Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 60 faizi qaynaqlanıb

29.08.17, 13:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya hissəsində boruların təxminən 60 faizi qaynaq edilib. Bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 458 kilometr boru qaynaq olunub. Xatırladaq ki, avqustun əvvəlinə Yunanıstanda TAP kəməri marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 133 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.
İndiyədək Albaniyada TAP-ın inşası üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 78 faizi, 215 kilometrdən çox Albaniya hissəsinin inşasında istifadə ediləcək 13 min borunun isə hamısı limanlara çatdırılıb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində marşrut boyunca sahənin 507 kilometrdən çoxu, təxminən 67 faizi təmizlənib. Bundan əlavə, TAP-ın inşası çərçivəsində boruların təxminən 57 faizi qaynaq edilib və boruların təqribən 43 faizi isə xəndəyə endirilib.
Bundan başqa, TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır.
Qeyd edək ki, TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP-ın tikintisi üzrə işlərin təxminən 47 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq. Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Bu xəbər oxundu
- - -