komitəsi və 1945-ci ilin noyabrında keçirilən vilayət konfransları bu vəziyyətin qarşısını aldı. Təbriz komitəsinə və göstərilən vilayət partiya komitələrinə
partiyanın proqramını və milli-azadlıq hərəkatının inqilabi prinsiplərini ardıcıl olaraq gözləyən və həyata keçirən şəxslər seçildilər. ADF-ni yaradanların ilk konfransında (13.11.1945) partiyanın müəssislər Komitəsi yarandığı və ondan sonra ADF-nin qurultayı tərəfindən partiyanın Mərkəzi Komitəsi və Mərkəzi Təftiş Komissiyası seçildiyi (4.10.1945) tarixdən Azərbaycanda milli-azadlıq hərəkatına partiya tərəfindən kollektiv rəhbərlik edilmişdi. Partiyanın Mərkəzi Komitəsinin geniş plenumlarında vaxtaşırı olaraq günün mühüm problemləri müzakirə olunmuş, muvafiq qərarlar çıxarılmış və həyata keçirilməyə başlanmışdı. Bu kollektiv rəhbərlikdə S.C.Pişəvəri inqilabi təcrübəsinə, nəzəri hazırlığına, təşkilatçılıq bacarığına və ölkənin siyasi, iqtisadi və milli həyatına çox dərindən bələd olduğuna görə xüsusi yer tuturdu. S.C.Pişəvəri partiyanın Mərkəzi Komitəsinin göstərişlərini həyata keçirərək Azərbaycanda inqilabi hərəkatın, milli-azadlıq mübarizəsinin ayrı-ayrı mərhələlərinə çox vaxtında və düzgün istiqamət vermişdi.
ADF-nin Mərkəzi Komitəsinin birinci geniş plenumu 1945-ci il oktyabrın 4-də Təbrizdə təşkil olunmuşdu. Plenumda partiyanın rəhbər və məsul işçilərindən 80 nəfərə yaxın iştirak etmişlər. Plenum cari işləri idarə etmək üçün 9 nəfərdən ibarət heyət seçdi. Plenumun bu seçkisi haqqında həmin gün öz işini qurtarmaqda olan partiya qurultayına məlumat verildi. Qurultay tərəfindən S.C.Pişəvəri ADF MK-nın sədri, M.Ə.Şəbüstəri və S.Badəqan müavinləri seçildilər. ADF MK-nın icraiyyə heyəti S.C.Pişəvəri, S.Badəqan, M.Birya, S.Cavid və M.Ə.Şəbüstəridən ibarət olmuş və 1946-cı ilin oktyabrından Z.Qiyami, M.Vilayi, M.Nünəkərani və T.Şahin də MK-nın icraiyyə heyətinə cəlb olunmuş və onun iclaslarında üzv kimi iştirak etmişdilər.

Azərbaycan Demokrat Firqəsinin xalq hakimiyyəti uğrunda mübarizəyə rəhbərliyi

İranın şahlıq hökuməti ilə Azərbaycan xalqı arasında münasibət son dərəcə gərginləşdiyi şəraitdə, 1945-ci il noyabrın 8-9-da Təbriz şəhərində ADF Mərkəzi Komitəsinin ikinci geniş plenumu oldu. Plenumda ADF MK-nın sədri S.C.Pişəvəri «Ümumi siyasi vəziyyət və partiyanın gündəlik şüarları» haqqında mə`ruzə etdi. Bundan əlavə əyalət və vilayət əncümənləri, İran Məclisi seçkilərinə dair məruzələr və müzakirələr də oldu. Plenumun S.C.Pişəvərinin mə`ruzəsi əsasında qəbul etdiyi qərarının Azərbaycan milli-azadlıq hərəkatında böyük inqilabi əhəmiyyəti olmuşdu. Həmin qərarın üçüncü maddəsində deyilirdi: «Əyalət və vilayət əncümənlərinin seçkisini xalqın öz gücü ilə başlamaq. Komitə (ADF-nin Mərkəzi Komitəsi - M.C.) yaxın bir zamanda bütün Azərbaycan xalqı tərəfindən seçilən nümayəndələrdən böyük bir konfrans təşkil etməlidir». Göstərilən qərarın altıncı maddəsində isə deyilirdi: «Kəndlərdə kəndlilərə hücum edən jandarmların ümum camaatın qüvvəsi ilə qabağı alınsın». ADF MK-nın bu qərarı Azərbaycanda xalq hakimiyyəti uğrunda əməli mübarizəyə göstəriş idi. S.C.Pişəvəri xalq hakimiyyəti uğrunda mübarizənin iki istiqamətdə getdiyini qeyd edirdi. Biri xalq hakimiyyəti yaranması uğrunda dinc yolla siyasi mübarizə, o biri silahlı mubarizə.
Azərbaycanda xalq hakimiyyəti yaranması uğrunda dinc siyasi mübarizə 1945-ci il noyabrın 10-dan 20-dək Azərbaycanın butün qəsəbə və şəhərlərində izdihamlı xalq yığıncaqları təşkil olunmaqla həyata keçdi. Azərbaycan əhalisinin bir milyon yarımdan çoxunun iştirak etdiyi bu yığıncaqlarda xalq Azərbaycana İran daxilində muxtariyyət verilməsini, tezliklə əyalət və vilayət əncümənlərinin təşkil olunmasını tələb edən qərarlar qəbul edir, bu qərarların həyata keçirilməsini sür`ətləndirmək üçün öz aralarında nümayəndələr seçirdi. Pişəvərinin göstərdiyi kimi «Nümayəndələr içərisində Azərbaycan xalqının bütün sinifləri gözə çarpırdı».
Xalq yığıncaqlarında seçilmiş nümayəndələrin (724 nəfər) iştirakı ilə 1945-ci il noyabrın 20-21-də Təbrizdə Azərbaycan Xalq Konqresi (AXK) keçirildi. Bu zaman Azərbaycan xalqına yəqin olmuşdu ki, İran dövləti ona muxtariyyət və azadlıq verməyəcək. Hökumət əyalət və vilayət əncümənlərinin təşkil olmayacağını hətta rəsmi surətdə elan etdi. Ona görə də Azərbaycan Xalq Konqresi özünü müəssislər məclisi elan etdi, Azərbaycan Milli Məclisi və Milli hökuməti yaratmağı qərara aldı.
Konqres öz nümayəndələrindən 39 nəfərdən ibarət Milli heyət seçib, qərarlarının həyata keçirilməsini ona tapşırdı. S.C.Pişəvəri ADF MK-nın sədri və Milli heyətin üzvü olmaqla onun fəaliyyətində yaxından iştirak edirdi.
Azərbaycan Milli heyəti işə başladığı gündən (21.11.1945) Azərbaycanda ikihakimiyyətlilik yarandı: biri xalqın, o biri isə irticanın rəsmi dövlət hakimiyyəti idi. Milli heyəti vəzifəsinə, gördüyü işlərə və arxalandığı qüvvəyə görə müvəqqəti inqilabi hökumət adlandırmaq olardı. Milli heyət xalqın qüdrətinə arxalanaraq bir sıra inqilabi əhəmiyyətli işlər gördü: İran hökuməti tərəfindən Azərbaycanda taxılın daşınıb aparılmasının qarşısını aldı, irticaçı mülkədarların əsassız şikayətləri üzrə həbs olunmuş yüzlərlə kəndlini həbsdən azad etdirdi, xalqın asayişini pozanlarla inqilabi yol ilə mübarizə apardı və s.

Mirqasım Cəşmazər

Bu xəbər oxundu
- - -