Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İyirminci ildə Qarabağ döyüşləri

08.08.17, 9:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

(Sənədli povest)


Polkovnik Bəhram bəyin igidliyi

2-ci yazı


Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular.
Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxmayaraq bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun dördüncü dağ batareyası.
Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baxışdan qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir Həbib bəy Səlimovun uğurları ona elə bil qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəxş eləmişdi.
İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbaycan ordusunun hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir 8 saylı əmrində qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy Nəbibəyovun əsgərləri məndə xoş təəssürat yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Komandir Nəbibəyovun qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə və ko¬mandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkkür edirəm.
“Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak Dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib. Yaxşıdır, çox yaxşıdır”, – deyə öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş dostluğundan qürrələnirdi. – Qələbə, ancaq və ancaq döyüş vaxtı əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır. Nə yaxşı, Nəbibəyov haqqında inişilki raportu yazanda zəndim məni aldatmayıb… Elə biri Baş Qərargah rəisi onda, dolayısı da olsa, mənə işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir. Amma çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir...
– Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu say¬maz. İkincisi də, döyüş vaxtı özü zorla yeriyən komandirin əsgərləri yerindən qalxana kimi düşmən onları haqlayıb məhv edər, – cavabını vermişdi nazir Mehmandarov.
Mehmandarov Milli Orduda hərbiyyə naziri vəzifəsində xidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtəraqlı geyimin o qədər də aludəsi olmayan nazir bu dəfə akselbant və venzili1 də taxmışdı. Yaxasında isə bircə orden var¬dı: Cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” ordeni. O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş əməliyyatı planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif olunmuşdu.


Qəhrəman alay

Avtomobilin şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı gəlirdi. Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri ta¬nıyıb “urra” deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komandası verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər. Bəhram bəy sıra qabağında vü¬qarla dayanıb ahəngdar səslə komanda verdi:
– Alay, sağa – dön! Düzlən, düzlən, deyirəm, arxada səs var…
Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı. Maşından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general-mayor Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov. Nazirin iti qartal baxışları nizami qaydada düzülən əsgərlərə zillənmişdi.
– Cənab hərbiyyə naziri, tam artilleriya generalı, Sizin gəlişiniz münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov.
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:
– Azad, mənim Vətənimin qəhrəman əsgərləri, – deyib bir neçə addım irəli yeridi, Bəhram bəyin əlini sıxdı: – Mərhəba, alayına da, özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftixarla söylənir. Komandanınız general Həbib bəy Səlimov da buradadır. Əmr edirəm! Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə göstərdiyi igidliyə görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir…
Batareya üç dəfə “urra, urra, urra” deyə komandirini alqışladı.
Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalxdı.
– Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları!
Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qarabağ dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan xalqına xidmət edirik!” – cavabını verdilər. Hərbiyyə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.
– Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıxanda öz-özlüyümdə belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü Artilleriya batare¬yası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi üçünə keçən gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan, Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, öz silahdaşlarımızın qanını yerdə qoymadınız.
Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə oldum. Fəqət, sizin qədər qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun siz və sizə döşlərindən süd verən analara!
Əsgərlər sevimli komandanlarını “yaşasın Azərbaycan!” sözlərilə alqışladılar.
Ürəyini boşaldan nazir xeyli sakitləşdi. Yaşının çox olmasına baxmayaraq o, özünü rahat və gümrah hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaşır, həmsöhbət olur və hal-əhval tuturdu. Mehmandarov cavan, sir-sifətdən göyçək zabiti göstərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qabağa çıxıb dedi:
– Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü olaraq Sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir, tariximiz də birdir. Azərbaycan həm sizin, həm də bizim vətəndir.
– İsminiz nədir? – nazir maraqla soruşdu.
– Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha doğrusu, şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.
General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi:
– Cənab nazir, yarbay əfəndi yaxşı şərqilər qoşur. Döyüşlərarası fasilədə əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraq¬lı söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları əzbərlədir.
Nazir səmimiyyətlə:
– Afərin, – dedi, – bu da gərəkdir. Çox gərəkdir. Yüzillik rus hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq la¬zımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta, Avropa və Asiyaya öz tələblərimizi diktə etmişik... Xalq özünün ümumdünya tarixinin səhifələrində yazılmış şanlı, mübariz keç¬mişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam milli hissləri oyatmalısan. Cənab yarbay, evlisinizmi?
– Xeyr, hələ subayam.
– Nə oldu, briqada komandanı Həbib bəy subay, diviziya komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də subay… Canım, atın bu subaylığın daşını...
İsmayıl Həqqi əfəndi:
– Möhtərəm paşam, – dedi, – məstəvsiz gavurların axırına çı¬xaq, sonrasına…
Nazir general Həbib bəydən soruşdu:
– Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
– Xeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, kimə görədir? O, Bəhram bəyin çox yaxın dostudur.
– Çox əla, çox pakizə, – deyib nazir dübarə sorğu-suala başladı:
– Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıxmırsınız ki?
– Xeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum. Dərbənddə, Teymurxan-Şurada, Axtıda, hətta İmam Şamilin köyünə də getdim. Amma oralarda bənd almadım. Çünki oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq bolşeviklər yabançı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
Nazir soruşdu:
– Şarkılarından birini oxuyarmısan?
– Baş üstə, icazə verin... Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq.
Biz əsgəriz – azəriyiz
Aləmdə ürfanlıyız.
Uca Qafqaz vətənimiz,
Qan axıdar məcfərimiz,
Pək şanlıyız!
Ata-ana əkbərimiz,
Allah, Allah rəhbərimiz,
Yaşa, yaşa sərdarımız,
Qan axıdar xəncərimiz
Pək şanlıyız!
Düşmənləri qəhr ediriz,
Ordusunu məhv ediriz,
Aslan kibi cəng edəriz,
Biz bir tabur aslanlarız.
Mərdanlarız!


Şəmistan Nəzirli
araşdırmaçı

Bu xəbər oxundu
- - -