Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ münaqişəsinin həllində din faktoru

05.09.17, 8:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dini liderlər yenidən görüşürlər

Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
Bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.
Görüş Müqəddəs Danil monastırında keçiriləcək.
A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir.
Onu da bildirək ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill hər dəfə Qarabağ münaqişəsinin həllində dini liderlərin görüşünə böyük önəm verib. Bundan öncə də dəfələrlə Krill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginə məktub ünvanlayıb.
Məktubda Rusiya Pravoslav Kilsəsinin rəhbəri Dağlıq Qarabağda onlarla adamın öldüyü və yüzlərlə nəfərin yaralanmasıyla nəticələnən hərbi əməliyyatlar barədə xəbərləri narahatlıq və həyəcanla qəbul etdiyini bildirib.
Məktublarda Patriarx Kirill tərəflərin ən qısa zamanda atəşkəs rejiminə əməl edəcəyinə və barışıq əldə olunacağına ümid etdiyini bildirib. O, bu çətin günlərdə öz dualarıyla Azərbaycan və Ermənistan xalqıyla birgə olduğunu qeyd edib.
O, Şeyxülislam Allahşükür Paşazadə və katolikos II Qaregini qan və düşmənçiliyi dayandırmaq üçün bütün nüfuzlarından istifadə etməyə çağırıb: "Öz adımdan deyə bilərəm ki, Qarabağ münaqişəsinin həllinə hərtərəfli töhfə verməyə hazıram".
Bütün ermənilərin katolikosu II Qaregin də çıxışlarında münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Hətta bir neçə dəfə QMİ sədri Allahşükür Paşazadəyə də “sülhsevər” məktub ünvanlayıb.
2010-cu ildə Bakıdakı “Gülüstan” sarayında keçirilən Ümumdünya Din Xadimlərinin Sammitində də çıxış edən II Qaregin dünyadakı müharibə və terrorizmə son qoyulmalı olduğunu bəyan edib.
"Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdən ibarətdir",- deyə erməni katalikosu bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan II Qaregin bu münaqişə ətrafında həll prosesini ATƏT-in Minsk qrupunun apardığını və dövlət başçılarının da yüksək səviyyəli dialoqunun nəzərdə tutulduğunu deyib.
"Necə xoşbəxt bir gün olardı ki, regiondakı bütün sərhədlər açılardı və münaqişələr həll olunardı”,- deyə II Qaregin vurğulayıb.
2011-ci il noyabrın 28-də Ermənistanın paytaxtı Yerevanda MDB ölkələri Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısında isə Ermənistan prezidenti Serj Sərkisyan münaqişənin dini xarakter daşımadığını bildirib: “Qarabağ münaqişəsinə dini rəng vermək qeyri-konstruktivdir. Xalqlarımızın etiqad etdiyi dinləri – islamı və xristianlığı qarşı-qarşıya qoymaq olmaz. Münaqişə çərçivəsində mənəvi və tarixi-mədəni dəyərlərin məhvi də yolverilməzdir”.
Hələ o zamandan Ermənistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin bütün Rusiyanın Patriarxı Kirilin vasitəçiliyi ilə aparılan dialoqunu alqışladığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn bütün səylərə görə təşəkkür edirəm”.
Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllində din faktorundan istifadə edilməsi də vacib hesab edilib. Bu gün insan hüquq və azadlıqlarının qorunmasında, siyasi maarifləndirmənin artmasında sözsüz ki, dövlətlərdə domenantlıq təşkil edən dinlərin də mühüm rolu olur. İstər Avropada, istər ABŞ-da, istərsə də Şərq dünyasında dini camiələr kifayət qədər təsiretmə imkanlarına sahib olurlar və cəmiyyətin aktivləşməsində bu qurumların mühüm rolu olur. O cümlədən Ermənistanda da kilsənin mühüm təsir imkanları olur. Hətta qeyd etmək lazımdır ki, Ermənistanda kilsə bütövlükdə cəmiyyətin siyasi maariflənməsini, istiqamətləndirməsini təmin edən gücdür. Böyük Ermənistan ideyasından tutmuş, türklərə qarşı barışmazlığa qədər dindən kənar prinsiplər məhz kilsənin əsas xəttidir. Tarixlər boyu, o cümlədən son 1988 - ci ildə də azərbaycanlılara qarşı basqınların başlamasına da start verən kilsə oldu. Bu baxımdan kilsə toplumun həyatında xüsusi yer tutur. Gəlin bir məqama xüsusi önəm verək. Deməli, kilsə toplum tərəfindən həm xilas ünvanı, həm də təhlükə mənbəyi kimi qəbul edilir. Niyə ?. "Erməni psixologiyası" kitabında bunun maraqlı açması göstərilir:"
1. Kilsə yeganə güc ünvanıdır ki, hakimiyyətin və lobbinin işinə müdaxilə edə bilir və çıxarılan qərarı dəyişmək iqtidarındadır. Düzdür, bu günə qədər bu güclər arasında elə bir toqquşma olmayıb. Amma bu gücü hamı qəbul edir və qarşıdurmadan yayınır. Bu amilə görə kilsə toplumun inam mərkəzinə çevrilir.
2. Kilsə Ermənistanın və ermənilərin strateji müttəfiqlərinin müəyyənləşməsindən tutmuş xarici siyasətlə bağlı digər məsələlərə də təsir göstərir. Bu günə qədər istər Yunanıstanla Ermənistan arasında mənəvi bağlılığın yaranmasına, istərsə də pravoslavlarla katoliklərə eyni məsafədən münasibət göstərilməsinə qədər işlərə kilsə ciddi təsir göstərir. Bu da kilsəyə olan inamı artırır.
3. Kilsənin nəzarətində ciddi resurslar, o cümlədən toplumun sosial problemlərini belə həll etmək gücündə şəraiti var.
4. Kilsənin çıxartdığı yanlış qərara belə etiraz sadəcə ölümə bərabərdir.
5. Kilsənin dini inanclardan çox uzaqlaşaraq siyasi maraqları qoruması təhlükəni daha da artırır.
Beləliklə gördüyünüz kimi bu gün erməni cəmiyyətinin formalaşmasına bir başa təsir göstərən, cəmiyyətin qüsurlu maariflənməsini təmin edən güc kilsədir.
Amma o da faktdır ki, elə bu münaqişənin alovlanmasında Eçmiədzin kilsəsinin böyük rolu var. II Qarigen belə bir mövqe tutmaqla dünyaya sübut etmək istəyir ki, erməni kilsəsi müharibə əlehdarıdır. Bunu da qeyd edək ki, dəfələrlə erməni tərəfi belə müraciətlər edib və sonradan bundan siyasi maraqlar üçün istifadə ediblər. Digər tərəfdən Azərbaycan Ordusunun son əməliyyatları da Ermənistanı çaşqın duruma saldı. Bu baxımdan II Qarigenin hər dəfə belə bir müraciəti də bu təşvişin tərkib hissəsi sayıla bilər. Beləliklə qeyd etmək lazımdır ki, bu gün erməni cəmiyyətinin siyasi maarifləndirmədən kənarda qalması, insan hüquq və azadlıqlarına qarşı bir sayğısızlığın olmasının səbəbkarı məhz kilsədir. Erməni din xadimləri hər zaman ətraf mühitə qarşı bir nifrət aşılayan güc olublar və sözsüz ki, bu gündə mövqeləri dəyişməzdir.Belə olmasaydı Eçmiədzin təmsilçiləri dünya ölkələrinə tez-tez səfərlər edib Dağlıq Qarabağı bir erməni dövləti kimi tanıtmağa çalışmazdılar. Yəni, bir tərəfdən barışıq mesajları göndərilir, digər tərəfdən isə erməni cəmiyyətini intiqamçı cəmiyyət kimi tərbiyələndirirlər. Bunu da qeyd edək ki, hazırda erməni kilsələri ilə, dünya erməni lobbisi eyni məntiqdən çıxış edir və onlar üçün hədəf Azərbaycandır. Sonda bir məqamı da yada salaq ki, bu gün qondarma erməni "soyqırım"ının təbliği, dünya dövlətləri tərəfindən qəbulu üçün əsas iş aparan güclərdə məhz Eçmiədzində cəmləşiblər və çəkinmədən qeyd etmək lazımdır ki, hazırda erməni cəmiyyətinin özü belə Eçmədzinin girovluğundadır. Buna görə yəqin ki, timsahın göz yaşlarına inanmağa dəyməz.
Ekspert Mirsamir Məmmədovun fikrincə, Ermənistanın dövlət siyasəti birbaşa Qareginlə bağlıdır: "Ermənistanın bütün ideyalarının, terrorunun başında erməni kilsəsi dayanır. Bütün erməni ideyaları Eçmədzindən çıxarılan ideyadır. Erməni keşişləri Avropada Dağlıq Qarabağ münaqişəsini alovlandıran, bu münaqişəni dini zəmində baş verdiyini və dünya xristianlarını müsaılmanlara qarşə qaldıracaq fikirlər söyləyirlər. II Qarigen bu dəfəki görüçdə də münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxdığını deyəcək. Amma ənənəvi olaraq öz dini siyasətini davam etdirəcək, ona çox inanmaq olmaz. Ümumiyyətlə, bu məsələdə, Türkiyəyə qarşı siyasətdə Ermənistan ən çirkin siyasətini həyata keçirir. Onun din xadimindən tutmuş, siyasətçisinə qədər hamısı dünya türklərinə qarşı terror siyasətinə sadiqdirlər, onların vədinə, sözünə və bəyanatlarına inanmaq olmaz”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya 20-ildən artıqdır ki, Ermənistan və Azərbaycannın dini liderlərinin Moskvada görüşünü keçirir. Bu müddət ərzində dini liderlər yalnız humanitar və xalqlar arasında mümkün sülh münasibətlərini müzakirə edirlər. Sentyabrın 8-də yenidən Rusiya patriarxı Kirilin təşəbbüsü ilə yenidən Ermənistanın II Qaragein və QMİ sədri A.Paşazadə Moskvada görüşəcək. Bi görüşdə Qarabağ münaqişəsinin həlli yolları və xalqlar arasında sülh münasibətləri əsas müzakirə predmeti olacaq: “Qeyd edim ki, dini liderlərin görüşündə Qarabağla bağlı müzakirələr bir o qədər ciddi nəticəsi olmayan müzakirələrdi. Bu görüşdə dini liderlər əsasən əsirlər və humanitar sahələrdə danışıqlar aparmalı, Xankındində erməni əsirliyində olan Şahbaz Quliyev və Dilgəm Əsgərovun əsirlikdən qurtarllması üçün II Qarageinlə danışmalıdır. Ermənistanın dini lideri əsirlərin buraxılması üçün müəyyən nüfuza sahibdir. Hesab edirəm ki, bu danışıqlar da bu kimi məsələlərdə razılıq əldə olunarsa müəyyən müsbət nəticələr ola bilər. Əgər, bu görüşdə sadəcə görüş kimi davam edərsə, gələcəkdə belə bir görüşlərə Azərbaycan qatılmamalıdır”.

Cavid

Bu xəbər oxundu
- - -