Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ən çox Ukrayna və Rusiya ali məktəblərinin diplomları tanınmır”

07.09.17, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İdarə rəisi: “Vətəndaşların Azərbaycan sərhədini keçmədən xaricdən diplom alması faktları var”
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyevin APA-ya müsahibəsi (ixtisarla)
- Təhsil Nazirliyinin müvafiq şöbəsi ləğv edilərək Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradıldı. İdarənin məqsəd və vəzifələri nədən ibarətdir?
- Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi 2015-ci ilin dekabr ayında yaranıb və artıq idarənin yaranmasından 1 il 6 ay zaman keçir. Qurumun fəaliyyəti 2 istiqamətdə - akkreditasiya və nostrifikasiya (xarici ölkə diplomlarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi) üzrə qurulub. Təhsilin bütün pillələrində keyfiyyətin təminatı məsələsi bu gün üçün prioritet məsələlərdən biridir. İdarə bu istiqamətdə qısa müddətdə kifayət qədər böyük işlər görüb. Fəaliyyətin 1 ili ərzində 13 ali təhsil müəssisəsi akkreditasiyadan keçib...
İdarədə əsas fəaliyyət istiqamətlərindən biri də nostrfikasiya prosesidir. Bu sahədə bütün proses elektronlaşdırılıb, şəxs idarəyə gəlmədən sənədlərini yükləmək və bütün mərhələlər haqqında mütəmadi məlumat almaq imkanındadır. Bu, təhsil sahəsi üçün xüsusi önəm kəsb edir. Çünki bir çox vətəndaşlar təhsil almaq üçün xarici ölkələrə gedir. Lakin tədris dilini bilmədən, öz ixtisası barədə məlumatı olmadan diplom əldə edilər. Nazirlik olaraq bu prosesin qarşısının alınması istiqamətində işlər aparılır. Əsas istiqamət ölkədə təhsilin bütün pillələrində keyfiyyətli təhsil vermək və nəticədə əmək bazarını peşəkar və ya ixtisaslı kadrlarla təmin etməkdir. Xarici ölkə ali təhsil müəssisələrindən gələrək öz ixtisasını və tədris dilini bilmədən diplom əldə edənlərin qarşısının alınması ən önəmli məsələlərdən biridir. Bu qəbildən olan insanlarla müsahibələr aparılır. Nəticə etibarı ilə öz ixtisasından heç bir məlumatı olmayana, tədris dilini bilməyən şəxslərə diplomlarının tanınmasından imtina edilir.
- Bu gün idarənin maliyyələşməsi hansı formada həyata keçirilir?
- İdarə həm büdcədən maliyyələşir, həm də təsərrüfat hesablıdır. Bu məqsədlə yaxın gələcəkdə müxtəlif xarakterli xidmətlər göstəriləcək. Vətəndaşların müraciətlərinin daha da asanlaşdırılması istiqamətində bir neçə xidmətlər fəaliyyətə başlayacaq. İşlər tam yekunlaşandan sonra bununla bağlı saytda əlavə məlumat yerləşdiriləcək.
Xarici ölkə təhsil müəssisələri, nostrifikasiya prosesinin nədən bəhs etməsi ilə bağlı geniş məlumat verilməsi məqsədilə bu sahəyə ekspertlər cəlb ediləcək. Bundan əlavə, sənədlərin yüklənməsi, bu prosesin özünün daha da sadələşdirilməsi məqsədilə sənədləri elektron təhvil verməklə yanaşı, öncədən həmin sənədlərin verilən tələblərə uyğun olub-olmamsı sahəsində yardımların göstərilməsi üçün işlər görüləcək.
- İl ərzində daha çox hansı ölkələrin diplomlarının təsdiqlənməsi ilə bağlı müraciətlər daxil olur və hansı ixtisaslar üstünlük təşkil edir?
- MDB ölkələrindən, Ukrayna və Rusiyadan diplomların tanınması ilə bağlı müraciətlər daha çox daxil olur. Ən çox imtina alanlar da məhz həmin ölkələrdən diplom alanlardır. Ukrayna və Rusiya vətəndaşların daha çox müraciət etdikləri ölkələrdir. Bunun əsas səbəbi orada qəbul qaydalarının çox asan olması ilə əlaqədardır. Attestatla, müraciət edənin səviyyəsinə varmadan ali təhsil müəssisələrinə qəbul aparılır. Diplom əldə etmək də asan olduğundan bu ölkələrə müraciətlər daha çox olur. Lakin həmin ölkələrdən daxil olan müraciətlərə baxdıqda əsas problem məzunların təhsil aldıqları müddətdə həmin ölkədə olmamalarıdır. Yəni, sərhəd keçmədən, təhsil almadan həmin şəxslər diplom əldə edə bilirlər.
Artıq bizim üçün həmin ölkələrdə bəlli təhsil müəssisələri var, həmin müəssisələri bitirənlərin diplomları Azərbaycanda tanınmır. Ötən il Ukraynanın təhsil nazirinin müavini ölkəmizdə səfərdə olarkən nazir Mikayıl Cabbarovla görüşündə bu mövzu da müzakirə edilib. Ukrayna tərəfi bu sahədə ciddi işlər görəcəyinə söz verib. Diplom çap edib verən təhsil müəssisələri barədə də Ukrayna Təhsil Nazirliyinə məlumat vermişik. Onlar da müvafiq ölçü götürülməsi istiqamətində razılaşmaya əsasən işlər görürlər.
Bu sahədə Rusiya ilə də problemlərimiz kifayət qədərdir. Bu da Rusiyanın müxtəlif təhsil müəssisələri, xüsusilə onların filialları tərəfindən verilmiş diplomlarla əlaqədar kifayət qədər əngəllərin olması ilə bağlıdır. Digər əsas problem xaricdə təhsil alanların tədris dilini kifayət qədər bilməməsidir. Bəzi xarici ölkə ali məktəblərini bitirən gənclərin nəinki sadə tədris dilində danışmamasının şahidi oluruq, həmçinin onların öz ixtisasından xəbərləri olmur. Belə diplom sahibləri də var.
Lakin qeyd etməliyəm ki, dünya reytinqlərində öndə olan təhsil müəssisələrindən kifayət qədər məzunlarımız var. Onlarla bağlı indiyə qədər elə bir ciddi problem olmayıb. İngiltərə, İsveçrə, Türkiyə, Almaniya ali təhsil müəssisələrinin məzunlarının diplomlarını demək olar ki, avtomatik olaraq tanıyırıq. Çünki həmin təhsil müəssisələri yüksək reytinqə malikdir. Bir çoxlarından eksperiment olaraq müsahibə təşkil edilib, görüşlər keçirilib. Onların yüksək səviyyəli peşəkar kadr olduqlarının şahidi olmuşuq. Ona görə idarə tərəfindən də qərar qəbul olunub ki, yüksək reytinqə malik olan təhsil müəssisələrini bitirən şəxslərin diplomları heç bir müsahibə keçirilmədən avtomatik olaraq tanınsın.
Əsasən problemlərimiz Rusiya və Ukrayna təhsil müəssisələri ilə bağlıdır. Gürcüstanın bir neçə təhsil müəssisələri ilə də problemlərimiz var. Bu istiqamətdə mütəmadi işlər aparılır və ictimaiyyətə vaxtında məlumat verilir. Son dövrlərdə vətəndaşlarımız xarici al təhsil müəssisəsini seçən zaman məsləhətlərə əməl edir. Bu sahədə əvvəlki illərlə müqayisədə fərqlilik hiss edilir.
- Hazırda ölkədə diplomların tanınması hansı qanunlar və ya qaydalar əsasında həyata keçirilir?
- Bu gün ölkədə diplomların tanınması Nazirlər Kabineti tərəfindən təsdiq edilən nostrifikasiya qaydalarına uyğun olaraq həyata keçirilir. Burada birinci növbədə təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyadan keçməsi, lisenziyasının olub-olmaması yoxlanılır. Sonradan həmin şəxsin təhsil aldığı müddətdə ölkədə olub-olması, aldığı ixtisasın ölkədə olan ixtisas təsnifatında nəzərdə tutulan ixtisaslara uyğunluğu yoxlanılır (ekvivalentliyini təyin etmək məqsədilə) və nəhayət təhsil müəssisəsinin reytinqindən asılı olaraq onun məzunun müsahibəyə dəvət olunub-olunmaması ilə bağlı qərar verilir.
- Azərbaycanın qonşu ölkələrlə diplomların qarşılıqlı şəkildə qeyd-şərtsiz tanınması ilə bağlı razılaşması olubmu? Hazırda şəraiti nəzərə alaraq bu məsələyə yenidən baxıla bilər?
- Biz Lissabon və Haaqa Konvensiyasına istinadən diplomları tanıyırıq. Həmin konvensiyada da hər bir ölkə öz daxili prosedur qaydalarına uyğun olaraq diplomların tanınması prosesini müəyyən edir. Diplomların qarşılıqlı tanınması istiqamətində Azərbaycanın bir neçə ölkə ilə qarşılıqlı müqaviləsi olsa da, bəzi hallarda müqavilə tərəfdaşları bu şərtləri yerinə yetirmir.
Bu istiqamətdə müxtəlif yazışmalar, danışıqlar aparmışıq. Bütövlükdə bu gün müəyyən olunmuş nostrifikasiya qaydalarına uyğun olaraq diplomları tanıyırıq. Qeyri-şərtsiz diplomların tanınması ilə bağlı hansısa ölkə ilə müqavilə imzalamamışıq. Daha çox ali təhsil müəssisinin reytinqli olması, məzunlarının nə dərəcədə savadlı olmasına üstünlük verilir, bəzi təhsil müəssisələrinin özləri ilə birbaşa əməkdaşlıq edilir. Bu da bizə imkan verir ki, qeyri-şərtsiz olaraq bəzi ali məktəblərin diplomlarını avtomatik olaraq tanıyaq.
- Gəlin etiraf edək ki, bu gün cəmiyyətdə xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması üçün müəyyən məbləğdə vəsaitin kifayət etməsi haqda rəy var. Yəni, düşünürlər ki, müəyyən məbləği ödədikdən sonra diplomlar tanınır və bu məsələdə heç bir problem olmur. Bu fikirlərə sizin münasibətiniz necədir?
- Bu sahənin elektronlaşdırılması məhz bu növ söz-söhbətlərin qarşısının alınması və əhali üçün şəffaf mexanizmin olması məqsədilə qurulub. Şəxsin özünün bilavasitə idarəyə gəlməsinə ehtiyac yoxdur. Hazırda onlar elektron qaydada sənədlərini təqdim edir, bu sənədlərə baxılır, mütəmadi olaraq bütün mərhələlər barədə onun poçt adresinə (emailə), telefonuna sms xidməti vasitəsilə məlumatlar daxil olur. Şəxs bu prosesi özü izləyə bilir. Sonluqda ehtiyac olduqda o müsahibəyə dəvət olunur.
Müsahibələr isə təhsil naziri tərəfindən təyin olunmuş ekspertlər tərəfindən keçirilir. Bu gün müsahibə formatı yalnız ixtisas biliyinin, əsasən tədris dilinin yoxlanılmasına xidmət edir. Sərhəd məlumatları Daxili İşlər Nazirliyi tərəfindən idarəyə daxil olur. Təhsil müəssisəsinin akkreditə olunub-olunmaması faktı isə internetdən əldə edilir. Düşünmürəm ki, bu gün normal düşüncəyə malik olan bir kəs fikirləşsin ki, düşdüyü vəziyyətdən asılı olmayaraq hansısa məbləğlə öz diplomunu təsdiq etmək imkanına malikdir. Bu gün nazirlik tərəfindən verilmiş imtina cavabları ilə razı olmayan kifayət qədər insanlar məhkəmələrə müraciət edir. Müvafiq qərarlar qəbul edilir. Elə hallar olur ki, qərarımız qüvvədə qalır, bəzən yenidən baxılması üçün sənədlər idarəyə göndərilir. Bu, kifayət qədər şəffaf və açıq şəkildə qurulmuş mexanizmdir.
- Xaricə getmədən pulla saxta diplom alanlar təhsil alanların neçə faizini təşkil edir. Belə hallarla bağlı Təhsil Nazirliyinin mövqeyi necədir?
- Hazırda faizi demək çətindir. Amma xaricə getmədən vətəndaşların pulla saxta diplom alması faktları var. Ümumiyyətlə, sərhədi keçmədən, həmin ölkədə olmadan bəzi vətəndaşlar diplom əldə edə bilirlər. Hətta bu diplomlar həmin ölkənin apostil möhürü ilə də təsdiq edilib. Apostil registrində belə bir diplomun mövcud olması faktı təsdiq edilib, eyni zamanda, ali təhsil müəssisəsinin özü də belə bir sənəd verdiyini təsdiq edib.
Və yaxud 4 il əyani təhsil almış şəxs yalnız son ilin 2 günündə həmin ölkədə olub. Belə hallar mövcuddur. Bu təhsil müəssisələrinin verdiyi diplomların özü saxta olmasa da, məzunun təhsil almadan, imtahan vermədən, həmin ölkədə olmadan diplom əldə etməsi həmin təhsil müəssisəsinin necə fəaliyyət göstərdiyini göstərir. Biz hər bir ölkədə bu növ təhsil müəssisələri haqqında məlumatlıyıq və dəfələrlə onların özlərinə də müraciət edərək məlumatlar verilib. Bu kimi hallara qarşı daha ciddi mübarizə aparılır. Çünki bizdə hər bir ölkədə belə diplom verən təhsil müəssisələrinin siyahısı mövcuddur. Bu siyahıda da Ukrayna, Rusiya təhsil müəssisələri üstünlük təşkil edir, qismən Gürcüstan ali məktəbləri də da var.

Bu xəbər oxundu
- - -