Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dilimizin tarixi xalqımızın tarixi kimi minilliklərlə ölçülür

08.08.17, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan ərazisində dünyada məlum olan ən qədim insan mədəniyyəti izləri


2-ci yazı

Planetimizdə maksimum buzlaşma Orta pleystosenin ikinci yarısında baş verib. Bu vaxt buzlaqların ümumi sahəsi indikindən üç dəfə çox olub. Materik buzlaqları Şərqi Avropa düzənliyindən cənuba 48 dərəcə 30 dəqiqə, ABŞ-da isə 37 dərəcə şimal enliklərindən gəlirdi. Avropada orta illik temperatur 6-8 selsi dərəcə azalmışdı. Çoxillik donuşluq çöküntülərinin inkişaf sahəsi Fransanın cənubunadək artmışdı. Afrikanın ekvator his¬sə¬sindəki buzlaqlar Keniya və Kilimancaro vulkanlarının yamaclarından aşağılara enirdi.
Nəhəng buzlaşmanın bitki və heyvanat aləminə böyük təsiri olub. O zaman Şərqi Avropada buzlaşma sərhədindən cənubda ilk dəfə müşk öküzü, şimal maralı, ağ kəklik, ala siçan, tülkü, kərkədan və mamont kimi soyuqsevən heyvanlar meydana gəlmişdi. Qafqaz, Alp, Karpat və Piriney dağlarından heyvanlar dərələrə enirdi. Krımda ağ kəklik, ağ tülkü, ağ dovşan, şimal maralı, qütb torağayı ortaya çıxmışdı. Bunların qalıqları Turan ərazisində (Qərbi Avropadan Çinə qədər) qazıntılar zamanı tapılıb.
Antropogen dövründə Yer qabığında güclü tektonik hərəkətlər baş verirdi. Bu hərəkətlər Avrasiyanın Alp qırışıqlığı zonalarında, Sakit okean ətrafındakı cavan struktur qırışıqlarında, Mərkəzi Asiyada və Turanın Asiya hissəsindəki dağ sistemlərində (Tyanşan, Altay, Sayan və s.) xüsusilə güclü olub. Antropogen dövründə Alp qırışıqlığı və yeni qırılma zonalarında güclü vulkan püskürmələri olub. Turan ərazisində antropogen dövrü vulkanlarının əsas təzahür sahələri Qafqaz, Tuva, Şərqi Sayan, Baykalyanı və Uzaq Şərq idi.
Alt Pleystosendə Qara dənizin yerində Çauda, Orta Pleystosenin əvvəllərində Qədim Evksin hövzəsi, Üst Pleystosenin ortalarında Qara dəniz reqressiya edib, onun sonlarında burada yeni Evksin hövzəsi, Holosendə isə Qara dəniz hövzəsi əmələ gəlib. Antropogen dövründə Qara dəniz dəfələrlə Manıç çökəkliyi vasitəsilə Xəzərlə birləşmişdi. Xəzərin ətraf düzənliklərlə bir neçə transqressiyası olub. Bakı transqressiyası (Alt Pleystosen) şimalda Elton gölünə çataraq, indiki Kür-Araz düzənliyinin xeyli hissəsini və Türkmənistanın cənub-qərbini əhatə etmişdi. Orta Pleystosendə də Xəzər transqressiyası baş vermişdi.
Azərbaycan ərazisində antropogen çöküntüləri Samur və Astara çayları arasındakı bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur. Bu çöküntülər Türkan layları, Bakı Horizontu, Mingəçevir layları (Alt Pleystosen), Xəzər Horizontu (Orta Pleystosen) və yeni Xəzər Horizontuna (Holosen) bölünür. Rus alimlərindən Q. Tolstov, A.Moskvitin, K.Markov və Azərbaycan alimi B.Vəkilovun əsərlərindən belə məlum olur ki, Aralıq dənizi hövzəsi, Şimali Afrika, Cənubi Avropa, Ön Asiya, Qafqaz, eləcə də Azərbaycan ərazisinin geniş bir hissəsi ilkin antropogenez zonasına daxil olub. Məlum olduğu kimi, insanın əmələ gəlməsi, yəni antropogenez antropogen dövrü ilə əlaqədardır və bu baxımdan yuxarıda adı çəkilən ərazilər insanların yer üzündəki ilk məskənləri sayılır.
***
Fikir mübadiləsi və onların sonrakı nəsillərə milli mədəniyyət və ədəbiyyat (şifahi və yazılı) formasında ötürülməsində baş¬lıca və əvəzolunmaz vasitə olan dil, idrak və düşüncə ilə birbaşa bağlıdır. "İdrak" və "düşüncə" terminləri çox zaman sinonim mənalarda işlənir və bu terminlərlə insanın ruhi aləmi, hal və fəaliyyəti bildirilir. Bir sözlə, bu halda şüurdan söz gedir.
Şüur obyektiv gerçəkliyin əksidir və insanın əsəb-beyin sistemi ilə bilavasitə bağlıdır. Yalnız şüurlu varlıqlar təfəkkürə sahib olurlar. Şüur, insanın psixi fəaliyyətinin cəmini (intellekt, hiss və iradə) özündə birləşdirməklə, insanın nəzəri və praktik fəaliyyətinin nəticəsidir. Fərdi şüurdan başqa ictimai şüur da mövcuddur ki, onu çox zaman "dünyagörüşü", "ideologiya", "etnik özünüdərk" və s. bu kimi terminlərlə də adlandırırlar.
Təfəkkür özünü 3 şəkildə: obrazlı, texniki və məntiqi formalarda göstərir və bu baxımdan təfəkkürün ifadəçisi olan dil eyni zamanda hər üç formanı ifadə etmək qüdrətində olan bir vasitədir. Heyvanlar üzərində aparılan müşahidələr onların heç birində ən primitiv şüur əlamətlərini belə üzə çıxara bilməyib. Heyvanlardan fərqli olaraq, ən qədim insanlar (arxeantroplar) şüura sahib olublar. Şüura sahib olduqları üçün də əmək alətləri hazırlaya biliblər. Onların bu bacarığı (deməli, həm də şüurlu olmaları) çoxsaylı arxeoloji qazıntılarla sübuta yetirilib. Madam ki, antropogen dövrü insanları təfəkkürə sahib idilər, dil və təfəkkür bir-biri ilə qırılmaz surətdə bağlıdır, deməli, yer üzündə peyda olan ilk insanlar həm şüura, həm də onun ifadə vasitəsi olan dilə sahib idilər.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi İtaliyanın ərazisi ilə birlikdə ilkin antropogen zonasına düşür və antropogenez zonasına aiddir. Odur ki, Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş qədim Daş dövrü mədəniyyətinin nümunələri əsasında fikrimizi əsaslandırmağa çalışaq.
Belə hesab edilir ki, Azərbaycan ərazisində ibtidai icma quruluşunun təşəkkülü Daş dövrünün (Paleolit) ən qədim mərhələlərindən başlayıb, uzun və mürəkkəb inkişaf yolu keçib və Üst Paleolitə keçid dövründə başa çatıb. Deməli, artıq Son Paleolit dövründə bu ərazidə ibtidai cəmiyyət var idi. İbtidai cəmiyyətin varlığı isə ünsiyyətsiz, başqa sözlə, onun ən başlıca vasitəsi olan dilsiz mümkün ola bilməzdi. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində ən azı Son Paleolit dövründə dil təşəkkül tapmışdı.
Azərbaycanda Azıx, Tağlar (Qarabağ), Zar (Kəlbəcər), Qazma (Haxçıvan), Daşsalahlı və Aveydağ (Qazax) kimi mağara düşərgələri və Qədirdərə, Çaxmaqlı, Kəkilli (Qazax) kimi açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarla qədim daş dövrü insanlarının təşəkkülü və inkişafı, ibtidai icmanın yaranması, ilkin əmək alətlərinin formalaşması, ibtidai məşğuliyyət sahələri və s. haqqında məlumat əldə olunub. Tədqiqatlar nəticəsində Azərbaycan ərazisində dünyada hələlik məlum olan ən qədim insan mədəniyyəti izlərindən biri öyrənilib. Bu, abidənin ilkin tapıldığı yerin adı ilə "Quruçay mədəniyyəti" adlanır. Həmin mədəniyyəti arxeoloqlar üç mərhələyə bölür:
1. Paleolitin Aşölə qədərki ilk təşəkkül dövrü;
2. Erkən və Orta Aşöl dövrü;
3. Son Aşöl və Mustye dövrü.
1,5 milyon ildən artıq yaşı olduğu düşünülən Quruçay mədəniyyəti insanları əvvəl Quruçay hövzəsində açıq düşərgədə yaşayıb, sonralar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçüblər. Belə hesab olunur ki, bu köç təqribən 1-1,2 milyon il bundan öncə baş verib. Quruçay mədəniyyətinin ilkin dövrünə aid əmək alətləri adi çay daşından, çox kobud şəkildə hazırlanıb. İnsanın ilkin vərdişlərinin məhsulu olan bu alətlər qeyri-adi ölçüsü və çəkisi ilə (4-5 kq) fərqlənirdi. Azıx mağarasının alt təbəqələrində kobud daş alətlərlə yanaşı, daşlaşmış heyvan sümükləri də tapılıb. Bəzi sümüklər itiağızlı alətlər ilə çapılıb sındırılmışdı. Sümük qalıqları Quruçay mədəniyyətinin ilk pilləsinin heyvanat aləmi və o dövrün ovçuluq sənəti barədə müəyyən təsəvvür yaradır. Bu dövrdə ovçuluq çox bəsit olub, əsasən xırda heyvanlar, iri heyvan balaları, eləcə də kirpi, tısbağa və s. ilə sınırlı qalıb. Çox güman ki, insanlar artıq təbii oddan da istifadə edə biliblər. İbtidai ovçuluqla yanaşı, giləmeyvə yığmaq vərdişi də təşəkkül tapıb.
Bütün bunlar Quruçay mədəniyyəti adamlarının və Azıxantropun (Azıx mağarası insanı) hələ ən azı 1 milyon il bundan öncə ibtidai şüura malik olduğunu sübut edir. Madam ki, 1 milyon il əvvəlki dövrdə şüurun varlığı heç bir şübhə oyatmır, onun ifadə vasitəsi olan dilin də o dövrdə mövcud olduğu heç bir şübhə oyatmamalıdır.
Dilin yaranması haqqında müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur. Bunlardan bir qismi dilin təşəkkülünü insan orqanizminin – duyğu üzvlərinin, danışıq aparatı və beynin bioloji təkamülü ilə bağlayırlar ki, belə nəzəriyyələrə bioloji nəzəriyyə deyilir. Həmin materialist nəzəriyyəyə görə dil, guya meymunun insana "çevrildiyi" dövrdə, yəni insani orqanların formalaşdığı dövrdə ortaya çıxıb. Sözügedən nəzəriyyənin əsasında "meymun-əcdad"ın təkamülü haqqında sübut olunmamış ideyalar durduğundan bu nəzəriyyədən yan keçmək daha doğru olar.
Dilin yaranması və ilkin vəziyyəti barədə maraqlı nəzəriyyələrdən biri səstəlqini nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, dilin təşəkkülü eşitmə orqanlarının təkamülü ilə bağlı olub və guya dil heyvan səslərinin təlqin edilməsi ilə yaranıb. Bir çox dillərdə, eləcə də ana dilimizdə bəzi heyvan, quş və həşərat adlarının gerçəkdən də həmin heyvanların çıxardıqları səslərlə bağlı olması faktı həmin nəzəriyyəni maraqlı edir.
Məsələn, dilimizdəki "qurbağa" termini qurbağanın çıxartdığı səsin təlqini ilə yaranıb:
QUR- QUR -QURBAĞA.
Eyni sözləri qarğanın çıxartdığı səslərin təlqini ilə yaranmış "qarğa" termini barədə də söyləmək olar:
QAR-QAR -QARĞA.
Ququ quşunun adının da onun çıxartdığı səsdən törədiyini söyləyə bilərik:
QU-QU -QUQU QUŞU
Qazın çıxartdığı səsdən də bu quşun adı törəyib:
QA - QAZ
Anadolu türkcəsində cücəyə "cipcip" deyilir və bu ad onların çıxartdıqları səsin təlqini ilə yaranıb. Bu tip sözlər obyektiv aləmdə mövcud olan səsləri təqlid etmək yolu ilə düzəlir. Həmin səslər insanların çıxardıqları reflektor səsləri, heyvan və quş səslərini, təbiət hadisələrinin səslərini, cansız əşyaların səs¬lərini təqlid edən sözlərdir. Onlar xüsusi leksik- qrammatik kateqoriya kimi ayrıca nitq hissəsi hesab olunur.
İ. A.Əmirbəyov Azərbaycan və fransız dillərində səstəqlidi sözləri müqayisəli tipoloji aspektdə tədqiq edərək, səsin mənbəyini əsas götürməklə səstəqlidi sözləri aşağıdakı kimi qruplaşdırıb: 1) insanla bağlı səstəqlidi sözlər; 2) quşlarla bağlı səstəqlidi sözlər; 3) heyvanlarla bağlı səstəqlidi sözlər; 4) həşəratla bağlı səstəqlidi sözlər. F.B.Abdullayeva isə ingilis və Azərbaycan dillərində səstəqlidi sözlərin sturuktur semantik xüsusiyyətlərini araşdırmaqla fərqli təsnif təklif edib: a) zərbələri təqlid edən səstəqlidi sözlər; b) qeyri-zərbəni bildirən tonlu səsləri təqlid edən sözlər; c) təmiz küydən ibarət qeyri-zərbəni təqlid edən sözlər; ç) vızıltını təqlid edən səstəqlidi sözlər; d) dissonans, yəni qeyri-ahəngdar səslər kimi qəbul olunan silsilə zərbələri təqlid edən sözlər; e) qeyri-ani baş verən səslərlə ani səslərin birləşməsindən ibarət mürəkkəb səsləri təqlid edən sözlər; ə) təbiətdə dissonans, yalançı zərbələr,qeyri-zərbələrdən ibarət mürəkkəb səslərin təqlidi nəticəsində yaranmış sözlər.
Maraqlıdır ki, Azərbaycan folklorunda, xüsusən də tapmacalarda səstəqlidi sözlərdən geniş istifadə olunub. Elnaz Əliyeva “Azərbaycan və ingilis dili tapmacalarında səstəqlidi sözlər haqqında” adlı məqaləsində yazır ki, Azərbaycan tapmacalarında daha çox quşlarla bağlı yaranmış səstəqlidi sözlər diqqəti cəlb edir:
“Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar (Bulud, göy gurultusu).
Burada “qaqqıldamaq” toyuqların çıxartdığı səsin imitasiyasıdır, “şaqqıldamaq” artıq quşlara aid deyil, qanadın və ya hər hansı digər predmetin hərəkətdə olduğu vaxt çıxardığı səsin təqlididir.
Körpü altda saz gedər,
Qaqqıldayar, qaz gedər (Sel, su).
Sağsağan səkər,
Quyruğun bükər,
Qaz qaqqıldar,
Yumurta tökər (Dolu).
Qaq-qaq qalası var bunun,
Yumurtdamaz, qaqqıldamaz,
Uçar, balası var bunun (Kəpənək).
Əl-ələşə qarğalar,
Dal ayaqda qarıldar (At ayağına vurulan buxov).
Qara toyuq qaq elədi,
Qanadları taqq elədi (Qapı).
Bir quşum var,
Züy-züyüdü,
Gecə uçar,
Gündüz yatar (Yarasa).


Bəxtiyar Tuncay

Bu xəbər oxundu
- - -