Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bayatı yaradıcısı Lələ və Sarı Aşıq

30.08.17, 9:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Cocuq Mərcanlı yaxınlığında “Lələ dağı”ndan, “Lələ yaylağı”ndan söz açdılar”

"Xalq Cəbhəsi" qəzeti mərhum professor Sədnik Paşa Pirsultanlının Sarı Aşıq haqqında maraqlı araşdırmasını təqdim edir

2-ci yazı

Onun ictimai kədəri yalnız Yaxşı ilə əlaqədar deyil. Elinin, obasının sürgün edilməsi hələ körpə vaxtlarından qəlbini yaralayıb.

Mən aşığam, dağıtdı,
Duman gəldi, dağ itdi.
Bizdə bir oymaq idik,
Fələk vurdu dağıtdı.

Sarı Aşığın təsviri məzmunda təbiət təsvirlərinə həsr olunmuş bayatıları da var.

Mən aşiq, aranı dağlar,
Peykam yaramı dağlar,
Ürək istər əl çatmaz,
Kəsib aranı dağlar.

Sənətkar həm də qərib eldə təkdir, heç kəsi yoxdur. Aşığın təsəlli üçün bircə Yaxşısı var. Ona isə qovuşa bilmir. Onun Yaşxısı elə Yaxşıdır ki, ayla gün onun camalı ilə bəhsə girməyə utanır: Aşıq, bu gün butandı, Güldən dəstə tutandı. Ayla gün bəhsə girdi, Jamalından utandı. Yaxşının üzünə baxmaqdan doymayan aşıq deyir:

Aşıq, süzgün gözlərin,
Qəmdən üzgün gözlərin.
Yaxşıdan doya bilməz,
Baxsa yüz gün gözlərin.

Lələnin yaradıcılığı, həyat macəraları Sarı Aşığın varlığına elə hopub ki, onları bir-birindən belə ayırmaq mümkün olmur. Sarı Aşığın fitri istedadı, yaradıcılıq qüdrəti bu mürəkkəb, dumanlı yaradıcılıq prosesindən onu ayıra bilir. Onun özünəməxsusluğunu göz önünə gətirir. Sarı Aşıq poeziyası ilə, dastan yaradıcılığı ilə çarpazlaşmış, Lələnin “Yaxşı-Yaman” dastanının qısa məzmunu və təhlilini vermədən Sarı Aşıq yara-dıcılığına tam girişmək olmaz. Lələnin “Yaxşı Yaman” dastanının qısa məzmunu belədir: “Bir karvan başçısı Zamanın darvazasını döyür, bizi qəbul edin deyir. Zaman, onun həyat yoldaşı Yaxşı qonaqları o qədər səmimi qarşılayır ki, onlar ayrılarkən deyirlər: - Ay Zaman, ay Yaxşı bacı, biz Kərbəlaya gedirik, qayıdana kimi Allah sizə bir övlad bəxş etsin. Vaxt keçir, il tamam olur. Kərbəladan gələn karvanın qabağı açılır. Yaxşı deyir:
- Ay kişi, qonaqlar gəlib görəcəklər ki, övladımız olmayıb, məyus olacaqlar. Odur ki, çaylaqdan Yaxşı sığallı göy daş seçib beşiyə bələyir. Böyük hədiyyələrlə gələn karvanbaşı, beşiyə tərəf üz tutur. Beşikdə uşaq ağlayır. Yaxşının döşlərinə süd gəlir. Uşaq tək olduğu üçün onun adını Lələ qoyurlar. Lələ aybaay deyil, günbəgün böyüyür. O, Yaxşını bir an belə tək buraxmır. Yaxşının özündən başqa Günəş və Liqa adlı bacıları da var. Bəzən bacılar söz aşiqi Lələdən soruşurlar. Biz bacılardan hansımız daha gözəlik.
Lələ deyir:

Evləri gün aşanda,
Xalları gün nişanda.
A Yaxşı, sən də yaxşı,
Sən handa, Günəş handa?

Lələ görür ki, Yaxşı bu sözdən bir az pozuldu. İkinci bayatını deyir:

Ələmin, çalma yeri,
Çal yeri, çalma yeri,
Günəşin özü gözəl,
Yaxşının çalma yeri.

Lələ böyüdükcə Zaman Yaxşını ona qısqanır. Lələ nə baş verəcəyini qabaqcadan du-yurdu. Lələ görür ki, Zaman əlində nacaq (əl baltası) Lələni vurmaq istəyir. Lələ bir bayatı ilə bu vəziyyəti Yaxşıya bildirir.

Ələmin, dalda nacağı,
Lələnin dalda nacağı.
Bax, a Yaxşı, Yaman gəlir,
Tutubdur dalda nacağı.

Lələ sıçrayıb yaxınlıqdakı ağaca çıxır, paltarını soyunub bir budağın üstündə oturur. Yaman baxıb görür ki, Lələnin bədəni gömgöy daşdı, daşın üstündə də bir dəstə gül bitib. Ona tamaşa edən Yamana Lələ deyir:

Ələmin, daşdan mən,
Kirpikdən mən, qaşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Lələ ağacdan düşür və deyir:
- Siz sağ, mən salamat, daha mən getdim. Yaxşı çox yalvarır ki, Lələ getmə. Lələ görür ki, Yaxşı əl çəkməyəjək, deyir:

Ələmin, yaman məni,
Hey injidir, Yaman məni.
Baş götürüb getməsəm,
Öldürəjək Yaman məni.

Lələ halallaşıb gedir. Yaxşı ağlaya-ağlaya bir bayatı çəkir:

Dilimdə layla qaldı,
Çalmadım layla qaldı.
Qəlbimin gizli dərdi,
Janımda yayla qaldı.

Deməli, Yaxşı hər şeydən əvvəl Lələnin mənəvi anasının adıdır. Başqaları öz sevgilisini Züleyxaya, Leyliyə, Şirinə, Əsliyə bənzətdiyi kimi Sarı Aşıq da öz sevgilisini Lələnin mənəvi anası Yaxşıya, onun eşqinə qarşı çıxan qızın qardaşını Yamana oxşatmış, özünü Lələ kimi haqq aşığı adlandıraraq adları qoşalaşdırıb və bununla bir çox tədqiqatçıları çaş-baş salıb. Buna görə də, əsl həqiqət tülə bürünmüş, olduğu kimi görünməyib. Sarı Aşığın çək-diyi adlar məcazi, yəni ikinci adlardır. Beləliklə, Sarı Aşıq Lələni gənjliyində, ilk zamanlar sadəcə olaraq yamsılayıb. "Lələ yaylağı" olduğu kimi "Aşıq yaylağı" da vardır: "Lələ çardağı" kimi "Aşıq çardağı" da məşhurdur. Lələ kimi o da haqq aşığıdır. Görünür ki, Lələnin həyat macəraları Sarı Aşıqda silinməz izlər buraxmış və ömrünün sonuna qədər o, bu təsirdən yaxa qurtara bilməyib. İlyas Muşeqin erməni əlifbası ilə yazıya alıb, 1721-ci ildə bitirdiyi əlyazmasında başqa şair və aşıqlar sırasında Lələnin də adını çəkir. Qocaman el sənətkarı Aşıq Şəmşir də bir təcnisində Lələnin tarixi şəxsiyyət olduğuna və onların arasındakı mənəvi istəyə, ülvi məhəbbətə işarə edir:

Qışda dağlar həsrət çəkir a yaza,
Nərgizi qoşadı, lalə tək açdı.
Saldı eşq əlindən sərin ayaza,
Yaxşıya dərdini Lələ tək açdı.

“Yaxşı-Yaman” dastanı bədii bir əsər olsa da, onda gərəkli tarixi faktlar gizlin şəkildə olsa da yaşayır. Lələnin əkdiyi bostanın yarpaqlarını bir qara qoyun otlayır, ondan bir quzu əmələ gəlir. Həmin quzunun ətini yedikdən sonra Gözəl Şahın arvadı hamilə olur və ondan oğlu olur. Lələ gəlib şaha deyir: - Uşaq mənimdir. Sənin arvadın mənim quzumun ətindən hamilə olmuşdur. Sən uşağa bir ad qoy çağır, mən də bir ad qoyum çağırım. Gözəl şah Məhəmməd deyib uşağı çağırır. Uşaq dinmir. Lələ Budaq deyib uşağı çağırır. Uşaq cavab verir: - Ya Rəbbim, Lələ! Lələ gözünün altından baxanda görür ki, şah ona pis nəzərlə baxır. Lələ öz-özünə deyir: gəl bu Gözəl şahı başa sal ki, o, haqq aşiqidır, vaxt gələcək sən gözəl şah da onun qəbri üstünə ziyarətə gələcəksən: Lələ haqq lələsidi, Lələ can tələsidi. Lələnin qəbri üstə, Gözəl şah gələsidi.
Şah deyir: -Lələyə bax, qəbrinə bax, mən bunun qəbrinə ziyarətə də gedəsiyəm hələ. Rəvayətə görə bir gün Şah ova çıxır. Onun tərlan quşu bir qəbir daşının üstünə qonur. Gözəl şaha bildirirlər ki, bu Lələnin qəbridir. Gözəl şah onun qəbri üstündə bir künbəz yapdırır. Yaşadığı Güləbird kəndini bayatılarında yaşatdığı kimi sahilində yaşadığı Həkəri çayını da eyni səmimiyyətlə təsvir və tərənnüm edir: Mən aşığam ha kərim, Dada yetiş, ha kərim, Sizə sizin gen dünya, Mana mənim Həkərim. Sarı Aşıq yaşadığı coğrafi məkan haqqında yazıb yaratmaqdan doymur. O, Həkəri çayına bir yox, bir neçə bayatı yazmışdır, lakin indiyə qədər əllərinə bir bayatı düşmüşdür. Yazıya alınmış yuxarıdakı bayatıdan sonra, axtarışlardan sonra Həkəri çayına Yaxşının həsrəti ilə yaranmış daha bir bayatı nümunəsi əldə edilib:

Həkəriyə baxsana,
Sularında axsana,
Yaxşı yarı görməyə,
Qəlbi dağa baxsana.

Sarı Aşıq qəlbi dağa baxmaqla özünə təsəlli axtarır, lakin Həkəriyə baxıb kövrəlir. Varlığı ilə ona bağlı olduğunu yeni bir şəkildə ifadə edir. Həkərinin başıyam mən, Dibinin daşıyam mən, Axar suyu sellənər, Coşan göz yaşıyam mən. Uzun müddət Sarı Aşıqdan bəhs edənlər, onun Laçının Güləbird qəbirstanlığında yanaşı bir yox, iki qəbri olduğunu qeyd edirlər. Mən Lələnin “Yaxşı-Yaman” dastanını əldə etdikdən sonra Laçının Güləbird qəbirstanlığına getdim. Orada qədim bir qəbir-künbəzə və onun yanında üzə-rində saz şəkli olan qəbir-sənduqəyə rast gəldim. Üzərində saz şəkli olan qəbir-sənduqə 1927-ci ildə arxeoloqlar tərəfindən araşdırılmış və XVII əsrə aid olduğunu qeyd etmişlər. Sənduqənin yanındakı kümbəz, qəbirstalıq isə Gözəl şah tərəfindən Lələnin üstündə tikilmiş memarlıq abidəsidir. Gözəl şahın kümbəz tikdirməsi epizodu “Yaxşı-Yaman” dastanında öz əksini tapıb. “Yaxşı-Yaman” dastanı bütövlükdə “Xalqın söz mirvariləri” kitabında nəşr edilib. Lələnin “Yaxşı-Yaman” dastanı tək-tək bölgələrdə yayılıb və özünün təkamülünü dayandırıb Lələ həyatdan əlini üzmüş ümidsiz bir qəhrəmandır. Özü bunları bayatılarında dönə-dönə etiraf edir.

Lələyəm həyənim yox,
Al yaşıl geyənim yox.
Yüz il bir yana getsəm,
Gəlmədi deyənim yox.
Onun həyatda yeganə arxalandığı mənəvi anası Yaxşıdır. Sərgəndər gəzən Lələ bir dəfə gəlib Yaxşının qəbri üstə çıxır və görür ki, onun qəbrinə qar yağıb. Təəsüfünü belə bildirir: Ələmin, ya qar-qar, Ötər bülbül, ya qar-qar. Yaxşının gül üzünə, Utanmazmı, yağar qar. Lələnin bayatılarından bəziləri Bağdadda Kərkük bayatılarına qarışmışdır. Lələnin adı əlyazmalarında, ayrı-ayrı cünglərdə və tək-tək bayatı xəzinəmizdə onun adı eşidilir. Lakin Sarı Aşığın “Aşiq və Yaxşı” dastanı öz təkamülünü coşqun bir şəkildə yaşadır. Geniş xalq kütləsi arasında onun cinaslı bayatıları, bayatı-bağlama-ları dillər əzbəridir. Onun bayatıları ona görə bu qədər sevilir ki, onlar böyük sənətkarlıqla yaradılmaqla yanaşı, insanları sevib-sevilməyə, insani gözəlliyi, sevib-sevilməyi isti nəfəslə qəlbləri oxşayır. Onun bayatıları o qədər bədii cəhətdən qüdrətli cilalanmış bir şəkildə yaradılıb ki, bayatı yaratmaq eşqinə düşənlər deyirlər, kaş mən də Sarı Aşıq kimi yaddaqalan bayatılar düzüb qoşa biləydim.

Mən aşiqəm baxtı yarım,
Baxtımın taxtı yarım,
Üzündə gül göz izi,
Sənə kim baxdı yarım.

Onun hər bir bayatısı ölməz bir sənət abidəsidir. Mahir zərgər əlindən çıxmış ölməz incilərdir. Sarı Aşığın yaradıcılığı hələ bizə tam üzünü göstərməyib. Biz onun yaradıcılıq xəzinəsini istənilən qədər əldə edə bilməmişik. Son illərdə tək-tək əldə etdiyimiz bayatı nümunələri göstərir ki, biz Sarı Aşıqdan az şey bilirik. Sarı Aşıq Azərbaycan poeziyasında bayatı zirvəsinin fatehidir. O, bu ucalığı getdikcə daha möhtəşəm bir şəkildə nümayiş etdirir. İnsanlar onun yetkin, bitkin, məzmunlu, rəngarəng, dərin mənalı və dərin mündəricəli bayatılarından doymurlar. Onun bayatı çeşməsi zaman-zaman axdığı kimi bundan sonra da könüllərə axmaqda davam edəcək. Sarı Aşığın bayatıları gələcək bayatı yaradıcıları üçün bir örnək, bir mənbə, bir qaynaq rolunu oynayacaq. Neçə ki, Azərbaycan türkləri var, Sarı Aşıq zaman-zaman onların qəlbində yaşayacaq.

Sədnik Paşa Pirsultanlı
professor

Bu xəbər oxundu
- - -