Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kənd təsərrüfatı məqsədli torpaqların təyinatı dəyişdirilir

25.08.17, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kərəm Həsənov Şabranda yerli sakinlərin suallarını cavablandırıb
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov dünən Şabranda vətəndaş qəbulu keçirib. Komitədən verilən məlumata görə, qəbulda Şabran ilə yanaşı, Siyəzən rayonundan olan vətəndaşlar iştirak edib. Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, o cümlədən əmlaka çıxarış, texniki pasport və digər sənədlərin alınması, dövlət mülkiyyətində olan əmlakın icarəsi və özəlləşdirilməsi ilə bağlı müxtəlif səpkili müraciətlərini səsləndiriblər. Müraciət edənlərin bir qismi onlara məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, pay torpağı və mənzillərin qeydiyyatı, torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlərini bildiriblər.
Bəzi müraciətlər torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların icarəyə (istifadəyə) verilməsi zamanı komitədən rəylərin alınması məsələləri barədə olub. Vətəndaşlara bildirilib ki, torpaqların icarəyə (istifadəyə) verilməsi yalnız ƏMDK-nın rəyi ilə mümkündür. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi də çətinləşir. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı dəyişdirilir və ya tamamilə istifadəsiz saxlanılır. Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməlidir, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır: “Torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi son nəticədə həm vətəndaşların, həm də dövlətin mülkiyyət mənafelərinə xidmət edir. Məqsədli istifadəyə riayət olunması torpaqların iqtisadi dövriyyəsini və səmərəsini artırır, torpaq münbitliyinin korlanması və meydana çıxa biləcək hüquqi mübahisələrin qarşısını alır”.
Qəbul zamanı bələdiyyə torpaqlarının sənədləşdirməsi məsələlərinə də yer verilib. Qeyd olunub ki, sənədləşdirmə zamanı ilkin hüquq müəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Komitə sədri qəbulda diqqətə çatdırıb ki, vətəndaşların sorğularını və təkliflərini nəzərə alaraq geniş hüquqi məsləhət xidmətləri göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımdan faydalana bilər. Komitənin hüquqşünasları və ekspertləri vətəndaşın qeydiyyatla bağlı istənilən sualını, o cümlədən yeni əmlakların qeydiyyata alınması, hüquqi sənədlərin tələblərə uyğunluğu ilə bağlı məsələlər barədə müraciətini cavablandırır və ona hüquqi istiqamət verir. Komitə sədri vətəndaşları dinləyərək bir sıra müraciətlərin dərhal həlli üçün tapşırıqlarını verib. Eyni zamanda, bir sıra müraciət araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb.
Komitənin vətəndaşlara xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlıq prinsiplərinin gücləndirilməsi barədə həyata keçirdiyi innovativ tədbirlər barədə də qeyd olunub. Məmnunluğun artırılması, vaxt itkisinin qarşısını almaq məqsədilə elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu vurğulanıb. Son olaraq tətbiq edilən “Elektron çıxarış”, “Elektron hərrac” bunlara nümunə olaraq göstərilə bilər. “Elektron çıxarış” vasitəsilə artıq vətəndaşdaşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir.
Dövlət əmlakının özəlləşdirilməsi tədbirlərindən söz açan komitə sədri yeni tətbiq edilən “Elektron hərrac” xidməti barədə vətəndaşlara məlumat verib. Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək online qayda da hərracda iştirak edə bilər. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb. Komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, onların müraciətində bildirdiyi məsələlər ilə bağlı müvafiq tapşırıqlarını verib. Qarşıdakı dövrdə də belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.

Bu xəbər oxundu
- - -