Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SKMF cəbhə bölgəsindən olan sahibkarlara kredit verib

31.08.17, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirlikdən verilən məlumata görə, fond bu sahədə növbəti işgüzar forumunu avqustun 31-də Tərtər rayonunda keçirib. Tədbirdə SKMF tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Forumda fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlərdən istifadə etməklə həyata keçirilən layihələr barədə məlumat verilib. Vurğulanıb ki, bu il ərzində 1000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İndiyədək Tərtər rayonundan olan 264 sahibkara 5,1 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun fəaliyyətində əsas prioritetlərdən biri sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Ümumiyyətlə, indiyədək SKMF tərəfindən sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara 681 mln. manatadək güzəştli kredit verilib.
İşgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 492 min manatadək güzəştli kredit verilib. Verilən kreditlər əsasən pambıqçılıq, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu, investisiya layihələrinin reallaşdırılması 40-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

Bu xəbər oxundu
- - -