Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XİN başçılarının növbəti görüşü də nəticəsiz olacaq...

16.08.17, 11:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Moskvadan məntiq gözləyib onun Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağı çətindir”

Məhəmməd Əsədullazadə: “Bu il Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan və tam danışıqlarsız keçən il olacaq”

Sentyabrda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gətirilməsi istiqamətində çalışmaların davam etdiyi bildirilsə də, hələlik bu görüşün baş tutacağını demək üçün ciddi arqument yoxdur. Qeyd edək ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland açıqlama verərək bildirib ki, Qarabağ konfliktinin tərəfləri bir-birinə inam yaratmaq üçün ciddi işlər görülməlidir və bu istiqamətdə yaxın vaxtlar üçün bəzi addımlar atılacaq. Diplomatın dediklərindən belə aydın olmuşdu ki, həmsədrlər yeni hərbi toqquşmaların qarşısını almağa çalışır, nəinki tənzimləməyə. Ancaq amerikalı həmsədrin hazırkı situasiyada snayperlərin geri çəkilməsi və təmas xəttində izləyici kameraların yerləşdirilməsi barədə təklifləri qıcıqla qarşılanıb. Hesab olunur ki, bu, daha çox Ermənistanın maraqlarına xidmət edən mövqedir. O, həmçinin qeyd edib ki, həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycana bu cür görüş imitasiyası lazım deyil, deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yox. 10 il də danışıqlar davam etsə münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də rəsmi Bakı işğalçıya təzyiqə üstünlük verir. Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü mümkündür. Əslində nazirlərin görüşü Azərbaycana lazım deyil. Hazırki vəziyyət rəsmi Bakının İrəvana ultimatum verməsi zərurətini artırır. Ultimatumun təxmini məzmunu bu şəkildə ola bilər: “Mərhələli həll” planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər sizinlə bütün rəsmi danışıqları dayandırırıq.
Bu arada, Azərbaycan mediasında Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi barədə yazılar yayımlanır. Bu onunla izah edilir ki, NATO-nun Gürcüstanda keçirdiyi son hərbi təlimlərdə Ermənistan da iştirak edib. Halbuki, həmin təlimlərə Azərbaycan qatılmayıb. Ermənistan hakimiyyəti heç bir balanslı siyasət aparmır. Ermənistan Rusiyadan tamamən asılıdır. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya qoşunları qoruyur, Ermənistanda Rusiyanın hərbi bazaları və birgə qoşun birliklər mövcuddur. Ermənistan silah almaq üçün daima Rusiyadan maliyyə istəyir. Ermənistanın əsas fabrik və zavodları da Rusiyanın nəzarəti altındadır. Belə olan halda İrəvanın hansı balanslı siyasətindən danışmaq mümkün deyil. Ermənistanın NATO-nun ikinci və üçüncü dərəcəli təlimlərdə iştirakı İrəvanın balanslı siyasət aparmasına dəlalət etmir. Rusiyanın icazəsi olmadan İrəvan Qərblə yaxınlaşmağa cəsarət etməz. Rusiya bu təlimlərdə özü üçün təhlükə görmədiyindən Ermənistanın az saylı kontengentlə iştirakına icazə verib. Yox əgər bir gün Ermənistan prezidenti Serj Sərkisyan qərar versə ki, Qərb Rusiya qədər onun üçün dəyərlidir, o həmin gündən başlayaraq hakimiyyətinin itirilməsiylə barışmalıdır. 1999-cu ildə Ermənistan parlamentinin spikeri, baş naziri fərqli siyasət aparmaq istədilər. Həmin il Ermənistan parlamentinə hücum edildi, həm spiker, həm də baş nazir qətlə yetirildilər.
“Rusiya-Ermənistan münasibətləri gərginləşərsə, bu, Azərbaycanın xeyrinə olacaq” fikirləri də illüziyadan başqa bir şey deyil. Ermənistanın Rusiyanın asılığından qurtulması problematikdir. Azərbaycan Rusiya üçün dəyərli tərəfdaşdır, tək elə hərbi əməkdaşlıqdan Rusiya milyardlarla dollar qazanır. Rusiya Ermənistanla əməkdaşlıqdan qazanc əldə etmir, əksinə vassalına daima pul xərcləmək durumundadır. Yəni məntiqlə Moskva əldə etdiyi gəlir və səmərəyə görə Azərbaycanla əməkdaşlığa üstünlük verməli və Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Ancaq Rusiya hakimiyyəti nə zaman məsələlərə məntiqlə yanaşdı ki? Məntiq olsaydı, Gürcüstan və Ukraynanı parçalamaz, qonşularının ərazilərini işğal etməz, separatçılara dəstək verməz və bununla sivil dünya ilə üz-üzə qalmazdı. Odur ki, Moskvadan məntiq gözləyib onun Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağı çətindir.
Ermənistan mətbuatında Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair də yazılar yayımlanır. Ermənistan ordusu hazırda Azərbaycana sərhədboyu rayonlarda problemlər yaradır. Tovuz və Qazaxın Qarabağa aidiyyatı yoxdur. Ancaq bu bölgələr də atəşə tutulur. Halbuki, Ermənistan hakimiyyətinə məlumdur ki, Azərbaycan ordusunun məqsədi Dağlıq Qarabağ və ətraf rayonların azad etməkdir.
Buna baxmayaraq, Azərbaycanın strategiyası dəyişə də bilər. Azərbaycan tərəfi mütəmadi olaraq Zəngəzurun və İrəvan xanlığının Azərbaycana mənsubiyyətindən danışır və buna görə də erməni təhlilçilər deyirlər ki, bizim Zəngəzurda gözümüz var. Ermənistan hakimiyyəti Naxçıvandan da arxayın deyil. Son illər Naxçıvandakı hərbi hissələr gücləndirilir, Türkiyənin bu bölgədə hərbi varlığının artırılması haqqında fikirlər genişlənir.
Ona görə də genişmiqyaslı müharibənn başlayacağı halında bunun yalnız Dağlıq Qarabağı və ətraf rayonları əhatə etməyəcəyi, bütün sərhədboyu, o cümlədən Zəngəzur və Naxçıvanı da əhatə edə biləcəyi istisna deyil. Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistana ciddi problemlər yarada bilər. Belə olan halda Ermənistan ordusu bütün növ qoşun birliklərini yalnız Dağlıq Qarabağ istiqamətində cəmləşdirməkdə çətinlik çəkəcək. Erməni separatçıları vaxtilə Laçını ona görə işğal etdilər ki, Dağlıq Qarabağla Ermənistan arasında koridora nəzarət etsinlər. Indi də danışıqlarda bu koridoru nəzarətdə saxlayacaqlarına dair hamıdan təminat istəyirlər. Buna cavab olaraq Azərbaycan ordusunun da Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı koridoru nəzarətə götürməsi aktuallaşır.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, ABŞ-ın ATƏT-in Minsk qrupunda həmsədri Hoqland sentyabrda BMT Baş Məclisində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkil olunması üçün işlər gördüklərini qeyd edib: “Qeyd edək ki, xarici işlər nazirlərinin son Brüssel görüşündə danışıqların davam etdirilməsi razılaşdırılmışdı, hətta payızda prezidentlərin görüşünün təşkil olunması üçün həmsədrlər təşəbbüslə çıxış etmişdilər. BMT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü istinisasız baş tutacaq. Belə bir görüşün təşkilində həmsədrlər maraqlıdır. Çünki, prosesdə danışıqlar görüntüsü yaratmaqla işlərini bitmiş hesab edirlər. Ötən həftə amerikalı həmsədrin təmas xəttində videomüşahidə sistemlərinin yerləşdirilməsi ilə bağlı qeydləri bur daha göstərir ki, növbəti görüşdə həmsədrlər də qərəzli mövqe sərgiləyir. Hesab edirəm ki, Minsk qrupunun həmsədrlərinin bu ortaq fikridir. Belə bir təşəbbüslər münaqişənin həllində irəliləyişə ciddi maneədir və növbəti XİN başçılarının görüşü də nəticəsiz olacaq. Ondan əlavə etimad mühiti fiaskoya uğrayacaq. Payızda prezidentlərin görüşünə hazırda heç bir etimad mühiti yoxdur. Belə bir atmosfer Ermənistan tərəfindən aslıdır. Ermənistan hər keçən gün münaqişə ətrafında müzakirələri sabotaj edir. Sentyabr görüşündə prezidentlərin görüşü razılaşdırılmasa, heç bir müsbət irəliləyişlərdən söhbət getməyəcək. Hazırda ABŞ və Rusiya arasında ciddi siyasi münaqişə hökm sürür. Belə olan təqdirdə hər iki ölkənin bir formatda çalışması mümkün deyil. Bu il Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan və tam danışıqlarsız keçən il olacaq. Qarşıda dörd ay ərzində Azərbaycan mütləq Ermənistana ciddi təzyiqlər etməlidir”.
Bu arada Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb. Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb. Bildirib ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya və Ermənistan arasında birləşdirilmiş qoşun qruplaşması haqda razılaşmanın Moskva tərəfindən təsdiq edilməsi ilə eyni ana təsadüf etdi: “Görünür, Ermənistan NATO təlimlərində iştirak etməyi əvvəlcədən planlaşdırıb. Bu, Rusiya ilə yaradılacaq birləşmiş qoşun qrupunun neytrallaşdırılması gedişidir. Lakin bu, ilk növbədə Ermənistanın özünün ziyanınadır”.
M.Kolerov hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Rusiya ilə yaradılacaq birləşmiş qoşunun gücünü ikiqat zəiflətdi: “Çünki Ermənistan özü danışırdı ki, Azərbaycan birləşmiş qoşun qrupundan qorxacaq. NATO-ya doğru əyilmə isə bu iddianı sıradan çıxarır və hesab etməyə imkan verir ki, Rusiya ilə birləşmiş qoşun lazım deyil”.
Onun fikrincə, NATO ona yaxınlaşan Ermənistanı Azərbaycan və Türkiyə ilə barışdırmaq istəyəcək. “Yəni, regionda güclənmək üçün Dağlıq Qarabağ münaqişəsinin və sərhəd probleminin həllinə çalışacaq. Bu, Ermənistanın özünün ziyanınadır”, - deyə o bildirib.

Cavid

Bu xəbər oxundu
- - -