Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İyirminci ildə Qarabağ döyüşləri

09.08.17, 8:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

(Sənədli povest)

Düşmən təslim olmayanda

3-cü yazı


Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azdan ev qiyafəsində qayıdıb:
– Qafqazda, hər yer gözəldir! – dedi. – Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da, ruhən həmişə qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada olanda da həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyi – nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – Üzünü qubernator Xosrov bəyə tutub: – Sənə qibtə eləyirəm, – dedi, – qardaşım! Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşduq…
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy diz çökdürmüş və onları silah gücünə Azərbaycan hökumətini tanımağa məcbur etmişdi. Hətta Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhvali-ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyyə naziri Xosrov bəyi geri çağıracaq. Bu şayiələri kəsmək üçün Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetində (24 iyun 1919-cu il) yazırdı:
“Həqiqətən Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi, sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yor¬ğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
– Altmış dörd yaşım var, – deyirdi general, – xoşbəxtəm ki, ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Sonra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən danışıram... Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əsgərandan qayıdanda Həbib bəydən soruşdum ki, Dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy eşidirik səni.
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu.
Nazir:
– Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi:
– Daşbaşı yüksəkliyi uğrunda döyüşlərdə artilleriyanı susdu¬ran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxarmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy deyir tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki düşmən qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək olmur, az qala, ürəyim partlayırdı. Nəhayət, dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəşfiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə keçdi. Bax, indi vaxtdır, – deyib Bəhram bəy var səs ilə komanda verdi: “İrəli, mənim tərlanlarım, irəli anamız Azərbaycan uğrunda!”
Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-altı nəfərlə sağ qalmış Dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir maraqlandı:
– Necə, danışırdılar. Yəqin ki, rusca?..
– Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi erməni generalı.
Nazir cəld bir hərəkətlə başını qaldırıb:
– Axı nə deyirdin, Bəhram bəy, sən ona?..
– Kutaisi realni məktəbində oxuyanda onların dilini öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqla¬ra da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm. Gördüm ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən danışıb, səni satın almışam. Səni özününkülər satıb. Təslim olmalısan…
General Həbib bəy Səlimov:
– Cənab nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
– Dayan, dayan, – dedi Həbib bəy, – qoy özü danışsın.
Bəhram bəy davam elədi:
– Dedim, təslim olmursansa, onda belə çıxır ki, müsəlman əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
– Gözəl demisən, əhsən sənə. Bax, görürsünüzmü peşəkar hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı gene¬ral olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu?
Bəhram bəy:
– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir də Qarabağda görünsəm, atama lənət. Uşaq aldadır... Gəldim Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab verdi: susdurun!
Biz də tapşırığa əməl elədik.
Səməd bəy Mehmandarov:
– Düz eləmisiniz, – dedi. – Düşmən təslim olmadıqda onu məhv edərlər.

General Səməd bəy narahatdır…

Qapı astadan döyüldü. Səməd bəy “buyurun” deyənə kimi, qapıya yaxın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda mehriban üzlü, qıvraq geyimli bir gənc zabit “çay hazırdır, icazə verin gətirim” – deyib əli podnoslu içəri keçdi. Divara söykədilmiş çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı. Səməd bəy mütəkkəni kənara qoyub, çarpayıda oturdu. Çay gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını cütləyib onun ayaqlarının yanına qoydu. Səməd bəy mehribanlıqla zirək zabitə baxıb üzərində “afərin” dedi. Üzü pörtmüş gənc zabit stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstünə qalın dəsmal sərdi. Ayaqlarını cütləyib, yaraşıqlı vücudunu şax tutdu. “İcazə verin, mürəxxəs olum”. Nazir hələ də xoş təbəssümlə onun hərəkətlərini izləyirdi.
General Həbib bəy:
– Azadsan, – dedi, – amma uzaq getmə…
Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli geyimini və əsl zabit yaraşığını təriflədi.
– Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan hərbiçi olmaz. Buyursun baxsın, belə yaraşıqlı zabiti rus ordusun¬da çıraqla da axtarsan tapmazsan. İlyarımlıq fəaliyyəti dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi üç yüz il yaşı olsaydı, gör nələrə qadir olardıq.
O, dərindən köks ötürdü:
– Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun yeritmək həsrətilə minbir oyundan çıxırlar. Dağıstanda, Şimali Qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdu¬lar. Bu bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.
– Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola bilərmi? – qubernator Xosrov bəy Sultanov çəp gözlərlə Səməd bəyə baxıb soruşdu.
– Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular... Denikinin işi bitdi. – Üzündə təbəssüm yox olan nazir Səməd bəy sonra nifrət hissiylə əlavə elədi:
– Bolşeviklər elə toxumdur ki, onlar hara yerisələr, yüz il orda ot bitməz. Bu saat Volqa bo¬yunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını da belə bir tale gözləyir.
– Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağqvardiyaçı Denikinlə birləşmək istədik, baş tutmadı, – deyə polkovnik Bəhram bəy Nəbibəyov söhbətə qoşuldu. – Gec-tez bolşeviklərlə əlbir olub, Azərbaycan adlı müstəqil respublikaya divan tutacağıq. Keşişkənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin çoxusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Levestamın əsir götürdüyü ermənilər də bu barədə çox sayaqladılar.
Səməd bəy Mehmandarov:
– Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman bolşevikləri arasında güclü təbliğat aparıb. Azərbaycan milli hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi yaratmağa çalışırlar. Bu gün də içimizdən təmizləyə bilmədiyimiz agent və şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda Baş Qərargahda çalışan – adını çəkmək istəmirəm – bir nəfərin zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları – hamısı bizim əleyhimizə işləyib. Görünür, bizim əks-kəşfiyyat və daxili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər… Mənim aldığım məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat apa¬rır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, siz nə Azərbaycansınız, nə də Gürcüstan. Siz İran, Türkiyə və Azərbaycan kimi müsəlman ölkələri arasında boğulursunuz. Biz sizə Türkiyə və Azərbaycandan torpaq qopartmaqla ərazinizi böyüdüb tam dövlət müstəqilliyinizə zəmanət veririk. Görürsünüzmü, bolşeviklər özlərinin ikiüzlü, xəbis siyasətlərilə Şimali Qafqazı və Dağıstan dağlılarını fəth edib, indi də murdar əllərini bizə – cənuba tərəf uzadırlar.
General Həbib bəy Səlimov ikrah hissi ilə:
– Rusların bu ikiüzlü siyasəti bizi təngə gətirib, – dedi. – Siz ötən həftə Gəncədə olanda, müavininiz general Əli ağa Şıxlinskiyə ermənilərin Qarabağdan qovub çıxartmaqla arxayınlaş¬mamaq barəsində bir məlumat göndərmişdim. Yəqin ki, Sizə çatdırıb. Şuşa və Xankəndi Cavanşir alayının, Quba alayının, bir də Tatar süvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da sayını çoxaltmalıyıq. Çünki əsir alınan ermənilər desə də, deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zənnimcə, onlar mütləq bolşeviklərlə birləşib, məhz Qarabağa hücum edəcəklər.
Yorğun və əsəbi Səməd bəy Mehmandarov:
– Məncə, – dedi, – hələlik Şəki və Ərəş alaylarını da burda saxlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazaxa göndərin. Ordan da həyəcanlı xəbərlər gəlir. Əmir xan Xoyskinin məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər hücuma hazırlaşırlar.



Şəmistan Nəzirli
araşdırmaçı

Bu xəbər oxundu
- - -