Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hər il dünyada 800 min insan intihar nəticəsində dünyasını dəyişir

08.09.17, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 8-də “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində Dünya İntiharların Qarşısının Alınması Günü (World Suicide Prevention Day) münasibətilə mətbuat konfransı keçirilib. Tədbirdə tanınmış psixoloq Azad İsazadə və jurnalist Ramella İbrahimxəlilova çıxış ediblər. Tədbirdə Azad İsazadə hazırda intiharların səviyyəsinə görə şimal və qərb ölkələrinin öndə getdiyini bildirib. Psixoloq deyib: “Azərbaycanda Avropa ölkələrinə nisbətən sui-qəsd hallarına daha az rast gəlinir. İntihara meyilli insanlar müəyyən qruplara ayrılırlar. Bu qruplara əsasən yeniyetmələr və 45-60 yaş arası insanlar aiddirlər. İntihar fikri əsasən anidən yaranmır. Adətən özünə qəsd üzün zaman davam edən xroniki depressiya halının son nöqtəsi olaraq qiymətləndirilir. Kişi intiharları qadınlara nisbətən fərqlidir. Kişilər maddi sıxıntı və ya uğursuzluq səbəbi ilə özlərinə qəsd edirlər. Qadınlar isə əsasən uğursuz nikah, ağır yaşayış şəraiti, asılılıq kimi səbəblərdən intihar edirlər. Yeniyetmələr arasında intihar halları isə əsasən valideyn sevgisinin yetməzliyi səbəbindən baş verir. İntihara meyilli olanlar əsasən özlərinə müəyyən xəsarətlər yetirir, özlərinə qapanır, cəmiyyətlə ünsiyyəti olduqca azaldırlar. Belə yeniyetmələr nəzarətsiz qalmamalı boş vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaradılmalıdır. Hazırda ölkə məktəblərində psixoloji kabinetlərin yaradılması və dövlət müəssisələrində psixoloqların fəaliyyətinin genişləndirilməsi bu növ halların qarşısının alınmasında uğurlu addımdır”.
Bu günün qeyd olunmasının əsas məqsədinin ictimaiyyəti intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi olduğunu bildirən R.İbrahimxəlilova deyib: “Risk qrupu ilə reallaşan intiharlar arasında fərq var. Bunları müqayisə etmək düzgün deyil. Ümumi intihar hallarının 15 faizini psixi pozuntular təşkil edir. İntiharlar bir neçə qrupa ayrılır. Bunlar əsasən real və ya cinayəti gizlətmə xarakteri daşıyır. Bəzən göstəriş xarakterli intihar halları da olur ki, son illər bu növ intihar hallarının artması səbəbindən kütləvi informasiya vasitələrinin diqqəti bu istiqamətə yönəlib. Bu da əsasən ölmək deyil, kiminsə diqqətini özünə cəlb etmək məqsədi daşıyır. Lakin bu növ, göstəriş xatirinə olunan intihar halları da ölümlə nəticələnir. Onu da qeyd etmək istərdim ki, özünə qəsd edənlərin yaxınları adətən bunu cəmiyyətdən gizlədirlər. Bunun səbəbi isə istər dini, istərsə də cəmiyyət baxımından intiharın mənfi qarşılanmasıdır”. Sonra mövzu ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, intiharların qarşısının alınması məqsədilə yaradılmış Beynəlxalq Assosiasiyanın dəstəyi ilə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis olunmuş bu gün hər il sentyabrın 10-da bütün dünyada qeyd olunur. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə hər il təxminən 800 000 insan intihar nəticəsində dünyasını dəyişir. Özünəqəsd 15-29 yaş arası gənclərdə ikinci əsas ölüm səbəbi olaraq göstərilir. Dünya üzrə 78 faiz intihar hallarına aşağı və orta gəlirli ölkələrdə rast gəlinir. İntiharlar əsasən asılma yolu və ya pestisidlər və odlu silahlardan istifadə edilərək reallaşdırılır.

Bu xəbər oxundu
- - -