Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Qarabağ münaqişəsində mövqeyini dəyişəcəkmi?

31.08.17, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında Soçidə keçirilən görüş ötən həftənin (görüş 23 avqustda Soçidə keçirilib - red.) əsas siyasi hadisəsi oldu. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı da görüşlə üst-üstə düşdü.
Erməni KİV-ləri bəyanatın Ermənistan hakimiyyətinin xoşuna gəlmədini yazıb.
Putin-Sarkisyan görüşündən bir neçə saat əvvəl “Amerikanın səsi”nin erməni xidmətində dərc edilən sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılırdı. Sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz “işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
“Putin Serj Sarkisyanı qapıda qarşıladı, amma Hoqland kürəyə zərbə vurdu. Soçidə Serj Sarkisyan və Vladimir Putinin görüş günündə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının bir neçə prinsipial bəndini təqdim etdi. Hoqlandın bəyanatı Ermənistanda böyük səs-küyə səbəb oldu. Orada göstərilən prinsiplər erməni qulaqları üçün xoş deyildi və Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Edvard Nalbandyan bildirdi ki, bəyanat özündə qeyri-dəqiqlikləri saxlayır. Amma bu, hazırda əhəmiyyətsizdir. Daha əhəmiyyətlisi odur ki, ABŞ-dan olan həmsədr erməni tərəfini sıxışdırmağa niyə qərar verdi və niyə bu Sarkisyan-Putin görüşü ilə üst-üstə düşdü”, - “Aykakan Yamanak” qəzeti yazıb.
Bu barədə iki fikir var. Birincisi odur ki, iki hadisənin üst-üstə düşməsi təsadüfdir. İkinci fikir bundan ibarətdir ki, tamamilə təsadüf deyildi. İkinci fikri ifadə edən ekspertlər bildirirlər ki, Sarkisyan-Putin görüşü ilə eyni gündə verilən bəyanat ABŞ-ın ya özünü xatırlatmaq, ya da Rusiya və Ermənistan prezidentləri arasında hansısa bir birtərəfli razılaşmaların qarşısını almaq üçün idi.
Vestikavkaza.ru saytının yazdığına görə, Soçi görüşünün gedişatında aydınlaşmalı idi: payızda Dağlıq Qarabağ problemi ilə bağlı yeni sammit çağırılacaqmı?
“Əgər Azərbaycan Prezidenti İlham Əliyev Putinlə görüşdə münaqişə zonasında etibarın möhkəmləndirilməsi mexanizmlərinin tətbiqi məsələsinin yeni görüşdə müzakirəsinə razılıq versəydi, onda Vladimir Putin bunu Sarkisyana catdırar və sonuncu buna sevinərdi. Bundan sonra görüşün formatı və vaxtı dəqiqləşdirilərdi. Amma, İlham Əliyev görünür, bu çağırışdan imtina edib. Maksimum, mümkündür ki, İlham Əliyev etibarın möhkəmləndirilməsi çağırışına münaqişənin bir neçə əsas vəziyyətinı paralel baxılacağı şərti ilə razılaşa bilərdi. Məsələn, erməni qoşunlarının bəzi ərazilərdən çıxarılması”, - sayt bildirib.
Vəziyyəti “Aravot” nəşrinə şərh edən politoloq Anuş Sedrakyan bildirib ki, erməni tərəfinin mövqeyində Putin-Sarkisyan görüşünün nəticələrinə görə heç nə dəyişməyəcək. O, bunu erməni rəhbərliyində siyasi, iqtisadi və energetika müstəqilliyinin olmaması ilə izah edib.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin dəyişməsi həmin postu tərk edən Riçard Hoqlandın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə ətraflı çıxışı ilə müşahidə olundu. Riçard Hoqland Dağlıq Qarabağ ətrafında bütün işğal edilmiş rayonların (müvəqqəti status əldə etmiş) Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqarar edilməsinin vacibliyini bəyan etdi. Bundan əlavə, keçmiş həmsədr Ermənistanla Dağlıq Qarabağ arasında olan və eyni zamanda Bakı tərəfindən idarə olunacaq koridorun bütövlükdə Laçın rayonunu əhatə etməməli olduğunu da bildirdi.

Onu da qeyd edək ki, Riçard Hoqlandın açıqladığı bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir.

Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək:

ABŞ-ın həmsədrini dəyişməsi və keçmiş diplomatının məlum açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsir göstərə biləcəkmi?
ALDP sədri Fuad Əliyevin fikrincə, həmsədrlərin bir-birini əvəzləməsi Dağlıq Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirir: "25 ilə yaxındır ki, ATƏT-in Minsk Qrupu formalaşdırılıb. Bu vaxta qədər qrumun üzvü olan dövlətlər – Rusiya, Fransa və ABŞ hər iki ildən bir həmsədrini dəyişdirir. Bu vaxtadək bütün həmsədrlərinin adlarını artıq yadda saxlamaq olmur. İstənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həllində iştirak edən dövlətlərin mövqelərini təqqdim edənlərdir. Eyni zamanda, Minsk Qrupunun həmsədrləri təmsil etdikləri dövlətlərin siyasətinin müəyyən edilməsində öz sözünü deyə bilən insanlardır. Hoqlandın yerinə Soferin təyin edilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir müsbət təsiri olmayacaq. Çünki, istənilən həmsədr dövlətinin milli və geosiyasi maraqlarını müdafiə edəcək. ABŞ-ın münaqişənin həllində mövqeyinin dəyişdirməsinə gəlincə, bu da inanılası deyil. Ona görə ki, ABŞ Cənubi Qafqazda baş verən hadisələrdə Rusiyanın müdaxiləsini bilir. Rəsmi Vaşinqton yaxşı anlayır ki, bu bölgə rəsmi Moskvanın nəzarətindədir. Dnestryanı, Ukrayna, Gürcüstan və nəhayət, Dağlıq Qarabağ münaqişəsi... Qərbin gücü çatmır ki, bu münaqişələri beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində Rusiyaya hansısa formada təzyiq göstərsin”.
Partiya sədri onu da əlavə edib ki, Riçard Hoqlandın öz vəzifəsində elə bir uğur qazanmadı: “Ondan əvvəlki diplomat Uorlik də vəzifəyə başlayan kimi münaqişənin həlli ilə bağlı bildirmişdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu da, bizdə belə bir təəssürat yaratdı ki, Uorlik mərhələli həll planının tərəfdarıdır. Amma sonradan o, bu fikrindən daşındı və bu fikri təkrarlamaqla yanaşı, yəni "rayonlar boşaldılmalıdır” deməklə yanaşı, bildirdi ki, Dağlıq Qarabağın statusu məsələsi haqda da paralel müzakirələr getməlidir. Bu, artıq "paket həll” variantı deməkdir və Azərbaycanın maraqlarına cavab vermir. Əvvəl söylədiyi fikrə zidd olaraq, sonradan başqa bir fikir dedi. Bu dafə də Hoqland fikir söylədi. Amma bu onun şəxsi fikridir, dövlətinin yox. Hoqland bu ilin yanvarından vəzifəsini icra edib, 7 aydan sonra onu başqası ilə əvəzləmək düzgün seçim deyil”.

Politoloq Ramiz Alıyev isə deyib ki, Endrü Soferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi bir daha onu göstərir ki, həmsədr ölkələrinin buradakı nümayəndələri və həmin ölkələrin özləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında qətiyyən nümayiş etdirib işğalçı ölkəyə təzyiq göstərərək işğal etdiyi ərazidən çıxmasının təmin edə bilmir və yaxud da etmək istəmir.
Onun sözlərinə görə, həmsədrlərin tez-tez dəyişdirilməsi əslində o qədər də uyğun deyil: “Həmsədrləri dəyişməkdənsə tərəflərdən münaqişəsinin ədalətli həllini beynəlxalq hüquq normaları çərçivəsində tələb etmək lazımdır. Ancaq belə olmayan halda biz düşünməliyik ki, həmsədr ölkələr münaqişənin ədalətli həllinin tərəfdarı deyil. Sadəcə olaraq qəsdən münaqişənin həlli bu və ya digər formada uzadılır”.
Politoloq Mirsamir Məmmədovun fikrincə, ABŞ-ın tez-tez həmsədrini dəyişməsi rəsmi Vaşinqtonun Dağlıq Qarabaq münaqişəsinin həllində tutduğu qeyri-səmimi mövqeyindən xəbər verir: “Münaqişənin həllinə yaxın ərəfələrdə hər dəfə Minsk qrupuna üzv olan dövlətlərdən biri həmsədrini dəyişdirir. Yeni həmsədrin münaqişə ilə tanış olması isə bir neçə il çəkir. Yəni həmsədrini dəyişdirən qrupa üzv olan dövlət bəyan edir ki. Yeni həmsədr münaqişənin tarixini öyrənmədən, tərəflərin mövqeləri ilə tanış olmadan, bölgəyə səfərlər etmədən bu məsələ ilə bağlı mövqe ortaya qoya bilməz. Belə bir mövqe bir növ vaxtın uzadılmaslna xidmət edir”.
Politoloq onu da deyib ki, ABŞ da Minsk qrupunun digər həmsədr dövlətləri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil: “Düzdür, bu gün ABŞ-Rusiya münasibətlərində bir soyuqluq nümayiş olunur. Amma regional problemlərin həllində dünyanın nəhəg dövlətlərinin öz siyasətləri var. Bu siyasətlər onların dövlər maraqlarını əks etdirir. Ona görə də ABŞ-ən Minsk qrupunda həmsədrini dəyişdirməsi münaqişənin həllinə heç bir müsbət təsir göstərməyəcək. Baxın, əvvəlki həmsədr Riçard Hoqlan postunu tərk etməzdən öncə işğal edilən ərazilərin hamısının Azərbaycanın nəzarətinə qaytarılmasının vacibliyini qeyd edib. Amma nəticədə işğalçı Ermənistanın mövqeyi dəstəklənir. Bu qrupa daxil olan dövlətlərin heç biri rəsmi şəkildə Ermənistanın işğalçılıq siyasətini pisləməyiblər. Heç bir beynəlxalq tədbirlərdə bu işğalçılıq siyzsəti bəyan edilməyib. Ermənistana heç bir siyasi və iqtisadi sanksiyalar tətbiq edilməyib. Deməli, Minsk qrupunda həmsədrlərin başqa bir diplomatlarla əvəzləməsinin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə heç bir təsir göstərməyəcəyini qəti şəkildə bildirmək olar. Çünki münaqişənin həllində əsas söz sahibi onlar deyil. Sadəcə olaraq, bu əvəzləmə Dağlıq Qarabağın işğal altında olduğunu, onun azad edilməsinin vacibliyini bir daha xatırlamaq və baş verənlər haqda bir neçə kəlmə demək üçün imkan yaradıb”.
Politoloq vurğulayıb ki, belə bir mövqenin sərgilənməsi ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu bir daha sübut edir: “Çünki onun həmsədrləri münaqişənin həlli ilə bağlı öz məsuliyyətlərini yerinə yetirməkdən, işğalçının - Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına nail olmaqdansa, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa, mövcud status-kvonu uzatmağa çalışırlar. Digər tərəfdən isə hadisələrin gedişindən məlum oldu ki, Vaşinqton və Moskva bir-birinə qarşı hikkəsini Dağlıq Qarabağ məsələsində nümayiş etdirirlər.
Azərbaycanın bir haqlı tələbi var: Ermənistan işğal altında saxladığı torpaqlardan qoşunlarını çıxarsın. Minsk qrupu həmsədrləri isə bu istiqamətində fəaliyyət göstərməkdənsə, atəşkəsdən və s. münaqişənin həllinə ciddi təsir göstərməyən bu sayaq aidiyyəti olmayan işlərlə məşğul olur, bəyanatlar verməklə işlərini bitmiş sayırlar”.

Cavid

Bu xəbər oxundu
- - -