Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kanadanın Ontario əyalətinin rəsmisi Odlar Yurdu Universitetinin qonağı olub

07.09.17, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kanadanın Ontario əyalətində tədqiqatlar, innovasiya və elm naziri, Kanada Qanunvericilər Məclisinin nümayəndəsi Reza Moridi, Kanadanın Vaterlo Universitetinin riyaziyyat fakültəsinin direktoru İlham Axundov, Araşdırmalar və İnnovasiyalar Nazirliyinin aparat rəhbəri və bununla yanaşı digər nümayəndə heyəti Odlar Yurdu Universitetinin qonağı olub. İlk olaraq qonaqları salamlayan universitetin rektoru, professor Əhməd Vəliyev Kanada ilə Azərbaycan Respublikası arasındakı diplomatik əlaqələrdən danışıb, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni müstəvidə çox uğurla inkişaf etdiyini və öz siyasi gücünü məharətlə ortaya qoya bildiyini diqqətə çatdırıb.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti vurğulanıb.
Rektor eyni zamanda qonaqlara Odlar Yurdu Universiteti, onun beynəlxalq əlaqələri, xarici universitetlər ilə əməkdaşlıqları barədə ətraflı məlumat verib. Daha sonra qonaqların ölkəmizə səfərinin və keçirilən görüşün Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsinə, inkişafına təkan verəcəyinə də inamını ifadə edib. Bildirib ki, dünya elmi və mədəniyyəti qarşısında, ölkələr arasında dostluq, beynəlxalq əlaqələr, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra şəxsiyyətlər Odlar Yurdu Universitetinin fəxri doktorları və fəxri qonaqları adına layiq görülüb. Reza Moridinin dünyanın tanınmış elm-təhsil təşkilatçılarından biri olduğunu deyən universitetin rektoru, professor Əhməd Vəliyev, ona Odlar Yurdu Universitetinin Fəxri doktoru diplomunu, qədim tarixə malik Azərbaycan xalçası və digər milli hədiyyələr təqdim edib.
Reza Moridi 2016-cı ilin iyun ayından Araşdırmalar, İnnovasiyalar və Elm üzrə nazir vəzifəsində çalışır və Nazirlər Kabineti Qanun və İdarəetmə Komitəsinin üzvüdür. Eyni zamanda 2014-2016-cı illərdə Təhsil, kolleclər və universitetlər naziri, həmçinin Araşdırmalar və İnnovasiyalar naziri, Nazirlər Kabineti Təhsil, Bacarıqlar və İqtisadi Siyasət Komitəsinin sədri olmuş və digər yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. 2016-cı ildən Nazirlər Kabineti Mühüm Məsələlər Planlaşdırma və Şimali Ontario Komitəsinin üzvüdür.
Səmimi qəbul və verilən məlumatlar üçün təşəkkürünü bildirən Reza Moridi Odlar Yurdu Universitetində olmaqdan, universitetin Fəxri doktoru adına layiq görülməkdən məmnunluğunu ifadə edib. Qonaq öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulan planlardan danışıb. O, Kanada universitetləri ilə Odlar Yurdu Universiteti arasında tələbə mübadiləsi məsələsinə də toxunub və bundan sonra da əlaqələrin inkişafına əminliyini bildirib. Reza Moridi ikitərəfli əlaqələrin genişlənməsində və gələcək fəaliyyətində elm-təhsil sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.
Daha sonra qonaqlar universitetin elmi-tədqiqat institutlarında və tədris mərkəzlərində olublar və Reza Moridi Universitetin Fəxri kitabına öz ürək sözlərini yazıb.

Bu xəbər oxundu
- - -