Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Oğuz kağan“ dastanı möhtəşəm bir abidədir

25.08.17, 10:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Tədqiqatçı alimlər Oğuzun atası haqqında müəyyən fikirlər irəli sürüblər, halbuki dastanın itmiş hissəsində Oğuzun atası haqqında hansı məlumatın olduğunu indi demək çox çətindir. Ona görə də tədqiqatçılar, əsasən, dastanın əldə olan əlyazma nüsxəsinin birinci səhifəsinin – Oğuzun doğuluşundan bəhs edən səhifəsinin əsasında fikirlər söyləmək məcburiyyətində qalıblar. Həmin səhifədə isə, Oğuzun doğuluşundan bəhs edilən hissədən əvvəl öküz (və ya buğa) təsviri də verilib. Tədqiqatçı alimlərdən Q.N.Potanin, Frans Erdmann, A.N.Bernştam həmin heyvanın öküz olduğu qənaətinə gəlib və öküzün dastanın formalaşdığı cəmiyyətin totemi olduğunu bildirərək, onun Oğuzun doğuluşu ilə əlaqəli olduğu haqqında oxşar fikirlər söyləyiblər. Onların bəziləri öküzün Oğuzun atasının, bəziləri isə Oğuzun özünün prototipi olduğunu bildiriblər. Görkəmli rus alimi A.N.Bernştam dastanın əlyazmasının birinci səhifəsindəki öküz rəsmini önə çəkib və bir sıra təhlillər apardıqdan sonra öküzün uyğurların ulu babası kimi Oğuz kağanın doğuluşunda əlaqəsi olduğunu iddia edərək yazıb: “Əfsanənin əlyazmasının əvvəli qalmayıb [“Oğuz kağan dastanı”nın əlyazması nəzərdə tutulur- İ.O]. Elə birinci sətirdə heç bir izah verilmədən öküzün surəti yerləşdirilib. Mətnə əsaslanaraq güman etmək olar ki, öküzün Oğuz kağanın doğuluşu ilə əlaqəsi var.
...Yuxarıda qeyd olunan dəlillərdən öküzün totem heyvan kimi vəzifəsi şübhəsizdir. Öküz ya mənbələrdə birinci xan kimi interpretasiya edilən ulubabadır, ya da Oğuz adlandırılan birinci kağanın doğuluşunda iştirak edir. Oğuz termini onun kimi mənası oküz olan ö k ü s (seyrəltmə mənimdir - İ.O.) türk termininin yumşaldılmış formasından törəmədir”.
Dastanın ən məşhur tədqiqatçılarından biri, fransız sinoloqu Paul Pellio da əlyazmanın birinci səhifəsini təhlil edərkən əlyazmadakı rəsmi çəkilmiş öküzün Oğuz kağanın özü ilə ilişkili olduğunu bildirib: “Mətnin bir cümləsi (burada miniatürün alt yazısı) ilə bildirilən “rəsm” [= image] bir öküzü göstərməkdədir. Bu halda tam bu anda ortaya Uğuz xanı təsvir edən bir ünsür olaraq öküz çıxmaqdadır. Əgər daha sonra, II-3-dəki birdən yetkin hala gələn Uğuzun fiziki görünüşünü anladan bölümdən, onun öküz ayaqlarına sahib olduğunu öyrəniriksə, əfsanənin öküzə yalnız önəmsiz bir ayrıntı olaraq baxmadığı nəticəsini də çıxara bilərik”.
Fransız şərqşünası Denis Sinor da əsərin əlyazmasının birinci səhifəsindəki öküz rəsminə münasibət bildirərkən “şəkil ya Oğuz kağanı və ya atasını təmsil etməkdədir. Mən daha çox ikinci fərziyəyə mütəmayiləm” deyir. Məşhur Azərbaycan folklorşünas alimi M.H.Təhmasib də D.Sinor kimi öküzün Oğu¬zun atası olduğunu bildirir: ”Uyğur “Oğuznamə”sinə ğörə, Oğuz tayfalarının eponimi olan Oğuz xanın anası Ay kağan, atası isə Öküz imiş”. Daha sonra M.H.Təhmasib Oğuz kağan haqqında fikirlərə münasibətini bildirərkən yazır: ”Bu izahlar içərisində ən çox ağlabatan bu surəti totemizmlə-totemlə-öküzlə əlaqələndirən izahdır. Bu, ona görə ağlabatandır ki, daha qədim Uyğur əfsanəsi onun atasının öküz olduğunu, özünün isə öküzə oxşadığını doğrudan-doğruya qeyd edir. Əlyazmasında hətta öküz şəkli də çəkilib”. Oğuzlarda ilk totemin öküz olduğunu qəbul edən M.H.Təhmasib öküzün dünya xalqlarının bir çoxunun totemi olması haqqında nümunələr gətirməklə öz fikirlərini əsaslandırır.
Azərbaycanın görkəmli mifoloq alimi M. Seyidov da dastanın əlyazmasının birinci səhifəsindəki öküzün təsvirinə əsaslanaraq əvvəllər Oğuzun atasının öküz olduğu qənaətinə gəlib. Ancaq sonralar dastanın əlyazmasının birinci səhifəsindəki şəkildə heyvanın öküz deyil, buğa olduğunu bildirib və öncəki fikrindən imtina edərək bunun səbəbini belə izah edib: “Oğuznamə” araşdırıcılarının hamısı, eləcə də bu sətirlərin yazarı vaxtilə belə bir fikir irəli sürüb ki, şəkildəki öküzdür və o, gələcəkdə doğulacaq Oğuzun atasıdır. Bizcə, şəkildəki öküz deyil, buğadır. Çünki zoomorfik onqonlar başlıca olaraq dölləndirənlər, döllənənlər olurlar”. Sonra M.Seyidov buğa//buqay sözünün türk xalqlarının bir çoxlarının dilindəki məna çalarlarını açıqladıqdan sonra fikrini belə tamamlayır: “Bizcə, buğa//buqayın, deyildiyi kimi, Oğuz dastanı mətnində şəklinin çəkilməsi xüsusi məqsədlə ilişkəlidir. Buğa//Buqay türk xalqlarında zoomorfik onqon olmuşdur. Onun bu suyumunu göz qarşısına gətirərək Buqayı Oğuzun atası kimi düşünüblər. Belə bir düşüncə mifik baxımdan ağlabatandır. Çünki türkdilli qəbilə birləşmələri, xalqları, ulu babalarını, böyük igidlərini ucaltmaq, müqəddəsləşdirmək, qeyri-adi, yenilməz olduğunu göstərmək üçün onların soylarının köklərini, genlərini zoomorfik onqonlar, antropomorfik tanrılarla bağlayırdılar. Bu xalqlarda belə bir inam varmış ki, onqonlar və onlarla bağlı olanlar yenilməz olurlar”.
Beləliklə, Oğuz kağanın atası haqqında araşdırma aparmış tədqiqatçıların fikirlərindən gətirdiyimiz nümunələrdən göründüyü kimi, onlar əsasən yazılı mənbələrdə əfsanələrdən və dastanın özündən istifadə edərək öküzün qədim türklərdə totem olduğunu göstəriblər. Onlar həmin heyvanın Oğuz kağanın doğuluşunda da iştirak etdiyini bildirərək, onun Oğuzun atası olduğu fikrini irəli sürüblər. Ancaq buradaca göstərilməlidir ki, dastanda Oğuz mifoloji obrazdır. Bir qayda olaraq, epik əsərlərdə möcüzəli doğulmuş bu cür obrazların çox hallarda atası olmur. Məşhur psixoanalitik alim Erik Normann göstərir ki, möcüzəli doğulmuş qəhrəman ikili mənşəyə malik olur. Belə ki, qəhrəmanın iki atası olur. Əsl atasından başqa onun həm də “ali”, yəni arxetipik atası da var. K.Ceremies isə göstərir ki, qəhrəmanın ya atası, ya da anası olmur və onun valideynlərindən biri adətən ilahi mənşəli olur. Məhz bu keyfiyyətlər qəhrəmanı adi adamlardan fərqləndirir. Ona görə də mifologiya həmişə qəhrəmanı iki atanın oğlu kimi göstərir: onun adi atası ilə yanaşı, səmavi atasını, onun qəhrəmanlıq hissəsinin atasını, ali adamı, “qeyri-adi” və əbədi atasını da təqdim edir. Məhz bu səbəbdən də E.Normanna görə, “qəhrəman haqqında mifin arxetipi adətən günəş və ya hətta ay haqqında mif olur. Mədhetmə ilahiləşdirməni ifadə edir. Qəhrəman – günəş və ya aydır, yəni ilahidir. Həqiqətdə, o, adi adam kimi, öz atasının oğludur, o, ancaq qəhrəman kimi, Tanrının oğludur və onunla eyniləşdirilir.
Deyilənləri nəzərə alaraq göstərə bilərik ki, dastanda öküz (və ya buğa) rəsminin verilməsi heç də Oğuzun anasının ondan döllənməsi demək deyil. Əvvəldə dediyimiz kimi, onun anası Ay kağan Günəş şüasından möcüzəli şəkildə döllənib. Günəş şüası döllənmə aktının iştirakçısı olsa da, Oğuzun atası qismində çıxış etmir. Qədim türk mifoloji mətnlərindən çıxış edərək deyə bilərik ki, möcüzəli doğulan mədəni qəhrəman Oğuz Tanrının oğludur. Doğuluşda iştirak edən Günəş şüası isə yalnız ata Tanrının simvolu və təcəssümü kimi iştirak edir. Mədəni qəhrəmanın möcüzəli doğuluşundan bəhs edən bu cür mifoloji mətnlərdə həmişə ön plana Tanrı oğullarının anası və onun simvolları, təcəssümləri çəkilir; onun atası məlum olmur, daha doğrusu, qəhrəmanın möcüzəli doğuluşunda atanın iştirakı göstərilmir.
Mifoloji motivlərin zənginliyi və bu sahədə mifoloji mətnli dünya epik əsərləri içərisində bütün parametrləri ilə seçilən “Oğuz kağan dastanı” bütün qanunauyğunluqlara tam cavab verir. Mifoloji personaj olan Oğuzun atası haqqında məlumat verilməyən dastanda onun anası haqqında da geniş məlumat verilmir, amma onun adı çəkilir. Yuxarıda dastan mətnindən gətirdiyimiz nümunədə göstərdiyimiz kimi, onun adına bir dəfə, dastanın əldə olan hissəsinin əvvəlində, Oğuzun doğulması təsvir olunarkən kağan arvadının daşıya biləcəyi “katun // qatun” titulu əvəzinə qadın üçün ənənəvi olmayan kişi hökmdar titulu ilə – Ay kağan şəklində rast gəlinir. Oğuzun möcüzəli doğulması kimi, çox maraq kəsb edən bu fenomen, tədqiqatçıların onun haqqında müxtəlif fikirlər söyləmələrinə səbəb olub. Lakin onun mənşəyi barədə indiyədək müstəqil tədqiqat işləri aparılmayıb, ancaq dastan bəzi mövzularla əlaqədar alimlər tərəfindən tədqiqata cəlb edilərkən müxtəlif fikirlər söylənilib və demək olar ki, onlar arasında hamının qəbul edəcəyi yekdil fikir formalaşmayıb.
Özündə dini-mifoloji və siyasi elementləri ehtiva edən adın “Ay kağan” şəklində dastanda əks etdirilməsinə ilk münasibət bildirən alimlərdən biri, “Oğuz kağan dastanı”nın məşhur tədqiqatçılarından olan fransız sinoloqu P.Pelliodur. O, dastanın əlyazmasının Ay kağanın adı keçən hissəsinin anlaşıqlı olmadığını əsas gətirərək Oğuzun anasının kişi hökmdar titulu daşımasının səbəbini araşdırmayıb. Bununla belə, o, eyni zamanda türklərdə zadəgan qadınlar arasında qadınların kişi ünvanı daşımasının qəbul oluna biləcəyini göstərib. Alim dastanın əlyazma mətnində Oğuzun anasının doğum ərəfəsi təsvirini izah etdikdən sonra yazır: “Cümlənin geri qalan hissəsi qaranlıqdır. Daha öncə boşluq olduğu üçün bir qadının nə üçün qatun deyil, qağan ünvanı daşıdığı açıqlanmamaqdadır; bununla birlikdə, bir qadın üçün daşına bilən qan “xan” biçimi yerinə, burada əski qağan (= qaan) biçiminin daşınması ağlabatan görünür; Krım türklərində və osmanlılarda şahzadə və soylu qadınlar üçün xanım ünvanının daşınması da buradan qaynaqlanmaqdadır”.
Məşhur türk alimi B.Ögel isə Ay kağanın Oğuzun anası olduğunu qəbul etməyərək, onun Oğuzun atası olduğunu göstərib və dastanın birinci səhifəsində Ay kağanın adı keçən cümləni belə tərcümə edib: “Bir gün Ay kağanın gözləri aydın oldu. Bir oğlu oldu”. Özünün Ay kağanın Oğuzun atası olduğu fikrini təsdiqləməyə çalışan B.Ögel, şamanist türklərdə Günəşin qadın, Ayın isə kişi olaraq qəbul edildiyini və Aybək əd-Dəvadarinin də türklərin mənşəyi haqqında olan əfsanədən danışarkən mağarada doğulan uşağın adının Ay Atam olduğunu nümunə gətirərək, türklərdə “Ay” tərkibli kişi adları olduğunu göstərib”.

İsmixan Osmanlı
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -