Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Buta Airways” aviaşirkəti üç istiqamətdə uçuşlara başlayıb

05.09.17, 12:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda ilk aşağı büdcəli aviaşirkət - “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkəti üç istiqamətdə - Tbilisi, Moskva və Antalya istiqamətlərində uçuşlarla fəaliyyətə başlayıb. Əvvəlcədən planlaşdırıldığı kimi, sentyabrın 1-də aviaşirkət Tbilisiyə ilk kommersiya reysini avqustun 25-də Braziliyadan Bakıya gətirilmiş, 106 sərnişin tutan yeni, ən müasir və komfortabelli “Embraer 190” təyyarəsi ilə həyata keçirilib.
Gürcüstan paytaxtının aeroportunda “Embraer 190” təyyarəsinin təntənəli qarşılanma mərasimi keçirilib. Loukosterin ilk reysinin sərnişinləri arasında bir qrup Azərbaycan jurnalisti də vardı. Təyyarənin trapı yanında sərnişinləri qarşılayan milli geyimli bir cavan oğlan və bir gənc qız onlar milli şirniyyatlara qonaq ediblər. Avialayneri qarşılayanlar arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “AZAL”-ın Gürcüstandakı nümayəndəsi Avtandil Əhmədov, Gürcüstan Aviasiya Administrasiyasının təmsilçiləri də vardı.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qeyd edib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Səfirin fikrincə, “Buta Airways” aviaşirkətinin fəaliyyəti turizm sahəsinin inkişafına və Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə sanballı töhfə verəcək. “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə jurnalistlərə deyib: “İlk mərhələdə, yəni qış cədvəlinə keçənə (oktyabrın 29-na) qədər Tbilisiyə həftədə 4 reys həyata keçiriləcək, qış cədvəli dövründə isə reyslərin sayı artırılaraq 10-a çatdırılacaq”.
Aviaşirkətin direktoru xatırladıb ki, aviabiletlərin qiyməti 29 avrodan başlanır. Biletlər iki ay bundan əvvəl satışa buraxılıb. Təyyarənin yüklənmə dərəcəsinin çox yüksək olduğunu bildirən C.Manizadə deyib: “Bu göstərici bizi çox sevindirir. Hazırda yüklənmə əmsalı 95-100 faiz civarındadır. Bugünkü reysin tamamilə dolu olması bizim qiymət siyasətimizin düzgün olmasını bir daha təsdiq edir”.
Manizadə AZƏRTAC-ın müxbirinin yeni aviaşirkətin perspektivli istiqamətləri barədə sualına cavab olaraq deyib: “Biz çoxsaylı potensial istiqamətləri nəzərdən keçiririk. Əvvəlcə əhalinin daha çox tələb duyduğu məntəqələrdən başlamağı qərara aldıq. Uçuşların coğrafiyası hökmən genişlənəcək”.
Sentyabrın 1-də “Buta Airways” aviaşirkəti Antalya və Moskvaya da ilk aviareysləri yerinə yetirib. İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq. “Buta Airways” aviaşirkəti haqqında: minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək. Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq. “Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.

Bu xəbər oxundu
- - -