Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəylə İran kürdlərin müstəqilliyinə qarşıdır

17.08.17, 11:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyəylə İran kürdlərin müstəqilliyinə dair referenduma qarşı çıxdıqlarını sərt şəkildə dilə gətiriblər. Açıqlama İran ordusunun baş qərargah rəisinin Ankaraya nadir sayılacaq səfəri zamanı verilib.
Türkiyə mediası bunun 1979-cu il İran islam inqilabından bəri ilk belə səfər olduğunu yazır.
«Uzun müddətiydi iki ölkə arasında bu cür səfər baş vermirdi. Ancaq regional hadisələri və təhlükəsizlik məsələlərini – sərhəd təhlükəsizliyi və terrorçuluqla mübarizəni nəzərə alanda belə bir səfərə ehtiyac yaranmışdı», – İran generalı Məhəmməd Hüseyn Baqeri avqustun 15-də Ankaraya gedərkən İran dövlət televiziyasına bildirib.
Baqeri avqustun 16-da axşam Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla danışıqlardan sonra deyib ki, tərəflər İraqda kürdlərin müstəqilliyinə dair referendumun bütün regionda iğtişaş yaradacağı fikriylə razılaşıblar.
Kürdlər İran, İraq, Suriya və Türkiyədə muxtariyyət uğrunda mübarizə aparırlar.
«Tərəflər vurğulayıblar ki, referendum keçirilərsə, bu, İraq daxilində gərginlik və münaqişələrin başlanmasına əsas verər, nəticələri isə qonşu ölkələrə də təsirini göstərər», – Bagheri İranın IRNA xəbər agentliyinə deyib.
«Referendumun İraq, İran və Türkiyəyə də təsiri var və buna görə də iki ölkə rəhbərliyi bunun mümkünsüzlüyünü vurğulayırlar», – o, sözlərinə əlavə edib.
Türkiyə, İran və İraq hökumətinin referenduma qarşı çıxmasına baxmayaraq, kürd liderlər sentyabrın 25-nə təyin olunmuş səsverməni ertələməyiblər.
İraqın kürd regionundakı 5 milyon seçicinin referendumu dəstəkləyəcəyi gözlənir, ancaq kürd liderləri onun hüquqi qüvvəsinin olmadığını, ancaq məşvərət xarakteri daşıdığını qeyd edirlər.
İraqın kürd azlığı Bağdaddakı mərkəzi hökumətlə nisbətən sülh şəraitində yaşayıb, yalnız neft və digər məsələlərlə bağlı fikir ayrılıqları yaranıb.
Türkiyə və İranda isə hökumət qüvvələriylə kürd yaraqlı qrupları arasında qanlı toqquşmalar olur.
Ərdoğan ölkəsində kürdlərin siyasi gücünün artmasından narahatdır. Onlar ötən seçkidə parlamentdə fraksiya da yarada biliblər.
Türkiyə prezidenti kürd separatçıların qonşu ölkələrdə dəstək, sığınacaq almasından da şikayətlənib və İranla sərhəddə hasar çəkməyə başlayıb. İraq və Suriyayla sərhəddə də eyni tədbir görülür.
Ərdoğan ABŞ-ın qonşu Suriyadakı kürdləri «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı silahlandırmasını da tənqid edib, həmin silahların türk qüvvələrinə qarşı çevrilə biləcəyini söyləyib.
«Anadolu» agentliyinin məlumatına görə, Ərdoğanla Bagherinin kürd referendumu, Suriya müharibəsi və digər məsələlərlə bağlı danışıqları 50 dəqiqə çəkib.
Dünyəvi ölkə sayılan Türkiyəylə şiə İranın münasibətlərinin son illər gərginləşdiyi məqamlar olub. Ərdoğan bəzən fars millətçiliyinin yüksəlişindən, İraqda şiə yaraqlıların güclənməsindən narazılığını bildirib. Ancaq bu ölkələrin «İslam Dövləti» (İŞİD) qruplaşmasının timsalında ümumi düşməni var. İŞİD hər iki ölkədə hücumlar törədib və son vaxtlar İranda üzvlər toplamağa başlayıb.
Bagherinin Ankaraya səfərinə sərhəd zonasında «terrorçu qrup»ların mövcudluğu səbəb olub. «France Presse»in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksəkrütbəli rəsmisi deyib.

Bu xəbər oxundu
- - -