Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dilimizin tarixi xalqımızın tarixi kimi minilliklərlə ölçülür

09.08.17, 8:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı


Göründüyü kimi, qarğaların çıxardığı səs qarıldamağa bənzədiyi üçün toyuqların,qazların çıxardığı səsdən fərqlidir (“qaq”, “qaqqıldamaq”). “Qarğa” sözünü “qarr”, “qarıldamaq”, “qaz” sözünü isə “qa”, “qaq”, “qarıldamaq”la birbaşa əlaqəli olması, ondan törəməsi ehtimal oluna bilər. Nümunə kimi göstərilən tapmacalarda qanadların çıxardığı səs fərqlidir: “qanadları şaqqıldadı”, “qanadları taqq elədi”.
“Taqq” səstəqlidi sözünə müvafiq olaraq, “ şaqqıldamaq” felinin də “şaqq” variantı var:
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi (Pambıq).
Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar,
Uçsa ildırım çaxar,
Dumanı dağa qalxar (Tüfəng).
Qara toyuq qaqqıldadı,
Qanadları şaqqıldadı (Paravoz).
Eyni ehtimalla “qurbağa” sözünün də “qur-qur”, “quruldamaq” feli ilə əlaqəsi hiss olunur:
Başında papaq,
Əlində cida,
Qur-qur quruldayar,
Nə əsgər deyil,
Nə qurbağa (Sulu qəlyan).
Tapmacalarda müəyyən zərbə, toxunma, tökülmə, dağılma proseslərinin nəticəsində yaranan səslərin təqlidi ilə yaranan sözlər də geniş müşahidə olunur:
Alçacıq quyu,
Dambıldar suyu (Damcı).
Dam dambıldar,
Su gombuldar (şappıldar),
Heyva çalar,
Nar oynuyar (Göy gurultusu, dolu).
İşım-işım işıldar,
Yarpaq kimi xışıldar (Qar).
Nə əli var, nə ayağı,
Dağıdar dəli sayağı
Şıqqaşırıq açar qapı (Yel).
Taqqır-tuqqur ləzgilər,
Bizə qonaq gəldilər.
Qoyun keçi yunundan,
Evə palaz sərdilər (Keçə).
Bu tapmacada “taqqur-tuqqur” at ayağın səsinin təqlididir. Çox güman ki, qonaqların atla gəlişinə işarədir.
Bağlarda tappıldar,
Meşədə şaqqıldar (Balta).
Tapmacalarda suyun səsi müxtəlif cür imitasiya olunur: “pıqqıldamaq”, “şırıldamaq”, “gombuldamaq”, “sappıldamaq” və s.
Dam dambıldar,
Su gombuldar (şappıldar),
Heyva çalar,
Nar oynuyar (Göy gurultusu, dolu).
Balaca quyu,
Pıqqıldar suyu (Samovar).
Şappur-şuppur çay keçdim,
Şapırına batmadım.
Qırmızdan don geydim,
Nişanəsin tapmadım (Yuxu).
Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən oynaşar (Dəyirman).
Dağda tappıldar,
Suda şappıldar,
Obada fərman,
Kənddə Süleyman (Balta, balıq,at, xoruz).
Çox güman ki, burada suyun axma şəraiti, vəziyyəti, intensivliyi mühüm rol oynayır. Müxtəlif situasiyalarda axan suyun çıxardığı səs müxtəlif olur.
Adətən, “vız-vız”, “vızıltı” milçəklərə, ağcaqanadlara xas səstəqlidi leksik vahid hesab olunur. Tapmacalarda bəzən quş uçuşu da “vızıltı” ilə əlaqələndirilir:
Vızhavızla uçan quşum,
Çiçək üstə qaçan quşum,
Öz-özünə xəlbir toxur,
İçərisi şərbət qoxur (Arı pətəyi və bal).
Tapmacalarda müxtəlif səsləri ifadə edən səstəqlidi sözlər də geniş müşahidə olunur. Səstəqlidi sözlər bəzən qafiyə məqsədi ilə də işlənir:
Qağdan gəlir danqıra,
Quyruğu zildən qara,
Yerişi tapur-tupur,
Dırnağı səksən para (Nəvə).
Bir belə bəsti,
Dəstəsi yastı
Balış lanqıcı,
Ağzı fış-fışı (Bulud)”.
Səstəlqini nəzəriyyəsi dilimizdəki bəzi zoologizmlərin mənşəyini düzgün izah etsə də, ümumilikdə dilin mənşəyini bu nəzəriyyə əsasında izah etmək doğru deyil, məntiqdən uzaqdır.
Dilin yaranması haqqında mövcud olan çoxsaylı nəzəriyyələrdən biri də "refleksiv" nəzəriyyədir ki, bu nəzəriyyənin tərəfdarları dilin təşəkkülünün insanın keçirdiyi hisslərlə bağlı olduğunu irəli sürürlər. Doğrudan da bu gün demək olar ki, bütün dillərdə "a", "e", "ah", "of", "ox", "ay" və s. kimi emosional-səsli ifadə vahidləri işlənməkdədir. İlk baxışdan belə hesab etmək olar ki, bu vahidlərdən heç biri heç bir zaman heç bir dildə müəyyən semantik yükə malik müstəqil leksik vahid kimi çıxış etməyib. Odur ki, sözügedən hissəcikləri şifahi nitqin ilk kərpiccikləri kimi qəbul etmək doğru görünməməkdədir. Bir də ki, həmin hissəciklər yalnız və yalnız hissi informasiyanın daşıyıcısı kimi çıxış edir və fikri informasiyanı ifadə etmir. Bu üzdən də kommunikativ funksiya daşısalar da, heç bir ekspressiv və akkumlyativ rola malik deyillər. Elə bu səbəbdən də belə hesab etmək olar ki, "refleksiv" nəzəriyyənin heç bir elmi əsası yoxdur. Lakin belə düşünmək yanlış olardı.
Bu gün təəccüb hissini bildirərkən qeyri-ixtiyari ifadə etdiyimiz "a:" komponenti vaxtilə türk dilində müstəqil leksik vahid kimi işlənib və hazırda dilimizə ərəbcədən keçmiş "təəccüb" kəlməsinin daşıdığı semantik yükü daşıyıb: "Ol meni a: qıldı" ("O məni təəccübləndirdi". M. Kaşğarlı "Divan"ı, 32-6). Digər bir emosional – səsli ifadə vahidinin (ox-ay) də bir Azərbaycan nağılında (Oxayın nağılı) müəyyən semantik yüklü leksik vahid kimi çıxış etdiyini görməkdəyik. Bu faktlar sözügedən nəzəriyyə¬nin faktoloji əsasa malik olduğunu göstərməklə, türk dilinin də ən qədim laylarını üzə çıxartmağa kömək etməkdə, dilimizin ən qədim leksik vahidləri yaşatmaq qüdrətində olduğunu sübut etməkdədir. Eyni zamanda dilimizin nostratik dil ünsürlərini daha yaxşı qorumuş olduğunu ehtimal etmək üçün əsas verməkdədir. Bir qədər sonra haqqında söhbət açacağımız çoxsaylı faktlar bu ehtimalın həqiqət olduğunu büstbütün sübut edəcək.
Görkəmli dilçi Vundt belə hesab edirdi ki, dil ilk öncə iki istiqamətdə – jest dili (əllərin və mimikanın hərəkəti) və səsli dil (dil və dodaqların hərəkəti) istiqamətlərində inkişaf etmiş, ibtidai insanlar səslərlə hissləri, jestlərlə isə haqqında söhbət açılan əşyaları bildirməyə çalışırdılar. Vundt ilkin jestləri üç yerə bölüb:
1. İşarəvi jestlər (məsələn, bu və ya digər əşyaya barmaqla işarə etmək);
2. Təsviri jestlər (məsələn, əllə dairəvi hərəkət);
3. Simvolik jestlər (məsələn, barmağın dodaqlara söykənilməsi).
Bu nəzəriyyəyə görə, dilin təkamülü prosesində səsli dil tədricən təkmilləşmiş, jestlərin dili isə əvvəlki əhəmiyyətini itirərək yardımçı rol oynamağa başlayıb. Şübhəsiz ki, bu fikirlərdə məntiq var. Lakin həmin fikri aşağıdakı kimi ifadə etmək daha doğru olardı; ilkin çağda jestlər əşyaların vizual, səslər isə qeyri-vizual xarakterini açıqlamağa xidmət edib və bu zaman daha çox işarəvi informasiya ötürülüb. Aydın məsələdir ki, qeyri-vizual informasiya abstrakt xarakter daşıdığı üçün bu dövrdə səslərlə konkret fikirlərdən daha çox hisslər ifadə olunub, müxtəlif hissləri, yəni abstrakt anlayışları bir-birindən fərqləndirmək üçün səslərin müxtəlif yüksəklik və uzunluq tembrlərindən istifadə etmək lazım olub. Bunu isə samit səslərlə gerçəkləşdirmək çox çətin məsələdir və əslində heç mümkün də deyil. Odur ki, məntiq ilk öncə sait səslərin yarandığını deyir.
Sait səslərin (vokalların) samit səslərdən daha əvvəl yaranmış olduğu dilçilik elminin aksiom kimi qəbul etdiyi fikirdir və dilçilər arasında belə bir fikir də hakimdir ki, ilk öncə bir və ya bir neçə sait olub, sonradan danışıq aparatının təkamülü ilə bu saitlərdən digər vokallar da törəyib və tədricən samitlər ortaya çıxıb.
Deməli, Paleolit dövrü insanı bir və ya bir neçə səslə onu əhatə edən yüzlərlə əşyanı ifadə etməyə çalışmış və bu zaman həmin əşyaları bir-birindən fərqləndirmək üçün səsin yüksəklik və uzunluğunu tez-tez dəyişməli olub və bu günkündən çox-çox zəngin olan jestikulyativ arsenaldan istifadə edib.
Fikrimizcə, nostratik dilin ilk kərpici rolunu ifadə etmiş ilkin səs "o" səsi olmuş və ulu əcdadlarımız məhz bu səslə onları əhatə edən bütün əşyaları bildirməyə çalışıb, hər şeyə "o" deyərək, onlara işarə ediblər. Maraqlıdır ki, bugünkü Azərbaycan türkcəsində işarə və şəxs əvəzliyi kimi çıxış edən "o" səsi hər bir şeyi ifadə edə bilir.
Əlbəttə, belə bir uyğunluq təsadüf də ola bilər. Lakin bir sıra faktlar mövcuddur ki, bu halın təsadüf olduğunu tamamilə istisna edir. Məsələ burasındadır ki, "o" işarə əvəzliyinin türk dilinin digər ləhcə və şivələrində "a" və "u" variantları da var. Həmin varintlardan biri, yəni "u" variantı hind-Avropa dil ailəsinə daxil olan fars dilində, digəri, yəni "a" variantı isə yapon dilində də işlənməkdədir. Təkcə bu fakt sözügedən məsələyə ciddi yanaşmağı zəruri və labüd edir.
Yuxarıda deyilənlərdən belə çıxır ki, ən qədim söz "o" olub və bu sözün müxtəlif fonetik variantlarda təkcə müasir türk dilinin müxtəlif ləhcə və şivələrində deyil, hətta başqa-başqa dil ailələrinin ayrı-ayrı dil qruplarına daxil olan qollarında da varlığı nostratik dil nəzəriyyəsi haqqında dərindən düşünmək üçün əməlli-başlı əsas verir.
Qeyd etmək lazımdr ki, “o” şəxs əvəzliyi və “o” işarə əvəzliyi həmişə mübahisə doğuran fikir ayrılığına səbəb olan sözlərdir. Bu sözləri şəxs və ya işarə olduğu haqqında bəzən mübahisələr doğur. «О» sözünün şəxsdən daha çox işarəyə yaxın olduğunu qeyd edən Z.Şahbazovanın fikrincə, “о” əvəzliyi I və II şəxsin təkini və cəmini bildirən əvəzliklərdən fərqli morfoloji və sintaktik xüsusiyyətə malikdir. Bu söz həm canlı, həm cansız əşyanı ifadə edə bilir. Həm də danışıq aktında iştirak edəni, həm iştirak etməyəni göstərir: “Burada şəxs anlayışından daha çox işarə anlayışı irəli keçir. Cəmlənməsinin morfoloji yolla getməsı də onu substantivləşməyə meylli işarəyə yaxınlaşdırır. Lakin dilçilik ədəbiyyatlarında III şəxsi göstərmək üçün “о” əvəzliyi işləkdir. Görünür, əvəzliyin bütün növlərində işarəvilik bildirmək xüsusiyyəti burada da qabarıqdır. Bu qabarıqlıq III şəxsin danışıq ak¬tında iştirak etməsindən asılı olaraq daha güclüdür. Buna görə də semantikasında işarəviliyi şəxs anlamından daha çox olan bu sözü şəxs bildirmək xüsusiyyətində nəzərə al¬maq lazımdır. Bu səbəbdən biz III şəxsi bildirən о sözünü şəxs əvəzliyinin içərisində veririk. Lakin işarəvilik xüsusiyyətinin qabarıqlığını qeyd etməyi lazım bilirik. О şəxs və işarə əvəzliyi kimi omonimdir deyənlərin fikrinə qatılırıq”.
Alim yazır ki, “o” şəxs əvəzliyi işarə əvəzliyindən tamamilə ayrılmayıb və şəxs əvəzliyi içərisində tam diferensiyallaşmayıb. Üçüncü şəxsin təkini bildirən “о” şəxs əvəziiyi ilə о işarə əvəzliyi omonimlik təşkil edir. Bu əvəzliklər semantik cəhətdən bir-birindən fərqlənir. “О” şəxs anlayışı bildirdikdə şəxs əvəzliyi, əşyaya işarə etdikdə isə işarə əvəzliyi kimi çıxış edir.
“О” şəxs əvəzliyi substantiv, о işarə əvəzliyi isə atributiv xarakterə malikdir. Bu əvəzliklə bəzən danışıqda iştirak edən, bəzən isə iştirak etməyən şəxs göstərilə bilər. Bəzən danışan şəxs üçüncü şəxsi göstərmək üçün müxtəlif işarələrdən istifadə edə bilər. Bu isə üçüncü şəxs əvəzliyinin işarə əvəzliyindən törədiyini qeyd edən müəlliflərə müəyyən dərəcədə haqq qazandırır. Bəzi hallarda eyni cümlə daxilində üçüncü şəxsi bildirən söz də, həmin adı əvəz edən о şəxs əvəzliyi də işlədilir. Məsələn: Üçüncü şəxsin təkini bildirən əvəzlik hallanarkən birinci və ikinci şəxs əvəzliyindən fərqlənir. Adlıq haldan sonra gələn hallarda əvəzliklə hal şəkilçisinin arasmda «n» samiti işlənir.
Beləliklə, artıq qeyd etdiyimiz kimi, nostratik dilin ilk kərpici rolunu ifadə etmiş ilkin səs "o" səsi olub və ulu əcdadlarımız məhz bu səslə onları əhatə edən bütün əşyaları bildirməyə çalışıb, hər şeyə "o" deyərək, onlara işarə ediblər.

Bəxtiyar Tuncay

Bu xəbər oxundu
- - -