Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cəbrayılın işğalından 24 il ötür…

22.08.17, 8:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əlisahib Əroğul: “Qarabağdakı yurd yerlərimiz bizi gözləyir”

Şakir Albalıyev: “Cəbrayıl ərazisində yaşayanların hamısı Oğuz soylu Azərbaycan türkləridir”

Avqustun 23-də Cəbrayıl rayonunun ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. Hazırda Azərbaycanın 58 rayonunda 70 min nəfər cəbrayıllı yaşayır. Bu haqda rayonun «Xudafərin» qəzetinin redaktoru Şakir Albalıyev bildirib. Onun sözlərinə görə, Cəbrayıl sakinləri hazırda ən çox Biləsuvar, Saatlı, Sabirabad rayonlarında, habelə Bakı ərazisində məskunlaşıblar. «Cəbrayılın tarixi həm də Azərbaycanın tarixidir»- deyən yazıçı-publisist Əlisahib Əroğul Cəbrayıl rayonunun inzibati ərazi vahidi kimi ən qədim zamanlardan türk etnoslarının yaşayış məskəni olduğunu bildirir. Onun fikrincə, türkün Cəbrayıl torpağında yaşam tərzinə aid izlər olduqca qədimlərdən gəlir. Belə ki, türkün bu torpaqda varlığının ən yaxın tarixi mixi yazılarda 6 min il öncəyə təsadüf edir. Hətta bu türklərdən öncə belə bu torpaqlarda yaşayan ilk insan icma və toplumları olan odərlərin özləri də tarix səhnəsinə türk söykəyi ilə çıxıblar. Ərgünəş yer, dağ adları, Günəş-Ata ocağı, Ziyarət dağında ocaq qalanan təbii buxarı yeri, Alban məbədi, Ağoğlan və Qurbantəpə pirində Günəşə sitayiş kultunun qalığı sayılan inanclar, dini ayinlərin və ritualların yerinə yetirilməsi bu əsasda durur. Bu, odərlərin türk mənşəli yaşam tərzindən xəbər verir. Cəbrayıl torpağı ilk insan yaşayışının izləri olan inzibati ərazi vahididir. İncə dərəsində Divlər sarayı (Dağtumas kəndi) ona yaxın ərazilərdə Azıx, Tağlar mağaraları (Cəbrayıl qəzası) ibtidai insan icmalarının məskən yerləridir. Diri dağındakı Qala yeri daş dövrü abidələrindəndir. Burada əhatə dairəsi 150 addım olan hündür qayanın sinəsi çapılaraq təbii taxt şəklinə salınmışdı».
Sözügedən yerlərin türk ruhu ilə minillər ərzində yoğrulması ilə bağlı çoxlu faktlar gətirən Əlisahib Əroğul bu qənaətə gəlir kii, Cəbrayıl torpağı — bəşər cəmiyyətinin ilkin inkişaf dövründən yerli, köklü, yekcins əhalisi tarixən müxtəlif adlı, müxtəlif biçimli, ancaq eynidilli türk tayfalarının yaşadığı, qaynayıb-qovuşduğu ən qədim oğuz yurdudur. Bütün yer-yurd, kənd-oba, oymaq, tirə, tayfa adları: etnonimlər, toponimlər, antroponimlər, oykonimlər, oronimlər, hidronimlər, zoonimlər, büsbütün nələr var, hamısı türk mənşəlidir».
Cəbrayılın bir an da olsun yadından çıxmadığını deyən Ə.Əroğul inanır ki, o torpaqlar daim türk ruhuyla nəfəs alıb, bundan sonra da belə olacaq: «Ermənilər dərk etməlidirlər ki, Ermənistanın bu gün yerləşdiyi bütün ərazi belə tarixi Azərbaycan-türk torpağıdır. O torpaqları cismən tərk etsək də, biz Azərbaycan türkləri mənən, ruhən ana yurddayıq. Dürlü-dürlü dağ çaylarının qıjıltısı, şəlalələrin şaqqıltısı, şaqraq səsləri, lilpar bulaqların pıqqıltısı, dağ kəllərinin nəriltisi, kəkliklərin qaqqıltısı hələ də qulaqlarımızdadır. Çiçəklərin, güllərin ətri, ənbər qoxusu burnumuzda, çeşid-çeşid nemətlərin dadı-tamı damağımızdadır. Dəlidağ, Leyli zirvəsi, Alagöz, Qaranlıq, Boğazkəsən, Qızılboğaz, Damqaya, Keçəl dağ, Armudlu dərə, Çalbayır, Soyuqbulaq, Dərəçiçək, Qaçaqqıran dərə və s. yüzlərlə, minlərlə adını çəkib-çəkmədiyimiz yurd yerlərimiz, ocaq daşlarımız, köç düşərgələrimiz qucaq açıb bizi gözləyir. Biz onlara tamarzıyıq, onlar bizə həsrət. Axı ora Vətəndir! Ulularımızın, dədə-babalarımızın məzarları uyuyan torpaqdır, məkandır. Başdaşları sındırılmış, oğurlanmış, nagahan qəbirlərin sorağındayıq. Bizi bizdən alır o torpaq. Doğmalarımızın ruhudur, qarabaqara bizi izləyən, o torpağa səsləyən. Varlığımızı cismən o yurddan, o eldən-obadan uzaq salsaq da, ruhumuz yenə o Vətən göylərində dolaşır. Vətən bizi çəkir. Vətən Vətənə səsləyir bizi. Bu lal elegiyalar, vaveylalar səddini gec-tez aşmalıyıq, aşacağıq da. Bugünkü siyasi xəritəmiz etnik xəritəmizin heç 30 faizini təşkil etmir. Tarix öz ədalətli hökmünü zamanında verəcək.
Gün gələcək, alman faşistləri kimi erməni-daşnak faşistləri barəsində də beynəlxalq ədalət məhkəməsi qurulacaq. Birbaşa ifrat faşist partiyası olan Daşnaksütyunun yetirməsi erməni-daşnak faşistləri nə vaxta kimi meydan sulayacaqlar? Böyük dövlətçilik şovinizmi bu kiçik etnik xalqın beyninə hardan dolub? «Böyük Ermənistan» xülyasını beyinlərə doldurmaqla erməni-daşnak faşistləri nə demək istəyirlər? Ermənilər öz irqi üstünlüklərini axı nədə görürlər? Xeyirxah olmayan qəddardır. Bütün olub-keçənlər bu gün mənə yuxu kimi gəlir. Qarabağ itkisini heç cür qəbul edə bilmirəm. Bizim özgə torpağında gözümüz yoxdur, öz torpaqlarımızı qorumağa, müdafiə etməyə bəs sözümüz nədir? Cənnətimiz xarabazardır, ancaq belə də qalmaz. Bu gün Qarabağı geri qaytarmaq, Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. «Qarabağsız Azərbaycan yoxdur» — deyənlər haqq yolundadırlar, sarsılmaz Azərbaycan dövlətçiliyinin keşiyindədirər. Qarabağ uğrunda ədalətli mübarizəmiz öz həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaq, varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşistlərinin təcavüzünə düçar olacaq».
Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev anadan olduğu, boya-başa çatdığı yurdunun özünəməxsusluğu barədə danışır: «Respublikamızın rayonları içərisində indi erməni əsarətində olan Cəbrayıl özünün bir çox özəllikləri ilə fərqlənir. Cəbrayılın özünəməxsusluqlarından biri bu yurdun övladlarının etnik cəhətdən yekcins olmasındadır, yəni Cəbrayıl ərazisində yaşayanların hamısı Oğuz soylu Azərbaycan türkləridir, Cəbrayıl ərazisi də qədim türkün beşiyidir. Bu mənada Azərbaycan türkünün saf qan, nəsil-soy daşıyıcısı olan cəbrayıllılar öz yaşam tərzlərində, canlı dialekt-şivələrində türklüyümüzü qoruyub yaşadıblar. Dəfələrlə başqa-başqa adamlardan, yəni kənar rayonların nümayəndələrindən cəbrayıllıların türklüyü yaşadan cəhətləri haqqında çox eşitmişəm. Bu imici qazanmağın səbəbi qədim türkün xüsusiyyətlərini fitrətən özündə daşımaqdan irəli gəlir. Bu gün dünyada tamam fərqli dəyişikliklər müşahidə olunur. Ötən yüzilliyin sonlarından başlayaraq dünyada qloballaşma adı altında mənəviyyatımıza düşünülmüş şəkildə yeridilən aşınmalar əxlaqımıza, dilimizin saflığına və milli-mənəvi dəyərlərimizə ciddi zərbələr vurmaqdadır. 1993-cü ildə Cəbrayıl rayonunun ərazisi mənfur ermənilərin pəncəsinə keçdi. Torpaq itkisi ilə üzləşən rayon sakinləri tarixi, qədim dədə-baba torpaqlarından pərən-pərən düşüb dağılışdılar. Çoxlu şəhidlərimiz oldu".
Cəbrayıl rayonu haqqında 3 il öncə çıxan "Cəbrayıl rayonunun toponimləri" ensiklopedik məlumat kitabı Atəş Verdiyevin, Çapar Kazımlının və Şakir Albalıyevin həmmüəllifliyi ilə 600 səhifəlik nəfis tərtibatla oxucuya 1843-cü ildə tərtib edilmiş Cəbrayıl qəzasının xəritəsi ilə təqdim olunur. Kitabda Cəbrayıl rayonunun qədim tarixi, bu yurdun aykonimləri, 1000-dən çox oronimi, 500-dən çox hidronimi elmi-nəzəri əsaslarla şərh edilib, etnolinqvistik aspektdə təhlillər verilib. Topluda rayonun görkəmli şəxsiyyətləri, əmək bahadırları, Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş igid oğulları, o cümlədən Milli Qəhrəmanları, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət, rabitə, idman və s. sahələri haqqında məlumatlar öz əksini tapıb. Bir sözlə, Cəbrayıl rayonunun keçmişindən və bugünündən bəhs olunan ensiklopedik mənbədə əhalinin bu ərazidə ən qədim yerli sakin olduğu bir daha təkzibedilməz tarixi faktlar əsasında təsdiqlənir.
Azərbaycan Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov tarixi Xudafərin körpüləri haqqında danışır: "Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir: Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub".
F.İsmayılov daha sonra bildirir ki, Cəbrayıl ərazisində nəinki təkcə Xudəfərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və başqaları var.

Uğur

Bu xəbər oxundu
- - -