Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bədii ədəbiyyatın təsir gücü

23.08.17, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

XVII əsrdə xalq yaradıcılığından - xalqın mübarizəsini, zəhmətkeş kütlələrin istək və arzularını ifadə edən əsərlərdən qüvvət alan yazılı ədəbiyyat təkmilləşir, xalq şeiri təsiri altında yazan yeni tipli şairlər meydana çıxır. Folklor təsirindən yaranan şeir məzmun və şəkli ilə saray şeirindən fərqlənirdi, xalqın, yoxsul təbəqənin istək və arzuları, əməyi, zəhməti ön plana çəkilirdi, xalqın istilaçılara, feodal zülmünə qarşı mübarizəsindən, el gücündən bəhs edilirdi: «Əsrin qabaqcıl arzularını ifadə edən bu ədəbiyyat şəkli xüsusiyyətləri ilə də feodal, ruhani və tacir mühitində sevilən ədəbiyyatdan fərqlənirdi. Bu şeirin xalq şeiri ilə səsləşməsi ən yaxşı cəhətlərindən biri idi. Onun vəzni heca vəzni idi. Bədii ifadələr canlı həyatdan, kənd və şəhər yoxsullarının məişətindən alınır, təşbeh və istiarələri ənənəvi qəzəl, qəsidə ifadələrindən fərqli olaraq canlı həyat, məişət ilə bilavasitə əlaqədar olurdu». Bu dövrdə xalq şeiri tərzində yazan Tufarqanlı Abbas, Sarı Aşıq daha çox məşhur olub, əsərlərində məhəbbətlə yanaşı, daha çox dövrün ictimai-siyasi məsələlərini əks etdirirdilər.
XVIII əsrdə şifahi xalq şeiri tərzində yazan şairlərin yaradıcılığı daha geniş, daha əhatəli olub, «dövrün ədəbi inkişafına istiqamət verməyə başladı». Xəstə Qasım, Vidadi, Vaqif kimi böyük sənətkarlar bu ədəbi cərəyanı yüksək səviyyəyə qaldırdılar. Xalq ədəbiyyatına olan bu meyil getdikcə qüvvətlənərək şifahi xalq şeirinin bütün xüsusiyyətlərini yazılı ədəbiyyatda əks etdirirdi. Həm xalq yaradıcılığından, həm də klassik ənənələrdən yararlanmaqla oricinal keyfiyyətlərə malik XVIII əsr Azərbaycan lirikasının yaradıcıları Vaqif, Vidadi, Nişat, Ağa Məsih, Məhcur, Xəstə Qasım kimi sənətkarlardır. Bu dövrün sənətkarlarının əsərlərində «romantik və dünyəvi məhəbbətin tərənnümü, həyatın mənası barədə fəlsəfi düşüncələr feudal dünyasında hökm sürən qeyri-bərabərliyə, ədalətsizliyə etiraz, xeyirxahlıq və nəcibliyə çağırış, konkret hadisə və insanların təsviri... bütün bu motivlər XVIII əsr lirikasında öz rəngarəng bədii əksini tapıb. Həmin lirikada əyani səslənən dünyəvilik və nikbinlik notları orta əsr şeirinə yeni ruh gətirirdi».
Bu dövr sənətkarlarımız həm əruz, həm də heca vəznində əsərlər yazsa da, heca vəzni-Azərbaycan şeirinin ana vəzni daha mühüm mövqe qazanmaqda idi. Onların əsərlərinin dili xalq ifadələri, xalq dili, deyimləri, ifadələri ilə zənginləşirdi, ərəb-fars tərkibli ifadələrdən təmizlənirdi. Alimlər bu dövrün bir əlamətdar cəhəti kimi sənətkarlarının yaradıcılığında «həyat hadisələrinə, insana münasibətdə realistik dünyabaxışın üstün gəlməsi faktı»nı dəyərləndirir və bu «realistik meyil» realist ədəbiyyatın inkişafına yol açmış olur.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixində «ən zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ən ziddiyyətli bir dövr» kimi təhlil edilir. Bu əsrdə Azərbaycan ədəbiyyatında köhnə ədəbi üsulların mövcud olduğu şəraitdə realizm ədəbiyaradıcılıq metodu inkişafa başlayır, dramaturgiya, milli mətbuat, ədəbi tənqid, estetika, bir sıra canr və formalar, ictimai və fəlsəfi fikir sahəsində müəyyənləşib və sistemləşmiş materialist və ateist baxışlar meydana çıxır. Abbasqulu ağa Bakıxanov, professor Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Mirzə Baxış Nadim, Baba bəy Şakir, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, aşıq şeiri tərzində yazan Seyid Əbülqasım Nəbati kimi simalar yetişir, onlar xalqımızı dramaturgiya və teatrla, milli mətbuatla, inqilabi-demokratik fikirlərlə, azadlıq ideyaları ilə tanış edir, onların yaradıcılığında real, gördükləri hadisələr öz əksini tapır və bu realizm Axundovun yaradıcılığında kamala çatır: «Öz dövründəki ictimai-mədəni həyatın elə bir sahəsi tapılmaz ki, oraya böyük mübariz yazıçı nəzər salmamış və öz qəti, hərarətli sözünü söyləməmiş olsun. Ədəbiyyat, sənət, fəlsəfə, din, siyasət-bütün bu mühüm sahələrdə M.F.Axundov yorulmadan mübarizə aparıb və döyüşkən bir materialist-ateist kimi köhnə ideyaları alt-üst etməyə çalışıb. Bütün ideoloji mübarizəsində Avropanın mütərəqqi, demokratik burjua yazıçılarından və böyük rus maarifçilərindən ruhlanan M.F.Axundovun fikirləri ardıcıl və möhkəmdir. Parlaq istedad, geniş bilik sahibi olan yazıçı toxunduğu hər bir məsələdə dərin məlumat, fikir genişliyi, gözüaçıqlıq və uzaqgörənlik göstərib" (M.Arif).
M.F.Axundovun özündən sonra yetişən realist sənətkarların (N.B.Vəzirov, C.Məmmədquluzadə, ƏbdürrəhimbəyHaqverdiyev, C.Cabbarlı....) yaradıcılığına böyük təsiri olub, böyük sənətkarlarımız M.F.Axundovun yolu ilə gedib, onun realizmini inkişaf etdiriblər. XIX əsrin ikinci yarısında aşıq poeziyası ilə yanaşı, qəzəl şairlərinin sayı getdikcə çoxalır. Qarabağda («Məclisi-üns» və «Məclisi-fəramuşan»), Şamaxıda («Beytüs-səfa»), Bakıda («Məcməüş-şüəra»), Ordubadda («Əncüməni-şüəra»), Lənkəranda («Fövcül-füsəha») şeir məclisləri fəaliyyət göstərir, Seyid Əzim Şirvani, Xurşudbanu Natəvan, Fatma xanım Kəminə, Mirzə Ələsgər Növrəs, Əbdülxalıq Cənnəti, Mirzə İsmayıl Qasir, Bahar Şirvani, Cənubi Azərbaycanda Mirzə Məhəmmədbağır Xalxali və b. yetişir.
Bu dövrdə Axundovdan sonra tanınmış ikinci böyük ictimai xadim Həsən bəy Zərdabi «Əkinçi» (1875-1877) qəzetinin nəşrinə nail olmaqla, milli Azərbaycan mətbuatının bünövrəsini qoydu. Onun səhifələrində şairlərin imzaları da vardı. Ustad sənətkar Cəlil Məmmədquluzadə milyonlarla xalq kütlələri ilə danışmağın «qaydasını bilən», böyük təsiredici, təşviqedici qüvvəyə malik olan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla hər sahədə olduğu kimi, Azərbaycan ədəbi təfəkkürünün də nələrə qadir olduğunu bir daha sübut etmiş oldu. Bu curnal müsəlman Şərqində, bütün Yaxın və Orta Şərqdə ən qabaqcıl satirik curnal olub, dövrün mühafizəkar və mürtəce qüvvələrini, ictimai bəlalarını inqilabi-demokratik cəhətdən cəsarətlə tənqid edən bir ədəbi orqan kimi dünyada məşhur idi. «Məktəb», «Dəbistan», «Təkamül», «Hürriyyət», «Rəhbər», «Həyat», «İrşad», «İşıq», «Füyuzat», «Şəlalə», «Dirilik», «Qurtuluş» kimi mətbu orqanlarla birlikdə «Molla Nəsrəddin» öz səhifələrində A.Səhhət, M.Ə.Sabir, N.B.Vəzirov, Ə. Haqverdiyev, S.S.Axundov, Ə.Qəmküsar, Ə.Nəzmi, Məhəmməd Hadi, M.S. Ordubadi, R.Əfəndiyev, S. M.Qənizadə kimi ədibləri birləşdirirdi. Bu dövrdə C.Məmmədquluzadə ədəbiyyatımızın inkişafında misilsiz xidmətləri olan böyük şəxsiyyətdir. «Azərbaycan ədəbiyyatında qədim dövr humanizminin mahiyyət və xarakterini öyrənmək üçün Nizami poeziyası, orta əsrlər şeiri və məhəbbət lirikasının ictimai və intim keyfiyyətlərini bilmək üçün Füzuli yaradıcılığı, XX əsr romantizminin mürəkkəb xüsusiyyətlərini araşdırmaq üçün Hüseyn Cavid dramaturgiyası nə qədər zəngin, əlvan material verirsə, yeni ədəbiyyatın ən qüdrətli məktəbi olan realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərini dürüst müəyyən etmək üçün də Mirzə Cəlilin əsərləri əvəzsiz və tükənməz mənbədir».
Təxminən 25 il ömür sürən «Molla Nəsrəddin» jurnalı ədibin ictimai fəaliyyətində, Azərbaycan mətbuatı tarixində əsas yer tutur. Onun səhnə əsərləri təkcə Azərbaycanda deyil, bütün müsəlman şəhərlərində tamaşaya qoyulub. Mirzə Cəlil elə bir sənətkardır ki, Azərbaycan dili başa düşülən ölkələrdə sağlığında belə məşhur idi. Yaratdığı jurnal «Azərbaycan xalqının oyanması, mənəvi cəhətdən silahlanması və inqilab yoluna düşməsində, əsrlərcə feodal zülm və zülmətində yaşayan kütlələrin əsarətindən, «ölülər» aləmindən qurtarmasında, tərəqqi və səadət üçün çarpışmasında, öz müqəddəratı, azadlığı və hüququ uğrunda mübarizəsində, maarif və mədəniyyətin təbliğ edilməsi və yayılması işində, elm işığı ilə işıqlanmasında» elə böyük rol oynadı ki, ikinci belə bir xalq jurnalını o dövrdə göstərmək çətindir...
Onun məsləkdaşları M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Ə. Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M. Ə.Möcüz, S.S.Axundov, M.Hadi, A.Səhhət, Y.V.Çəmənzəminli, S.M. Qənizadə, A.Şaiq məktəbinin davamçılarının gətirdiyi güclü dalğa möhtəşəm bir ədəbiyyatın gələcəyindən xəbər verirdi. Elə bir ədəbiyyatın ki, bəşər tarixində öz sıralarında bu qədər ədəbiyyat adamını birləşdirməmişdi, bu qədər sistemli şəkildə millətinə, xalqına xidmət işini öz çiyinlərinə götürməmişdi. O elə bir dalğa idi ki, özüylə Azərbaycan ədəbiyyatına daha bir qüdrətli nəfəs gətirdi, 70 il ərzində minlərlə ziyalısı, onlarla ədəbiyyatçısı repressiyalara məruz qaldı, dissident həyatı yaşadı. Amma əqidəsini, amalını yeni həyat uğrunda silahlanmış ideyalarını həyat yolunun devizi etməkdən çəkinmədi. Mirzə Cəlil kimi sənətkarların yaratdığı ab-hava ilə köklənən yeni ədəbiyyatın nümayəndələri yetişirdi, 70 illik ədəbi prosesi kommunist ideologiyası idarə etmiş olsa da, senzura hökm sürsə də, bu məmləkətdə azad düşünmək, azad yaşamaq, yaratmaq hissini tamamilə boğa bilmədi.
1929-37-ci illərdə Əhməd Cavadlar, Müşfiqlər, Cavidlər... məhv edildi, Almaslar, Ceyhunlar, Məmməd Əminlər... mühacirət həyatı yaşamalı oldu, amma onların əqidəsinə, amalına hörmət və ehtiram göstərənlər onların fəaliyyətini təqdir edən əsərlər yazdılar. Onların közərtmək istədikləri kiçik tonqalları 60-70-ci illərdə ədəbiyyata gələnlər elə alovlandırdılar ki, senzura, kommunist ideologiyası qarşısında aciz qaldı. İlk bünövrəsini Cəlil Məmmədquluzadələrin qoyduğu mübarizə bundan sonra sönmədi və bu gün də alovlanmaqdadır, şöləsi bütün aləmə yayılmaqdadır...
Bu möhtəşəm, sistemli, bütövlükdə xalq və dövlət tərəfindən xüsusi qayğıyla da əhatə olunmuş ədəbiyyatın yetişməsində özündən əvvəlki nəsillərin, uluların, onların yaratdığı şifahi xalq ədəbiyyatının rolu böyük olduğu yada salındı; ərəb-fars dilində yazıb-yaratmağa məcbur olmuş, təzkirələrin, tarixi əsərlərin yaddaşında qalan simalar xatırlandı; yol üstündə yerləşdiyindən, zaman-zaman çapılıb, talanmış Azərbaycan torpağının yetişdirdiyi nadir dühalara nəzər salındıonları bir-iki cümlə ilə yada salmaqda, minillərin ədəbi-bədii lövhələrini bir lent kimi göz önündən «ötürməkdə» məqsədimiz budur ki, deyək ki, «ot kökü üstündə bitər».
Hər əsrdə, hər nəsildə yetişən bir və ya bir-iki böyük sənətkarların yaradıcılığı haqqında məlumatımız var, bu şeir, sənət dühaları barədə, Azərbaycan söz sənətinin tarixiliyi, qədimliyi haqqında məhz XX əsrin ilk iki onilliyindən üzü bəri və indi daha geniş məlumatlar əldə edə bilirik. Bu dövrdə Azərbaycan xalqının bu günü, sabahı, uzaq keçmişi, kökü, soyu, tarixi, millət kimi formalaşması üçün keçib gəldiyi yollar, mərhələlər araşdırılıb, tədqiq edilib, min illərin açılmamış səhifələri açılıb, böyük sənətkarlarımızın bədii irsi toplanıb, nəşr edilib, tədqiq edilib.

Gülxani Pənah
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas

Bu xəbər oxundu
- - -