Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Özünə oxşayan qoç igid

11.08.17, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vaxtın qələmini qıran dostum Elçin Mirzəbəylinin 50 yaşı tamam olur


Etibar Cəbrayıloğlu


Ötən 70-80-ci illərində Lənkərandakı Həzi Aslanov adına 3 saylı orta məktəbin təhsil müəssisələri arasında xüsusi çəkisi var idi. İsrafil Babayevin məktəbində oxuyanlar şəhərin digər məktəblərindəki həmyaşıdlarına az qala sinfi düşmən kimi baxırdılar. Bu mübarizənin fraqmentləri ilə hər yerdə rastlaşmaq olurdu-fənnlər üzrə bilik yarışmalarında, məhsul bayramlarının bir neçə ay çəkən məşqlərində, futbol meydançalarında... “Sinfi düşmənlərə” uduzanlara məktəbimizin qızları bir təhər baxırdılar.
Həmin “sinfi düşmənlərdən” birinin-Elçin Mirzəbəylinin 50 yaşı tamam olur. Aliyə müəllimənin direktor olduğu 2 saylı məktəbin əlaçı şagirdlərindən sayılan Elçin futbol və basketbol meydançalarında da həmişə ən güclülərdən idi. Məğlubiyyətlə barışmayan, mübarizədən heç vaxt çəkinməyən dostum Elçin “50”-nin kürəyini yerə vurmağı bacardı. Məktəb illərindən yaxından tanıdığım Elçin bu gün hamının yaxşı tanıdığı Elçin Mirzəbəylidi. İctimai-siyasi xadimdi, partiyalardan birinin sədr müavinidi, politoloqdu, aparıcı qəzetlərdən birinin baş redaktorudu, Ali Media Mükafatı laureatıdı, “Tərəqqi” medalına layiq görülənlərdəndi. Bütün bu uğurları dostum məhz öz savadı, istedadı, mübarizliyi, əzmkarlığı və inandığı insanlara etibarı sayəsində qazanıb.
Uşaqlıq dostum, qohumum, “Jurnalistlər şəhərciyi”ndəki qonşum Elçin 50 illik yubileyini ömür-gün yoldaşı Nüşabə xanımla, Teymurçin və Murad kimi igid oğulları ilə birgə qarşılayır. 50 yaşına mürəkkəbi hələ qurumayan öz yeni şeiri ilə salam deyir:

Yol açıb çıxıram 50 yaşımdan,
Əsrin yarısını qoyub gedirəm.
Qoy bütün cəlladlar tamarzı qalsın...
Özüm öz dərimi soyub gedirəm.

Yubilyar dostumla bağlı yazımda enində-sonunda şeirdən, poeziyadan bəhs etməli idim. Elçin Mirzəbəylinin ölkəmizin ictimai-siyasi həyatında, eləcə də mətbuat aləmindəki yerini və xidmətlərini zərrə qədər də kiçiltmədən deyə bilərəm ki, dostum, qohumum və qonşum çox istedadlı bir şair, söz adamıdı. Şair Elçin Mirzəbəyli siyasətçi və jurnalist Elçin Mirzəbəylidən mənə daha doğmadı. Çunki...
Elçinin ilk şeirlərinin birinci oxuyanlardan olmuşam. Lənkərandakı beşmərtəbəli binanın sonuncu qatındakı evimizdə Elçinin sarı rəngli, dama-dama şagird dəftərində çox xırda hərflərlə yazdığı şeirləri oxuyub saatlarla müzakirə eləmişik. Sonra sarı rəngli, dama-dama şagird dəftərlərindəki əsərlər “Bir gecənin tənhalığı”, “İtirilmiş vaxtın adamı”, “Poz bu sükutu”, “Sevgi məktubları” adlı kitablara çevrildilər.
Tez-tez eşitdiyimiz bir deyim var - Qoç igid dayısına oxşayar. Elçinin hələ orta məktəb illərindən şeir yazmasına, ara-sıra mətbuatda görünməsinə heç kim qəribə baxmırdı. Çünki onun dayısı şair Vaqif Hüseynov ədəbi camiədə böyük hörmət qazanmışdı. Vaqif müəllimin antisovet ruhlu şeirləri, məzəli həcvləri, senzuradan keçməyən əsərləri tay-tuşlarımızın ürəyinə, yaddaşına köçmüşdü. Çox təəssüf ki, Vaqif Hüseynov dünyadan çox erkən köçdü.
Elçin Mirzəbəyli dayısının qazandığı nüfuzun və məşhurluğun arxasında gizlənmədi. Elə özü kimi tanınmaq istədi və buna nail də oldu.

Ay ötdü, il keçdi...
Çiləmiz dolmadı.
Sən dedin: - Ümid var.
Sən deyən olmadı.
Daha deyiləsi sözümüz qalmadı...
Qoy sükut danışsın-
Gəl sükuta susaq.

Və yaxud;

Başım üstə dərd damı,
Dərd hücrəsi, dərd damı...
Ürəyimdən dərd damır,
Çətirin varsa, yolla...

Elçinin, mənim, yaşıdlarımızın əksəriyyətinin tələbəlik, gənclik illəri meydanlarda, mitinqlərdə keçdi. Həmin dövrdə Elçin Mirzəbəylinin sözlərinə yazılan Marşı meydanlarda eyni vaxtda minlərlə insan oxuyurdu:

Qalx ayağa, Millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi.

Elçin Mirzəbəyli Vətəni təkcə sözdə sevən şairlərdən deyil, dostum Vətəni qanı-canı ilə sevir, onu daha qüdrətli, daha firavan, bütöv görmək üçün çalışır. Görünür elə “Ağdama getməyən Gəncə qatarı...” şeirini də Elçin Mirzəbəyli yazmalıyımış:

...Bələdçi biletə baxır sakitcə,
...Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə “Gəncə”di,
Biletdə “Gəncə”,
Gözümdə...
“Ağdama gedir bu qatar”...

... Bu qatar Gəncəyə gedir,
Gəncəyə...
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, “təsəlli”- deyə,
Dəhlizə boylansam, kupeyə baxsam.

Elçinin şeirləri biz dostların, qonşuların hər zaman dilindədi. Mobil telefonların canı sağ olsun, təzə yazdıqlarını telefonla bizə göndərir:

... Bu mənəm ey, mənəm, Vətən,
Haqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam.

Və yaxud;

Bilirsən necə ağırdı,
Öz Vətənində yad olmaq?
Bir cüt yaşlı gözdən düşən,
Bir cüt qırıq qanad olmaq?


Dostum Elçin Mirzəbəyli 50 yaşı tamam olur. Yubilyar şeirlərinin birində öz halını belə təsvir edir:

Verdiyin ömrü də yormuşam, Allah,
Vaxtın qələmini qırmışam, Allah.

Vaxtın qələmini qırsan da, öz qələmini heç vaxt qırma, dostum!

Bu xəbər oxundu
- - -