Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Argentina və Paraqvay telekanallarında Azərbaycanla bağlı verilişlər nümayiş olunub

31.08.17, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Argentinanın “Telefe”, habelə ölkənin müxtəlif əyalətlərinə məxsus “Canal 8”, “Canal 11”, “Teleocho”, “Canal 7” və Paraqvayın “Paraguay TV” telekanallarında yayımlanan, yerli tamaşaçıları müxtəlif ölkələr, onların tarixi, mədəniyyəti, mətbəxi, turizm imkanları ilə tanış edən “Səyahətlər və talelər” (“Viajes y Vidas”) verilişinin avqust ayında Azərbaycanla bağlı iki hissədən ibarət buraxılışı efirə gedib. Mədəniyyət və Turizm Nazirliyi məlumat verir ki, veriliş çəkiliş qrupunun cari ilin 30 iyun – 6 iyul tarixlərində Azərbaycanın Argentinadakı səfirliyi və nazirliyin dəstəyi ilə Azərbaycana baş tutmuş səfəri zamanı Bakı şəhərində və Xınalıq kəndində çəkilmiş materiallar əsasında hazırlanıb.
Azərbaycanla bağlı buraxılış zamanı Bakı şəhərinin qədim hissəsi, İçərişəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası, onların tarixi barədə ətraflı məlumat verilib. Habelə Bakının müasir dövrə aid simvolları – Heydər Əliyev Mərkəzi və Alov Qüllələrindən bəhs olunub. Azərbaycan Xalça Muzeyindən görüntülər təqdim olunub, Azərbaycanda xalçaçılıq sənətinin tarixi və inkişafından danışılıb, xalça toxunması texnologiyası nümayiş olunub. Çəkiliş qrupu “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda və “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində də olub, həmin yerlərdən görüntülər fonunda ölkəmizin tarixi, xalqımızın adət-ənənələri ilə bağlı məlumat verilib.
Proqram ərzində Quba rayonunun Xınalıq kəndində çəkilmiş materiallar təqdim olunub, kəndin tarixi, əhalinin həyat tərzindən bəhs olunub. Veriliş Azərbaycan musiqi mədəniyyətinə də xüsusi yer ayırıb. Beynəlxalq Muğam Mərkəzi, onun yaradılması və fəaliyyəti barədə danışılıb. Muğam triosunun canlı ifası təqdim olunub. Habelə Azərbaycan milli rəqs nümunələri nümayiş olunub. Azərbaycan mətbəxinin zənginliyi və ləzizliyi xüsusi vurğulanıb. Tamaşaçılara təndirdə çörəyin hazırlanması texnologiyası göstərilib.
Veriliş zamanı çəkiliş qrupu Bakı şəhərində gördükləri ilə bağlı heyranlıqlarını dəfələrlə ifadə edib, paytaxtımızın tarixi və müasirliyi özündə birləşdirən nadir gözəlliyə malik bir şəhər olması xüsusi qeyd olunub. Xalqımızın qonaqpərvərliyi, ölkəmizdəki sabitlik və təhlükəsizlik, habelə Azərbaycanın əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri ölkələrdən biri olduğu önə çəkilib, bu xüsusda Azərbaycan mühüm turizm məkanı kimi tövsiyə olunub.

Bu xəbər oxundu
- - -