Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aİ-nin Dağlıq Qarabağ münaqişəsində rolu və sülh imkanı

14.08.17, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni diasporunun nümayəndəsi Nikolas Tavityanın “Euobserver” saytında 28 iyulda dərc olunan “Aİ-nin Dağlıq Qarabağda sülh siyasəti yürütməsinə ehtiyac var” başlıqlı məqaləsinə cavab olaraq deputat Rövşən Rzayev münaqişənin həlli ilə bağlı öz fikirlərini yazıb. WorldMedia Euobserver də ( Belçika) R.Rzayevin yazısını tərcümə edib. Müəllif yazır ki, Prusiya kralı Fridrixin bədnam ifadəsi var: işğal et, sonra qanuniləşdir. Bu ifadə Yerevan rəsmilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yürütdüyü hazırkı siyasəti açıq və aydın xarakterizə edir.
Erməni diasporunun nümayəndəsi Nikolas Tavityanın “Euobserver” saytında 28 iyulda dərc olunmuş “Aİ-nin Dağlıq Qarabağda sülh siyasəti yürütməsinə ehtiyac var” başlıqlı məqaləsində Ermənistan rəhbərliyinin iddiaları dəstəklənir və fikrin münaqişə ilə bağlı real vəziyyətdən yayındırılmasına cəhd edilir. Bu, məni təəssüfləndirir. Müəllif münaqişə ilə bağlı əsas faktı nəzərə almır. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən güc yolu ilə işğalı durur.
Ermənistan bu işğal zamanı qanlı etnik təmizləmə həyata keçirib. Nəticədə, Dağlıq Qarabağın azərbaycanlı icması daxil olmaqla, işğal edilmiş ərazilərdə yaşamış təxminən 700 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq – həmin qətnamələrdə Ermənistan hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir – Ermənistan 25 ildən çoxdur işğalçı siyasətini davam etdirir.
Sülh yolu ilə həll
Ermənistan hərbi birləşmələrinin Azərbaycanın suveren ərazilərində mövcud olması regionda sülhə və təhlükəsizliyə birbaşa təhdiddir. Bu amil Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermir. Müəllif məqaləsində özünü təkzib edir. Belə ki, o, “ilk öncə insanlar nəzərə alınmalıdır” yanaşması haqda danışarkən, Dağlıq Qarabağın azərbaycanlı icması daxil olmaqla, 1 milyon azərbaycanlının hüquqlarını nəzərə almır və işğalı artıq həyata keçirilmiş fakt kimi qəbul edir.
Bu anarxist yanaşma dayanıqlı sülh deyil, əbədi müharibə yoludur. Ermənistan bu siyasəti nəticəsində hazırda regionda suverenliyini az qala itirmiş, təcrid edilmiş dövlətə çevrilib. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə mümkün həlli yolu Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağ azərbaycanlılarının doğma torpaqlarına qayıtmasıdır.
Münaqişənin mərhələli həlli ilə Ermənistanla Azərbaycan arasında sərhədlərin açılması və əlaqələrin qurulması da nəzərdə tutulur. Bəs Avropa İttifaqı (Aİ) bu prosesə necə dəstək verə bilər? Biz realist olmalıyıq və bu məsələdə Aİ üçün daha sərfəli olan yolu axtarmalıyıq.
Aİ-nin dəstəyi
Birincisi, Aİ ərazi bötüvlüyü, suverenlik və dövlətlərin sərhədlərinin toxunulmazlığı məsələsini ciddi şəkildə dəstəkləyir və bu məsələlərdə vahid mövqe nümayiş etdirir. Bu prinsiplər Aİ-nin postsovet məkanı ilə əlaqəli olan, uzun müddətdir davam edən münaqişələrlə bağlı yeni təhlükəsizlik strategiyasında da dəstəklənir. Bu, çox vacib məqamdır.
Aİ-nin 1999-cu ildə qəbul etdiyi “Cənub-Şərqi Avropada sabitlik paktı”ndan bir çox dərs götürmək olar. Bu paktda açıq və aydın göstərilir ki, Aİ beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdlərini heç vaxt qəbul etməyəcək. Danışıqlar masasında olan hazırkı təklifləri nəzərə alaraq deyə bilərik ki, Aİ Ermənistana hərbi birləşmələrinin çıxarılması ilə bağlı diplomatik-siyası təzyiqlər göstərsə, bu, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə bağlı hazırkı səylərini təkmilləşdirə bilər.
Bu qurumun digər münaqişə zonalarındakı təcrübəsini nəzərə alaraq deyə bilərik ki, azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə böyük qayıdışı prosesində Aİ tərəfindən humanitar və institusional dəstəyin göstərilməsi prosesə olduqca qiymətli yardım olardı. Paralel olaraq, Aİ Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaların etnik barışığı prosesinə, tərəflər arasında inamın gücləndirilməsi yolu ilə dəstək göstərə bilər. Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü kimi deyə bilərəm ki, biz etnik barışığa yardım göstərmək üçün erməni icması ilə dialoqun yenidən başlanılmasına şad olardıq.

Barışıq yolunun tapılması
Danimarka ilə İsveç bir-birilə uzun müddət müharibə aparan dövlətlər olub. Bu sahədə dünya rekordu onlara aiddir. Lakin hazırda Danimarka ilə İsveç dost və tərəfdaş dövlətlərdir. Buna görə mən icmamız adından, azərbaycanlılar ilə ermənilər arasında etnik ziddiyət və iki xalqın bundan sonra birgə yaşaya bilməyəcəyi haqda əsassız fikirləri qətiyyətlə rədd edirəm.
Aİ və bu quruma üzv ölkələr muxtariyyətlə bağlı ən yaxşı təcrübələrini bölüşə bilər. İsveçdə Aland adaları, İtaliyanın Trentino-Cənubi Tirol regionu və digər nümunələr Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət kimi, uyğun model tapalması üçün presedent sayıla bilər.
Müharibə ritorikasının artdığı dövrdə, münaqişənin sülh yolu ilə həllində substantiv danışıqların bərpası daha vacibdir. Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərilə birgə bu prosesə dəstək verir. Mən müəlliflə yalnız bir məsələdə həmfikirəm: sülh mümkündür. Sülh Ermənistan və onun xalqına böyük fayda verəcək. Sülhə erməni diasporu da yardım göstərə bilər. Bu diaspor Ermənistanı düşmənçiliyə yönəltmək əvəzinə, onu qonşusu ilə sülh yaratmağa məcbur etməlidir.
Onu da qeyd edək ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Jamejamonline (İran) saytında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini dərc edib. Diplomat bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağa hücum edə biləcəyi iddiası ilə Azərbaycanın 7 rayonunu, yəni Dağlıq Qarabağın ətrafındakı rayonları qəsb edib. Beynəlxalq birliyin bir çox üzvləri, o cümlədən Minsk qrupu hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün sözügedən 7 rayonun Azərbaycana qaytarılması və münaqişənin mərhələli yolla həlli zəruridir.
Azərbaycanın 7 rayonundan 5-inin geri qaytarılmasını nəzərdə tutan “Kazan planı” Qarabağ münaqişəsinin mərhələli yolla həlli üçün Rusiyanın göstərdiyi səylərin rəmzi sayıla bilər. Bu plan 2010-cu ildə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dmitri Medvedevin prezidentliyi dövrdə aktuallıq qazanlb və indi, o, yenidən gündəmə gətirilir.
Bundan əvvəl isə Minsk qrupunun təklifi ilə hazırlanmış “Madrid sülh planı” sülh danışıqlarının birinci mərhələsinin başlanğıcı kimi Azərbaycan ərazilərinin bir hissəsinin geri qaytarılmasını tələb edirdi. 2007-ci ildə ərsəyə gəlmiş “Madrid prinsipləri”nə əsasən, Ermənistan ordusu ilkin mərhələdə işğal edilmiş bəzi əraziləri tərk etməli, qaçqınlar və məcburi köçkünlər geri qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır.
“Kazan planı”na görə isə işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalı, azərbaycanlı qaçqınlar azad edilmiş rayonlara qaytarılmalı, Dağlıq Qarabağın müvəqqəti hüquqi statusu müəyyən edilməli, Rusiya sülhməramlıları azad edilmiş və edilməmiş rayonların arasına yerləşdirilməli, sonda Dağlıq Qarabağın daimi hüquqi statusu təyin edilməlidir.
Münaqişənin həllində maraqlı ölkələrin ekspertləri hazırkı planı qüsurlu sayaraq, bunun həyata keçirilməsi ehtimalının zəif olduğu düşünür. Azərbaycanlı ekspertlərin qənaətinə görə, Rusiya Ermənistanla strateji müttəfiq olduğundan, Ermənistanda hərbi baza saxladığından, onun hərbçiləri bölgədə sülhməramlı kimi, təhlükəsizliyi təmin edə bilməz. Azərbaycanlılar bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyir.
Dağlıq Qarabağın hüquqi statusunun necə müəyyən ediləcəyinin qaranlıq qalması da “Kazan planı”nın zəif cəhətlərindən biri kimi dəyərləndirilir. Ermənistan isə xalqların öz müqəddəratının təyin etməsi prinsipini dəstəkləyərək, Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyən edilməsi üçün orada referendumun keçirilməsinə tərəfdarıdır. Bu üzdən Yerevan da “Kazan planı”nı dəstəkləmir. Ermənistan hesab edir ki, Azərbaycan tərəfindən hərbi təhdid aradan qalxmayınca, işğal olunmuş ərazilər boşaldıla bilməz.
Putinlə Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş son ikitərəfli danışıqları da rəsmi Bakı ilə Yerevan arasında gərginliyin azalması üçün vacib hesab edilsə də, yuxarıda qeyd olunan səbəblərə görə, xüsusilə tərəflərin lazımi siyasi iradə nümayiş etdirməməsi üzündən ümidverici görünmür. Beləliklə, Bakı ilə Yerevan arasında hərbi toqquşmaların baş verməsi ehtimalı hələ də qalmaqdadır. Üstəlik, tərəflər son həftələr ərzində yenə də qarşılıqlı ittihamlar və təhdidlər səsləndirir. Bu vəziyyət hər iki ölkədə ictimai rəyi də müharibəyə kökləyir.
Regional münaqişələrdə vasitəçi qüvvələrin uğuru o zaman səmərəli olur ki, problemə cəlb edilmiş tərəflər onun həlli üçün lazımi iradə ortaya qoysun. Ermənistanla Azərbaycan arasında da “nə hərb, nə sülh” şəraiti o zaman dayanıqlı sülhlə əvəzlənəcək ki, tərəflər lazımi siyasi iradə nümayiş etdirsin. Yalnız bu halda Dağlıq Qarabağ münaqişəsinə son vermək mümkün ola, regional, beynəlxalq vasitəçilərin səyləri nəticə verə bilər.

Bu xəbər oxundu
- - -