Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ və Rusiya arasında artan gərginlik fonunda Qarabağ münaqişəsinin həlli problemi

15.08.17, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elşən Həsənov: “Erməniləri yalnız müharibə yolu ilə susdura bilərik”
Mirsamir Məmmədov: “Vaşinqton yalnız bəyanatlar verməklə kifayətlənir””
Sahil İsgəndərov: “Bu ölkələr üçün Dağlıq Qarabağ problemi arxa planda qalıb”


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland prezidentlərin növbəti görüşü zamanı tərəflərin həmrəylik nümayiş etdirəcəyini, hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklərinə ümid etdiyini bildirib. Maraqlıdır ki, ABŞ-Rusiya münasibətləri də qaydasında deyil. Moskvaya qarşı tətbiq edilən sanksiyalar vəziyyəti daha çox gərginləşdirib. Birləşmiş Ştatlar və Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirdiyini nəzərə alsaq, dünyanın hegemon ölkələri arasında yaşanan gərginlik Azərbaycanın bir nömrəli probleminin həllinə təsirsiz ötüşməyə bilməz.
Onu da bildirək ki, hər il olduğu kimi sentyabr ayında BMT Baş Assambleyasının açılış sessiyası olacaq. Bu sessiyaya adətən bir qrup ölkənin prezienti və xarici işlər nazirləri qatılır. Azərbaycan və Ermənistan prezidentləri də müxtəlif vaxtlarda BMT sessiyalarında iştirak ediblər. Hazırda belə xəbərlər yayılır ki, sentyabr sessiyasında Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşüb Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı fikir mübadiləsi apara bilərlər. Bu xəbərlərin böyük qismini erməni saytları yayır. ATƏT-in Minsk Qrupu vasitəçiləri də prezidentlərin Nyu Yorkda görüşə biləcəklərini istisna etmirlər.
İndiki vəziyyətdə prezidentlərin bir aydan sonra Nyu-Yorkda görüşəcəyi real deyil. Dağlıq Qarabağ danışıqlarında heç bir irəriləyiş yoxdur. Prezidentlərin son görüşü də digərləri kimi nəticəsiz qaldı. Bu arada, atəşkəs intensiv pozulur, hər iki tərəfdən itkilər var. Üstəlik Ermənistan ordusu Dağlıq Qarabağdan kənar Azərbaycan ərazilərini atəşə tutur.
Görüş xatirinə görüş Ermənistan hakimiyyətinə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsın, ona görə də “prezidentlər görüşəcək” dezinformasiyaları daha çox İrəvanın nəzarət etdiyi saytlarda yayılır.
Ekspert Elşən Həsənovun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin bu vaxtadək keçirdikləri bütün görüşlər nəticəsiz qalıb. Buna da səbəb Ermənistanın işğaıçılıq siyasətindən əl çəkməməsi və Rusiyaya arxalanmasıdır: “İşğalçı dövlət yalnız Kremlə arxalanır. Ona görə də onun göstəriçi ilə hərəkət edir. Minsk qrupunun digər iki həmsədr ölkəsi – ABŞ və Fransa da bu məsələdə Rusiyadan çəkinir. Zatən hər iki ölkə ermənipərəst mövqedən çıxış edir. Bu gün Rusiya və ABŞ qarşıdurması müşahidə olunur. Amma bu qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyinə inanmıram. Rusiya Cənubi Qafqaz və postsovet məkanında nəzarəti əlində saxlayır. ABŞ bura müdaxilə edə bilmir. Fikir verin, Minsk qrupunun həmsədrləri bölgədə oldular, amma ermənilər hər gün atəşkəsi pozdular, mülki əhalini öldürdülər, işğal olunan torpaqlarımızda yanğınlar törətdilər. Həmsədrlər gedib ancaq bəyanat verdilər. Xarici işlər nazirləri görüşdülər, Sarkisyan Qarabağa səfərlər edib sərsəm bəyanatlar verdi... Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər işğalçılıq siyasətlərini davam etdirirlər. Onları yalnız müharibə yolu ilə susdura bilərik. Danışıqların heç bir effekti olmayacaq”.
Ekspert Mirsamir Məmmədovun fikrincə isə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində nə qədər aktivlik göstərsə də Rusiya qarşısında acizdir: “Qarabağ münaqişəsinin həlli açarının rəsmi Moskvanın əlində olduğunu yaxşı anlayan Vaşinqton son günlər Rusiya ilə münasibətinin kəskinləşməsindən belə bir açıqlamalar verməkdədir. Münaqişə yalnız Moskvanın razılığı ilə həll oluna bilər. Rusiya isə bu münaqqişənin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil. ABŞ yaxşı anlayır və qəbul edir ki, Cənubi Qafqazda baş verən siyasi proseslərə Moskva müdaxilə edir. Ona görə də Vaşinqton yalnız bəyanatlar verməklə kifayətlənir”.
Siyasi ekspert Sahil İsgəndərov hesab edir ki, məsələyə ABŞ və Rusiya arasında artan gərginlik fonunda yanaşmaq lazımdır: “Son zamanlar Ağ Evin yeni administrasiyasının bəzi təmsilçiləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin Vaşinqton üçün artıq elə də prioritet məsələ olmadığı barədə verilən bəyanatlar təsadüfi deyil. Sözün həqiqi mənasında, son bir neçə ildə aydın görünməkdədir ki, Obama administrasiyası dövründə Rusiya ilə ABŞ arasında qarşıdurma daha çoxt post-sovet məkanında, xüsusilə də Cənubi Qafqazda aparılıb. Lakin indi bu “qabarma” bir qədər geri çəkilməyə başlayıb. Bunun nə dərəcədə müsbət və mənfi tərəfləri olması barədə fikir söyləmək çətindir”.
Siyasi ekspert vurğulayıb ki, yaşanan son gərginlik fonunda ABŞ və Rusiya təkcə Dağlıq Qarabağ münaqişəsini yox, Suriya kimi həlli vacib məsələni də ikinci plana atıblar: “Görünən budur ki, Suriya məsələsi bu dövlətlər arasında ikinci plana keçirilib. Ona görə də Dağlıq Qarabağ məsələsinə bu konteksdən yanaşmaq lazımdır. Hər iki dövlət dəfələrlə bəyan ediblər ki, münaqişə ətrafında hərbi eskalasiyanın yenidən baş verməsi onların marağında deyil. Bu, Rusiya üçün hazırkı məqamda ən perspektivsiz variantdır. Ola bilər ki, ABŞ-da hərbi əməliyyatların tərəfdarları maraqlıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar yenidən qızışsın və bununla da Rusiya üçün cənubda başağrısı yartsınlar. Sözsüz ki, münaqişə ətrafında hərbi əməliyyatların qızışması ilk növbədə Rusiya üçün başağrısıdır. Ona görə ilk növbədə buna imkan verməməyə çalışır”.
S.İsgəndərov hesab edir ki, Rusiya fürsətdən istifadə edərək münaqişənin həllinə öz töhfəsini verə bilər: “Rusya ABŞ-ın ən azından geri çəkilmə siyasətindən istifadə edərək münaqişənin həllinə bu və ya digər şəkildə əncam çəkə bilər. Əgər Şimali Koreya, Ukrayna kimi məsələlər geridə olub, Rusiyanın həm enerjisini, həm də əsəblərini özünə cəlb etməsə, rəsmi Moskva yaranmış vəziyyətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hansısa bir irəliləyişin olmasına cəhd göstərə bilər. Amma, ABŞ-ın müxtəlif ölkələrdə Rusiyanın maraqlarına zidd olan hərəkətləri, siyasəti rəsmi Moskvanın diqqətini buradan yayındırır. Yəni, bu məqamda Dağlıq Qarabağla ciddi məşğul olmağa vaxtı çatmır”.
Siyasi ekspert qeyd edib ki, ABŞ və Rusiya üçün Dağlıq Qarabağ məsələsi gündəmdədir, ancaq ilk sıralarda deyil: “Buna səbəb iki dövlət arasındakı qarşıdurmadır. Məhz digər məsələlər səbəbindən bu ölkələr üçün Dağlıq Qarabağ problemi arxa planda qalıb. Ancaq, bu, o demək deyil ki, məsələ birdəfəlik arxa plana atılıb. Çünki, böyük dövlətlərin geosiyasi qarşıdurmasında müşahidə etdiyimiz gözlənilməz addımlar bu məsələni iki dövlətin qarşıdurma müstəvisində ön plana çıxara bilər. Bu hal istisna deyil. Burada bir-birinin nüfuzuna zərbə endirmək üçün gözlənilməzlik faktoru kimi bu məsələdən istifadə edə bilərlər.
ABŞ və Rusiya digər müstəvilərdə qarşıdurmada həddidə olduqlarından Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ön planda deyil. Bu isə mövcud status-kvonun qorunub saxlanılması deməkdir. Bu ola bilsin ki, bizə əlverişli deyil. Çünki, biz istəyərdik ki, münaqişə həllini tezliklə tapsın. Digər tərəfdən bu, manevr imkanları baxımından vaxt deməkdir. Azərbaycan diplomatiyası yaranmış vəziyyətdən istifadə edərək çox güclü şəkildə işləməlidir. Yəni, bu iki dövlətin başının qarşıdurmaya qarışmasından istifadə edərək diplomatik uğurlarımızı artırmalıdır”.
“Eyni zamanda çox əlverişli bir məqam yaranıb. Hər zaman iki inəyin südünü əmməyə vərdiş edən Ermənistan vaxtaşırı Rusiyaya qarşı addımlar atır. Bu isə Rusiyanı qıcıqlandırır. Hesab edirəm ki, Azərbaycan bu məqamlardan yararlanmalıdır. Ola bilsin ki, bu çox yaxşı məqamdır ki, Rusiya ilə ABŞ bir növ Dağlıq Qarabağ münaqişəsi ətrafında kəskin qarşıdurmaya hazır deyil. Çünki, bu iki dövlət istənilən problemin həllində biri digərinin nüfuzuna zərbə vurmaq üçün qəribə addımlar ata bilər. Yəni, Azərbaycanın xeyrinə olmayan addımlar ata bilərlər. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin ikinci plana keçirilməsi bu dövlətlərin siyasətində özünü təsdiq edərsə, Azərbaycan bu zaman kəsiyindən diplomatik müstəvidə istifadə etməldir”, -deyə S.İsgəndərov vurğulayıb.

Bu xəbər oxundu
- - -