Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yaponiya niyə Pxenyanın raketini vurmadı?

30.08.17, 10:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, Şimali Koreyanın raket sınaqlarının artması bir çoxlarının ABŞ, Yaponiya və Cənubi Koreyaya bu raketləri vurub salmaq çağırışlarına səbəb olub. Ötən iyul ayında ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan generalı Kuk mətbuata demişdi ki, ondan olsa, o, Cənubi Koreya sahillərindən havaya raket atmaqdansa, Şimali Koreyanın raketlərindən birini vurub salardı. "Bu bizə nə verərdi? Bu ən azı göstərərdi ki, biz də raket ata bilirik" - demişdi general.
Şimali Koreyanın son raket atışı ilə bağlı Yaponiyanın sosial şəbəkələrində istifadəçilər öz hökumətlərinin fəaliyyətsizliyindən narazılıqlarını ifadə edirlər. Bu raket Yaponiyanın Hokkaydo adası üzərindən uçub. "Independent" yazır ki, raketin vurulub salınması tammiqyaslı hücumla, sanksiyalar və diplomatiya siyasətinin arasında üçüncü yol kimi görünə bilər. Lakin bu yolun özünün çox ciddi riskləri var.
Prezidentlər Ronald Reyqan və Corc Buşun milli təhlükəsizlik şuralarında üzv olmuş Duqlas Paal deyib ki, hazırda Koreya yarımadasının ətrafında çox sayda ağır silahlar var. Siyasətçinin fikrincə bu, raketin vurulması üçün 50 faiz şans verən cəhddən daha yaxşı status quo sayıla bilər. Başqa sözlərlə siyasətçi işarə edib ki, hazırkı silahlar uçan raketlərin vurulmasına yalnız yarıbayarı müvəffəqiyyət ehtimalı verir.
Onun dediyi ağır silahlar isə raketdən müdafiə sistemləridir ki, bunlar məhz raketlərin vurulub salınması üçün yerləşdirilib. Cənubi Koreyada və ABŞ-ın bazası olan Quam adasında raketdən müdadfiə THAAD (Terminal High Altitude Area Defense) sistemləri var. Çinin narazılıqlarına baxmayaraq Cənubi Koreyada bu sistemlərdən biri də yerləşdiriləcək. Bundan başqa Amerika, Cənubi Koreya və Yaponiyanın bu regionda AEGIS sistemli raketləri olan döyüş gəmiləri var.
Yaponiya Şimali Koreyanın raket atəşindən az sonra Patriot raketinin sınaq atışını həyata keçirib. Hərçənd bu atış çoxdan planlaşdırlmışdı və təsadüfən Şimali Koreyanın raketi ilə eyni gündə atılıb. Bu qədər silah cəbbəxanası doğrudan da əzəmətli görünə bilər, amma ekspertlər ehtiyatlı olmağa çağırılar. "Biz bu texnologiya üzərində artıq 30 ildir ki, işləyirik, hələ də atəşin tam sərrastlığına nail olmamışıq”, - deyib Paal: “ Əgər biz onun raketinə raket atıb vura bilməsək, bu, Kim Jongun üçün böyük lovğalıq və təbliğat imkanı verəcək. Bu sahədə reallıqda hələ ki, kamil raket yoxdur. İndiyədək ən kamil texnologiya kimi özünü İsrailin Iron Dome sistemi göstərib. Lakin buradakı situasiya fərqlidir".
"Raketinin vurulmasına Kim Jonqun-un reaksiyasını da öncədən görmək mümkün deyil. O buna bizim de-eskalasiya cəhdimiz kimi baxacaq, yoxsa, bunu müharibə elan edilməsi kimi başa düşəcək?" - deyib ekspert.
Əgər hətta bu risk olmasa belə, tətiyi çəkməmək üçün başqa arqumentlər də var.
"Şimali Koreya bu sınaqları keçirməklə özünün döyüş qabiliyyətini yoxlayır”, - deyib Paal: “Amma bununla onlar həm də bizə imkan verirlər ki, onların döyüş qabiliyyətindən xəbərdar olaq. Onların atdığı hər bir raketin telemetrik göstəriciləri dənizdən çıxardığımız qırıntılardan öyrənilir. Şimali Koreyanın atdığı hər raketdə bizim üçün böyük kəşfiyyat materialı var". "ABŞ və başqa dünya ölkələrinin əlində bir sıra imkanlar var, amma bu o demək deyildir ki, biz dərhal havaya raket atmalıyıq" - deyib Paal.

Bu xəbər oxundu
- - -