Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Minskdə Azərbaycan mədəniyyət günləri

14.08.17, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avqustun 12-də Belarusun paytaxtı Minskdə “Yuxarı şəhər” adlanan tarixi guşədə Azərbaycan mədəniyyət günləri bayram tədbiri keçirilib. Bu barədə Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib. Tədbir Minsk şəhər Meriyası və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Belarusun Azərbaycan İcmaları Konqresi tərəfindən təşkil edilib. Bayram tədbirinin açılışında Minsk Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi Pavel Skalaban, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov və Belarusun Azərbaycan İcmaları Konqresinin sədr müavini İlham Hacıyev çıxış ediblər.
Minsk meriyasının nümayəndəsi çıxışında çoxmillətli şəhər olan Minskdə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edərək hamıya bu qədim mədəniyyətlə tanış olmaqdan maksimum zövq almağı arzulayıb. Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək iştirakçıların bugünkü tədbirə isti Azərbaycan havası və ürəklərdəki hərarətlə gəldiklərini bildirib. Səfir bu cür tədbirin keçirilməsinin Belarus xalqının özünəməxsusluğunu – xeyirxahlığını, ləyaqətliliyini və kübarlığını göstərdiyini vurğulayıb. Əlavə edib ki, bu da heç şübhəsiz xalqların bir-birini daha yaxşı tanımalarına və mənəvi zənginləşmələrinə imkan yaradır. “Başqa xalqların mədəni dəyərlərinə, mədəniyyətinə hörmət edən xalq özü böyük hörmətə layiqdir”, - deyə səfir vurğulayıb.
Belarusun Azərbaycan İcmaları Konqresinin sədr müavini İ.Hacıyev Belarusda yaşayan azərbaycanlıların burada özlərini doğma torpaqda olduqları kimi hiss etdiklərini bildirib, Azərbaycan mədəniyyətinin ikinci vətəndə tərənnüm edilməsi üçün yaradılmış şəraitə və imkana görə Minsk Şəhər İcra Hakimiyyətinə təşəkkür edib. Çıxışlardan sonra səhnədə milli Azərbaycan musiqiləri - “Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Qaragilə” səsləndirilib, “Nəlbəki”, “Yallı”, “Ləzginka” və digər rəqslər ifa edilib. Budəfəki tədbirdə uşaq “Avrovidinya-2015” musiqi festivalında Belarusu təmsil etmiş Ruslan Aslanov, “Turkvision-2015” beynəlxalq musiqi yarışmasının iştirakçısı Saşa Kazımova Azərbaycan və dünya estradasının nümunələrini təqdim edib. “Qafqaz əfsanəsi” və “Sarı gəlin” kollektivlərinin rəqsləri hamı tərəfindən alqışlarla qarşılanıb, eləcə də nağara, saz və qarmondan ibarət trio ifaçılıq sənətləri nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb.
Əsas səhnənin yanında Azərbaycan məhsullarının satışını həyata keçirən yarmarka təşkil edilib. Burada milli mətbəximizin nümunələrinin dequstasiyası təşkil olunub, qonaqlara plov, dolma, müxtəlif növ kabablar, milli şirniyyatlar, meyvə şirələri və quru meyvələr təqdim edilib. Azərbaycansayağı dəmlənmiş ətirli çay tədbirin qonaqlarına paylanıb. Mahnı və rəqslərlə zəngin şou-proqramlarla yanaşı, qonaqlara Azərbaycan mətbəxinin ayrı-ayrı nümunələrinin hazırlanması qaydaları açıqlanıb, nərd üzrə oyunlar təşkil edilib. Bundan əlavə, dizayner Səbinə Alaşova tərəfindən hazırlanmış moda nümunələri göstərilib, milli Azərbaycan paltarlarında şəkil çəkdirmək imkanı yaradılıb.

Bu xəbər oxundu
- - -