Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şəmkirdə arxeoloji tədqiqatlar davam etdirilir

17.08.17, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəmkir arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq Narınqala ərazisində tədqiqatları davam etdirir. İndiyə kimi Azərbaycanda orta əsr şəhər mədəniyyəti, buradakı insanların məşğuliyyəti, həyat tərzi öyrənilib. Tədqiqat zamanı məlum olub ki, həmin dövrdə şəhərdə saxsı borular vasitəsilə kanalizasiya xətləri də çəkilib. Şəhərdə dulusçuluğun inkişaf etdirildiyi, rəngli keramik və saxsı qabların, müxtəlif bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib. Şəhər memarlığı da diqqət çəkir. Orta əsr Şəmkir qalası istər monqolların, istərsə də rusların istilası zamanı dağıdılıb. Buna baxmayaraq, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.
Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev bildirib ki, orta əsr Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. Builki tədqiqatlar nəticəsində monumental binanın şimal hissəsi tamamilə öyrənilib. Məlum olub ki, bu hissədə 3 otaq yerləşir. Bütövlükdə isə əvvəllər düşünüldüyü kimi, monumental binanın 10-dan çox otağı olub və bütövlükdə iki min kvadratmetr sahəni əhatə edib.
T.Dostiyevin sözlərinə görə, divarların bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Monumental binanın şimal divarı tam açılaraq tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal divar da qəsr divarı kimi inşa edilib, yəni mərkəzdə, şərqdə və qərbdə dairəvi bürclərlə möhkəmləndirilib. Arxeoloq qeyd edib ki, orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür.

Bu xəbər oxundu
- - -