Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bizim ideallarımızın hədəfi müstəqil ölkəmizdir”

29.08.17, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Muxtar İmanov: “Hətta fikir müxtəlifliyinə yol verən zaman da əsas məqsədimiz bu olmalıdır”

Azərbaycan teleməkanında özünəməxsus yeri olan İctimai Teleradio Şirkətinin yaranmasından 12 il ötür. Teleşirkət 2005-ci il avqustun 29-dan etibarən fəaliyyət göstərir.
Hazırda İctimai Teleradio efir məkanında tam fərqli proqram siyasətinə malikdir. Sosial, iqtisadi, siyasi əhəmiyyətli problemlərin daha çox müzakirə olunduğu tok-şoular, auditoriyanın maraqlarına cavab verən maarifləndirici proqramlar bu kanalda üstünlük təşkil edir.
Modern.az bu gün münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanovla həmsöhbət olub.
- Artıq 12 ildir ki, İctimai Teleradio fəaliyyət göstərir. Necə düşünürsünüz, bu illər ərzində teleradionun Azərbaycan mediasında rolu və yeri nədən ibarətdir?
- İctimai Teleradio Azərbaycan mədəniyyəti tarixində mühüm fakt və hadisələrdən biridir. Teleradio ictimai fikri əks etdirən, imkanı çərçivələrində ictimai rəyə təsir edən qurumdur. Bu gün əməkdaşlarımız teleradionun yaranma gününü qeyd etməklə bərabər, həm də hesabat verir. Həm İctimai radioda, həm də İctimai televiziyada peşəkar jurnalistlər və maraqlı verilişlər var. Arzu edərdim ki, rəhbərlik də daxil olmaqla hər kəs istedadlı jurnalistlərin tərəfində olsun. Onları fərqləndirib, qol-qanad verək ki, sanballı verilişlərin sayını daha da artırsınlar.
- İctimai teleradioya kənardan baxan bir tamaşaçı, dinləyici kimi, nələri tənqid edərdiniz?
- Bilirsiniz, adətən ad günündə tənqidə yol verilmir. Amma tənqid axtarsaq, hər yerdə tapa bilərik. Sadəcə arzu edirəm ki, həm televiziya, həm də radio kollektivi daha məsuliyyətli çalışsınlar. Bütün məsələlərə Azərbaycan dövlətçiliyi, onun qorunması baxımından yanaşsınlar. Bizim ideallarımızın hədəfi müstəqil ölkəmizdir. Hətta fikir müxtəlifliyinə yol verən zaman da əsas məqsədimiz bu olmalıdır.
- Muxtar müəllim, Yayım Şurası ən çox hansı proqramları diqqətdə saxlayır?
- Mən heç bir proqramı o biri proqramdan fərqləndirə bilmərəm. Biz Yayım Şurası olaraq həm televiziyanın, həm də radionun bütün verilişlərinə eyni dərəcədə diqqətli olmalıyıq. Burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Sadəcə elə verilişlər var ki, digərlərindən hansısa cəhətinə görə seçilir və ya obyektivliyini təqdim edə bilir. Özünün jurnalist peşəkarlığını ortaya qoya bilir. Bu verilişlərin adını bir-bir sayıb teleradionun yaranma günündə qanqaraçılıq salmaq istəmirəm. Amma bu cür verilişlərin varlığını danmaq olmaz.
- Siz həm də filologiya elmləri doktorusunuz. Şura sədri kimi KİV-in dili ilə bağlı hansısa təşəbbüsləriniz olacaqmı?
- Mən İctimai Televiziyada “Media və Zaman” verilişində də ekran mədəniyyəti ilə bağlı fikirlərimi bildirmişəm. Ekran mədəniyyəti televiziyanın mühüm göstəricilərindən biridir. Biz xüsusilə radio və televiziya jurnalistikasında Azərbaycan dilinin səlisliyini, qayda-qanunlarını qorumalı və pinti şəkildə təqdim edilməsinin qarşısını almalıyıq. Əlbəttə, dil ciddi məsələlərdən biridir. Jurnalistin haqqı yoxdur ki, dili ekrandan mənfi formada təqdim etsin.
- Maraqlıdır, bu yaxınlarda kadr dəyişikliyi gözlənilirmi?
- Ehtiyac və ya zərurət olarsa, təbii ki, kadr dəyişikliyi olacaq. Amma deyə bilmərik ki, biz kadr dəyişikliyini planlaşdırırıq. Kadr dəyişkliyi ilə bağlı planları birinci növbədə rəhbərlik təqdim edir və biz də müzakirə edib qərar veririk. Lakin bir adamın vəzifəyə qoyulub-çıxarılması məsələnin həlli deyil. Əsas odur ki, müəyyən vəzifələrdə, xüsusən məsul vəzifələrdə çalışan adamalardan iş tələb olunsun. Onlar da öz növbəsində həmin işi inkişaf etdirib, onun qədrini bilsinlər. Yəni hər gün yeni adamın vəzifəyə gətirilməsi və vəzifədən kənarlaşdırılması o qədər də düzgün yanaşma deyil. Jurnalistə və ya məsul şəxslərə imkan vermək lazımdır ki, öz istedadını və təşkilatçılıq qabiliyyətini ortaya qoya bilsin.

Bu xəbər oxundu
- - -