Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paytaxtda yararsız binaların siyahısı müəyyənləşdirilib

31.08.17, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlqar İsbatov: “Bakıda həmin binaların tədricən sökülməsi və yerində müasir yaşayış binalarının inşası nəzərdə tutulur”

Bu gün Prezident İlham Əliyevin “Pilot layihə” kimi azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı uğurla həyata keçirilir. Layihə yaşayış üçün yararsız və qəzalı olan, şəhərin görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək on minlərlə sakinin daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti ilə təmin etməklə yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur. Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun AZƏRTAC-a müsahibəsi də bu aktual məsələyə həsr olunub.
Son dövrlərdə dövlətimiz tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində çoxlu sayda və düşünülmüş tədbirlərin həyata keçirildiyini bildirən İ.İsbatov bundan ötrü dövlət başçısının Sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradıldığını söyləyib: “Hesab edirəm ki, mühüm yanaşmalardan biri də “Pilot layihə” ideyasının irəli sürülməsidir. Bu layihələr hazırda Bakı şəhərinin inzibati ərazisinə daxil olan ərazilərdə həyata keçirilir. İlk dəfə “Pilot layihə” Sabunçu rayonunda həyata keçirildi. Onun uğurlu bir yanaşma olduğu müəyyənləşəndən sonra Binəqədi və Qaradağ rayonlarında tətbiq olunmağa başladı. Daha sonra paytaxtın digər 9 rayonunda pilot layihələrin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı oldu.”
İnstitut direktoru deyib ki, qərar çıxarkən hökumət komissiyası qeyd olunan rayonların ərazisində yararsız binaların siyahısını müəyyənləşdirib. Həmin binalar haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyalarının rəyləri var idi. “Pilot layihə”lər ilk növbədə məhz həmin binaların sökülərək, yerində yeni yaşayış evlərinin inşasını nəzərdə tuturdu.
İ.İsbatov vurğulayıb ki, əsas məqsəd orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur.
İnstitut rəhbəri, həmçinin qeyd edib ki, “Pilot layihə” Bakı şəhərinin gələcək inkişafı ilə əlaqədar olaraq hazırlanan ərazi planlaşdırma sənədlərindəki təklif və müddəalara uyğundur. Belə ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı” layihələrində xüsusi ərazilər müəyyənləşmişdi ki, bu ərazilərin yenidən qurulması həyata keçiriləcək. “Pilot layihə” də onun formalarından biridir. Yəni, həmin ərazilərdə yaşayan sakinlər müvəqqəti olaraq başqa yerə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali əlavə olaraq təqribən 15-20 faiz əlavə sahə ilə təmin edilirlər. Bu bir yanaşmadır və indiki şəraitdə uğurla həyata keçirilir”.
O deyib ki, şəhərin bir sıra ərazilərində sözügedən “Pilot layihə” artıq reallaşdırılır. İnstitut tərəfindən yenidənqurma işləri ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının konkret ərazilər üzrə müraciətləri əsasında müvafiq ərazi planlaşdırma sənədləri hazırlanır. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırıldıqdan sonra tikinti layihələrinin hazırlanması haqqında yerli icra hakimiyyət orqanları tərəfindən sərəncam verilir.

Bu xəbər oxundu
- - -