Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ probleminə beynəlxalq təşkilatların münasibətinin xronikası

24.08.17, 10:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT Təhlükəsizlik Şurasının iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Araşdırmaçıların fikrincə, bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. Təhlükəsizlik Şurası növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyini bəyanlayaraq ATƏM-in sülh prosesini sürətləndirmək cəhdlərini təqdir etdiyini də vurğulamışdı. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və Azərbaycanın bəzi ərazilərinin işğalı faktı da bu sənəddə xüsusi qeyd edilir və təcavüz aktlarının regionda sülhə ciddi mane olduğu göstərilirdi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdı. Çünki Təhlükəsizlik Şurası təcavüzkarın adını çəkmir, yalnız "yerli ermənilər" ifadəsi ilə kifayətlənməyə üstünlük verirdi. Halbuki artıq təcavüzkarın kim olduğu hamıya məlum idi və indi bunu yalnız rəsmi şəkildə təsdiqləmək qalırdı. BMT Təhlükəsizlik Şurası isə belə bir addım atmadı. 1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT Təhlükəsizlik Şurası sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin Şuranın 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır. Şura əvvəllər Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxiləni və onların işğalını pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli rayonuna edilən hücumları da pisləyir. Şura bütün hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Şura Ermənistan Respublikasının hökumətini bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır. Şura Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, habelə onların sərhədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi təsirdən dərin narahatlıq keçirdiyini bildirir".
Bəyanatda BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair "təxirəsalınmaz tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantının münaqişə tərəflərinin qəbul etməsinin vacibliyi də öz əksini tapmışdı. Lakin bu bəyanat da əvvəlki sənədlərdən bir o qədər fərqlənmirdi. Araşdırmaçılar bu məsələni belə aydınlaşdırır ki, burada Ermənistanın işğalçı tərəf olması faktı etiraf edilmir, münaqişə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə Azərbaycan arasında olan problem kimi səciyyələndirilirdi. Bu qeyri-müəyyən münasibət isə Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaradırdı. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu. 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər.
Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. Bu müraciətdə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi.
Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.
1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. 1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Bu qətnamələrin heç biri BMT-nin müvafiq nizamnaməsinin tələblərini özündə tam şəkildə əks etdirə bilməmişdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Bu, həm beynəlxalq hüququn bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edilmiş prinsiplərində, həm də BMT-nin Nizamnaməsində öz əksini tapmışdı. Sadəcə olaraq bu prinsipləri həyata keçirmək üçün iradə nümayiş etdirmək tələb olunurdu ki, bu da, görünür, beynəlxalq ictimaiyyət üçün o qədər də mühüm əhəmiyyət kəsb etmirdi. Hər halda münaqişə başladıqdan sonra bu məsələyə münasibətdə ikili standartların mövcudluğunu təsdiqləyən onlarla faktın ortaya çıxması belə düşünməyə əsas verir. Məsələ burasındadır ki, BMT Nizamnaməsinə görə, TŞ-yə mübahisəli məsələləri, o cümlədən münaqişələri həll etmək üçün geniş səlahiyyətlər verilir. Şuranın qətnamələri məcburi mahiyyət kəsb etməsə, tövsiyə xarakteri daşısa da, yerinə yetirilmədikdə və məsələ beynəlxalq sülh üçün təhlükə xarakteri daşıdıqda TŞ-nin məcburi qərarlar qəbul etmək hüququ var. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin timsalında bu müşahidə edilmədi. Halbuki ölkəmizə qarşı təcavüz aktı bir tərəfdən xalqımızın dinc və sakit yaşamasına mane olurdusa, digər tərəfdən həm də regional təhlükəsizliyə ciddi problemlər yaradırdı. BMT Nizamnaməsində o da qeyd olunur ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bu prinsipi pozanlar beynəlxalq hüququn normalarına zidd hərəkət etmiş olurlar. Ermənistan dünyanın gözü qarşısında beynəlxalq hüquq normalarına məhəl qoymadığını sübut etdi. Bunun qarşısını almaq üçün real təzyiq mexanizmlərindən ifadə mümkün idi. Lakin beynəlxalq birlik bu məsələdə də laqeydlik nümayiş etdirdi. Təcavüz anlayışının mahiyyəti BMT-nin 1974-cü ildə qəbul edilmiş qətnaməsində öz əksini tapıb. Həmin qətnaməyə görə:
1. Bir dövlətin digər dövlətin suverenliyinə, siyasi müstəqilliyinə, ərazi bütövlüyünə qarşı silahlı qüvvə tətbiq etməsi;
2. Hər hansı dövlətin BMT Nizamnaməsinə zidd olaraq birinci silahlı qüvvə tətbiq etməsi;
3. a) Bir dövlətin digər dövlətin ərazisinə silahlı müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq istənilən hərbi işğal və ya müdaxilə nəticəsində başqa bir dövlətin ərazisinin ilhaqı; b) bir dövlətin hərbi qüvvələri tərəfindən digər dövlətin ərazilərinin bombardman olunması; c) bir dövlət tərəfindən və ya onun adından silahlı qüvvələrin, muzdluların, nizamsız hərbi dəstələrin göndərilməsi təcavüz aktı hesab edilir.
Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT Təhlükəsizlik Şurası qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə Təhlükəsizlik Şurasına təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyətini verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.

Uğur

Bu xəbər oxundu
- - -