Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bədii ədəbiyyatın təsir gücü

18.08.17, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr ibn Əbd Mənat qəbiləsinin mövlası olmuşdu. Onun yaradıcılığı Yəsar və Şəhəvat kimi müasirlərindən bəzi xüsusiyyətləri ilə fərqlənsə də, ardıcıl, qəti mövqeyi ilə seçilib. Əldə olan mədhləri, həcvləri siyasi xarakter daşıyır. Onun maraqlı şeirlərindən biri bir atanın dilindən nankor oğula qarşı çevrilmiş və yüksək sənətkarlıqla yazılmış kiçik bir şeir parçasıdır. Atanın duz-çörəyi ilə boya-başa çatan oğul ata qəlbinin yanıqlı fəryadını dərk etmir:

Anadan olan gündən sənə çörək verib,
Su qabını dodaqlarına yaxınlaşdırıb
Qurtum-qurtum içirdərək səni boya-başa çatdırdım.
Gecələr sənə bir bədbəxtlik üz verdikdə gözlərimi
Səhərə qədər yummayıb sənin dərdin üçün narahatlıq keçirdim.
Sanki sənə üz verən bəla mənə də sirayət edib
Hönkür-hönkür ağladırdı...

VII-VIII əsrlərdə yaşayıb yaratmış və məvali şairlər adlanan bu təfəkkür sahibləri-azərbaycanlı şairlər ərəbdilli poeziyanın inkişafına xeyli köməklik göstərib, eyni zamanda öz xalqının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olublar.
«Onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni səviyyəsindən heç də geri qalmayıb, bir çox millətlərin birgə səyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni keyfiyyətlər kəsb etməsində, forma və məzmunca dərinləşməsində, ictimai və siyasi həyata dərindən nüfuz etməsində öz faydasını əsirgəməyib. Azərbaycanlı ruhu, azərbaycanlı təfəkkürü, azərbaycanlı zövqü ərəbdilli ədəbiyyata daxil olaraq bu ədəbiyyatın mövzuca genişlənməsinin əsas amillərindən birinə çevrilib. X-XI əsrlərdə Azərbaycanda yaranan ərəbdilli poeziya məhz belə bir zəmin üzərində yüksələrək, məzmunca daha da müstəqilliyə doğru gedib.
Əbul-Həsən əl Baxərzinin «Dumyat əl-qəsr və usrat əhl əl-əsr» məcmuəsində XI əsr Azərbaycan poeziyasının səkkiz Azərbaycan şairinə yer verilməsi o dövrdə poeziyamızın çox zəngin olduğundan xəbər verir. Onların yaradıcılığı haqqında ərəbdilli mənbələrdə öz əksini tapmamasına səbəb onların öz şəhərləri ilə bağlı olması, ümummüsəlman ədəbiyyatının geniş meydanına çıxmaq imkanı olmamasıdır. Başqa bir səbəbin də siyasi hadisələrlə bağlı olduğu bildirilir: «Belə ki, səlcuqların zəifləməsindən sonra vahid imperiyanın dağılması və bununla əlaqədar müxtəlif döv-lətlərin, ayrı-ayrı əlaqəsiz elm və mədəniyyət mərkəzlərinin meydana gəlməsi bir zamanlar çox möhkəm olan ümummüsəlman mədəniyyətinin bütövlüyünü, sıx rabitəsini və vahidliyini aradan qaldırır. Bu da öz növbəsində ərəbdilli ədəbiyyatın ümumi ahənginin pozulmasına, onun ayrı-ayrı ölkələrdə müstəqil inkişafına gətirib çıxarır. Təbii ki, belə bir şəraitdə təzkirə müəllifləri bütün Şərq aləmini əhatə etmək imkanından məhrum olurlar».
Bu dövrdə monqol işğalları, ölkədə baş verən siyasi dərəbəyliklər, müharibələr bir çox sənətkarların əsərlərinin məhvinə, unudulmasına səbəb olub. Baxərzinin məcmuəsinin bu cəhətdən misilsiz dəyəri var. Məhz həmin məcmuədə XI əsrin səkkiz Azərbaycan şairinin adı çəkilir. Bu məcmuədəki Azərbaycan şairlərinin siyahısı Mənsur Təbrizinin şeirləri ilə açıldığı söylənir. Baxərzi yazır: «Təbriz əhli içərisində böyük istedadı ilə məşhurlaşıb, mənaları saf qızıltək cilalanıb. Bu kafiyədə gətirdiyim (parçalar) onun adı üçün kifayətdir. Bu, Şam diyarında yüksək zövqü oxşayan, indi də söz xəzinəsinin incisi hesab olunan bir qəsidədir».
Mənsur Təbrizinin buradakı şeirlərini araşdıran tədqiqatçılar onun məcmuədəki şeirlərini «nadir poetik ilhamın, qanadlı təfəkkürün, vüqarlı mənliyin vəhdətindən yoğrulan, bakirsənətkarlığın əlçatmaz qüdrəti ilə süslənən poeziya çələngi, nəğmələr dünyası» (M.Mahmudov) adlandırır. M.Təbrizi poeziyaya yüksək amallarla yanaşırdı, onu ictimai həyatın bütün dərinliklərinə nüfuz edən, «həyat nəfəsli bir qüvvə» bilirdi. XI əsrin mütəfəkkir şairi doqquz yüz il bundan əvvəl yazırdı:

"Şeir zəiflərə elə bir qətiyyət verir ki,
Taqətdən düşmüş hər bir kəs belə kəsərli qılınc hesab olunur".

Bu misraların əsas ideyası müasir ədəbiyyatın qarşısına qoyulan estetik tələblərlə, ictimai məzmunla səsləşir. Şeir xalqın ruhunu, fikrini ifadə etməlidir, şəxsi maddi maraqlara deyil, böyük amallara xidmət etməlidir. Poetik sənətinin böyük ictimai təsir qüvvəsinə inanan şair xalqın düşmənlərini sarsıtmaq üçün qələmin mübariz gücünü görürdü. Söz, qələm hər zaman bütün tarixi dövrlərdə mübarizə meydanında qələbə çalmış, sözün qüdrətiylə neçə-neçə hökmdar qılıncı endirilib, sözün qüdrəti neçə-neçə qüdrətli hökmdarların gücündən daha təsirli olub.

Qələm öz ucu ilə nə qədər qəddar düşmənləri məhv edib?
Həm də düşmənin qanını tökməklə yox, öz qanını axıtmaqla.

Burada şair fikrini obrazlı ifadə edir. Qələmindən vərəqlərə tökülən mürəkkəbi onun qanına bənzədir. Qələmin «qanının» nəyə qadir olduğunu metaforik bir dillə ifadə edir. Mənsur Təbrizinin şeirlərində həm də əsas mövzu məhəbbətdir. Özünü məhəbbət dünyasının əbədi yolçusu bilən şair, ilahi eşqi insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun yaradıcılığından az nümunələr zəmanəmizə gəlib çatsa da, bu azacıq nümunələrdəki bəşəri məsələlər, onların qoyuluşu, şair təfəkkürünün zənginliyi Mənsur Təbrizinin dövrünün ərəb dilli şairləri içərisində qüdrətli bir Azərbaycan şairi olduğunu göstərir. «Dumyat əl qəsr» məcmuəsində adı çəkilən Xətibi Urməvinin qəsidəsindən bir parça nümunəyə daxil edilib.
Klassik ərəb poeziyasının təsiri altında yazılmış bu şeir parçası kiçicik bir nümunədir və şair onu 1070-ci ildə Uşnə yaxınlığında Nizam əl-Mülkü qarşılayarkən qələmə alıb. Baxərzi diqqətini cəlb edən bir parça qəsidəni məcmuəyə daxil edib. Hüseyn Təbrizinin (Əbu-l-Məhasin Hüseyn ibn Əli ibn Nəsr Təbrizi) Nizam əl-Mülkün tərifinə həsr etdiyi qəsidə şairin daxili hissləri, dövrün tənələrinə qarşı şikayəti ilə başlayır: «Şair onu bürüyən ətraf mühitdən uzaqlaşmağı, tənhalığın qoynunda bir qədər dincəlməyi arzulayır. Çünki onu məzəmmət edənlərin tənə və danlaqları şairin ruhunu sanki qandallayıb, sevgi ağırlığından rahatlığı əldən gedib:

Əgər təsəlli bircə saat mənə kömək etsəydi,
Ruhumu məzəmmət edənlərin qandalından dərhal xilas edərdim.
Məhəbbətin ağırlığından uzaqlaşaraq rahatlanar,
Tənə yükündən təkliyə çəkilərdim.

Şair ona görə təklik istəyir ki, təbiətin gözəlliyinin seyrinə dalsın, bu gözəllikdən həzz alsın, ilham çırağı daha da şölələnsin, bu gözəlliklər içində gözəllikləri bir də duysun...
Yüksək sənətkarlıqla, böyük şairanəliklə yaradılmış təbiət mənzərəsi kimi Nizam əL-Mülkün tərifi verilir. Onu ağıllı, tədbirli, islam dünyasını zülmdən qurtaran xilaskar kimi mədh edir. Şeirin sonunda ona bəslədiyi səmimi arzularını ifadə edir. Şeir ərəb dilində yazılmış olsa da, burada Azərbaycan təbiətinintərənnümü, doğma yurdun gözəlliklərinə vurğunluğunu böyük sənətkarlıqla verir. Əli Təbrizinin (Əli ibn Hibətullah ibn Məhəmməd ibn Xalid Təbrizi) yalnız üç beyti məcmuəyə daxil edilib. Bu parçada şairin fəlsəfi düşüncələri verilir, həyata fəlsəfi münasibəti duyulur.
Baxərzi XI əsrin Azərbaycan şairlərindən olan Xəttat Nizami Təbrizini şəxsən tanımış, onun şeirlərini şairin öz məclisində dinlədiyini etiraf edib və göstərib ki, Nizam əl-Mülk tərəfindən Nişapurdakı mədrəsəyə müəllim təyin olunan şair «öz xətti ilə kağızlar torpağında dürr əkirdi». Onun vətən həsrəti ilə yazılmış rübaisində vətən həsrəti ilə çırpınan qəlbinin səsi duyulur:

Torpağıma can atıram, təəccüblü deyil ki,
Neçə-neçə qəribin qəlbi vətənlərinə can atıb.
Səhərin şəfəqləri mənə tutqun görünür, sanki o,
Mənim qürbətimdən bir pay götürüb.

İskafi Zəncani yaradıcılığından məcmuəyə salınmış dörd beyt onun ayrı-ayrı şeirlərindən seçilib. Bir beytində insan mənəviyyatının təmizliyi, saflığı, digərində dövrün ədalətsizliklərinə qarşı üsyan, digərində «yaylığa layiq olan başlarda «çələng» görəndə keçirdiyi xəcalət hissləri ifadə edilib. Cəhalətin hökm sürdüyü bir dövr, azad fikirlərin amansızlıqla boğulmasından doğan qəzəb hissi onun qəlbini xəstə salıb. Keçirdiyi sarsıntıları ifadə etdiyi aşağıdakı beytində haqsızlığı görüb qəzəbindən alışıb yanan bir şairin üsyankar səsi duyulur:

Əgər mən od olsam, sirr isə buzdan olsa,
Onu məndən qoruyun ki, alovum ona xətər yetirməsin.

Orta əsr şairləri içərisində yeganə şairdir ki, Xətib Təbrizi haqqında məlumatlar xeylidir. Daha çox həyatı araşdırılıb,ona diqqət daha çox yetirilib. Onun ədəbiyyat və dilçilik elmləri sahəsindəki fəaliyyətindən bəhs etməklə yanaşı bəzi mənbələr bədii yaradıcılığına da toxunub, şeirlərindən bəzilərini əsərlərinə daxil ediblər. Baxərzinin məcmuəyə daxil etdiyi şeiri Nizam əl-Mülkə həsr edib. Onunla arasında olan dostluq münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı yazılmış əsər kimi xarakterizə edilir. Xətib Təbrizi Səlcuq vəzirini səxavətiylə, xalqı mərhumiyyətlərdən qurtarmaq üçün göstərdiyi məqsədyönlü fəaliyyəti ilə mədh edir.
Xətib Təbrizi yüksək şairlik istedadına, incə zövqə malik, dərin müşahidə qabiliyyətli bir sənətkardır. İbn Xəlliqan onun beytlərini «ən duzlu və lətif şeirlər cərgəsində» olduğunu etiraf edib. Haqqında söhbət açdığımız şairlərin yaradıcılığı az da olsa XI əsr ərəbdilli Azərbaycan poeziyasının həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etdiyini, poeziyanın ədəbi həyatımızın bütün sahələrinə nüfuz etmiş poeziya olduğunu sübut edir.

Gülxani Pənah
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas

Bu xəbər oxundu
- - -