Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır”

11.08.17, 9:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Babaoğlu: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb”


“Ermənistanın işğalı hələ də davam edir”. Bunu Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialom (Alternatives-Economiques, Fransa) deyib.
Ekspert bildirib ki, Azərbaycanın 25 ildən artıqdır Ermənistan tərəfindən işğal edilmiş bu torpağı 1991-ci ildən zaman-zaman alovlanan münaqişənin mərkəzinə çevrilib. Bu münaqişə on minlərlə insanın ölümünə, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. 2016-cı ilin aprelində baş vermiş “Dördgünlük müharibə” təqribən 200 nəfərin ölümünə səbəb olub. Sonuncu belə hadisə isə bu il iyulun 4-də baş verib. İki mülki şəxs – 2 yaşlı qızcığaz və nənəsi erməni silahlı qüvvələrinin qumbaraatanlardan açdığı atəş nəticəsində qətlə yetirilib. Bu hücum zamanı Azərbaycanın cəbhə xəttindən 5 kilometr aralıda yerləşən Alxanlı kəndi məqsədli şəkildə hədəfə almışdı. Bu hücuma reaksiyalar saysız-hesabsız idi. Avropa Parlamentinin Azərbaycan üzrə həmməruzəçisi Norika Nikolay və vitse-prezidenti Riçard Çarnetksinin açıq məktubunda erməni təcavüzü qətiyyətlə pislənib. Onlar mülki şəxslərin, qadınların və uşaqların bilərəkdən qətlə yetirilməsinin istənilən halda qəbuledilməz olduğunu, belə alların dərhal dayandırılmalı olduğunu bildiriblər. Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Erkin Əlixanov bildirib ki, bu hücum danışıqlar prosesini pozmağa, Qafqazın hüdudlarını aşacaq müharibənin başlanmasına istiqamətlənib: “Bu münaqişənin regiona, xüsusilə ətraf mühitə təsiri faciəvi ola bilər. Ermənistanın paytaxtı Yerevanın təxminən otuz kilometrliyində yerləşən “Metsamor” Atom Elektrik Stansiyası çox köhnəlib baxımsız qalıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də onun bağlanmasını tövsiyə edir. Ermənistan hakimiyyəti isə bu təklifi rədd edir. Çünki stansiya ölkə əhalisinin 40%-ni enerjilə təmin edir. Bir sözlə, münaqişə yenidən qızışarsa, hökumətin bu qərarı ağır nəticələrə gətirib çıxara bilər”.
Ekspert onu da vurğulayıb ki, bir çox müşahidəçilər hesab edir ki, real nəticələr verməyən uzunmüddətli diplomatik səylər vəziyyəti daha da ağırlaşdıra bilər. Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal olmadığını nəzərə alsaq, hazırki ssenari hələ uzun müddət davam edə bilər: “Görünən odur ki, Dağlıq Qarabağ münaqişəsi heç də prioritet deyil. BMT Təhlükəsizlik Şurasının bu problemlə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq (onlardan sonuncusu – 884 saylı qətnamə 1993-cü ilin noyabrında qəbul olunub və erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərdən çıxarılmasını tələb edir), işğal hələ də davam edir. Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Yalnız bir neçə dəfə atəşkəs əldə edilib ki, o da davamlı olaraq pozulur. Bu yaxınlarda mülki şəxslərə edilən hücum və 2016-cı ilin aprel hadisələri buna ən bariz nümunələrdir”.
İ.Sialom daha sonra qeyd edib ki, Dağlıq Qarabağdakı satus-kvo uzun müddət davam edə bilməz. Artıq uzun illərdir ki, Rusiya, Fransa və ABŞ-ı özündə birləşdirən ATƏT-in Minsk qrupu vasitəçilik təkliflərini qəbul etdirməkdə çətinlik çəkir. Əslində isə Minsk qrupunun böyük təsirə malik həmsədri Rusiya istənilən həll variantını əngəlləyir və status-kvonun davam etməsinə yol açır. Bu gün Azərbaycanı silahla təchiz edən Rusiyanın Ermənistanda 5000 əsgəri var. Balans strategiyasını təbliğ edən Vladimir Putinin 3 məqsədi var: ölkəsinin yaxın xaricində nəzarəti əldə saxlamaq (Ermənistanla Azərbaycan keçmiş sovet əyalətidir), Avropa İttifaqına göndərilən rus qazı ilə rəqabətə girə biləcək istənilən layihənin reallaşmasına mane olmaq (Avropa İttifaqı hazırda enerji tədarükü yollarının şaxələndirilmsilə məşğuldur və Xəzər dənizindən çıxarılan nefti Cənubi Avropaya daşıyan müxtəlif qaz kəmərləri layihələrinə investisiya qoyur). Nəhayət, Kreml rəsmi Bakı ilə Avropa İttifaqı arasında istənilən yaxınlaşmaya mane olmağa çalışır.
Artıq bir neçə ildir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Brüssellə əlaqələri möhkəmləndirir. Azərbaycanda Avropa səviyyəli çoxsaylı böyük tədbirlər keçirilib ki, bunlardan da biri 2015-ci ildə baş tutmuş birinci Avropa Oyunlarıdır. Bundan başqa, bu ilin mayında Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib: “Avropanın, türk, fars, rus və ərəb dünyasının sərhədlərində baş verən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin daha böyük diqqətinə layiqdir. Keçmiş mədəniyyət naziri və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini irəli sürməsi başadüşüləndir. Bakının mədəniyyətlərarası dialoqun təşviqində iştirakı, eləcə də sülh mədəniyyətini, əməkdaşlıq diplomatiyasını müdafiə etmək iradəsi bu namizədliyin anlamını ortaya qoyur. Bu namizədlik, həmçinin Azərbaycan ilə Ermənistan arasında əlaqələrə kömək edə, həmçinin Dağlıq Qarabağ münaqişəsində sülhə, razılaşmaya yol aça bilər. Şübhəsiz ki, onun 2006-cı ildən Azərbaycan səfiri kimi Moskvada işləməsi Rusiyanın regionda vasitəçilik rolunu tam mənada yerinə yetirməsinə töhfə verə bilər.
Regionda sabitliyə nail olunmasının perspektivi məhz Moskvadadır. Qafqazın cənubunda – Orta Şərqdə müxtəlif hadisələr cərəyan edir və Rusiya bu bölgə sabitliyə, sülhə nail olmağın yolunu axtarır. Moskvanın yenidən önə çıxması Avropa İttifaqı və ABŞ üçün əsl sınağa çevriləcək. Belə olan halda, sonuncular Bakıya siyasi, diplomatik və hərbi sahədə böyük dəstək göstərməlidir. Qafqazın bu kiçik respublikası Vaşinqtonun və Brüsselin regionda yeganə həqiqi, sabit və etibarlı tərəfdaşıdır. Vaşinqton və Brüsselin bu qiymətli dəstəyə hələ çox ehtiyacı olacaq”.
Yeri gəlmişkən, avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli kənd sakini Ramil Yusibovun yaralanması bu gün də Sarkisyan rejiminin vandalizm aktlarının həyata keçirdiyinin növbəti bariz nümunəsi kimi dəyərləndirilməkdədir. Belə hərəkətlərə Azərbaycan tərəfinin cavabının ağır və sarsıdıcı olacağı da qaçılmazdır.

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.
Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. “Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin torpağı qoruya biləcək insanlardır”, -Bunu “Aravot”a müsahibəsində Papyan deyib.
Silahlanmadan danışan Papyan hesab edir ki, iş Ermənistanın tez-tez söz açdığı “İsgəndər”lərin tətbiqinə gəlib çatmayacaq. “İsgəndər” alternativin qalmadığı hallarda əl atılacaq son silahdır”, - politoloq bildirib.
Qeyd edək ki, Papyan əvvəllər də Ermənistanda yaranmış vəziyyət barədə səs-küylü bəyanatlar verib. Bir neçə ay öncə o, Qarabağda baş verənləri “sürünən müharibə” adlandırmış və demişdi ki, hərbi əməliyyatların davam etdirilməsinin Xankəndinin üzərində bayrağın dəyişməsinə gətirib çıxaracağını Ermənistanda gözəl anlayırlar.
Keçmiş səfirin fikrincə, hadisələrin inkişafının daha bir variantı budur ki, “erməni tərəfi yeddi rayonu güzəştə gedəcək və əvəzində Dağlıq Qarabağ üçün aralıq status alacaq. İstək olduğu halda bunu qarşılıqlı güzəşt adlandırmaq olar. Deyəcəklər ki, bəs yeddi rayonu güzəştə getdik, onlar da Dağlıq Qarabağ üçün statusu güzəştə getdilər və gələcək barədə hansısa vədləri verdilər. Fəqət bunlar müqayisə ediləcək güzəştlərdirmi? Əlbəttə ki, yox! Bu qarşılıqlı güzəşt deyil, təslimçilikdir. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı əldə etmək istəyir. Bu da olacaq. Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir.
H.Babaoğlu qeyd edib ki, bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür. Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.
Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.

Bu xəbər oxundu
- - -